Bənzərsiz qardaşlıq nümunəsi

 

Elə iki ölkə tapmaq mümkün deyil ki, Azərbaycan və Türkiyə qədər bir-birinə qırılmaz, sıx dostluq və qardaşlıq telləri ilə bağlı olsun. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasındakı çıxışları, mətbuata bəyanatları bir daha bu qənaətə gəlməyə əsas verir ki, belə dostluq nümunəsinin dünya düzənində bənzəri yoxdur.

Ərdoğan qürur hissi ilə İlham Əliyevin aprelin 11-də keçirilmişböyük səs çoxluğu ilə qələbə qazandığı prezident seçkilərindən sonra ilk səfərini Türkiyəyə etdiyini vurğuladı, bu münasibətlə türk xalqının adından xüsusi minnətdarlığını bildirdiheç bir diplomatik görüşdə, heç kimin dilə gətirmədiyi “can Azərbaycan” ifadəsini işlətdi, dövlətimizin sabitlik zirvəsində bərq vuran fateh ölkə olduğunu təsdiqlədi.

Hər iki dövlət başçısı seçkilərdən sonra ilk xarici səfərlərinin qardaş ölkəyə etmələrini dilə gətirdi, bunun ənənəyə çevrilməsini qardaşlıq əlaqələrinin ən bariz nümunəsi kimi qeyd etdilər.

Məlum olduğu kimi, ötən ilin oktyabrındakı Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VI iclasından əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı baş tutmuşdu. Dünyanın ən mühüm nəqliyyat dəhlizlərindən biri olan bu xəttin səmərəli istifadəsi istiqamətində addımlar atılır, yeni layihələrin həyata keçirilməsi düşünülür. Bunlardan ən mühümü iqtisadi sahədə milli valyutaya keçidin reallaşmasıdır. Transanadolu təbii qaz kəməri - TANAP-ın açılışı isə bütün dünyaya iki qardaş ölkənin müjdəsi olacaq. Belə ki, “Cənub qaz dəhlizi”nin mühüm tərkib hissəsi olan TANAP layihəsi Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək. İzmirin Əliağa rayonunda inşası davam edən “Starneft emalı zavodunun açılışı sentyabr-oktyabr aylarında baş tutacaq.

Qürurverici məqam ondan ibarətdir ki, dünya düzəninə yeni qoşulan Azərbaycan Türkiyədə böyük investora, bir nömrəli sərmayəçiyə çevrilir. Ən vacibi isə odur ki, ikitərəfli əlaqələrin əhatə dairəsi genişlənir, Gürcüstan, Türkmənistan, İran, Pakistan və digər ölkələrlə üçtərəfli əməkdaşlıq formatının inkişafına təkan verilir.

İki qardaş ölkənin bu gün bütün istiqamətlərdə genişlənən iqtisadi əlaqələrinin dərin kökləri mövcuddur. Bütün tarixi hadisələr, qanlı çarpışmalar, siyasi burulğanlar zamanı iki qardaş ölkə bir-birinin yanında olmuş, acıları və uğurlarını bərabər bölmüşlər.

Bu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini qeyd edəcək. 100 il əvvəl həm də Azərbaycanın müstəqilliyi uğrunda döyüşə atılan Qafqaz İslam Ordusu yaradılıb. Hər iki ölkədə bu müqəddəs tarixin qeyd olunmasına ciddi hazırlıq görülür.

Azərbaycan xalqı da, hökuməti də həmişə, o cümlədən terrorla mübarizədə daim Türkiyənin yanındadır, Türkiyə Silahlı Qüvvələrinin “Zeytun budağı” əməliyyatına mənəvi dəstək verir. Həmçinin Türkiyə də Dağlıq Qarabağ məsələsinin həllində elə ilk gündən Azərbaycanın yanındadır, bütün səviyyələrdə onun maraqlarını qoruyur.

Mətbuata açıqlamasında Azərbaycan Prezidenti İlham Əliyev demişdir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində Türkiyə qədər bizə dəstək verən ikinci ölkə olmamışdır. Türkiyə hər zaman bizimlə bərabərdir, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edir. Bu dəstək və həmrəylik bizə əlavə güc verir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında ədalətli həllini tapmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir”.

İki qardaş ölkə bu gün Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən tərtib edir, regional birliyini möhkəmləndirir və bölgədə sabitliyin qorunmasına xidmət edir. Bu iki qardaş dövlətin həyata keçirdiyi təşəbbüslər və layihələr iqtisadi məzmundan savayı, çox böyük siyasi məna da kəsb edir. İki ölkənin əməkdaşlığı bütün müstəvilərdə təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə köklənmişdir. Azərbaycan Türkiyə iqtisadiyyatına təqribən 14 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12 milyard dollardan çox sərmayə qoymuşdur. Azərbaycan sərmayəsi hesabına Ege bölgəsinin ən böyük limanı olanPetlim” limanı inşa edilmişdir. Türkiyənin inkişaf etmiş modern müdafiə sənayesi Azərbaycan Ordusunun müasir silahlarla təmin edilməsində vacib rol oynayır və gələcəkdə də bu istiqamətdə müəyyən addımlar atılacaq.

İki dövlət başçısının budəfəki görüşü də təsdiq edir ki, Azərbaycanla Türkiyə arasında bütün sahələrdə əməkdaşlıq daha da genişlənəcək. Bu münasibətlərin genişlənməsinin maraqlı tərəflərindən biri  odur ki, iki xalqın dostluğu, qardaşlığı dərinləşdikcə, bundan bütün dünya faydalanacaq.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2018.- 29 aprel.- S.1.