İpəkçiliyin inkişafına dövlət qayğısı

 

Azərbaycanda ipəkçilik 1500 illik tarixə və şanlı ənənələrə malik olan bir sahədir. XX əsrin ikinci yarısında, xüsusən də 1970-ci ildən başlayaraq ölkəmizdə ipəkçiliyin inkişafı daha geniş vüsət almışdı. O dövrdə ildə 5-6 min ton barama, 500-550 ton ipək istehsal olunur, on milyonlarla kvadratmetr müxtəlif çeşidli ipək parçalar toxunurdu. İpəkqurdunun bəslənilməsi və barama istehsalı ilə 150 mindən çox ailə (təxminən 750-800 min adam) məşğul olurdu. İpək sənayesində 14 min nəfərdən çox, o cümlədən Şəki İstehsal İpək  Birliyində 7 min nəfərdən çox işçi çalışırdı. Azərbaycan SSRİ-də barama istehsalına görə 2-ci (Özbəkistandan sonra), baramanın və ipəyin keyfiyyətinə görə 1-ci yeri tuturdu. Azərbaycan baraması və ondan alınan ipək dəfələrlə beynəlxalq sərgilərdə nümayiş etdirilərək böyük müvəffəqiyyət qazanmış, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdi.

Sovetlər birliyinin dağılması və iqtisadi əlaqələrin qırılması səbəbindən bir çox sahələr kimi, ipəkçilik də tənəzzülə uğradı. Respublikamızda olan 2 damazlıq-ipəkçilik stansiyası, 7 barama toxumu zavodu, 30-a yaxın rayonun baş barama qurutmaxanası, bunların əhatə etdiyi 80-ə yaxın barama tədarükü və ilkin emalı məntəqəsi, Şəki İpək Kombinatı, Ordubad və Xankəndi baramaaçma fabrikləri öz fəaliyyətini  dayandırdı.

Lakin ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanda digər sahələr kimi, ipəkçiliyə olan münasibət kökündən dəyişmiş, bu sahənin bərpası istiqamətində zəruri işlər görülmüşdür. Heydər Əliyev 2001-ci ildə Şəkidə olarkən ipək kombinatının fəaliyyəti ilə də maraqlanmış və onun tapşırığı, imzaladığı sərəncamla həmin il kombinatın fəaliyyətinin bərpasına kömək məqsədilə dövlət büdcəsindən vəsait ayrılaraq müəssisə işə salınmışdı.

Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafında yeni mərhələ yaşanır. Dövlət başçısının həyata keçirdiyi iqtisadi siyasətin əsas xarakterik xüsusiyyətləri onun sosialyönümlü olması, habelə bütün problemlərin həllində iqtisadi aspektin mövcudluğunun ön plana çəkilməsidir. Dövlət proqramlarının, fərman və sərəncamların icrası ölkədə gedən iqtisadi inkişafın sürətləndirilməsini uğurla təmin edir, tərəqqi prosesində özəl sektorun payı və rolunu davamlı şəkildə artırır.

Məlum olduğu kimi, ölkədə kənd təsərrüfatının ənənəvi sahələrindən olan ipəkçiliyin inkişafına dövlət dəstəyini gücləndirmək, bu sahənin potensial imkanlarından səmərəli istifadə etmək, barama istehsalı ilə bağlı əhalinin məşğulluğunu, marağını artırmaq  sosial rifahını daha da yaxşılaşdırmaq məqsədilə “Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında” Prezident 2016-cı il sentyabrın 15-də sərəncam imzalamışdır.

Sərəncama əsasən  barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı müəssisələrinin qəbul etdiyi yaş baramanın hər kiloqramına görə növündən asılı olaraq veriləcək subsidiyanın məbləği və verilmə qaydası təsdiq edilmişdir.

2017-ci il yanvarın 10-da keçirilmiş Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında  Prezident İlham Əliyev demişdir: “Keçən il baramaçılıqla bağlı çox ciddi addımlar atılmışdır. Əfsuslar olsun ki, əvvəlki illərdə tut bağlarının böyük hissəsi kəsilmişdir, dağıdılmışdır. İndi biz bunu bərpa edirik. 2015-ci ildə 200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdir, təkcə Şəki rayonunda. 2016-cı ildə görülmüş tədbirlər nəticəsində bu rəqəm 70 tona çatıb. Bu il barama tədarükü keçən ilə nisbətən ən azı iki dəfə artmalıdır. Keçən il 1 milyon 700 min tut tingi əkilmişdir. Bölgələrdə bu sahəyə çox böyük maraq var. 30-40 gün ərzində insanlar yaxşı pul qazanırlar. Hazırda 37 rayonda baramaçılıq inkişaf edir. Əgər 2015-ci ildə bir rayonda idisə, hazırda 37 rayondadır və əlbəttə ki, bu coğrafiya da genişlənməlidir. Bax, əkilən bu tinglərin nəticəsində biz 2019-cu ildə 1300 ton barama istehsalını gözləyirik. Biz Şəki İpək Kombinatının tam gücü ilə işləməsini də təmin edəcəyik”.

Ölkə Prezidentinin ipəkciliyə göstərdiyi qayğı nəticəsində barama istehsalçılarının sayı artmış və onların sosial müdafiəsinin güclənməsi istiqamətində mühüm dönüş yaranmışdır.

