AZƏRBAYCAN naminə

 

 

 

 

Böyük siyasət xadimləri yalnız təmsil etdikləri xalqın və dövlətin tarixində oynadıqları müstəsna rola görə deyil, həm də bəşəriyyətin idarə olunmasına və gələcək taleyinə hesablanmış elmi-nəzəri baxışları, milli-bəşəri idealları ilə tanınırlar.

Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətləri olan, yüksək idarəçilik keyfiyyətləri, uzaqgörənliyi və müdrikliyi ilə müstəqil dövlətçilik ideyasını cəmiyyətdə praktik surətdə gerçəkləşdirən ümummilli lider Heydər Əliyev də məhz belə şəxsiyyətlərdən biri kimi çağdaş tariximizdə əbədiyaşarlıq hüququ qazanmış, onun ölməz ideyaları milli inkişafın rəhninə çevrilmişdir.

Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması müasir qloballaşma dövründə xüsusi aktuallıq kəsb edir. Yarandığı gündən bu ali məqsədlərin gerçəkləşdirilməsi naminə inamla çalışan, qısa müddətdə strateji əhəmiyyət daşıyan bir sıra layihələri gerçəkləşdirən Heydər Əliyev Fondu son 14 ildə cəmiyyətdə xeyirxahlıq ünvanına çevrilmişdir. Ulu öndərin ideallarından ruh alan fond onun nəcib və müqəddəs əməllərini yaşatmaq üçün ən müxtəlif sahələrdə sistemli tədbirlər həyata keçirmiş, hər bir vətəndaşın zəruri istək və arzularının reallaşmasına, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək vermişdir.

Heydər Əliyev Fondu ötən illərdə ictimaiyyətin ən müxtəlif təbəqələri ilə əlaqələrini genişləndirməklə, Azərbaycanın hərtərəfli inkişafına və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə sanballı töhfələrini vermişdir. Fondun fəaliyyəti, eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təminatına yönəlmiş, qısa müddətdə bu sahədə böyük işlər görülmüşdür.

Tarixdən yaxşı məlumdur ki, hər bir xalq taleyində müstəsna rol oynamış fenomen şəxsiyyətlərin zəngin ömür yolunu, mükəmməl dövlətçilik və siyasi irsini, təcrübəsini öyrənərək gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl addımlar atır. Sağlığında Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və qüdrətlənməsi naminə həyata keçirdiyi möhtəşəm tədbirlərlə canlı əfsanəyə çevrilmiş ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin öyrənilməsi, onun ölməz ideyalarının geniş təbliğ olunaraq praktik həyatda tətbiqi və gələcək nəsillərə çatdırılması da xüsusi aktuallıq kəsb edir. Yarandığı gündən bu ali məqsədi qarşıya məqsəd qoyan, dahi öndərin mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideallarının ictimai şüurda möhkəmlənməsinə çalışan Heydər Əliyev Fondu 14 illik fəaliyyəti ilə Azərbaycan cəmiyyətində bir çox insanların ümid yerinə çevrilmişdir.

İctimai əsaslarla fəaliyyət göstərən Heydər Əliyev Fondunun yaradılması ideyası rəsmi səviyyədə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 mart tarixli “Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında” fərmanında təsbit edilmiş, qarşıya qoyulan məqsədlər kifayət qədər aydın və konkret şəkildə göstərilmişdir. Fond ilk növbədə, ümummilli liderin ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasi kursun öyrənilməsi və təbliği, habelə bu ideyaların reallaşdırılması niyyətilə yaradılmışdır. Təşkilat həmçinin elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələrin hazırlanıb həyata keçirilməsi, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək məqsədini də qarşıya qoymuşdur.

Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərilməsi, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, respublikanın və xarici ölkələrin təhsil müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, elmi tədqiqatların aparılmasına yardım göstərilməsi, ölkənin yaradıcı və elmi potensialının artırılması kimi məqsədlər də fondun ötən 14 illik fəaliyyətində prioritet istiqamətlər olmuşdur. Dini tolerantlığın, multikulturalizmin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının qorunması kimi məqsədlər də bu nəcib və xoşməramlı missiyaya əlavə oluna bilər.

