Məhəmməd Xoddadi: Azərbaycan Prezidentinin həmrəylik təşəbbüsü İslam dünyası üçün mühüm əhəmiyyət daşıyır

 

Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam həmrəyliyi ili” elan etməsi təqdirəlayiq haldır. İslam həmrəyliyi bu gün ən əhəmiyyətli məsələdir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İran İslam Respublikasının İRNA informasiya agentliyinin Baş direktoru Məhəmməd Xoddadi deyib.

M.Xoddadi bildirib ki, bu gün İslam dünyasında həmrəyliyə çox böyük ehtiyac duyulur. Azərbaycan Prezidentinin İslam həmrəyliyi təşəbbüsü həm də ona görə mühüm əhəmiyyət daşıyır ki, bu təşəbbüs müsəlmanlara birgə məqsədlərə çatmaq, iqtisadi inkişaf, qarşılıqlı əməkdaşlıq, sülhsiyasi təhlükəsizlik üçün əsaslı zəmin yaradır, dostluq və qardaşlıq üçün yol göstərir.

Cari ilin may ayında Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunları barədə fikrini bildirən M.Xoddadi deyib ki, bu oyunlar dünya müsəlmanları arasında dostluğun ən gözəl simvoludur. Bir çox İslam ölkələrinin müharibə, qarşıdurma, təhlükəsizlik kimi amillərlə üzləşdiyi bir zamanda Prezident İlham Əliyevin insanları həmrəyliyə dəvət etməsi qlobal səviyyədə aktual mahiyyət daşıyır.

İslam Həmrəyliyi Oyunları dinimizin nəciblik, sülh, insanları humanizmə dəvət edən, əməkdaşlığa sövq edən bir din olduğunu göstərir. Məhz bu amillər İranı Bakıda keçiriləcək 4-cü İslam Həmrəyliyi Oyunlarında iştirak etməyə həvəsləndirir.

Azərbaycan Prezidentini və xalqını sülh və həmrəyliyi təşviq etdiklərinə görə təbrik edən M.Xoddadi iki müsəlman ölkəsi olan İran və Azərbaycanın münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

 

Azərbaycan.- 2017.- 31 yanvar.- S. 9.