Zəngin tariximiz, qədim mədəniyyətimiz əlyazmalarda

 

Azərbaycan ərazisində ilk kitabın XI əsrdə yazıldığı bildirilir. Bu dövrdə türk, ərəb və fars dillərində nəfis əlyazma nümunələrinin yaranması, dünyanın ən məşhur kitablarının ölkəyə gətirilməsi kitab mədəniyyətimizin zənginləşməsində mühüm rol oynamışdır. Mənbələrdə göstərilir ki, orta əsrlərdə Azərbaycan ərazisində artıq 1 milyondan çox əlyazma kitab nümunəsi toplanmışdır.

1924-cü ildə xalqın yazılı irsinin qorunması məqsədilə dövrün bir çox ziyalılarının təşəbbüsü ilə Birinci Ümumazərbaycan Ölkəşünaslıq Qurultayı keçirilir. Bu mötəbər elmi məclisdə əlyazma kitablarının, sənədlərin və qədim çap məhsullarının bir yerə toplanması və ayrıca kitabxanada saxlanması haqqında qərar qəbul edilir. Bir müddətdən sonra, yəni 1929-cu ildə bu istiqamətdə nəzərdə tutulan işlərin həyata keçirilməsinə başlanılır. Toplanmış abidələr Azərbaycanı Öyrənmə Cəmiyyətində kitabxana şəklində mühafizə edilir. Sonralar Elmlər Akademiyasının müxtəlif müəssisələrində saxlanılır, Nizami adına Ədəbiyyat İnstitutunun nəzdində Əlyazmalar şöbəsi fəaliyyət göstərir. 1950-ci ildə toplanmış materialların sayının artdığını, onların saxlanması üçün xüsusi mühafizə və iqlim rejiminin vacibliyini görən Azərbaycan EA-nın rəhbərliyi təşəbbüs qaldırır və Nazirlər Soveti ayrıca bir müəssisə kimi akademiyanın nəzdində Respublika Əlyazmalar Fondunun (RƏF) yaradılması haqqında qərar qəbul edir. Ötən əsrin 80-ci illərində artıq bu fond müxtəlif elm və sənət sahələrinə aid orta əsr Yaxın və Orta Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi institut səviyyəsində görür, araşdırmalar aparır, nəzəri məsələlərin tədqiqində həmin əlyazma materiallarından geniş istifadə edilir. Bir faktı qeyd edək ki, buradakı materialların əsasını həm də XIX-XX əsrlərdə yaşamış görkəmli Azərbaycan ziyalılarından Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli Axundzadənin, Əbdülqəni Əfəndi Xalisəqarızadənin, Hüseyn Əfəndi Qayıbovun, Bəhmən Mirzə Qacarın, Mir Möhsün Nəvvabın və başqalarının şəxsi kolleksiyaları da təşkil etmişdir. 1986-cı ildə fondun bazasında Əlyazmalar İnstitutu yaradılmış, 1996-cı ilin sentyabrında isə bu tədqiqat mərkəzinə Məhəmməd Füzulinin adı verilmişdir.

Əlyazmalar İnstitutunun son onilliklərdə müasir elmi-tədqiqat mərkəzi kimi təşəkkülü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hələ 1981-ci ildə - ümummilli liderin respublikaya birinci rəhbərliyi dövründə Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi qərar verilmişdir. Həmin qərarla onun bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmiş, 1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir.