Azərbaycan Prezidenti cənab

İlham Əliyevin 21 fevral 2017-ci il tarixli sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi də ölkədəki genişmiqyaslı islahatların tələbindən irəli gələn və cəmiyyətin mənafeyini özündə ehtiva edən tarixi qərar olmuşdur. Məsələ burasındadır ki, islahatların hazırkı mərhələsində mütərəqqi meyarlara söykənən çevik idarəetmə modelinin formalaşdırılması Azərbaycan üçün də kifayət qədər aktualdır. Yeni dünya reallıqlarını obyektiv dəyərləndirən Prezident İlham Əliyevin son 3 ildə yürütdüyü məqsədyönlü siyasət, bu mənada, təkcə qlobal iqtisadi böhranın ölkəmizə mənfi təsirlərinin maksimum dərəcədə azaldılmasına deyil, həm də dövlət idarəçiliyində sistem xarakterli keyfiyyət dəyişikliklərinin təmin edilməsinə yönəlmişdir.

Ölkədə və regionda, ümumilikdə, qlobal planda cərəyan edən mürəkkəb siyasi, iqtisadi və humanitar proseslər müasir islahatçı baxışın və idarəetmə formalarının tətbiqini aktuallaşdırdığından, dövlət başçısı rəhbəri olduğu komandanın bu çağırışlara hazır olmasını son dərəcə vacib sayır. Xalqın azad siyasi iradəsinin təntənəsi kimi tarixiləşmiş 2016-cı ilin 26 sentyabr referendumu ilə Azərbaycan Respublikasında vitse-prezident vəzifələrinin təsis edilməsi, 2017-ci il 21 fevral tarixində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunması, bu mənada, postneft dövründə Azərbaycanda həyata keçirilən çoxşaxəli islahatların davamlığını və dövlət idarəçiliyinin səmərəliliyini yüksəltmək məqsədinə xidmət etmişdir.

2018-ci ilin 11 aprelində keçirilmiş prezident seçkilərindən dərhal sonra dövlət başçısının qətiyyətlə həyata keçirdiyi kadr islahatları - müasir təfəkkürlü və idarəetmə sahəsində novatorluğu ilə fərqlənən gəncləri irəli çəkməsi ölkədə islahatların miqyasını və tempini sürətləndirmək, xidmət sahələrində vətəndaş məmnunluğunu, idarəçilikdə səmərəliliyi və şəffaflığı təmin etmək niyyətindən irəli gəlir. Başqa sözlə, son illər həyata keçirilən islahatlar paketinin əsas məqsədini əhalinin sosial rifahının yaxşılaşdırılması, neftdən asılı olmayan dayanıqlı inkişaf strategiyasının formalaşdırılması ilə yanaşı, ümumilikdə dövlət idarəçilik fəlsəfəsinin dəyişdirilməsi təşkil edir.

Xüsusi vurğulamaq lazımdır ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi uğurlu fəaliyyəti bu prosesin daha da sürətlənməsini təmin etmiş, idarəçiliyə yeni nəfəs gətirmişdir. Cəmiyyətdə mütləq çoxluğun qənaəti bundan ibarətdir ki, Heydər Əliyev Fondunun prezidenti kimi vətənpərvər fəaliyyəti, humanizmə, mərhəmətə, nəcibliyə söykənən layihələri ilə böyük nüfuz qazanmış və yüksək idarəçilik keyfiyyətlərini təsdiqləmiş Mehriban xanım Əliyeva üzərinə götürdüyü məsuliyyətli missiya ilə dövlət başçısının və xalqın etimadını inamla doğruldur. Cəmiyyətin xüsusi qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli də Azərbaycanın Birinci vitse-prezidentinin diqqət mərkəzindədir.

