Mədəniyyət Nazirliyi televiziyaların inkişafı istiqamətində təşəbbüs və layihələri dəstəkləməyə hazır olduğunu bildirir

 

“Azərbaycan” qəzetinin 13 dekabr 2016-cı il tarixli nömrəsində “İtmiş və ya itirilmiş qəhrəman” sərlövhəli publisistik məqalə dərc olunmuşdu. Yazıda mətbuatın, xüsusilə də özəl televiziya kanallarının mövcud vəziyyəti təhlil edilmişdi. Tələbkar tamaşaçı maraqlarına cavab verməyən keyfiyyətsiz verilişlərin artmasına diqqət çəkilmişdi. Bayağı proqramların milli-ictimai şüura vurduğu zərərdən, əslində, qınanmalı mənfi obrazlara - antiqəhrəmanlara, sosial-məişət hadisələrinə efirdə geniş yer verilməsinin gənc nəslin tərbiyəsində oynadığı mənfi roldan bəhs edilmişdi. Televiziyalardakı janr qıtlığına toxunulmuşdu. Eyni zamanda, jurnalistikada yüksək milli-mənəvi fəzilətlərə malik nümunəvi qəhrəman obrazlarına istinad edilməsinin vacibliyi vurğulanmışdı. Məqalədə televiziya aparıcılarının peşə və şəxsi keyfiyyətlərinin, eləcə də efir mədəniyyətlərinin aşağı, nitqlərinin qüsurlu olmasından, bu səbəbdən də ictimaiyyət arasında tez-tez lağ, müzakirə obyektlərinə çevrilmələrindən də danışılmışdı. Yazıda Azərbaycan jurnalistikasının qarşısında duran ümdə vəzifələr sadalanmış, vəziyyətin düzəldilməsi üçün birgə səy və fəaliyyətə çağırış edilmişdi.

Bu çağırışa Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi reaksiya verib. Nazirliyin aparat rəhbəri Rafiq BAYRAMOVun imzası ilə redaksiyamıza daxil olmuş məktubu kiçik ixtisarla oxucularımızın diqqətinə çatdırırıq:

“Azərbaycan” qəzetinin 13 dekabr 2016-cı il tarixli sayında dərc olunmuşİtmişya itirilmiş qəhrəman” sərlövhəli yazı ilə tanış olmuşuq. Məqalədə günümüzün aktual məsələlərinə toxunulur, qaldırılan problemlərlə bağlı haqlı narahatlıq ifadə olunur.

Geniş təbliğat imkanlarına malik kütləvi informasiya vasitələrinin, özəlliklə böyük tamaşaçı auditoriyası olan milli televiziya kanallarının üzərinə mühüm məsuliyyət düşür. Məqalədə qeyd olunduğu kimi, bu gün televiziya efirində mədəni-mənəvi zənginliyimizə, müasir inkişafımıza bir naxış belə əlavə etməyən, əksinə, tamaşaçı kütləsinin, xüsusilə gəncliyin estetik zövqünün aşınmasına zəmin yaradan şou proqramlar ciddi narahatlıq doğurur.

Diqqətinizə çatdırırıq ki, Mədəniyyət və Turizm Nazirliyinin media ilə əməkdaşlığı həmişə yüksək səviyyədə olub. Nazirlik tərəfindən ölkəmizin mədəni irsini, eləcə də turizm imkanlarını təbliğ etmək üçün medianın iştirakı ilə müxtəlif layihələr, infoturlar, digər tədbirlər həyata keçirilir. Nazirliyin təsis etdiyi “Mədəniyyət” qəzeti, “Medeniyyet.azinternet jurnalı Azərbaycan dövlətinin mədəniyyət və turizm siyasətinin hərtərəfli işıqlandırılmasında, milli-mənəvi irsimizin təbliği və tanıdılmasında yaxından iştirak edir.

Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq incəsənət, musiqi və rəssamlıq məktəblərində uşaq və yeniyetmələrin müasir dünya musiqisinə, çağdaş sənətin yeniliklərinə yiyələnməsinə, onların milli ruhda yetişmələrinə xüsusi önəm verilir.

