Yol həm də inkişaf və mədəniyyət göstəricisidir

 

Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində əldə olunan  sürətli tərəqqini  Qusar rayonunun timsalında da aydın görmək olar. Əsrarəngiz təbiəti və işgüzar insanları olan bu diyar son bir neçə il ərzində daha da abadlaşıb, burada xeyli yeni sosial obyekt istifadəyə verilib.

 

Qusarda yolların rahatlığına da xüsusi fikir verilir. Rayon ərazisindən keçən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi, Qusar-Həzrə və Qusar-Ləzə avtomobil yollarında cari təmir, çınqıl örtüklü Həzrə-Sudur, Qusar-Avaran, Aşağı İmamqulukənd-Yasaboba və Xuray-Suvacal yollarında təmir-hamarlama işləri görülüb.

 

Yoldan söhbət düşəndə Qusar-İmamqulukənd-Quxuroba yolundan danışmamaq mümkün deyil. Bu yolun keçdiyi ərazidə 12 min nəfər əhali yaşayır və xeyli vaxt idi onlar yolsuzluqdan əziyyət çəkirdilər. Hazırda yolda arx və yağış sularının ötürülməsi üçün iri diametrli boruların quraşdırılması, yolun genişləndirilməsinə maneçilik törədən təpələrin kəsilməsi, qaz, rabitə və elektrik xətlərinin köçürülməsi işləri başa çatıb, bəzi yerlərdə asfaltlama işlərinə başlanılıb. Samur-Həzrə-Zuxul, Həzrə-Sudur, Qusar-Suvaçal, Qusar-Xudat və digər abtomobil yollarında isə təmir işləri başa çatmaq üzrədir.

 

Yol daim istismara məruz  qalanzaman-zaman təmirə ehtiyacı olan infrastruktur sahəsidir. Sonuncu dəfə ötən əsrin 90-cı illərində təmir edilmiş Qusar-Həzrə yolunun da yenidən qurulmasına və təmirinə  ehtiyac var idi. Bu yolun çox hissəsi  dağılmış, qalan hissələri isə dağılmaq təhlükəsi ilə üzləşmişdi. Odur ki, bir neçə ay əvvəl yolun köhnə Xudatdan Həzrəyə qədər olan hissəsində genişləndirmə işlərinə başlandı. Bütün texniki qaydalara uyğun təmir olunan yolda artıq ilk qat asfalt çəkilişi başa çatıb. Yaxın günlərdə  əsas  hissəyə asfalt çəkilərək yol istismara veriləcək. 

 

Bunlardan əlavə, rayon mərkəzində bir sıra küçələrin asfaltı dəyişdirilib, səkilər, piyada keçidləri sahmana salınıb, 10-a yaxın küçədə yolgöstərici xətlər çəkilib, kommunikasiya xətləri dəyişdirilib, sudaşıyıcı arxlar təmizlənib.

 

Qusarın turizm potensialı genişdir. İlin bütün fəsillərində burada xarici ölkələrdən gəlmiş turistlərlə rastlaşmaq mümkündür. Bu səbəbdən yollara daim nəzarət edilməsi xüsusi əhəmiyyət kəsb edir. Odur ki, rayonda bu amilə ciddi diqqət verilir.

 

 

A.İSMAYILOĞLU,

 

Azərbaycan

 

Azərbaycan  2018.- 8 avqust.- S.3.