Azərbaycan növbəti beynəlxalq tədbirə evsahibliyi edir

 

Ölkəmiz Qoşulmama Hərəkatının fəal üzvlərindəndir

 

Bu gün Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı (QH) çərçivəsində xarici işlər nazirlərinin aralıq nazirlər konfransı öz işinə başlayır. İki gün davam edəcək tədbirdə Qoşulmama Hərəkatında iştirak edən dövlətlər, həmçinin hərəkat yanında müşahidəçi statusu almış dövlət və beynəlxalq təşkilatların nümayəndələri, xüsusi qonaq qismində dəvət olunan ölkələr və təşkilatlar iştirak edirlər.

Beləliklə, beynəlxalq tədbirlər mərkəzi olan Bakı növbəti qlobal tədbirə evsahibliyi edir. 800-dən artıq iştirakçının qatıldığı tədbiri işıqlandırmaq üçün yerlixarici media nümayəndələri daxil olmaqla 150-dən artıq şəxs akkreditasiyadan keçib.

Xatırladaq ki, bir sıra dövlətlərin vaxtilə soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün 1961-ci ildə Belqradda təsis edilən QH qısa müddət ərzində beynəlxalq sülh, təhlükəsizlik və inkişafa dair məsələlərin müzakirə edildiyi mühüm beynəlxalq foruma çevrilib. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Xüsusən, BMT-nin islahatı üzrə illərdən bəri aparılan proseslərdə irəliləyişin əldə olunmaması alternativ format kimi Qoşulmama Hərəkatının beynəlxalq önəmini daha da artırıb. Bu baxımdan soyuq müharibənin başa çatmasına baxmayaraq, hərəkat öz aktuallığını qoruyub saxlayıb və sıralarını daha da genişləndirib. Təsadüfi deyil ki, son 25 il ərzində hərəkata üzv dövlətlərin sayı 99-dan 120-yə yüksəlib. Həmçinin burada 17 müşahidəçi dövlət və 10 müşahidəçi beynəlxalq təşkilat təmsil olunur. Bu da bir daha onu göstərir ki, əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH konkret tarixi kontekstdə yaranmasına baxmayaraq, müasir dünyada da öz aktuallığını itirməyib və bu qurum beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən biridir.

Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 2011-ci ildən Qoşulmama Hərəkatının üzvüdür.

Azərbaycan Respublikası bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursuheç bir hərbi bloka qoşulmadan balanslı siyasət həyata keçirir. Bu səbəbdən ölkəmiz müşahidəçi statusuna malik olduğu Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını verib. Həmin il Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. Ölkəmizin ərazi bütövlüyü təşkilat çərçivəsində üzv-dövlətlər tərəfindən birmənalı şəkildə tanınıb və haqlı mövqeyimiz beynəlxalq səviyyəli məsələlərdə daim dəstəklənib.

Azərbaycan QH-nin müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla bu qurumun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Hərəkata üzv olduğumuz nisbətən qısa müddət ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artmış və təşkilatın daxili prosedur və sənədlərində Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunmuşdur. Hərəkata üzvlük həmçinin beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlər ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaratmışdır.

Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan Respublikası Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Ölkəmiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursuheç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Məhz QH tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib. Belə ki, 2019-cu ildə ölkəmizdə Qoşulmama Hərəkatı üzvlərinin dövlət və hökumət başçılarının 18-ci sammiti keçiriləcək. Növbəti üç ildə isə Azərbaycan 120 ölkəni birləşdirən bu mötəbər quruma sədrlik edəcək. Bütün bunlar ölkəmizin bu quruma üzv dövlətlərlə əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində atdığı mühüm addımlardandır. Azərbaycan QH-yə sədrlik etməklə hərəkatın məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verəcək. 18-ci sammitin böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən evsahibliyi imkanı qazanacaq. Bu gün Avropa qitəsində cərəyan edən proseslər Qoşulmama Hərəkatının prinsip, məqsəd və məramlarının Avropada da təşviq edilməsinin vacibliyini gündəmə gətirir.

Bütün bunlar göstərir ki, qısa müddətdir üzv olmasına baxmayaraq, Azərbaycan QH-nin fəal üzvüdür. Bakıda keçirilən nazirlər konfransı, həmçinin gələn ilə nəzərdə tutulan zirvə sammiti və rəhbərliyin ölkəmizə keçməsi qurumun Azərbaycana göstərdiyi etimadın və ehtiramın göstəricisidir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.- 5 aprel.- S.1.