Biz qayıdırıq...

 

Hamının həsrətlə gözlədiyi gün gəlib çatdı

 

Xoş gördük, doğma yurd! Salam, ot basmış köhnə cığır!

Necəsən, qayğısız qalan tut ağacım?

Gör nə zamandır bulağından su içə bilmirdik, yoluna-rizinə ayaq izimiz düşmürdü.

Sevimli kəndim, gör neçə ildi yağı düşmən bizi ayrı salıb. Çal-çağırlı, toy-büsatlı günlərin kövrək xatirələrdə yaşayır.

Ehey!!!

Səsimə səs ver, hər şeyə şahid xan Araz! Məni dinləyin, mamır bağlamış uçuq divarlar, tənha qalmış dağlar, dərələr! Həsrətin gözünə dağ basıb qayıdırıq.

Bizi bağışla, doğma kəndim, gecolsa, isti yuvamıza qayıdırıq! Gözün aydın, Cocuq Mərcanlım, sənə qıyan, səni odlara qalayıb viran qoyan erməni silahlılarından layiqli qisas aldıq! Oğulların keçən ilin aprel döyüşlərində düşmənə elə sarsıdıcı zərbələr vurdular ki, səsi bütün dünyaya yayıldı...

Respublika Prezidenti İlham Əliyev “işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” yanvarın 24-də sərəncam imzaladı. İndi bütün ölkə QarabağaBöyük Qayıdış”ın anonsunu verən bu tarixi sənədin yaratdığı yüksək əhvali-ruhiyyənin xoş ovqatını yaşayır.

Böyük Qayıdış”ın ilk ünvanı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndidir. Rayon icra hakimiyyətinin başçısı Kamal Həsənovla elə bu ünvanda görüşürük. Ermənistan silahlı qüvvələrinin daş üstə daş qoymadığı, öz faşist xislətlərinə uyğun bir vəhşiliklə dağıtdıqları kəndin ot basmış yolları ilə addımlayırıq. Həmsöhbətimiz divarları yanıb qaralmış hər evin bərabərində ayaq saxlayıb olub keçənləri xatırlayır. Unudulması mümkün olmayan ağrılı-acılı xatirələri yada salır, şəhidlərin ruhuna sonsuz ehtiramını bildirir. Axı Kamal müəllim özüo vaxt Cəbrayıl rayonunda “Ziyalılar batalyonukimi məşhur olan hərbi birləşmədə komandir olub. Şərəfli bir döyüş yolu keçib.

Kamal Həsənovun dedikləri:

- Vətəni qorumaq, onun uğrunda döyüşmək, canını, qanını əsirgəməmək hər kəsin şərəfli vəzifəsi, qeyrət borcudur! Cəbrayıllı oğullar qüvvələrin qeyri-bərabər olduğu döyüşlərdə düşmən qabağından geri çəkilmir, qəhrəmanlıqla vuruşurdular. Cocuq Mərcanlı kəndi bu döyüşlərdə 4 şəhid verdi. Cəbrayıl 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu.

Rayonun əhalisi məcburi köçkünə çevrilib respublikanın müxtəlif ərazilərinə səpələndi.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin o ağır zamanda Azərbaycan hakimiyyətinə gəlişi xalqda da, orduda da təlatüm yaratdı, böyük ümidlər doğurdu. Ulu öndərin yenilməz sərkərdə iradəsi ilə 1994-cü ildə Füzuli rayonunun böyük bir hissəsi, Horadiz qəsəbəsi də daxil olmaqla işğaldan azad edildi. Düşmən caynağından qoparılan ərazilər sırasında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də vardı. İndi respublika Prezidenti İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” imzaladığı sərəncam camaatımızda, sözün həqiqi mənasında, əsl bayram əhvali-ruhiyyəsi yaratmışdır. Cocuq Mərcanlı kəndinin 195 nəfər sakini bizə ərizə ilə müraciət edib doğma kəndə qayıtmaq, orada yaşamaq istəyini bildirmişdir. Bu istəklə müraciət edənlərin sayı hər gün daha da artır. Məmnunluq doğuran bu proses cəbrayıllıların respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yeritdiyi müdrik siyasətə inamdan, Qarabağ münaqişəsinin həllində tutduğu qətiyyətli və prinsipial mövqedən qaynaqlanır. Bu, başlanğıcdır! Tezliklə işğal altındakı bütün ərazilərimiz azad ediləcək, doğma yurdumuza, ev-eşiyimizə toy-bayramla qayıdacağıq.

Cocuq Mərcanlı kəndi rayon mərkəzindən 35 kilometr cənub-şərqdə, Araz çayına yaxın düzənlikdə yerləşir. Kənd 1994-cü ildə işğaldan azad edilsə də, yaxınlıqdakı Lələtəpə yüksəkliyinin düşmən nəzarətində olması bu kənddə yaşamağı mümkünsüz edirdi. Strateji əhəmiyyətli bu yüksəklikdən Cocuq Mərcanlı kəndi əl içi kimi aydın görünürdü. Aradan illər keçdi. Xalqın xeyir-duası ilə üzərinə götürdüyü varislik missiyasını bütün istiqamətlərdə şərəflə yerinə yetirən Prezident İlham Əliyevin imzaladığı sərancam isə bu yerlərə qayıdışı, müharibənin viran qoyduğu kəndin bərpasını rəsmiləşdirir. Belə demək də mümkündür ki, ulu öndərin başladığı işləri Prezident İlham Əliyev uğurla davam etdirir.