Azərbaycanın Birinci vitse-prezidentinin 2004-cü ildə UNESCO-nun, 2006-cı ildə ISESCO-nun xoşməramlı səfiri adına, 2007-ci ildə “Qızıl ürək” və Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondunun mükafatlarına, “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeninə, 2009-cu ildə “XXI əsrin böyük qadını” laureatına, 2010-cu ildə isə Fransanın “Fəxri Legion” ordeninə, yenə də UNESCO-nun “Qızıl Motsart” medalına, 2011-ci ildə Krans Montana Forumunun Qızıl medalına layiq görülməsi isə onun beynəlxalq nüfuzunun bariz təcəssümüdür.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il iyunun 29-da imzaladığı sərəncamla Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsindəki müstəsna roluna, ölkəmizin müsbət imicinin dünyada tanınması istiqamətində gördüyü işlərə görə “Heydər Əliyev ordeni” ilə təltif edilmişdir.

Azərbaycan hələ 2012-ci ildə “Evrovision” musiqi yarışmasını yüksək səviyyədə keçirməklə müəyyən yanlış tərəddüdləri olan ölkələri sözün həqiqi mənasında, heyrətləndirmiş, qərəzli, ölkəmizə düşmən mövqeyi bəsləyən şəbəkəni fakt qarşısında qoymuşdur. Sonrakı mərhələdə 2015-ci ildə ilk Avropa Oyunları, 2016-2018-ci illərdə “Formula-1” yarışları zamanı respublikamızın nümayiş etdirdiyi yüksək təşkilatçılıq, qonaqpərvərlik nəticəsində Avropanın təkcə iqtisadi deyil, mənəvi-intellektual, mədəni baxımdan zəngin, multikultural ölkəsi olduğunu sübuta yetirmişdir. Ən başlıcası, xalqımıza xas milli kaloriti, mətbəxi, adət-ənənələri, incəsənət nümunələrini Avropaya təqdim etmişdir.

Şübhəsiz, bu tədbirlərin hər birinin yüksək səviyyədə keçirilməsi dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı ilə yanaşı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı, müasir idarəetmə üslubu, ən başlıcası, Azərbaycanı dünyaya sivil, inkişaf edən ölkə kimi təqdim etmək məramının nəticəsi idi.

Təsadüfi deyildir ki, dövlət başçısının IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq məqsədilə yaratdığı komissiyaya da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəhbərlik etmişdir. “Evrovision” musiqi yarışmasında və ilk Avropa Oyunlarında olduğu kimi, IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq da xüsusi plan üzrə, sistemli və ardıcıl şəkildə, yüksək mütəşəkkiliklə həyata keçirilmişdir.

 

İctimai maraqlara xidmət edən təşəbbüslər

 

Müasir dünya insanı kifayət qədər realist və praqmatik olduğundan, həyata keçməyən ideyalarla, şüarlarla onun diqqətini uzun müddət hansısa məsələlərə cəlb etmək, düşüncəsini, fəaliyyətini yönləndirmək mümkün deyildir. Bu mənada, ən cəlbedici ideyaları da sadəcə, müzakirələr səviyyəsində saxlamaqla qısa müddətdə gözdən salmaq olar. Çünki insanları real iş və nəticə daha çox maraqlandırır. Heydər Əliyev Fondunun ötən 14 illik fəaliyyətinin diqqətçəkən uğuru isə ondadır ki, təşkilat ictimai fəaliyyət müstəvisinə irəli sürdüyü ideyaların real icra mexanizmləri ilə birgə qədəm qoymuşdur.

Fond özünü Azərbaycan cəmiyyətinə fəaliyyətinin başlanğıc mərhələləri üzrə müəyyən etdiyi tədbirlərin real nəticələri ilə təqdim edə bilmişdir. Ölkə vətəndaşları təşkilatın məqsədi, məramı barədə hər hansı yazılı proqramlardan, mətbu materiallardan deyil, fondun real fəaliyyət istiqamətlərindən, gördüyü işlərin mahiyyətindən öyrənmişdir. Bütün bunlar isə bir qədər geniş çevrədə götürsək, dünyada Azərbaycana bağlı hər kəsin Heydər Əliyev Fonduna, təşkilatın rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Mehriban xanım Əliyevaya dərin rəğbətini, dəstəyini qazandırmışdır.

