Mingəçevir Sənaye Parkında əsasən ixracyönümlü məhsullar istehsal olunacaq

 

Azərbaycanda qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir, bu istiqamətdə yeni sənaye və emal müəssisələri yaradılır. Görülən işlər sayəsində iqtisadiyyatda qeyri-neft sektorunun çəkisi və rolu artır, neftdən asılılıq tədricən azalır. Dövlət başçısının müəyyən etdiyi sənayeləşmə siyasətinə uyğun həyata keçirilən tədbirlər nəticəsində son dövrlər yeni istehsal sahələrinin yaradılması ümumilikdə Azərbaycanın ixrac potensialına da müsbət təsir edir. Qeyri-neft sənayesinin şaxələndirilməsi, mövcud təbii və iqtisadi resursların dövriyyəyə cəlb edilməsi istiqamətində görülən tədbirlər həm də yüzlərlə yeni yerinin açılmasına geniş imkan yaradır.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkənin sənayeləşməsinin davam etdirilməsinin vacibliyini vurğulayaraq demişdir: “Mən qeyd etdiyim kimi, baxmayaraq 2016-cı il ağır il olmuşdur, qeyri-neft sənaye istehsalı artmışdır. Bu il sənaye potensialının inkişafı ilə bağlı ciddi addımlar atılmalıdır. Bizim artıq bir neçə sənaye parkımız var. Onların sırasında Sumqayıtdakı iki parkın fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm - Texnologiyalar Parkı və Kimya Sənaye Parkı. Sumqayıt Kimya Sənaye Parkında böyük müəssisələrin yaradılması prosesi davam edir. Oraya qoyulan  investisiyaların həcmi bir milyard dolları ötüb. Keçən il Mingəçevir Sənaye Parkının təməli qoyuldu”.

Göründüyü kimi, Bakı ilə yanaşı, regionlarda da sənaye müəssisələrinin yaradılmasına xüsusi önəm verilir. Prezidentin təşəbbüsü ilə Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində sənaye zonalarının salınması ilə bağlı layihələr uğurla icra olunur. Ötən il Mingəçevirdə sənaye parkının təməlinin qoyulması da bunu sübut edir. Dövlət başçısının 2015-ci ilin fevralında imzaladığı sərəncam əsasında parkın yaradılmasında məqsəd Mingəçevirdə sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye müəssisələrinin təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır.

Mingəçevir Sənaye Parkının tikinti sahəsi 120 min kvadratmetrdir. İnşaat işlərinə 60 milyon manatdan artıq, avadanlıq və dəzgahların alınmasına 150 milyon dollardan çox investisiya qoyulması nəzərdə tutulub. Parkda ilkin mərhələdə 2 min, sonra 5500-dən çox adam çalışacaq.

Mingəçevir Sənaye Parkının nəzdində 9 müəssisə inşa ediləcək. Pambıq ipliyi  müəssisəsində əvvəl ildə 10 min, növbəti mərhələdə 20 min ton iplik istehsal olunacaq. Ölkəmizdə böyük tələbat olan akril ipliyi istehsalı müəssisəsində isə ilkin mərhələdə il ərzində 3 min ton məhsul hazırlanacaq. Bu, idxaldan asılılığı xeyli aradan qaldıracaq. Yun ipliyi istehsalı müəssisəsində də ildə 3 min ton məhsul istehsal ediləcək. Bunlardan əlavə, parkda tikiləcək corab istehsalı müəssisəsində daxili tələbatın 50 faizi ödəniləcək, yəni, ildə 35 milyon, sonra 70 milyon cüt corab istehsal olunacaq. Ayaqqabı istehsalı müəssisəsində isə ildə 1,5 milyon cüt dəri ayaqqabı tikiləcək.

Qabaqcıl texnologiyaların tətbiq olunacağı bu müəssisələrdən başqa, sənaye parkında tibbi kosmetika malları istehsalı müəssisəsinin də yaradılması planlaşdırılıb. Müəssisədə pambıq mahlıcın və ipliyin tullantılarının təkrar emalı nəzərdə tutulur. Bu tullantılardan strelləşdirilmiş pambıq, tibbi sarğı bezləri və bandajları, qulaq təmizləyən çöplər, eyni zamanda, makiyaj bezləri istehsal olunacaq.

Parkdakı müəssisələrdə toxuculuq sənayesində böyük tələbat olan pambıq parçaların da istehsalı gözlənilir. Nəzərə alsaq ki, ölkəmizdə növbəti 5 il ərzində xam pambığın istehsalının 700 min tona çatdırılması nəzərdə tutulur, onda sənaye parkının nəzdində fəaliyyət göstərəcək pambıq ipliyi istehsalı müəssisəsinin əhəmiyyəti aydın görünər. İllik istehsal gücü 15 milyon metr təşkil edəcək bu müəssisə müasir avadanlıqlarla təchiz olunacaq. Bununla yanaşı, hazırlanacaq xam pambığın boyanması üçün parkın nəzdində illik gücü 15 milyon metr olan boyaq müəssisəsi inşa ediləcək. Beləliklə, Mingəçevir Sənaye Parkının fəaliyyətə başlaması ölkənin hazır geyim məhsullarına olan tələbatı ödəməyə və idxaldan asılılığı azaltmağa imkan verəcək.  

Yeni sənaye parkının yaradılması Mingəçevir şəhərinin inkişafına da böyük töhfə verəcək, əhalinin məşğulluq məsələsinin həllində mühüm rol oynayacaq və Cənubi Qafqazın yüngül sənaye mərkəzlərinin birincisinə çevriləcək.

Mingəçevir Sənaye Parkının bir üstün cəhəti də burada istehsal ediləcək məhsulların daxili tələbatı ödəməklə bərabər, əsasən ixracyönümlü olmasıdır. Başqa sözlə, müəssisədə istehsal olunan məhsulun çox hissəsi xarici bazarda satılacaq ki, bu da ölkəmizə qeyri-neft məhsullarının satışından gəlir əldə etməsinə imkan verəcək.

 

R.KAMAL,

 

Azərbaycan.- 2017.- 27 yanvar.- S. 6.