İlham Əliyev Böyük Qayıdış”ı Cocuq Mərcanlıdan başladır

 

Ali Baş Komandanın azad etdiyi Lələtəpə zirvəsi Dağlıq Qarabağa dönüşün və məskunlaşmanın möhkəm istinadgahına çevrilib

 

Qarabağ cəbhəsində 24 illik status-kvonu əsaslı şəkildə dəyişdirən aprel hərbi əməliyyatının möhtəşəm nəticələri danışıqlar prosesində Azərbaycanın mövqelərini gücləndirib, Ermənistanı daha da çıxılmaz dalana dirəyib. Silahlı qüvvələrimizin qısa müddətli effektiv həmləsinin yaratdığı güclü rezonans Vaşinqtondan Moskvaya, Parisdən Yerevana qədər bütün vasitəçi və iştirakçı mərkəzlərə real durumun əsl mahiyyətini dəqiq anlatdı. İlham Əliyevin “Azərbaycan Ordusu Qarabağı işğaldan azad etməyə qadirdir və buna heç bir qüvvə mane ola bilməz” bəyanatlarının istənilən an Ali Baş Komandanın hərbi əmrinə çevriləcəyi də ən böyük həqiqətlərdən oldu.

 

Dədə Qorqud öyüdü - İlham Əliyev əməli

 

Lakin nəticələr bununla yekunlaşmır. Əvvəla, təmas xəttində hər iki döyüşən tərəf ciddi psixoloji təsir alıb: Azərbaycan indi daha əzmkar, qətiyyətli mövqe bildirir və xalqımız qələbə ovqatında, döyüş istəyindədir; Ermənistan hərbi-siyasi iflasın ən son mərhələsinə qədəm qoyduğunu anlayır, ölkə vətəndaşları isə Qarabağın bundan sonra heç vaxtArtsax” olmayacağını dərk etdiklərindən özgə torpağında ölməyi istəmirlər.

Digər tərəfdən, işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Prezidentinin tapşırığı ilə dərhal məskunlaşma başlanılmalı və təsərrüfatlar qurulmalıdır. Bu isə düşmənə öldürücü mənəvi zərbə olmaqla yanaşı, əks cinahda istifadəsiz qalan ərazilərin də Azərbaycanın nəzarətinə keçəcəyinə mesajdır.

Ordumuzun şücaət simvoluna çevrilmiş Lələtəpə zirvəsindən İlham Əliyevin iki ay öncə verdiyi sərt bəyanatların da məğzi bu idi: İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək; azad edilmiş ərazilərə dərhal sakinlər köçürüləcək və onlar torpağı əkib-becərəcəklər!

Dədə Qorqud öyüdüdür: “Torpağı qorumasan, əkib-becərməyə dəyməz, əkib-becərməyəcəksən - qorumağa dəyməz...” Atalarımızın öyüdünə sadiq olan İlham Əliyev müqəddəs bildiyi torpağın hər bir qarışını qorumaqla, onu bərəkət mənbəyinə, ruzi ocağına çevirməklə, həm də düşmənə göz dağı verir!

Ali Baş Komandanın böyük hərbi risqə baxmayaraq, Lələtəpədə ön səngərə gedərək cəsarət və mərdliyi ilə şəxsi nümunə göstərməsi ümumilikdə xalqımızın və ordumuzun qorxmazlığını nümayiş etdirdi. Bu örnəyin nəticəsi idi ki, bu ərazilərdə, əsasən də Cocuq Mərcanlıda yaşayan əhali dədə-baba yurdlarına geri dönməyə hazırlaşırdılar. Çünki təmas xəttində məskunlaşan insanlarda artıq qorxu hissi yoxdur, düşmənlə üz-üzə mövqedə arxayın yaşamaqdan çəkinmirlər, onlar Prezidentə, orduya tam güvənir, etibar edirlər.

Prezidentin səfərindən dərhal sonra onun tapşırığı ilə Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cocuq Mərcanlı kəndinə gedərək vəziyyətlə yerində tanış olmuşdur. İlham Əliyevin şəxsi nəzarəti altında aparılan prosesə əsasən, kənddə ilk mərhələdə həyata keçiriləcək bərpa-quruculuq işləri müəyyənləşmiş, sakinlərin dönüşü üçün lazımi infrastrukturun yaradılmasının detalları dəqiqləşdirilmişdir. Nəticə isə özünü çox gözlətmədi...