Bir maraqlı faktı da qeyd edək ki, ötən əsrin 80-ci illərində RƏF öz araşdırmaları ilə fəaliyyətinin ən yüksək səviyyəsinə gəlib çatır. Bunu nəzərə alan EA-nın rəhbərliyi fondun instituta çevrilməsinə çalışır, lakin o zaman “yenidənqurma” adı altında respublikalardakı ayrı-ayrı müəssisələri ləğv etməyi, birləşdirməyi üstün tutan Moskva buna razı olmur. Bir neçə cəhddən sonra 1986-cı ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyən Heydər Əliyevin yaxından köməyi sayəsində Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilir. Sovet dövründə əlyazmaları öyrənən cəmi iki institut var idi: Tiflisdə K.Kekelidze adına, İrəvanda Matenadaran adlanan əlyazmalar institutları. “Qardaş respublikalar ailəsində” bu xüsusi imtiyazlı respublikalardan başqa digərlərinin yazılı abidələrini, əlyazmalarını öyrənən institut açmaları müşkül məsələ idi. Həmin illərdə Əlyazmalar İnstitutun yaradılması uğrunda gedən mübarizənin bir sıra şahidləri - AMEA-nın keçmiş prezidenti akademik Həsən Abdullayev, Əlyazmalar İnstitutunun keçmiş direktoru Cahangir Qəhrəmanov artıq dünyalarını dəyişmişlər. Lakin mərhum professor C.Qəhrəmanov Moskva səfərindən sonra danışırdı ki, Azərbaycandan alimlər qrupu əvvəlcə Heydər Əliyevin yanına gedir. Böyük rəhbər onlara deyir ki, artıq SSRİ Nazirlər Sovetinin sədri, digər yüksək vəzifəli şəxslərlə bu razılaşdırılıb. Heyət SSRİ EA-nın prezidenti Q.İ.Marçukun yanına getdikdə əmin olur ki, məsələ bircə günün içində həll edilmişdir.

1996-cı ildə Əlyazmalar İnstitutunun kimin adını daşıması da mübahisəli olaraq qalırdı. Bir sıra şəxslərin adları təklif olunur və hər kəs də öz seçimində təkid edirdi. Sonralar hamı Heydər Əliyevin qərarının nə qədər məntiqli olduğunu dərk etdi. İndi hamı üçün aydındır ki, əgər Ədəbiyyat İnstitutu Nizami Gəncəvinin, Dilçilik İnstitutu İmadəddin Nəsiminin adını daşıyırsa, Əlyazmalar İnstitutu da Məhəmməd Füzulinin adını daşımalıdır. 1996-cı ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə instituta dahi şair və mütəfəkkir M.Füzulinin adı verilir.

Bu tədqiqat mərkəzi orta əsr elmlərinin bütün sahələrini - tibbastronomiya, riyaziyyatmineralogiya, poetika və fəlsəfə, teologiya və hüquqşünaslıq, qrammatika, tarixcoğrafiya, bədii nəsr və poeziyaya aid Azərbaycan, türk, ərəb, farsbaşqa dillərdə nadir əlyazma kolleksiyasına malikdir. İndi Əlyazmalar İnstitutunda 40 mindən çox material var. Bunlardan 12 minə qədəri ərəb qrafikalı əlyazmalardır ki, IX-XX əsrlərdə yazılmış və ya üzü köçürülmüşdür. Bundan başqa, institutda XIX-XX əsrlərdə yaşamış Azərbaycanın görkəmli elm və ədəbiyyat xadimlərinin şəxsi sənədləri, tarixi sənədlər və fraqmentlər, əski çap kitabları, əvvəlki dövrlərin qəzet və jurnalları, mikrofilm və fotosurətlər mühafizə edilməkdədir.