Heydər Əliyev Fondunun qarşıya qoyduğu məqsədlərin hər biri Azərbaycanı qəlbən sevən bütün fərdlərin arzularıdır. Sadəcə, hər hansı fərd bu arzuları məqsədə çevirərək qarşıya qoymaq, onların reallaşmasına nail olmaq gücündə deyildir. Lakin fərdi güclər birləşəndə, qarşıya qoyulmuş hədəflərə doğru istiqamətlənəndə həmin məqsədlərin reallaşması qaçılmaz olur. Bu mənada, Heydər Əliyev Fondu fərdlərin arzuları kimi güc və imkanlarını da bir araya gətirmiş, mövcud potensialın Azərbaycanın gələcəyi üçün ən vacib istiqamətlər üzrə aşkarlanmasına, məqsədə doğru hərəkətinə nail olmuşdur. Ümumi hədəflərə doğru yürüyənlərin, bu prosesin iştirakçılarına çevrilmək istəyənlərin, töhfə vermək arzusunda olanların sırası gündən-günə genişlənməkdə davam edir. Bu yolda addımlayan hər kəs Heydər Əliyev Fondunun timsalında ölkənin gələcəyinə, özünün, ailəsinin, övladlarının sabahına töhfə verdiyinin fərqindədir.

Fond ictimai təşkilat kimi cəmiyyət həyatında fəal rol oynamaqla yanaşı, həm də onun potensialına, hərtərəfli dəstəyinə güvənir; həmfikir və əqidə yoldaşlarını bir araya gətirərək ümumi səyi, fəaliyyəti lazımi məcraya yönəldir. Əgər fondun müxtəlif sahələrdə həyata keçirdiyi layihələrə nəzər salsaq, etibarlı tərəfdaşların ümumi işdə böyük payının şahidi olarıq. Bu da təbiidir, - çünki Heydər Əliyev Fondu fəaliyyətini xeyirxah insanların dəstəyinə arxalanaraq həyata keçirir.

 

Xeyriyyəçilik - yüksək mənəviyyat göstəricisi

 

Fondun ilk gündən cəmiyyətə aşılamaq istədiyi mühüm dəyərlərdən biri də xeyriyyəçiliklə bağlıdır. Fondun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva hesab edir ki, xeyriyyəçilik insani münasibətlərin son dərəcə incə, nəzakətli, həssas sahəsidir və fəaliyyətin bütün iştirakçılarından - xeyriyyəçilərin özlərindən, bu fəaliyyətdən bəhrələnənlərdən və vasitəçilərdən ümumbəşəri əxlaq, etika, nəzakət normalarına dönmədən riayət olunmasını tələb edir. Xeyriyyəçilik yoluna doğru ilk addımlarını atan hər kəs başlanğıcda anlamalıdır ki, “xeyriyyəçilik” sözünün arxasında müəyyən səbəblərə görə müxtəlif hallar üzündən həyatda çətin vəziyyətə düşmüş canlı insanların problemləri dayanır: xeyriyyəçilik fəaliyyətində iştirak məsələsi insanın rütbəsindən, dərəcəsindən, vəzifəsindən, maddi vəziyyətindən asılı olmamalıdır. İnsan xeyirxah niyyətlərini, istəklərini, imkanlarını və qabiliyyətlərini tətbiq etmək sahəsini həmişə tapa bilər. “İctimai əxlaqa xas olan bəzi naqisliklər - şəxsiyyətlərarası etimadın, insanların bir-birinin kədərinə şərik olması və təmənnasızlıq kimi keyfiyyətlərin qıtlığı onların öz vəsaitlərini, qüvvələrini və vaxtını başqalarının naminə, bütövlükdə cəmiyyətin naminə qurban verməyə könüllü hazır olması ruhunun tam üzə çıxmasına mane olur. Təəssüflə deməliyəm ki, bütövlükdə xeyriyyəçilik, könüllülük bizdə hələ sözün həqiqi mənasında, kütləvi hal almamışdır” - deyə Heydər Əliyev Fondunun prezidenti vurğulayır.