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı, demək olar ki, hər gün hansısa bir kəndə yol çəkilişini, məktəb, xəstəxana salınmasını, rayonlara abadlıq-quruculuq üçün maddi dəstək ayrılmasını ehtiva edən qərarlardan fərqlidir, ən əsası mənəvi-psixoloji baxımdan daha üstündür!

Çünki İlham Əliyev azad etdiyi ərazilərin bərpası ilə bağlı ilk sərəncamını imzalayıb!

bu sərəncamların yaxın vaxtlarda ardıcıl olaraq davam edəcəyinə Azərbaycan xalqı inanır!

 

Yurda dönüş

 

Cocuq Mərcanlı Cəbrayılın rayon mərkəzindən 35 km cənub-şərqdə, Araz çayına yaxın düzənlikdə, Çaxırlı inzibati ərazi vahidində yerləşır. XIX əsrdə Cavadağa Cavanşirə məxsus ərazidə, Mərcanlı tayfasına mənsub əhali tərəfindən salınıb. Savaşın ilk günlərindən qaynar döyüş məskəninə çevrilib. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən kənd ulu öndər Heydər Əliyevin döyüş bölgəsinə gedərək orduda güclü ruh yüksəkliyi yaratması nəticəsində 1993-cü ilin dekabrında başlamış, 1994-cü il yanvarın 6-na kimi davam etmiş uğurlu Horadiz əməliyyatı nəticəsində işğaldan azad olunmuşdur. Lakin ətraf yüksəkliklərin düşmən nəzarətində olmasından kənddə tam məskunlaşma qeyri-mümkün idi. Aprel hərbi əməliyyatlarında ordumuzun strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində Cocuq Mərcanlı kəndinin ərazisi tamamilə Azərbaycanın nəzarətinə keçdi.

İşğaldan əvvəl ümumi sahəsi 1605 hektar olan kənddə 1134 hektar kənd təsərrüfatına yararlı sahə, 368 hektar isə əkin yeri olub. 24 il əvvələdək burada 283 evdə 1075 nəfər əhali yaşayırdı. Əhalisi əsasən üzümçülük, taxılçılıq, heyvandarlıq və baramaçılıqla məşğul olan kəndin ərazisində orta məktəb, klub, kitabxana, feldşer-mama məntəqəsi, poçt, icra nümayəndəliyi, un dəyirmanı, kolxozun inzibati binası, qaramalqoyunçuluq fermaları, anbar binası mövcud olub. Hazırda Cocuq Mərcanlı kəndi üzrə 395 ev təsərrüfatı və 1428 nəfər əhali daimi qeydiyyatdadır. Respublikanın 17 şəhər və rayonunda məskunlaşan sakinlərin əksəriyyəti (172 ailə - 635 nəfər) Biləsuvar rayonu ərazisində salınmış məcburi köçkün qəsəbələrində yaşayır.

İndi ərazisinin qərb hissəsinin sərhədindən 750 metr məsafədə ermənilərin mövqeyi yerləşən kənddə bir məcburi köçkün ailəsi yaşayır. Oqtay Həziyevin 7 nəfərlik ailəsi burada böyük təsərrüfat qurub, mal-qara, toyuq-cücə saxlayır. Bu qəhrəman ailəni ictimaiyyət ötən ilin noyabrında Baş nazirin müavini Əli Həsənovun kəndə səfəri nəticəsində tanıdı.

Oqtay Həziyev 23 il mərdi-mərdanə yaşadığı kənddə ona hər an mənəvi təsəlli olan, gücünə güc qatan əsas GÜCə - dövlətə və Prezidentə güvəndiyini bəyan etdi: “Burada yaşayış üçün heç bir təhlükə yoxdur, tam sərbəst və arxayın yaşayırıq. Çünki bizim İlham Əliyev kimi Ali Baş Komandanımız var, güclü, qüdrətli Azərbaycan Ordusu var. Lələtəpə yüksəkliyi işğaldan azad olunandan sonra bizim təhlükəsizliyimiz daha da gücləndi. Prezidentimizin Lələtəpə yüksəkliyinə gəlməsi, ərazilərimizin müdafiəsində duran əsgərlərimizlə görüşməsi bizi qürurlandırdı və böyük ruh yüksəkliyi yaratdı”.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun dediyi kimi, “bu ailə bütün məcburi köçkünlər üçün nümunədir, vətənpərvərlik göstəricisidir. Vətən doğulduğun torpaqdan başlayır. Hesab edirəm ki, məcburi köçkünlərimiz gəlib öz doğma yerlərində yaşamağa üstünlük verəcəklər. Bu gün cənab Prezidentin qayğısı nəticəsində məcburi köçkünlərin müvəqqəti olaraq məskunlaşdırılması üçün yeni qəsəbələr salınır. Ancaq torpaqlar işğaldan azad olunandan sonra bu qəsəbələr həmin yerlərdə yaradılacaq, orada bütün infrastruktur yenidən qurulacaq”.

