Həyata dönüş

 

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqlar üçün müasir tələblərə uyğun mükəmməl sosial xidmət və reabilitasiya şəraiti yaradılıb

 

Prezident İlham Əliyevin hər bir vətəndaşın layiqli həyat şəraiti ilə təmin olunmasına xidmət edən sosial inkişaf kursu ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların sosial xidmətlərlə təminatı sisteminin də ildən-ilə təkmilləşməsinə, belə uşaqların dövlət himayəsində yaşadığı sosial xidmət müəssisələrində müasir tələblərə cavab verən yaşayış və reabilitasiya şəraitinin qurulmasına imkan yaradıb. Azərbaycan Respublikası Əmək və Əhalinin

Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində hər bir uşağın diqqət və qayğı mühitində yaşaması üçün yaradılan şərait də bunun əyani təcəssümüdür.

Burada xüsusi qayğıya ehtiyac duyan balaca sakinlərin özlərini cəmiyyətdəki digər həmyaşıdları kimi hiss etmələri, onlarla bərabər imkanlara malik olmaları üçün aparılan işlər Azərbaycan dövlətinin ildən-ilə güclənən sosial siyasətinin ilk növbədə milli və ümumbəşəri dəyərlərə, humanist yanaşmalara əsaslandığını göstərir.

Xatırladaq ki, Azərbaycan Prezidenti tərəfindən 2009-cu ilinUşaq ilielan olunması ölkədə gələcəyimiz olan uşaqların müdafiəsi sahəsində dövlət siyasətinin daha da güclənməsinə, uşaqların müdafiəsi və hərtərəfli qayğı ilə əhatə olunması ilə nəticələnib. Bakı şəhərinin Nərimanov rayonundakı Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud uşaqların dövlət hesabına bərpa-müalicəsi işləri aparılır. Ötən dövrdə mərkəzdə sağlamlıq imkanları məhdud olan 15 mindən yuxarı uşağa reabilitasiya xidməti göstərilib. Ölkəmizdə bərpa-müalicə sisteminin təkmilləşdirilməsi tədbirləri bu mərkəzi də əhatə edib. Belə ki, son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzində də əsaslı təmir və yenidənqurma işləri aparılıb və yüksək səviyyədə başa çatdırılıb. 2016-cı ilin dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin və ailə üzvlərinin iştirakı ilə mərkəzin yenidənqurmadan sonra açılışı olub.

Dövlət tərəfindən sağlamlıq imkanları məhdud uşaqların xarici ölkələrdəki ixtisaslaşmış bərpa mərkəzlərində müalicələri də təşkil edilir. Son iki ildə 400 nəfərə yaxın əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricdə müalicə alması buna misal ola bilər. “Sosial xidmət haqqında” qanuna uyğun olaraq, icra olunan layihələrin mühüm bir hissəsi də sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasına xidmət edir. Misal üçün, sindromlu uşaqların sosial reabilitasiyası, autizm xəstəliyi olan uşaqlara defektolojipsixoloji, eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara surdoloji, psixo-pedaqoji, loqopedik xidmətlərin göstərilməsi, 7 yaşadək uşaqlar arasında əlilliyin qarşısının alınması və sağlamlıq imkanları məhdud uşaqların Portec metodikası ilə sosial reabilitasiyası, xüsusi proqramlar əsasında idman, incəsənət, xalq sənəti növlərinin öyrədilməsinə yardımın göstərilməsi və s. istiqamətlərdə layihələr icra edilir. Ümumilikdə nazirliyin sosial sifarişləri üzrə icra olunan layihələr çərçivəsində hər il 2 min nəfərdən çox şəxs reabilitasiyayönümlü sosial xidmətlərlə təmin edilir ki, onların əksəriyyəti sağlamlıq imkanları məhdud uşaqlardır.