İnstitut öz fəaliyyətinin ən coşqun dövrünə məhz Azərbaycan Respublikasının milli istiqlaliyyətinin bərpa edilməsindən sonra qədəm qoymuşdur. Müqayisə üçün göstərmək olar ki, keçən əsrin 60-cı illərinin sonunda müəssisədə cəmi 47 əməkdaş, o cümlədən 3 elmlər doktorubir neçə elmlər namizədi işlədiyi halda, bu gün institutun təkcə elmi işçilərinin sayı 100-ə çatmışdır. Onların da arasında AMEA-nın 1 həqiqi üzvü, 10 elmlər doktoru və 34 fəlsəfə doktoru fəaliyyət göstərir. Sovet dövründə institutun əməkdaşları hər il 2-3 kitab nəşr etdirməyə nail olurdularsa, müstəqillik illərində institutun elmi nəşrlərinin sayı xeyli çoxalmış, müəssisə, demək olar ki, hər il respublika səviyyəli elmi konfransseminarlar keçirmiş, Bakıdakı ən böyük beynəlxalq elmi forumların təşkilində fəal iştirak etmişdir. İnstitutun direktoru akademik Teymur Kərimli söhbət əsnasında bildirdi ki, yeni şəraitdə institutun işlədiyi problematika da genişləndirilmiş, Azərbaycan əlyazma kitabının tarixi, islamşünaslıq, tarixi mənbəşünaslıq, elm və tərcümə tarixi istiqamətlərində işlər də həyata keçirilməyə başlanmışdır. Müstəqillik dövründə institutda anadilli abidələrin latın qrafikalı yeni əlifbada mətnlərinin hazırlanması və nəşri işində də nəzərəçarpacaq nailiyyətlər əldə edilmişdir.

Əlyazmaların kataloqlaşdırılması və arxiv materiallarının biblioqrafik göstəricilərinin nəşri sahəsində irəliləyişlər də xüsusi qeyd edilməlidir. 2000-ci illərdə institutda ərəbdilli və farsdilli əlyazma kataloqlarının üç, türkdilli əlyazma kataloqunun iki cildi, Məhəmməd Füzulinin, Xacə Nəsirəddin Tusinin, “Kitabi-Dədə Qorqudun, Qarabağın, “Füyuzat” jurnalının biblioqrafiyaları, həmçinin Yusif Vəzir Çəmənzəminli, Müslüm Maqomayev, Firidun bəy Köçərli, Cəlil Məmmədquluzadə, Abbasqulu ağa Bakıxanov və başqa görkəmli şəxsiyyətlərin arxivlərinin təsviri nəşr edilmişdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 8 şöbə, 1 laboratoriya fəaliyyət göstərir. Son dövrlərdə institutun xarici ölkə kitabxanaları ilə əlaqələri genişlənmiş, əldə edilən yazılı abidələrin sayı artmışdır. Akademik Teymur Kərimli xüsusi vurğuladı ki, bunun əsas səbəbi Azərbaycanın müstəqilliyə qovuşmasıdır: “Artıq sovet dövründə olduğu kimi, bir əlyazmanın surətini əldə etmək üçün mərkəzdən, müxtəlif təşkilatlardan icazə almağa ehtiyac yoxdur. Xarici ölkə kitabxanalarından əldə edilmiş əlyazma surətləri tariximizi, mədəniyyət, elm və ədəbiyyatımızı yeni gözlə nəzərdən keçirməyə imkan verir. Bu işdə bizə kömək edən xarici ölkələrdəki həmvətənlərimizin (Almaniyada yaşayan Məhəmmədəli Hüseyninin adını xüsusi olaraq çəkmək istərdik), xarici səfirliklərimizin, Heydər Əliyev Fondunun yardımı böyük əhəmiyyətə malikdir”.

İnstitutun rəhbəri onu da qeyd etdi ki, sovet dövründən bəri respublikada saxlanan əlyazmaların əhalidən toplanması prosesi davam edir. Əlyazmalar İnstitutunda saxlanan əsas materiallar bu toplamanın nəticəsidir. İndi də dəyərli əlyazmalar əldə edilir. İnstitutun əməkdaşları Qəbələ və Quba bölgələrində elmi ekspedisiyalarda olarkən əhalidə saxlanan əlyazmaların siyahısı tutulmuşdur. 2013-cü ildə iki dəyərli əlyazma əldə edilmişdir. Bunlardan biri XIX əsrin sonları - XX əsrin əvvəllərində yaşamış şair Nəcəfqulu bəy Şeydanın “Gülşəni-maarif” adlı təzkirəsinin əlyazmasıdır. İndiyədək haqqında çox az məlumata malik olduğumuz, şairin xaricdə olan nəvələri tərəfindən təqdim edilən bu əsərdə XIX-XX əsrlərdə yaşayıb-yaratmış bir çox şairlərimiz haqqında məlumat, şeirlərindən yeni nümunələr verilmişdir.

