Kitab oxuyanda yaddaş da möhkəmlənir

 

 

 

 

Mədəniyyəti qorumaq hər bir ölkə vətəndaşının borcudur. Erməni vandalizminin torpaqlarımızın işğalı nəticəsində maddi sərvətlərimizin bir hissəsi vəhşicəsinə məhv edilib. Qoy dünya ölkələri hər bir millətin maddi və mənəvi sərvətinə öz mədəniyyətlərinin gözü ilə baxsınlar. Onda onlar  dağıdılmış, məhv olmuş mədəniyyətimizin bizdə hansı hislər yaratdığını daha yaxşı başa düşərlər.

Özüm kitabxana işçisiyəm. Qubadlıda doğulub böyümüşəm. Bizim rayonda Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) tarixi kütləvi kitabxana kimi ilk dəfə 1936-cı ildə yaradılıb. MKS fəaliyyətə başlayanda metodikabiblioqrafiya, kitabişləmə və komplektləşdirmə, mübadilə, oxuculara xidmət şöbələri və səyyar kitabxana fəaliyyət göstərib. Qubadlıdakı kitabxanalarda minlərlə kitab və tədris vasitələrindən istifadə edərdilər, ali təhsil almaq istəyən gənclər oxucu kimi kitablardan öyrənər, vaxtaşırı müzakirələr keçirərdilər.

1993-cü ilin 31 avqust tarixində Qubadlının işğalı zamanı bir Mərkəzi Kitabxana Sistemi, bir uşaq kitabxanası, 82 kənd kitabxana filialı fəaliyyət göstərirdi. Həmin ilin əvvəllərində rayon MKS-nin fondunda 800 mindən çox kitab vardı.

İşğaldan sonra Qubadlı rayon MKS öz fəaliyyətini Sumqayıt şəhərində yenidən qurmağa başladı. Kitabxananın əsası 600 nüsxə kitabla qoyulmuşdu. Tezliklə Bakı, Abşeron, Sumqayıt kitabxanalarından xeyli kitab daxil edildi.

Bu gün Qubadlı MKS Sumqayıt şəhərindəki 28 May mədəniyyət evində 4 otaqda yerləşir. Oxuculara xidmət şöbəsi “Şəfa” sanatoriyası adlanan ərazidə yerləşməklə kitab fondu 26.500 nüsxədir, oxucuların sayı 4 min nəfərdən çoxdur. Struktur təkmilləşdirilməsi nəticəsində yaradılmış yeni şöbələr də fəaliyyət göstərir.

Qubadlılılar kitaba bağlıdır. Texnologiyaların inkişaf etdiyi indiki vaxtda onlar kitabxanaya həvəslə gəlir, sevdikləri əsərləri oxumaqdan doymurlar. Deyirlər ki, üzündən oxunan əsər yaddaşda daha uzun müddət qalır. Bu baxımdan gənclərdə kitaba olan sevgini artırmaq kitabxanaçıların borcudur.

Bu gün rayonumuzun elə bir tədbiri yoxdur ki, kitabxanamızın əməkdaşları orada iştirak etməsin.  Keçirilən bütün tədbirlər kitabxananın saytında, facebook şəbəkəsində də işıqlandırılır.

 

Müşgünaz MURADOVA,

Qubadlı rayon MKS-nin direktoru

 

Azərbaycan.- 2018.- 17 avqust.- S.5.