Bu baxımdan, Mehriban xanım Əliyevanın hələ 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaratması xeyriyyəçilik sahəsində zəngin milli ənənələrin davam etdirilməsi zərurətindən irəli gəlirdi. Müstəqilliyin ilk illərində ayrı-ayrı şəxslərin siyasi ambisiyalarını gerçəkləşdirmək məqsədilə yararlanmaq istədikləri, lakin buna müvəffəq ola bilmədikləri xeyriyyəçilik ənənələrinin əsl mahiyyəti üzrə bərpası həm də cəmiyyətdə sağlam mənəvi və mədəni dəyərlərin qorunması istəyindən irəli gəlmişdir.

Bu xətti layiqincə davam etdirən Heydər Əliyev Fondunun fəaliyyətində ümummilli liderin humanist ideyalarını rəhbər tutaraq hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşması isə ölkədə fəaliyyət göstərən digər qeyri-hökumət təşkilatları, o cümlədən hakimiyyət orqanları üçün nümunə sayıla bilər. Müxtəlif hakimiyyət strukturlarının laqeydliyi, biganəliyi ilə üzləşən, dərdinə əlac tapmayan köməksiz insanlar sonuncu “ümid qapısı” kimi məhz bu ünvanı döyürlər.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın özünün də bəyan etdiyi kimi, fondda hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılır, mümkün qədər vətəndaşların problemlərinin həllinə qayğı göstərilir. Bu mənada, fond həm də insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı hamisi, müdafiəçisi statusunda çıxış edən ictimai qurumdur. Fondun prezidenti özü bu barədə belə deyir: “Mən demək istəmirəm ki, biz dərhal onun bütün problemlərini həll edirik. Amma o insan burada nə biganəliklə, nə soyuq münasibətlə rastlaşmaz və hökmən onun probleminin həlli üçün mümkün olan bütün vasitələrdən istifadə ediləcəkdir. Yəqin ki, xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və bu gün biz Heydər Əliyev Fondu olaraq, bu ənənələri davam etdirməyə çalışırıq”.

2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya təşəbbüsü ilə çıxış edən fondun prezidenti Mehriban xanım Əliyevanın insan hüquq və azadlıqlarına necə həssaslıqla yanaşdığı da bir daha təsdiqini tapmışdır. Məhz Mehriban xanım Əliyeva tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış amnistiya aktları böyük mənəvi-əxlaqi və siyasi məzmun kəsb etmişdir. Fondun prezidentinin təşəbbüsü əsasında gerçəkləşmiş amnistiya aktları cəmiyyətdə ürəkdən dəstəklənmiş, təqdir olunmuşdur.

 

İnsan amilini önə çəkən sosial layihələr

 

Fondun humanizmə və insanpərvərliyə əsaslanan fəaliyyəti təhsil və səhiyyə sahələrində həyata keçirilən layihələrdə də parlaq təcəssümünü tapır. Ötən illər ərzində bu istiqamətlər üzrə vətəndaşlara böyük sevinc bəxş edən bir sıra humanitar aksiyalar həyata keçirilmiş, səhhətindəki problemlər üzündən əziyyət çəkən minlərlə insan yenidən sağlam həyata qaytarılmışdır.