İkinci əlyazma Qarabağ ədəbi mühitinin yetirməsi, şairdin xadimi Məhəmməd ağa Müctəhidzadənin 1918-ci il hadisələrinə aid xatirələri, Azərbaycan və fars dillərində yazdığı şeirlərdir. Akademik Teymur Kərimli bildirdi ki, 1910-cu ildə İstanbulda nəşr edilmiş məşhur “Riyazül-aşiqin” təzkirəsinin müəllifi Məhəmməd ağanın bu əsərləri tarixçi və ədəbiyyatşünaslarımız tərəfindən böyük maraqla qarşılanmışdır.

2013-cü ildə Paris Milli Kitabxanasında saxlanan Azərbaycan tarixinə dair 200-dən artıq materialın surəti, elektron variantları əldə edilmişdir. Həmin nümunələrin içərisində XV əsrdə Təbrizdə üzü köçürülmüş “Kəlilə və Dimnə”, cığatay dilində yazılmış, oğuz türklərinin tarixindən bəhs edən “Oğuznamə”, XVI əsrdə yazılmış “Cərrahnamə”, Əlişir Nəvainin əsərləri var. Bunlardan başqa, XX əsrin əvvəllərində Bakı şəhərində çəkilmiş fotolar, Azərbaycan tarixinə aid xəritələr, müğənnilərimizin ifasında Parisdə qrammofon valına yazılmış mahnılar, Avropa səyyahlarının Azərbaycan barədə əsərləri böyük maraq doğurur.

İstanbulun Mərmərə Universiteti Fənn-ədəbiyyat fakültəsi kitabxanasından əldə edilən XV əsr Azərbaycan şairi Əhmədi Təbrizinin “YusifZüleyxa” poeması həmin əsrdə Ağqoyunlular sarayında anadilli ədəbiyyatın inkişafına verilən diqqətin sübutudur. XVI əsr şairi Qəribinin Tehranın Məclis Kitabxanasından əldə edilmiş türkcə əsərlər məcmuəsinin surəti ədəbiyyat və dil tariximizin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Akademik T.Kərimlinin söhbətindən məlum oldu ki, əsərlərinə ayrı-ayrı yerlərdə rast gəlinən məlumatlar əsasında Qəribinin Anadolunun Məntəşə bölgəsində böyüyüb boya-başa çatdığı, sonradan şiəlik, səfəvilik, qızılbaşlıq ideyalarını qəbul edərək I Şah Təhmasibin dövründə (1524-1576) Azərbaycana gəlib Təbrizdə saraya yaxınlaşdığı, burada şeirləri, dini risalələri ilə şiəlik, qızılbaşlıq ideyalarına xidmət etdiyi öz təsdiqini tapıb: “Cəsarətlə deyə bilərik ki, Səfəvilər dövlətinin ideoloji əsaslarını yaradan, bu məsələyə dair Azərbaycan türkcəsində əsərlər yazan ilk alimlərdən biri də Qəribi olmuşdur. Onun yaradıcılıq toplusuna türkcə divanı, “Məcalisi-şüərayi-Rum” təzkirəsi, nəsrlə yazdığı bir sıra əsərlər daxildir”.

XVII əsr şairimiz Mürtəzaqulu xan Zəfərin Kembric Universiteti kitabxanasından əldə edilmiş əlyazma divanının surəti də böyük maraq doğurur. Səfəvilər dövründə yüksək vəzifələrdə olmuş, ixtiyar çağlarında Şeyx Səfiəddin türbəsinin mütəvəlliçisi (nəzarətçisi), Ərdəbil vəziri vəzifəsini icra etmiş şair divanının dibaçəsində farsca yüz min beytə qədər şeir yazdığını, türk dilində də divan tərtib etmək qərarına gəldiyini bildirir. Bu divanın diqqəti cəlb edən cəhəti şeirlərdə danışıq dilinə məxsus söz və ifadələrdən, xalq şeiri formalarından istifadə edilməsindən ibarətdir. XVII əsrdə yaşamış böyük mütəfəkkir şairimiz Saib Təbrizinin Qahirənin Darül-kutubundan əldə edilmiş külliyyatının surəti həm də ona görə maraqlıdır ki, buraya şairin anadilli şeirləri, Təbrizdə doğulması, ölümünə həsr edilən maddeyi-tarixlər barədə məlumat vardır.

