Tarixdən söhbət açan muzey

 

 

Azərbaycanın rayonlarındakı tarix-diyarşünaslıq muzeylərinin hər birini fəaliyyət göstərdiyi bölgənin tarixi, maddi-mədəniyyət nümunələri, həmin ərazidə yaşayan görkəmli şəxsiyyətlər haqqında geniş və əyani məlumat toplusu adlandırmaq olar. Bu baxımdan Saatlı Tarix-Diyarşünaslıq Muzeyiistisna təşkil etmir.

Burada tamaşaçıların gözü qarşısında digər muzeylərdəkinə bənzəməyən mənzərələr açılır. Muzeyin direktoru Sürəyya Zeynalova bizə miladdan əvvəl II-I əsrlərin yadigarı olan çoxqulplu saxsı qabı, musiqi alətlərini, orta əsrlərə aid mis ləyəni və digər məişət əşyalarını göstərib bildirdi ki, bunlara yalnız Saatlıda rast gəlmək mümkündür.

Muzeydə digər maddi-mədəniyyət nümunələri də diqqəti cəlb edir. O cümlədən XIX əsrə aid Muğan, Atlı-itli xalçaları, qırxdüymə sırğa, qızıl medalyon, gümüş xəncər əsl sənət əsərləridir.

Saatlı Tarix-Diyarşünaslıq Muzeyi 1983-cü ildə yaradılıb. Hazırda burada 9424 ədəd eksponat qorunub saxlanılır. Muzeyə hər il minlərlə tamaşaçı gəlir. Onların əksəriyyəti gənclər olsa da, muzeyə ziyalılar, xarici turistlər, tədqiqatçılar da böyük maraq göstərirlər.

Foto Ağaəli MƏMMƏDOVUNDUR,

Azərbaycan

 

Azərbaycan.- 2018.- 17 avqust.- S.6.