2004-2018-ci illər ərzində fonda müraciət etmiş insanlara kömək göstərilməsi üçün səhiyyə müəssisələri ilə sıx əlaqə qurulmuş, minlərlə insanın müayinə və müalicəsi üçün lazımi tədbirlər həyata keçirilmişdir. Təhsil ocaqlarındakı kimsəsiz uşaqların sağlamlığının təmin olunması istiqamətində həyata keçirilən sosial layihələr xüsusilə təqdirəlayiqdir. Bu layihələr səhhətindəki problemlər üzündən əziyyət çəkən insanları yenidən sağlam həyata qaytarır və onlara həyat eşqi verir. Bu baxımdan, “Diabetli uşaqlara ən yüksək qayğı” və “Talassemiyasız həyat naminə” layihələri cəmiyyətdə daha böyük diqqət və rəğbətlə qarşılanmışdır. Ürək xəstəliklərindən əziyyət çəkən körpələrin bir qisminə xarici ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına kömək göstərmiş Heydər Əliyev Fondu milli genefondumuzun qorunmasında öz sözünü deyir. Azərbaycanın birinci xanımının başlıca məqsədlərindən biri də məhz xəstə, kimsəsiz uşaqlara qayğı örnəyini başqalarına təlqin etməkdir.

“Tibb işçisi kimi gözəl başa düşürəm ki, psixi və fiziki qüsurları olan uşaqlar yalnız nəticədir, çox mürəkkəb ictimai proseslər zəncirində axırıncı halqadır. Bunun arxasında yoxsulluq, zərərli adətlər və bəzən də sadəcə, müəyyən zəruri tibbi biliklərin yoxluğu dayanır. Bütün bunlar uzunmüddətli proqramların gerçəkləşdirilməsini tələb edir. Biz reallaşdırılması illərlə çəkəcək layihələrdən qorxmuruq, lakin eyni zamanda, gözəl anlayırıq ki, bizdən ani tezliklə yardım və fayda gözləyirlər. Bütün bunları vəhdət halında birləşdirmək mürəkkəb vəzifədir, lakin necə deyərlər, yolun öhdəsindən yolçu gələr” - deyə Mehriban xanım Əliyeva vurğulayır.

Mehriban xanım Əliyeva bu gün də kimsəsiz, köməyə ehtiyacı olan insanların maddi-mənəvi hamisi rolunda çıxış edir, insanlara ən müxtəlif səviyyələrdə yardım göstərməklə, cəmiyyətdə yalnız sağlam ənənələrin, zəngin əxlaqi dəyərlərin möhkəmlənməsinə çalışır.

Hər bir millətin fiziki-mənəvi sağlamlığının və kamilliyinin təmin olunması, eyni zamanda, idmanın, bədən tərbiyəsinin dinamik inkişafından keçir. Mehriban xanım Əliyevanın Milli Gimnastika Federasiyasının prezidenti kimi bu yöndəki fəaliyyəti gənc nəslin fiziki-mənəvi sağlamlığının təmin olunmasına xidmət edir. Qısa müddətdə Azərbaycanın həmin idman növünün inkişafı istiqamətində atdığı əhəmiyyətli addımlar, Bakıda bədii gimnastika üzrə mötəbər çempionatların keçirilməsi onun bu sahədə də yaxşı təşkilatçı və qayğıkeş rəhbər olmasının daha bir göstəricisidir.

Heydər Əliyev Fondunun təhsillə bağlı layihələri isə vətəndaşların Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş təhsil hüquqlarının daha etibarlı təminatı məqsədinə xidmət edir. Bunun üçün ölkədə müasir tipli yeni məktəblərin inşasının, tədris prosesinə normal şərait yaradılmasının zəruriliyini düzgün qiymətləndirən fond qarşıya qoyduğu strateji hədəflərə doğru inamla addımlamış, bir sıra uğurlu nəticələr əldə etmişdir. Azərbaycanın birinci xanımının cəmiyyətin maariflənməsinə və milli-mənəvi intibaha xidmət edən təhsil layihələrinin ümdə məqsədi həm də bölgələrdə yeni məktəblərin inşası, onların maddi-texniki təchizatının yaxşılaşdırılmasıdır.

Müasir tələblərə cavab verən yeni məktəblərin inşasına nail olmadan, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi ənənələrini mənimsəmədən təhsil sistemini müasirləşdirmək, bu sahədə uğurlu nəticələr əldə etmək mümkün deyildir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin bəzi strukturlarının da dəstəklədiyi “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində Azərbaycanın müxtəlif regionlarında 300-dən çox yeni məktəb binası inşa olunmuş və lazımi avadanlıqlarla təchiz edilmişdir.