Hazırda sağlamlıq imkanları məhdud uşaqlar üçün iki sosial xidmət müəssisəsi (Xəzər rayonunun Şağan qəsəbəsindəki 1 saylı Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi və Abşeron rayonunun Saray qəsəbəsindəki 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsi) fəaliyyət göstərir. Bu müəssisələrdə 322 nəfər uşaq tam dövlət təminatında yaşayır. Son illərdə Heydər Əliyev FondununUşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində bu sosial xidmət müəssisələrində əsaslı təmir və yenidənqurma işləri aparılıb. Uşaqların cəmiyyətdəki digər uşaqlar kimi hərtərəfli qayğı ilə əhatə olunması, tibbireabilitasiya xidmətləri ilə təminatı üçün məqsədyönlü işlər görülüb. Hər iki müəssisə müasir inventar və avadanlıqla təmin olunub, sağlamlıq imkanları məhdud uşaqlar üçün nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.

2 saylı sosial xidmət müəssisəsində 4 yaşdan 18 yaşadək xüsusi qayğıya ehtiyacı olan uşaqlar yaşayırlar. Onlar yaşına, cinsinə və xəstəlik dərəcələrinə görə ayrı-ayrı qruplarda yerləşdiriliblər. Müəssisə yataqqidalanma şəraiti, müasir avadanlıqlarla və dərman preparatları ilə təmin edilib. Burada müvafiq prosedurların həyata keçirildiyi fizioterapiya, ilk yardım, funksional diaqnostika otaqları, günərzi qayğı xidməti mərkəzi, idman zalı fəaliyyət göstərir. Uşaqlarda zəruri fiziki qabiliyyət və vərdişlər formalaşdırmaq üçün reabilitasiya kabinetləri, fitri istedad və bacarıqların, əmək vərdişlərinin inkişafına xidmət edən dərnəklər fəaliyyət göstərir. Hər bir qrupun ayrıca yataqoyun otaqları vardır. Həmçinin müəssisədə valideynlərlə görüş otaqları, 30 nəfərlik müşavirə və musiqi zalları fəaliyyət göstərir. Müəssisənin həyətində də geniş yaşıllaşdırma, abadlıq işləri aparılıb, fəvvarə və attraksionlar quraşdırılıb.

Burada sağlamlıq imkanları məhdud uşaqlar dövlət himayəsində yaşamaqla, qida, geyim və lazımi tibbi xidmətlərlə təmin olunurlar. Hazırda bu sosial xidmət müəssisəsində 171 nəfər uşaq yaşayır” - deyə müəssisənin direktoru, əməkdar həkim Pərvanə Səfərova daha sonra bildirdi ki, burada çalışan personalın başlıca fəaliyyət prinsipi dövlətin qayğısının həmin uşaqlara layiqli səviyyədə çatdırılmasını təmin etməkdir: “Biz bu uşaqlara xəstə uşaqlar kimi yox, cəmiyyətdəki digər uşaqlar kimi baxırıq. Onların bizə deyil, özümüzün, yəni buradakı işçi personalın onlara uyğunlaşmasına çalışırıq. Burada təkcə onların normal şəraitdə yaşamaları üçün yox, həm də bacarıqlarının inkişaf etməsinə nail olmaq üçün səy göstəririk. Səmərəli terapiya növlərindən genişdaim istifadə edirik. Yəni bu müəssisədə göstərilən sosial xidmətlər reabilitasiya məqsədlidir”.

Müəssisədə uşaqlarda ilkin zəruri vərdişlərin, özünü idarə etmək üçün ilkin bacarıqların formalaşdırılması işləri aparılır, ətraf mühitə uyğunlaşma, funksional çatışmazlığın aradan qaldırılmasına kömək göstərilir. Bu məqsədlə sınanmış reabilitasiya metodları tətbiq olunur. Aktiv terapiya, eləcə də beyin inkişafı və fiziki inkişaf üçün oyun terapiyası təşkil edilir. Autizm əsaslı pozğunluqlarda, eşitmə, görmə problemi olan uşaqlarda, ünsiyyətin alternativ üsullarından, davranış problemlərinin aradan qaldırılması üçün ünsiyyət terapiyasından istifadə olunur. Uşaqların xüsusi rejimlə qidalanmaları təşkil edilir, mütəmadi olaraq həkim nəzarətindən keçirilirlər, gigiyenik təmizliklərinə xüsusi həssaslıqla yanaşılır.

