Azərbaycan zərgərlərinin əl işlərini dünya tanıyır

 

Tarix, etnoqrafiya, məişət, milli adət-ənənələr həm də xalq tərəfindən yaradılan sənətkarlıq nümunələrində nəsildən-nəslə ötürülür. Azərbaycan xalq sənətinin mühüm və ən geniş yayılmış növlərindən olan zərgərliyin də yaşı yüz illərlə ölçülür.

Zərgərlik məmulatları, zinət əşyaları, soyuq silahlar, çini, şüşə, ağacdaş üzərində oyma ilə işlənmiş əşyalar, bədii tikmə, parça, kişi, qadın, uşaq milli geyimləri, zərif naxışlı bədii metal nümunələri və s. kimi tətbiqi sənət nümunələri bu gün də hər xalqın özünəməxsusluğu və unikallığı ilə seçilir, qorunub saxlanılır. Zərgərlik nümunələri isə xüsusilə yüksək zövqlə işlənir və nəfis tərtibata malik olurlar. Azərbaycan xalqına məxsus zərgərlik nümunələri zəngin bədii kompozisiya xüsusiyyətlərinə malik olmaqla rəmzi, yəni alleqorik mahiyyət daşıyırlar. Zinət işləri əsas etibarı ilə qızıl və gümüşdən düzəldilərək bəzək əşyaları kimi istifadə edilir. Ümumiyyətlə, qiymətli metallardan düzəldilmiş qızıl-gümüş bəzəkləri gəzdirilməsi və geyilməsinə görə dörd hissəyə bölünür - baş, boyun, qolbarmaq bəzəkləri. Bunlara, libaslara bənd olunan bəzəkləri də əlavə etməliyik. Çünki zərgərlik nümunələrimizin keçmiş ənənələrlə sıx əlaqəsini qadın və kişi kəmərləri əyani şəkildə təsdiq edir.

Bədii metal sahəsində aparılmış elmi araşdırmalar göstərir ki, XVI-XIX əsrlərdə hazırlanmış bədii metal nümunələri 6 texniki üsulda bəzədilirdi: döymə, basma, qara savad, şəbəkə, xətəmkarlıq, minaçılıq.

Sənətşünaslıq namizədi Günay Qafarovanın fikrincə, orta əsr mənbələrində zərgərlik sənətinin inkişafı haqqında məlumatlara rast gəlinir. Həmin mənbələrdə zərgərliyin daha çox inkişaf etdiyi Gəncə, Şamaxı, Bakı, Beyləqan şəhərlərinin adları göstərilir. XVII-XVIII yüzilliklərdə Şamaxı ustalarının bəzək əşyaları xüsusi ilə böyük şöhrət qazanıb.

Belə maraqlı faktlar Azərbaycana səyahət etmiş avropalı səyyahların xatirələrində də az deyil. Məsələn, holland səyyahı Azərbaycan xalqının zərgərlik nümunələrindən söz açıb, Y.Streysqraf P.Volınski isə qadın bəzəklərini və silahları yüksək qiymətləndirirdilər.

Bəzi xalq sənətləri kimi, zərgərlik də nəsildən-nəslə ötürülür və hər bir kökə aid olan xüsusiyyətləri qoruyub saxlayır. Məhz bu faktor da zərgərlik məktəblərinin yaranmasına səbəb olan amillərdəndir. Xüsusi olaraq Bakı, Şamaxı, Lahıc, Naxçıvan, İrəvan, Ordubad, Şəki, Gəncə zərgərlik məktəblərinin adlarını çəkmək olar.

Azərbaycan xalqı özünün milli mənəvi sərvətlərindən sayılan sənətkarlıq nümunələrini daim qoruyub saxlayıb. Dövlətimizin bu sahəyə diqqət və qayğısı nəticəsində tarixin bu əvəzedilməz incilərinin mühafizəsi üçün, hətta mədəniyyət müəssisələri də fəaliyyət göstərir. Qiymətli Metallar Fondu bu mənada mühüm funksiya daşıyan ünvandır. Fondda unikallığı ilə seçilən sənətkarlıq nümunələri az deyil. Onların arasında müəllifi məlum olan iki sənət əsəri diqqəti daha çox cəlb edir. Bunlardan biri Əbdül Həmid tərəfindən hazırlanan “Toqqa”dır ki, XX əsrin əvvəllərində gümüşdən hazırlanıb. Digəri isə İ.Məmmədovun əl işi olan, firuzə, yaqutmirvari ilə bəzədilən “Quran qabı”dır ki, qızıldan hazırlanıb.

Əlbəttə, digər sənət nümunələri kimi, zərgərlikdə də sintezləşdirmə mühüm rol oynayır. Məsələn, burada minasazlıqdan istifadə edilməzsə, sənətkar istədiyinə nail ola bilməz. Məlumat üçün deyək ki, minasazlıq XVI-XIX əsrdən Azərbaycan zərgərlik sənətini daha da şöhrətləndirən sahələrdən biri olub. Unutmayaq ki, ən çətin və maraqlı sahələrdən biri pərdəli minadır. Tarixi faktlardan bəllidir ki, Azərbaycanda pərdəli mina işləri ən çox Təbriz, Naxçıvan və Bakıda olub. Yüksək keyfiyyətli Bakı pərdəli minaları hələ XVIII əsrdə dünya bazarlarında birinci yeri tutub.

Yeri gəlmişkən, indiyə qədər xalq arasında XIX əsrdə yaşamış məşhur Bakı minaçılarından Məşədi Əbdüləziz, Usta Aslan, Molla Fərəc kimi sənətkarların adları qalıb. Onu da deyək ki, minaçılıq ayrıca bir sənət növü olmasa da, zərgərlikdə istifadəsinə görə, heç də digərlərindən fərqlənmir. Minaçılıq - oyulmuş hər hansı bir rəsmin, yaxud naxışın içini rəngli mina mayesi (şirəsi) ilə doldurulması deməkdir.

Xalqımızın minillik tarixində zərgərlik kimi unudulmayan, sonrakı dövrlərdə də öz əhəmiyyətini saxlayan sənətlər az deyil. Bu isə əlbəttə, xalqımızın minillik mədəniyyətə malik olmasının təsdiqidir.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan.- 2017.- 26 yanvar.- S.7.