Azərbaycanın və qardaş Türkiyənin məhkəmə-hüquq sistemləri arasında əlaqələr uğurla inkişaf edir

 

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Abdulhamit Gülün başçılıq etdiyi nümayəndə heyəti aprelin 3-də Ali Məhkəmənin sədri Ramiz Rzayev ilə görüşüb.

Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Ramiz Rzayev eyni dil, ənənə və dəyərlərlə bir-birinə yaxın olan hər iki xalqın birliyi və həmrəyliyi ilə bağlı çoxsaylı nümunələrin mövcud olduğunu qeyd edib. Türkiyənin və Azərbaycanın dövlət başçılarının qarşılıqlı səfərlərində və beynəlxalq tədbirlərdə həmrəylik nümayiş etdirmələrinin türk dünyasının birliyinin və qarşılıqlı əlaqələrinin daha da möhkəmlənməsi üçün böyük imkanlar açdığı vurğulanıb.

Ali Məhkəmənin sədri Azərbaycan ilə qardaş Türkiyənin məhkəmə-hüquq sistemləri arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, bu münasibətlərin uğurla inkişaf edərək nəinki ikitərəfli, eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də genişləndiyini vurğulayıb. Xüsusilə, Türkiyə Ədliyyə Akademiyasının Azərbaycanın hakim korpusunun formalaşmasında xidmətləri məmnunluqla qeyd edilib.

Ali Məhkəmənin sədri respublikamızda həyata keçirilən məhkəmə-hüquq islahatlarının səmərəliliyini diqqətə çatdıraraq bu işin Ali Məhkəmənin yeni strukturunda və fəaliyyətində əksini tapdığını deyib. Ramiz Rzayev Türkiyənin ədliyyə naziri Abdulhamit Gülün başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin məhkəmə orqanları arasında əməkdaşlığın daha da inkişafına xidmət edəcəyinə əminliyini bildirib.

Türkiyə Respublikasının ədliyyə naziri Abdulhamit Gül iki ölkə arasında məhkəmə-hüquq sahəsində qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirib. Qonaq nazir bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.

Görüşdə hüquqi dövlət quruculuğu sahəsində həyata keçirilən tədbirlər və məhkəmə-hüquq təcrübəsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Sonra türkiyəli qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar, Ali Məhkəmənin tarixini əks etdirən muzeyə baxıblar.

Türkiyənin ədliyyə naziri muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

 

Azərbaycan.- 2018.- 4 aprel.- S.4.