Fondun təhsillə bağlı layihələri sırf Azərbaycanla məhdudlaşmır: hələ 2007-ci ildə Hollandiyanın paytaxtı Amsterdamda fəaliyyətə başlayan Azərbaycan məktəbi Heydər Əliyev Fondunun diqqətindən kənarda qalmamış, məktəbə kompüter dəsti və dərs vəsaitləri göndərilmişdir. 2008-ci ilin fevralında isə fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində Pakistanın Müzəffərabad şəhərində dağıdıcı zəlzələ nəticəsində yararsız vəziyyətə düşən məktəb yenidən tikilərək, yüksək səviyyəli tədrisə imkan yaradan avadanlıqlarla təmin olunmuşdur. Eyni zamanda, Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Rusiyada, Gürcüstanda, Misirdə yeni məktəb binaları tikilərək istifadəyə verilmişdir.

Bununla yanaşı, fond xarici ölkələrdəki unikal mədəniyyət abidələrinin bərpası prosesində də yaxından iştirak edir. Fond Fransada Dünya Mədəni İrs Siyahısına daxil edilmiş Versal sarayını, Parisdə XIV əsrə aid Notr-Dam, Strasburq Kafedral kilsələrinin, İkinci Dünya müharibəsində dağılmış Berlin şəhər Sarayının, həmçinin Vatikan arxivlərində saxlanılan Azərbaycan orta əsrlər əlyazmalarının bərpa olunmasına kömək etmişdir. Heydər Əliyev Fondu ilə Müqəddəs Arxeologiya üzrə Papa Komissiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, fond Romanın Kapitoli Muzeyində bərpa işlərinin həyata keçirilməsinə də dəstək vermişdir.

 

Zəngin mədəni sərvətimiz dünya müstəvisində

 

Şəxsiyyətə yüksək hörmət, vətəndaşa həssas münasibət, insanlara qayğı və təmənnasız xidmət amalını prioritet seçmiş fond son illər milli mədəniyyətin təbliğinə xidmət edən bir sıra layihələri uğurla reallaşdırmışdır. Xatırlatmaq yerinə düşər ki, Mehriban xanım Əliyeva hələ 1995-ci ildən Azərbaycan Mədəniyyətinin Dostları Fondunun rəhbəri kimi böhranla üzləşmiş milli-mədəniyyətimizə böyük qayğı və diqqət göstərmişdir. 1995-ci ildən milli mədəni incilərin qorunması, musiqi təhsilinin inkişafı, gələcək nəslin maarifləndirilməsi və digər sosial layihələrin icrası fondun diqqət mərkəzində olmuş, ardıcıl şəkildə təşkil edilən xeyriyyə konsertləri mədəniyyətin zəngin ənənələrinin qorunması işinə töhfə vermişdir.

2004-cü ildə Mehriban xanım Əliyevanın UNESCO-nun xoşməramlı səfiri seçilməsi ilə Azərbaycanın mədəniyyətinin, incəsənətinin, habelə muğamın, aşıq musiqisinin dünya miqyasında təbliğinə geniş imkanlar açmışdır. Fondun prezidentinin şəxsi səyləri ilə xalqın milli sərvəti sayılan muğam, habelə aşıq musiqisi, o cümlədən Novruz bayramı UNESCO-nun qeyri-maddi irsinin şah əsərləri sırasına daxil olunmuşdur. 2009-cu ilin mart ayında Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Bakıda keçirilən Beynəlxalq muğam festivalı Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması və təbliği istiqamətində mühüm tədbirlərdən biri kimi yadda qalmışdır. Son illərdə keçirilən və Azərbaycan televiziyası ilə yayımlanan muğam müsabiqələri istedadlı muğam ifaçılarının üzə çıxarılması, dəstəklənməsi baxımından daha bir uğurlu addım olmuşdur.