Öyrəndik ki, burada hər bir uşağa fərdi yanaşılır, onların bacarıqlarının formalaşdırılması üçün sosial reabilitasiyanın bütün növlərindən istifadə olunur. Bu işlər isə hər bir uşaq üçün fərdi inkişaf planı üzrə görülür. Ən başlıcası, müəssisənin əməkdaşları bu uşaqların məhrumiyyətlərinin aradan qaldırılması, həyatlarındakı boşluqları, yoxluqları doldura bilmək üçün əllərindən gələni əsirgəmirlər. P.Səfərovanın dediklərindən: “Bir çox valideyn vaxtaşırı uşağına baş çəkməyə gəlir. Onlar üçün burada görüş otaqları vardır. Valideynlər görəndə ki, uşaqları burada aparılan reabilitasiya işlərindən sonra müəyyən ilkin bacarıqlara yiyələniblər, artıq özlərini idarə etmək üçün vərdişlər yaranıb (məsələn, özləri sərbəst yemək yeyə, su götürüb içə, paltarlarını geyinə, digər uşaqlarla ünsiyyət qura bilirlər və s.) çox sevinirlər. Belə hallarda onların bir çoxu övladlarını evlərinə aparırlar. Deyirlər ki, artıq uşaq özünü idarə edə bilirsə, onun evdə, ailə şəraitində də yaşaması çətin olmazbundan sonra özləri öz uşaqlarına qulluq göstərə bilərlər”. P.Səfərova 16 nəfər uşağın ailələrinə verildiyini qeyd etdi.

Uşaqlar əmək otaqlarında muncuqlardan, rəngli saplardan müxtəlif əl işləri hazırlayırlar. Həmin əl işlərinə nəzər salanda onların həyata nə qədər işıqlı nəzərlərlə, insanlara necə doğma və inamlı hisslərlə baxdıqlarını, saf və təmiz hisslərə malik olduqlarını düşünürsən. Başqa bir otaqda isə uşaqlara maraqlı uşaq verilişləri, cizgi filmləri göstərilir. Tez-tez burada incəsənət ustaları da dəvət edilir, uşaqlar üçün musiqili-əyləncəli proqramlar, uşaq tamaşaları təqdim olunur.

Uşaqların Azərbaycan Xüsusi Olimpiya Komitəsi tərəfindən təşkil olunan yarışlarda iştirak etmələrinə də şərait yaradılır. Komitə tərəfindən əqli və fiziki imkanları məhdud olan, anadangəlmə əlillər üçün müəyyən edilmiş proqram əsasında onların potensiallarına uyğun xüsusi atletik idman növləri ilə məşğul olmaları üçün bütün lazımi işlər görülür. Qeyd edilən idman növləri ilə məşğul olan uşaqlar xüsusi atletika üzrə seçmə yarışlarında iştirak edərək medallarla müəssisəyə qayıdıblar. Buna misal Həbib Tağıyevi göstərmək olar. O, bir çox yarışlarda mükafatlar əldə edib. 2014-cü ilin sentyabr ayında Belçikanın Antverpen şəhərində keçirilən, dünyanın 58 ölkəsindən 2 min nəfər idmançının iştirak etdiyiAvropa Xüsusi Yay Olimpiya Oyunları 2014” yarışlarında iştirak edən Həbib stolüstü tennis üzrə şəxsi yarışları gümüş, qarışıq yarışları isə qızıl medalla başa vurub.

Uşaqları ilə görüşə gələn bir neçə valideynlə də həmsöhbət olduq. Onlar burada uşaqları üçün yaradılan şəraitdən, göstərilən xidmətlərdən, reabilitasiyaları ilə bağlı aparılan işlərdən razılıq etdilər. Valideynlərdən biri xüsusi vurğuladı ki, burada olduğu müddətdə uşağının davranışında yaxşılaşma özünü göstərib, ilkin zəruri bacarıqlara yiyələnib.

 

Elgün MƏNSİMOV,

 

Azərbaycan.- 2017.- 29 yanvar.- S. 5.