Hazırda müəssisənin tam istehsal gücü ilə xam ipək istehsal etməsi üçün ildə 400 ton quru barama tələb olunur. Bu da təxminən 1100 ton yaş barama deməkdir. Ancaq respublikamızda ipəkqurdunun bəslənilməsi və yaş barama  yetişdirilməsi istənilən  səviyyədə olmadığı  üçün müəssisə öz istehsal gücünü qismən də olsa ödəmək naminə son illərdə xaricdən quru barama almağa məcbur olmuşdur. Halbuki mövcud potensial imkanlarından səmərəli istifadə etməklə, o cümlədən ipəkçiliyin yem bazasını və barama istehsalını gücləndirməklə respublikamızda 2000 ton yaş barama yetişdirmək mümkündür!

“Şəki-İpək” Acıq Səhmdar Cəmiyyəti respublikada yeganə ipək istehsalçısı olaraq təbii ipək almaq üçün əhatə olunan bütün prosesləri özündə birləşdirir.

Respublikada ipəkçiliyin inkişafı ilə bağlı verilən tapşırıqların icrası məqsədilə 2016-cı ilin aprel ayından Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə 49,5 kiloqram tutipəkqurdu toxumu alınaraq  24 rayona paylanılmış, yetişdirilmiş 70,7 ton yaş barama hər kiloqramına 8 manat ödənilməklə “Şəki-İpək” ASC tərəfindən alınmışdır.

Başqa sözlə, 1700 nəfər kümçü ilə bağlanmış müqavilələr əsasında 551,75 min manat məbləğində bankdan alınan kredit hesabına nağd pul vəsaiti ödənilmişdir. Nəticədə 2016-cı ildə 9,1 ton xam ipək istehsal olunmuşdur. Bundan da 62  min ədəd kəlağayının parçası və 50 kvadratmetr  xalça toxunuşu planlaşdırılır. Satışdan isə 800 min manat  vəsaitin daxil olacağı gözlənilir.

2017-ci ildə “Şəki-İpək” ASC tərəfindən respublikanın 30 rayonu üzrə 140 ton yaş barama tədarükü gözlənilir ki, bu da 14 ton xam ipək istehsalı deməkdir. Gələcəkdə istehsal olunacaq hazır ipək məhsullarının 80-85 faizi ixrac olunacaqdır.

Hazırda “Şəki-İpək” ASC-də ipəkçilik sənayesinin bərpası və inkişafının təmin olunması, yem bazasının möhkəmləndirilməsi, barama istehsalının artırılması, bu işlə məşğul olanların maddi maraqlarının gücləndirilməsi, əhalinin işlə təmin olunması və onların sosial-rifah halının yaxşılaşdırılması məqsədilə bir sıra  zəruri  tədbirlərin  həyata keçirilməsi nəzərdə tutulub.

Belə ki,  respublikamızın ipəkçiliklə məşğul olmuş rayonlarında gələcəkdə  yeni tut plantasiyalarının salınması məqsədilə xüsusi torpaq sahələrinin ayrılması, mövcud tut bağlarının bərpa edilərək qorunub saxlanılması, baramaçılıq üzrə fermer təsərrüfatının yaradılması üçün aqrotexniki tədbirlər əsasında tut bağlarının yüksək məhsuldar sortlar hesabına yaxşılaşdırılması, yüksək keyfiyyətli elithibrid  barama toxumu  istehsalı üçün damazlıq işlərinin elmi əsaslar üzərində təşkil edilməsi, ipəkqurdu toxumunun istehsalı, baramanın ilkin emalı, xam ipək istehsalı müəssisələri üçün idxal olunan material və avadanlıqların müstəsna hal kimi gömrük rüsumlarından azad olunması, 10 il müddətinə bütün vergilərdən azad edilməsi, onlara  yanacaq, elektrik enerjisi və təbii qazın güzəştli tariflərlə verilməsibu sahənin inkişafına təkan verir. Çünki ipəkçilik sənayesinin spesifik xüsusiyyətləri ona sərf olunan  kapital qoyuluşunun uzunmüddətli olmasını tələb edir.

Respublikamızda 2000 ton yaş barama istehsal olunacağı təqdirdə 40-50 min kəndli-fermer ailəsi (təxminən 120-150 min nəfər) ipəkqurdunun bəslənilməsi üçün mövsümi işlə təmin olunacaq, ipəkçiliyin yeni işə salınacaq damazlıq müəssisələrində, baramanın tədarükü və ilkin emalı məntəqələrində, “Şəki-İpək” ASC-də 1000-1200 daimi yerləri açılacaq. Ümumiyyətlə, barama istehsalının artırılması bir çox rayonların sosial-iqtisadi inkişafına yardım edəcək, ipək məhsulları istehsalı ölkənin ixrac potensialının artmasına töhfələr verəcək.

Görülən işlər, atılan addımlar deməyə əsas verir ki, ipəkçilik sahəsində qarşıda duran mühüm məsələlər öz həllini tapacaq, bu sahə ən gəlirli sahələrdən birinə çevriləcək.

 

Bəxtiyar ƏZİZLİ,

 

Azərbaycan.- 2017.- 24 yanvar.- S.7.