Astane-Qüdse-Rəzəvi kitabxanasından əldə edilmiş XVII əsr şairi, Saib Təbrizi ədəbi məktəbinin davamçısı, şikəstə-nəstəliq xəttinin yaradıcısı Mürtəzaqulu Sultan Şamlunun divanı da maraq doğurur. XVII əsr şairimiz, Təbriz şəhərinin şeyxülislamı Mirzə Saleh Təbrizinin Tehranın Məclis kitabxanasından əldə edilmiş farsca divanına türkcə şeirləri də daxildir.

XIX əsr şairimiz Sabit Ərdəbilinin Təbriz Mərkəzi kitabxanasından surəti əldə edilmiş divanı Azərbaycan ikiyə bölündükdən sonra Cənubda ədəbiyyatda gedən lokal prosesləri öyrənmək baxımından çox qiymətlidir.

XVII-XVIII əsrlər Azərbaycan şairi, Cahan şah Qaraqoyunlu nəslindən olan alim, Nadir şah Əfşarın sifarişi ilə Nəcəfdə Həzrət Əli türbəsinin günbəzinə türkcə maddeyi-tarix yazmış Nəşə Təbrizinin farsca divanında ana dilində şeirləri də vardır.

Heydər Əliyev Fondunun Vatikanla əməkdaşlıq layihəsi çərçivəsində institutun əməkdaşı Vatikanın Apostol kitabxanasındakı Azərbaycan əlyazmalarını araşdırmış, bəzilərinin surətlərini gətirmişdir. Bu əsərlərin əksəriyyəti xüsusilə diqqətəlayiqdir. XI-XVI əsrlərdə yaşamış hürufi şair, Nəsimi ənənələrinin davamçısı Sürurinin divanı, Seyid Yəhya Bakuvinin oğlu Şeyx Əlinin həyatından bəhs edən “Mənaqibi-Şeyx Əli” əsəri, XVII əsr müəllifi Baba Həsən bin Məhəmməd Şirvaninin anadilli əsəri, bunlardan başqa, XIX əsrin naməlum müəllifinin əsəri Səfəvilər, Qacarlar, onların müharibələri, Qafqaz, Bakı və Tiflisin ruslar tərəfindən zəbt edilməsi barədə geniş məlumat verir. Azərbaycan türkcəsində yazılan həmin əsər indiyədək tədqiqata cəlb edilməmişdir.

XVII əsr osmanlı tarixçisi Məhəmməd Ədirnəvinin “Nəxcətül-təvarix” əsərində Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin tarixindən də bəhs olunur. Həmin dövrə aid edilmiş “Risaleyi-təhsil fit-tibb” adlı türkdilli əsəri də diqqətəlayiqdir. Əldə edilən əlyazma surətləri institut əməkdaşları tərəfindən tədqiq və nəşr edilir.

Bu gün müstəqil Azərbaycan inkişaf etdikcə milli-mənəvi dəyərlərimizə, tarixi keçmişimizə, yazılı abidələrimizə, onların tədqiqi, nəşri və təbliğinə diqqətin artması danılmaz faktdır. İnanırıq ki, vaxt gələcək, dünya kitabxanalarında tariximizə, mədəniyyət, elm və ədəbiyyatımıza dair bütün əlyazmaların surətləri, elektron variantları vahid bir mərkəzdə - AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda toplanacaq, bu elm ocağı dünyanın ən zəngin əlyazma xəzinələrindən birinə çevriləcəkdir.

 

İradə ƏLİYEVA,

 

Azərbaycan.- 2017.-27 yanvar.- S.7.