Məlum olduğu kimi, Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və digər qurumların birgə səyləri ilə xalqımıza məxsus bir sıra maddiqeyri-maddi mədəni irs nümunələrimiz UNESCO-nun müvafiq siyahılarına salınmışdır. Bu zənginliyin dünyada təbliği ilə yanaşı, bədnam qonşularımız tərəfindən mədəni irsimizin mənimsənilməsi cəhdlərinə qarşı səylərimizi davam etdiririk. Bu işdə də medianın fəal roluna hər zaman ehtiyacımız var. Düşünürük ki, respublikamızda fəaliyyət göstərən özəl televiziya kanalları, qəzetlər, informasiya agentlikləri, elektron media bu kontekstdə müvafiq dövlət qurumları ilə birgə səy göstərməlidir. Yaxşı olardı ki, telekanallarımız milli-mənəvi baxımdan həssaslıq tələb edən məsələlərə dair müxtəlif səpkili layihələr həyata keçirsin. Nazirlik olaraq bu qəbildən təşəbbüs və layihələri hər zaman dəstəkləməyə hazırıq.

Onu da qeyd etmək istərdik ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən UNESCO-nun qeyri-maddi mədəni irs siyahısında yer alan muğam ifaçılığı, tar, xalça sənəti, kəlağayı sənəti, Lahıc misgərlik sənəti və s. haqqında videomateriallar hazırlanmışdır və onların telekanallarda daha geniş işıqlandırılması mədəni zənginliyimizin təbliğ və təşviqinə töhfə olar.

Turizm sahəsində təbliğat hər zaman xüsusi əhəmiyyətə malikdir. Bütün bunların sistemli şəkildə həyata keçirilməsində, ölkəmizə daha çox turistin cəlb olunmasında televiziyanın və mətbuatın rolunu yüksək qiymətləndiririk. Nazirlik olaraq bu istiqamətdə verilişlərin hazırlanmasına da lazımi dəstəyi verməyə hazırıq.

“Azərbaycan” qəzetində milli-mənəvi dəyərlərimizin yaşadılması və təbliğinə yönələn, cəmiyyətimizi narahat edən aktual mövzulu yazılarınıza görə sizə minnətdarlığımızı bildiririk. İnanırıq ki, Mədəniyyət və Turizm Nazirliyi ilə səmərəli əməkdaşlıq bundan sonra da davam edəcək”.

Redaksiyadan:

“Azərbaycan” qəzetinin çıxış və çağırışına dəyər verdiyinə, eləcə də mövqeyini dəstəklədiyinə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürümüzü bildiririk. İcra orqanının mətbuat, televiziya, həmçinin digər elektron kütləvi informasiya vasitələri ilə Azərbaycan mədəniyyətinin, milli-mənəvi irsinin tanıdılaraq təbliğ edilməsi istiqamətindəki fəaliyyətini alqışlayırıq. Nazirliyin özəl televiziyaların keyfiyyətcə mədəni-mənəvi dəyərlər kontekstində inkişafı naminə təşəbbüs və layihələri hər zaman dəstəkləməyə hazır olduğunu bəyan etməsini cəmiyyətə ünvanlanmış çağırış, təklif hesab edirik. “Azərbaycan” qəzeti redaksiyası da Mədəniyyət və Turizm Nazirliyi ilə səmərəli əməkdaşlığın bundan sonra daha da dərinləşəcəyinə və nəticə etibarı ilə ölkəmiz üçün faydalı olacağına əmindir.

Xatırladaq ki, bu məqaləyə bir qədər əvvəl Milli TeleviziyaRadio Şurası (MTRŞ) münasibət bildirmişdi. MTRŞ digərlərini “Azərbaycan” qəzeti kimi fəal və maarifpərvər olmağa çağırmışdı.

Göründüyü kimi, ictimai sifariş var: xalq səviyyəsiz televiziya verilişlərindən bezib və özəl televiziyaların keyfiyyətcə tərəqqisini arzulayır. Əlaqədar orqanlar da bu sifarişin icrasına hər cür dəstək verməyə hazır olduqlarını bildirirlər. Televiziya kanallarının özləri də buna qarşı deyillər. Deməli, qalır təkcə qol çırmayıb görmək. İş görmək üçünsə konkret təklif və layihələr olmalıdır. Müzakirələrlə, fikirmövqe ifadə etməklə nəyi isə dəyişdirmək çətindir.

“Azərbaycan” qəzeti mövzu ətrafında müzakirələri davam etdirməklə yanaşı, özəl televiziyaların keyfiyyət dəyişikliyi ilə bağlı irəli sürüləcək konkret təkliflərin, layihələrin ictimailəşdirilməsinə, habelə realizə və tətbiq, icra mexanizmlərini aramaq missiyasına da dəstək verməyə hazırdır. Artıq real , təxirəsalınmaz tədbirlər görmək vaxtı yetişib. Bunu bizdən özəl televiziyaların bugünkü vəziyyəti, bir də yetişməkdə olan yeni nəsil qarşısında daşıdığımız ictimai məsuliyyət tələb edir.

 

Azərbaycan.- 2017.- 28 yanvar.- S. 8.