2016-cı il aprelin 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına əks-hücumla cavab verən Milli Ordumuz düşməni ağır itkilərə məruz qoydu, xeyli ərazini işğaldan azad etdi. Məhz bu döyüşlərdə strateji əhəmiyyətə malik Lələtəpə yüksəkliyini ələ keçirdik. İndi o yüksəklikdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır! Bu, tarixi bir qələbə idi! Ermənistanın cinayətkar siyasi rəhbərliyinə xəbərdarlıq mesajı idi. Azərbaycan Ordusunun öz ərazi bütövlüyünü istənilən an hərbi yolla təmin etməyə qadir olduğunun əyani göstəricisiydi. Nə qədər gec deyil, Ermənistan rəhbərliyi bundan məntiqi nəticə çıxarmalıdır.

Cocuq Mərcanlı kəndi ərazi vahidi üzrə icra nümayəndəsi Xanlar Zeynalov bizimlə söhbətində dedi:

- İşğala qədər 283 təsərrüfatdan ibarət olan kəndimizdə 1075 nəfər yaşayırdı. Əhali əsasən üzümçülük, taxılçılıq, baramaçılıq və heyvandarlıqla məşğul olurdu. Kəndimizdə orta məktəb, klub, kitabxana, feldşer-mama məntəqəsi, digər sosial obyektlər vardı. Düşmənin viran qoyduğu doğma kəndimizi yenidən quracağıq. Prezidentimizin, dövlətimizin qayğısı ilə onu başdan-başa yenidən tikib abad yaşayış məntəqəsinə çevirəcəyik. Bu, kəndimizin hər bir sakininin arzusudur. İndi hamı qayıdışdan danışır.

Həmsöhbət olduğumuz Cocuq Mərcanlı kəndinin sakinləri Hikmət Əliyev, Məhəmməd Misirov, Şahəddin və Şahin Hüseynovlar, Rəhim Alıkişiyev, Rasim Balakişiyev, Elvin Atakişiyev və başqaları doğma yurda köçəcəkləri günü səbirsizliklə gözləyirlər.

Cocuq Mərcanlıda tanış olduğumuz Oktay Həziyev isə həyata fərqli bir baxışın sahibidir. O, 1994-cü ildən doğma kəndə dönüb orada yaşayan yeganə ailənin başçısıdır. El-oba bütün varlığı ilə bu torpağa bağlı Oktayı Cocuq Mərcanlının fəxri vətəndaşı sayır. Oktay Həziyevin dedikləri:

- Doğulub boya-başa çatdığım bir kəndə necə arxa çevirib gedə bilərdim?! 1994-cü ildə kəndimiz işğaldan azad olunanda elə bil dünyaya yenidən gəldim. Qayıdıb həyət-bacaya əl gəzdirdim, evimizin uçub dağılan yerlərini gücüm çatan səviyyədə təmir elədim. Ağır şəraitdə yaşayırdıq. Hər gün atəş, güllə səslərinə adət etmişdik. Lələtəpə yüksəkliyi azad edilənədək narahat günlər yaşadıq. İndi düşmən xeyli geri çəkilib. Həyət-bacada arxayın hərlənir, qorxub-çəkinmədən təsərrüfat işləri ilə məşğul oluruq. Qurban demişəm: camaatımız qayıdan günü bir qoç kəsib geniş süfrə açacağam!

Xoş ovqat, yüksək əhvali-ruhiyyə qışın bu oğlan çağında könlümüzdə bahar duyğuları oyadır. Üzümüzə gələn yaz Cocuq Mərcanlıda özgə bir büsat olacağı şəksizdir. Yenə həyətlərdə Novruz tonqalları qalanacaq, kənd yenidən çal-çağırlı, toy-büsatlı günlərinə qovuşacaq, cığırları, yolları daha ot basmayacaq.

Qarabağa qayıdış başlayır. Bu selin qarşısını almağa düşmənin gücü yetməz! Bu, zamanın hökmüdür!

Prezident İlham Əliyevin basdığı “Qayıdış” düyməsi ürəklərdəki həsrət buzunu əridir, gözlərə sevinc qonur, üzlərdən təbəssüm süzülür. Böyük köçə hazırlıq açıq-aydın hiss olunur. Artıq Cocuq Mərcanlı minalardan təmizlənir. Yeni evlərin, sosial obyektlərin tikintisinə, yolların çəkilişinə hazırlıq görülür.

Biz qayıdırıq...

 

Lazım QULİYEV,

 

Azərbaycan.- 2017.-27 yanvar.- S.1,  4.