Xınalıqda 2500 il yaşı olan nekropol aşkarlanıb

 

Azərbaycan ərazilərinin hər qarışında tarixin müəyyən sirlərinin yatması haqqında alimlərin zaman-zaman gəldiyi qənaət özünü doğrultduqca, tədqiqat işləri aparıldıqca antik dövrün yadigarlarının daha çox olduğu aşkarlanır. Məhz belə tədqiqatlar nəticəsində əldə edilən materiallar əsasında miladdan əvvəl I minillikdə ərazidə və regionda məskunlaşma və mədəni münasibətlər barədə yeni fikir irəli sürmək olar.

Azərbaycan Milli Elmlər Akademiyası ArxeologiyaEtnoqrafiya İnstitutunun elmi arxivinin müdiri, tarix üzrə fəlsəfə doktoru İdris Əliyevin rəhbərliyi ilə Quba rayonunun Xınalıq kəndinin cənub-şərqində miladdan əvvəl I minilliyin ortalarına və ikinci yarısına aid edilən qədim nekropolun aşkarlanması da bunu təsdiqləyir.

Xınalıq arxeoloji ekspedisiyasının rəhbəri bildirib ki, dəniz səviyyəsindən 2300 metr hündürlükdə yerləşən Xınalıq kəndi, həmçinin “Xınalıq” Tarixi-Memarlıq və Etnoqrafik Qoruğu ərazisində yerüstü, o cümlədən memarlıq abidələri qeydə alınmışdır. Amma ərazi arxeoloji cəhətdən faktiki tədqiq olunmamışdır. ArxeologiyaEtnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimovanın bilavasitə təşəbbüsü ilə 2017-ci ildə Xınalıq ərazisində ilkin arxeoloji kəşfiyyat işləri aparıldı, yerüstü materiallar toplandı, kəşfiyyat xarakterli şurflar qoyuldu və tədqiqatlar üçün münasib sahələr qeyd edildi.

Ekspedisiya tərəfindən bu ilin tədqiqat mövsümündə Xınalıq kəndinin cənub-şərqindəki ərazidə aşkar edilmiş və tədqiq olunmuş 12 qəbir əsasən şərq-qərb istiqamətlidir, divarları daş plitə parçaları ilə üzlənib. Aşkarlanmış skeletlərin kəllələri şimal-qərbə istiqamətlənib. Skeletlər və onlardan nümunələr antropoloji analizlər üçün götürülüb.

Tədqiq edilmiş qəbirlərdə zəngin dəfn inventarı aşkarlanıb. Dəfn inventarı içərisində tunc və dəmirdən hazırlanmış silahlar, tuncdan bəzək əşyaları, çoxsaylı əqiq, pasta mənşəli muncuqlar və digər maddi mədəniyyət nümunələri tapılıb.

Nekropolda tədqiq edilmiş 12 qədim qəbrin tarixini təqribən miladdan əvvəl I minilliyin ortalarına və ikinci yarısına, ehtimalımıza görə, miladdan əvvəl V-III əsrlərə aid etmək olar. Həmçinin nekropolun mövcudluğu yaxınlıqda qədim məskənlərin də olmasına işarə edir”, - deyə İdris Əliyev bildirib.

Alim onu da  vurğulayıb ki, Xınalıq nekropolunun aşkarlanmasını Azərbaycan arxeoloji xəritəsində daha bir boşluğun aradan qaldırılması kimi dəyərləndirmək olar. İndiyə qədər özünəməxsus coğrafi mövqeyinə və relyefinə görə bu  yerlərin qədim dövrdə izolə edilmiş ərazi olması barədə fikirlər mövcud idi. Tədqiqatların böyük elmi əhəmiyyəti ondan ibarətdir ki, əldə edilmiş materiallara görə, Son Tunc-İlk Dəmir dövrünün axırı ilə antik dövr ərəfəsi arasındakı zaman kəsiyində ərazidə və bütövlükdə regionda ciddi məskunlaşmanı, qarşılıqlı mədəni münasibətləri ehtiva edən intensiv proseslərin getdiyi barədə tam yeni bir fikir irəli sürmək mümkündür.

 

M.NƏRİMANOĞLU

 

Azərbaycan.- 2018.- 3 avqust.- S.5.