İslamın saflığını dünyaya nümayiş etdirən bayram

 

Ölkəmizdə hər il qeyd edilən bu əziz günlər xeyirxahlığın, birlik bərabərliyin, milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilir

 

 

Dünya müsəlmanları mənəvi birlik rəmzi olan Qurban bayramının sevincini yaşayır. Xeyirxahlığı, humanizmi və bəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən islam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mənəvi inkişafında müstəsna rol oynayıb, onun mütərəqqi dəyərləri və ənənələri Azərbaycanda həmişə uca tutulub.

Həm Ramazan, həm də Qurban bayramlarının ölkəmizdə hər il yüksək səviyyədə qeyd olunması isə dövlətimizin milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqətin parlaq təzahürüdür.

70 il tərkibində yaşadığımız sovet imperiyası öz ideologiyasına uyğun ateizm təbliğatı apararaq xalqımızı tarixi keçmişindən, dini və milli-mənəvi dəyərlərindən uzaqlaşdırmaq istəsə də, buna nail ola bilmədi. İslam dininin saflığını, humanist və insanpərvər mahiyyətini nümayiş etdirən QurbanRamazan bayramları hər il azərbaycanlıların müqəddəs bayramı kimi qeyd olunur. Hazırda minlərlə həmvətənimizin də aralarında olduğu milyonlarla müsəlman müqəddəs Həcc ziyarətində möhtəşəm həmrəylik nümayiş etdirərək, uca Yaradana şükranlığını bildirir, ölkəmizdə və dünyada sülhün, əmin-amanlığın bərqərar olması üçün dualar edirlər.

Bu və digər dini dəyərlərə qəlbən bağlanan Azərbaycan insanı həm də kamilliyə, mənəvi paklığa qovuşmağa, xeyirxah işlər görərək savab qazanmağa can atıb, islam dininin mahiyyətini dərk edərək onun müqəddəs çağırışlarına, mərasim və ayinlərinə əməl etməyə çalışıb.

Müstəqillik əldə etdikdən sonra Azərbaycanda Qurban bayramı dövlət səviyyəsində qeyd olunur, hər il ölkə Prezidenti xalqı bu münasibətlə təbrik edir. Dövlət başçısının andiçmə mərasimlərində Azərbaycan Respublikası Konstitusiyası ilə yanaşı, müqəddəs Qurani-Kərimə də əl basaraq dövlətə və xalqa sədaqətlə xidmət edəcəyinə, milli-mənəvi, dini dəyərləri qoruyacağına and içməsi ölkəmizdə vicdan azadlığının ən ali səviyyədə təmin olunduğunu bir daha təsdiqləyir. Xalqımızın islami dəyərlərə bağlılığı dövlət rəmzlərində də özünü bariz təcəssüm etdirir. Respublikamızın üçrəngli bayrağında yaşıl rəngin islamçılıq rəmzi kimi yer alması xalqımızın yüzilliklər boyu etiqad göstərdiyi dini dəyərlərə həssas münasibətinin ifadəsidir.

Ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra respublikamızda yaşayan bütün xalqların mədəniyyətinə, adət-ənənəsinə, dini baxışlarına tolerant münasibətin vacibliyini xüsusi vurğulamışdır. Konstitusiyanın qəbulundan sonra ölkədə dini-mənəvi münasibətləri tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb etmişdir.

Ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də son 15 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin qorunmasına, dini ziyarətgahların əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırır. Azərbaycan Prezidentinin islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayişinanc yerlərinin təmiri, bərpası ilə bağlı sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir.

Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu islam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş etmişdir. Dövlət başçısı tərəfindən 2017-ci ilin ölkəmizdə “İslam həmrəyliyi ilielan edilməsi bunun əyani sübutudur. Çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətində qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayışın, əmin-amanlığın və multikultural mühitin yaranmasında islam dininin də müstəsna rolu olmuşdur.

Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşır, dini mərasimləri, o cümlədən Qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd edir. Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu müqəddəs bayramı xarakterizə edərkən vurğulayıb ki, islamın bir din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edən bir bayramdır. Qurban mərasimi uca Yaradana məhəbbət və itaət, yüksək mənəvi-əxlaqi dəyərlərə hörmət, hər bir bəşər övladına mərhəmət və dözümlülük təlqin edən islam dininin insanlar üçün hidayət yolu seçilməsi ilə əlamətdardır. Bu mübarək bayram bütün dünya müsəlmanlarının mənəvi-ruhi birliyini, əməlisaleh insanların Tanrı sevgisini və haqq-ədalət naminə hər cür fədakarlığa hazır olmalarını təcəssüm etdirir.

Dövlət başçısı bildirir ki, bu əziz gündə müsəlmanlar Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdiriruca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər. Bayram günləri müsəlmanlar Allahdin yolunda öz müqəddəs borcunu yerinə yetirir, qurbanlar kəsilir, imkansızlara və ehtiyacı olanlara yardımlar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur: “Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, hər belə bayram cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, Vətənə və milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilir. İnanıram ki, bu mübarək bayram müstəqil Azərbaycan Respublikasının tərəqqisi naminə xalqımızın qəhrəmanlıq və fədakarlıq qüdrətini artıracaq, ölkəmizdə vətəndaş sülhünü və milli-mənəvi həmrəyliyi daha da gücləndirəcəkdir”.

 

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan”

 

Azərbaycan 2018.- 22 avqust .- S.4.