Məntiqi yekuna isə İlham Əliyev imzasını qoydu: “ Keçən ilin aprel ayında erməni silahlı təxribatının qarşısını alaraq Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsi işğaldan azad edildi. O ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Minlərlə hektar torpaq işğaldan azad edildi. On minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. O torpaqlarda təmizlik işləri aparılır və yaxın gələcəkdə məcburi köçkünlər o ərazilərə qayıdacaqlar...”…

 

Böyük Qayıdış”ın ilk rəsmi müqəddiməsi

 

Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın 1.9-cu bəndində Böyük Repatriasiya (“Böyük Qayıdış”) proqramının hazırlanması barədə tapşırıq verilmişdir. İşğal olunmuş ərazilərdə yaşayış məntəqələrinin, sosial infrastruktur obyektlərinin və digər mövcud vəziyyətin beynəlxalq maliyyə qurumları, BMT-nin agentlikləri, beynəlxalq və yerli humanitar təşkilatların iştirakı, maliyyə dəstəyi ilə qiymətləndirilməsi və bərpası üzrə müvafiq təkliflərin hazırlanması prosesi davamlı olaraq icra olunur.

Böyük Qayıdış” Azərbaycanın işğal olunmuş torpaqları azad edildikdən sonra orada insanların təhlükəsiz yaşayışının təmin edilməsi, ərazidə normal həyat üçün tələb olunan bütün bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi, məcburi köçkünlərin əvvəlki yaşayış yerinə könüllü qayıdışının və məşğulluğunun təmin edilməsi ilə bağlı məsələləri özündə ehtiva edən layihədir. 800 min nəfərdən artıq məcburi köçkünü əhatə edən bu proqramda mühüm vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur: işğaldan azad olunan ərazilərin insan həyatı üçün təhlükəli hesab edilən bütün vasitələrdən təmizlənməsi; ərazilərdə sosial-texniki infrastrukturun və yaşayış məntəqələrinin bərpası və insanların yaşayışı üçün normal şəraitin yaradılması; beynəlxalq və milli qanunvericiliyin tələbləri nəzərə alınmaqla məcburi köçkünlərin könüllü əvvəlki yaşayış yerinə qayıdışa hazırlanması və repatriasiyası; əvvəlki yaşayış yerinə könüllü qayıdan məcburi köçkünlərə təhlükəsiz həyat şəraitinin yaradılması; əvvəlki yaşayış yerinə könüllü qayıdan məcburi köçkünlərin, xüsusən gənclərin məşğulluğunun təmin edilməsi; proqramın həyata keçirilməsində şəffaflığın təmin edilməsi, bu işə beynəlxalq maliyyə qurumları və təşkilatların cəlb edilməsi və görülən işlər barədə ictimaiyyətin daimi məlumatlandırılması.

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamı bu baxımdan “Böyük Qayıdış”ın ilk rəsmi müqəddiməsidir!

İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisini nəzərdə tuturbu məqsədlə öz Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayırıb.

 

Bu, birinci mərhələdir, bu, ilkdir!..

Ardınca digər ailələr üçün tikiləcək evlər barədə sərəncamlar var!

Ardınca Ağdam var, Xocalı var, Şuşa var!..

Ardınca Bakıdan, Biləsuvardan, Müşviqabaddan Cocuq Mərcanlıya, Kərkicahana, Xocalıya, Qaradağlıya, Gülablıya... uzanacaq maşın karvanları, köç silsilələri, “Böyük Qayıdışvar!..

Ardınca Xankəndidə dalğalanacaq Azərbaycan bayrağı var!..

bunlar uzaq gələcək deyil!

 

İxtiyar HÜSEYNLİ,

 

Azərbaycan.- 2017.- 26 yanvar.- S. 1.