Qəbələ: Beynəlxalq musiqi festivalında Avropa bəstəkarlarının əsərləri səsləndirilib

 

İyulun 31-də X Qəbələ Beynəlxalq Musiqi Festivalında Rusiyadan gəlmiş gənc musiqiçilərin iştirakı ilə növbəti kamera konserti olub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında keçirilən konsert rusiyalı gənc qoboy ifaçısı Andrey Varlamovun ifasında Fransis Pulenkin qoboy üçün Sonatadan ElegiyaSkertso hissələrinin səsləndirilməsi ilə başlayıb. İfaçını pianoda beynəlxalq müsabiqələr laureatı Oleq Xudyakov müşayiət edib.

Kamera musiqisi həvəskarlarına, həmçinin Jorj Bize-Frans Vaksmanın Karmen-Fantaziya, Vittorio Montinin Çardaş, Kristov Villibaid Qlükin OrfeyEvridika operasından Evridikanın ariyası, Nikolay Rimski-Korsakovun Plenivşis rozoy solovey, Friderik Şopenin Polonez, Ferents Listin Mefisto-vals əsərləri də təqdim olunub.

Konsertdə rusiyalı ifaçılarla yanaşı, azərbaycanlı solist Çinarə Əzimova (soprano) və pianoçu Rəfiqə Quluzadə də çıxış ediblər.

Festivalın proqramına uyğun olaraq, axşam saat 18:00-da musiqisevərlərə Kamera Musiqisi Axşamı təqdim ediləcək. Axşam saat 21:00-da isə X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək.

 

Azərbaycan.- 2018.- 2 avqust.- S.4.