Yeni layihələr Ağsuda suvarma təminatını daha da yaxşılaşdıracaq

 

 

 

 

Respublikamızda aqrar sektorun prioritet istiqamətə çevrildiyi, ənənəvi kənd təsərrüfatı məhsullarının əkin sahələrinin genişləndiyi bir zamanda suvarma suyuna tələbat da davamlı şəkildə artır. Bu baxımdan suya olan tələbatına görə daha çox seçiləni pambıq sahələridir. Pambıqçılığın inkişaf etdirildiyi rayonlar arasında Ağsu da var.

Ağsu Suvarma Sistemləri İdarəsinin (SSİ) rəisi Səfər Məmmədovla sübh tezdən başında - Ağsu çayının rayon hissəsində görüşürük. Müsahibimiz deyir ki, mövcud hissədə təxminən 20 hektar bağ sahəsi var. Əvvəllər rayonun içməli su xətti həmin ərazidən keçdiyindən bu bağlar oradan qidalanıb. Lakin Ağsunun içməli sukanalizasiya şəbəkəsi yenidən qurulduqdan sonra şəhərə gələn su xəttinin də istiqaməti dəyişdirilib. Ona görə də həmin bağların suvarılmasında böyük çətinlik yaranıb. Vəziyyətdən çıxış yolu kimi hələlik SSİ-nin imkanlarından istifadə ediləcək. Sonrakı mərhələdə isə orada bir artezian quyusunun qazılması  təklifi veriləcək.

S.Məmmədov hazırda sututumlu sahələr arasında pambıqçılığın prioritet olduğunu vurğuladı. Bildirdi ki, respublikada pambıq istehsalının genişləndirilməsi ilə bağlı dövlət başçısının tövsiyə və tapşırıqları bu rayonda da müvəffəqiyyətlə yerinə yetirilir. Cari il burada 2600 hektar sahədə pambıq əkini aparılıb. Artıq iki suvarma mərhələsi yekunlaşıb. İndiki halda üçüncü suvarma aparılır. Paralel olaraq qarğıdalı və çuğundur sahələri suvarılır. Qeyd olunan bitkilərin əkin sahələri də az deyil - təxminən 2700-4000 hektar arasındadır ki, onlara da mütəmadi su verilir. Yonca və heyvandarlıq təyinatlı otların suvarılması da təmin olunur.

Pambıq həssas bitki olduğundan isti yay günlərində suvarmaya başlıca diqqət yetirilir. Bununla bağlı işçi qrupu yaradılıb və həmin sahələrə də növbəli şəkildə su verilir. Avqustun 15-dək pambığın, 25-dək isə digər bitkilərin suvarılması yekunlaşacaq.

Cari il çaylardakı su bolluğu, su ehtiyatının götürüldüyü Şirvan kanalının bolsululuğu imkanların daha da genişlənməsinə, verilən tapşırıqların uğurlu icrasına şərait yaradır.

İdarə rəisi söhbətini davam etdirərək deyir:

- Təbii ki, əkin sahələrinin davamlı genişləndirilməsi birmənalı şəkildə orada suvarmanın aparılması zərurətini də labüd edir. Bu vəziyyətdə gözlənilməyən çətinliklər qaçılmazdır. Ona görə də biz mütəxəssislərlə aparılan məsləhətləşmələr əsasında layihələr hazırlayıb “Su Təsərrüfatı və Meliorasiya” ASC-yə müraciət etmişik. Səhmdar cəmiyyəti də mütəxəssislər ayırıb. Konkret olaraq Muradlı, Ağarx, Bozavand, Təklə istiqamətində “Maşın qolu” kanalından əlavə xəttin çəkilməsi və saniyədə boru xətti ilə 400 litr suyun verilməsi layihəsi nəzərdə tutulub. Mütəxəssislər də layihəyə müsbət rəy veriblər. “Maşın qolu” kanalının genişləndirilməsi üçün mütəxəssislər 42 kilometr ərazidə baxış keçiriblər. Kanalın gücünün ikiqat artırılması problemlərin aradan qaldırılmasını daha da asanlaşdırmış olacaq.

Ümumilikdə isə idarənin kollektivi cari və əsaslı təmir işlərini də daim diqqətdə saxlayır. Hazırda hidrotexniki qurğuların təmiri gedir. Sahil mühafizə bəndlərinin qurulması üçünbu günlərdə işlərə start veriləcək. Çünki rayonun Maşadqanlı kəndində aprel-may ayındakı sel suları səbəbindən bəndlərin müəyyən hissəsində dağılma baş verib. Mütəxəssislərin həmin əraziyə keçirdikləri baxışlar əsasında işlərə başlanacaq. Bu da su itkisinin azalmasına yol açır. Hazırda təminat lazım olan səviyyədədir və elə bir problem yoxdur.

Öyrəndik ki, Ağsu Suvarma Sistemləri İdarəsinin suyun verilişi ilə bağlı 15 Sudan İstifadə Edənlər Birliyi (SİB) ilə müqaviləsi var. Onlar suyu SSİ-dən götürür və dəyərini Tarif Şurasının müəyyənləşdirdiyi qiymət əsasında ödəyirlər. Bugünədək istehlak olunan suyun dəyərinin 75-80 faizə qədəri ödənilib. İlin sonuna kimi bu həcmin 100 faizə çatacağına şübhə yoxdur.

Müvafiq sahədə də şəffaflığın artırılması üçün ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq əhalidən istifadə etdiyi suya görə xidmət təşkilatları tərəfindən toplanan vəsaitin nağdlaşdırılmasının qarşısını almaq üçün onlayn formada ödəniş məqsədilə SİB-lərə pos-terminalların quraşdırılmasına başlanıb. Artıq 7 SİB-də quraşdırılmaq üçün pos-terminallar alınıb. Vətəndaşlar da onlara təqdim olunan bildirişlərlə poçtlarbanklar vasitəsilə ödənişləri təmin edəcəklər. SİB-lər də Suvarma Sistemləri İdarəsinin xüsusi hesabına ödənişi köçürmə vasitəsilə edəcəklər.

Son illər dövlət başçısı ölkədə su təminatının daha da yaxşılaşdırılması məqsədilə mütəmadi olaraq artezian quyularının qazılması üçün vəsait ayırır. Bu da regionlarda məhsul bolluğuna və insanların içməli suya olan tələbatının ödənilməsinə öz töhfəsini verir. Bəs bu istiqamətdə Ağsuda vəziyyət necədir? Səfər Məmmədov deyir ki, Ağsuda yeraltı  suların debiti az olduğu üçün burada heç də hər yerdə artezian quyularının qazılması mümkün deyil. İndiyədək rayonda 28 artezian quyusu qazılıb. Bu günlərdə QaraqoyunluNövcü kəndlərində daha iki quyu istismara veriləcək. Hər bir quyudan saniyədə 8-10 litr su götürülməsi proqnozlaşdırılır. Bunlar da həyətyanı sahələrin suvarılması baxımından əlverişli olmaqla sakinlərin həyat şəraitinin daha da yaxşılaşmasına müsbət təsir göstərəcək.

 

Əli SƏLİMOV

 

Azərbaycan.- 2018.- 17 avqust.- S.4.