2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən beynəlxalq Niaqara musiqi festivalının rəhbərliyi avqustun 26-sı tarixinin Beynəlxalq Azərbaycan muğamı və İpək yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunması ilə bağlı qərar qəbul etmişdir. Bu, Azərbaycan muğamına dünya səviyyəsində necə yüksək dəyər verildiyini bir daha təsdiqləyir.

Azərbaycanın birinci xanımının yüksək təşkilatçılığı sayəsində Bakıda keçirilmiş “Evrovision-2012” musiqi yarışması da ümumən Avropa geosiyasi arealında ölkəmizin zəngin mədəniyyəti, musiqisi, incəsənəti barədə kifayət qədər dolğun təəssürat formalaşdırmışdır. Beləliklə, 2011-ci ildə Almaniyadan qələbə estafetini qəbul edən Bakı bir il sonra möhtəşəm şou ilə bütün dünyanın diqqətini bir daha özünə cəlb etmişdir. Müsabiqə ərəfəsində Bakıda olan minlərlə əcnəbi qonaq müsabiqənin çox yüksək səviyyədə təşkil olunduğunu, eyni zamanda, Azərbaycanın sürətlə inkişaf etdiyini açıq etiraf etmişlər.

Bundan başqa, Azərbaycan musiqisinin dünyada təbliği məqsədilə Qəbələ rayonunda təşkil olunan beynəlxalq musiqi festivalları da Azərbaycan mədəniyyətinin dünyada təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2018-ci ildə 10-cu dəfədir ki, keçirilmiş Qəbələ Beynəlxalq Musiqi Festivalı dünya musiqiçilərini yenidən bir araya gətirmiş, möhtəşəmliyi ilə xarici və yerli izləyicilərin dərin rəğbətini qazanmışdır.

 

Milli həqiqətlərin carçısı

 

Fondun Azərbaycanın zəngin mədəni-mənəvi irsinin dünyaya təbliğinə, muğamların, aşıq musiqisinin bəşəriyyətə tanıdılmasına, sivilizasiyalararası dialoq məkanının genişləndirilməsinə, eyni zamanda, maarifçiliyə xidmət edən çoxsaylı layihələrinin qayəsində yalnız bir məqsəd dayanır: Azərbaycan xalqının milli mənafeyinin qorunması ilə bağlı həyata keçirilən dövlət siyasətinə dəstək vermək!

Fond bu məqsədi müxtəlif beynəlxalq qurumlarla münasibətləri genişləndirməklə, UNESCO və ISESCO kimi mötəbər təşkilatlarla qarşılıqlı faydalı əlaqələr qurmaqla həyata keçirir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün bütün mövcud imkanlardan istifadə edir, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələrin məhz bu məqsədə yönəlməsinə çalışır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, təcavüzkarın ifşası baxımından Heydər Əliyev Fondunun müxtəlif dillərdə nəşr etdirdiyi kitablar mühüm əhəmiyyətə malikdir. İngilis, fransız, ərəb, alman, rus dillərində “Qarabağ həqiqətləri” bukletlər toplusunun hazırlanması, Azərbaycanın xaricdəki səfirlikləri, diaspor təşkilatları, habelə yerli qeyri-hökumət təşkilatları vasitəsilə yayılması bu istiqamətdə son dərəcə uğurlu layihələrdən biri olmuşdur. Bukletlər toplusu “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitablarından ibarətdir. Layihənin davamı olaraq Heydər Əliyev Fondu Xarici İşlər Nazirliyi ilə birgə “Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması” kitabını ingilis dilində çapdan buraxmışdır. Kitaba işğal olunmuş Azərbaycan rayonlarının hər birində olan mədəni sərvətlərin siyahısı, xəritələr, habelə Ermənistan ərazisində, işğal altındakı torpaqlarda tarixi-mədəniyyət abidələrinin əvvəlki və hazırkı vəziyyətini əks etdirən videomateriallar əlavə edilmişdir.

Azərbaycan həqiqətlərini və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətini beynəlxalq ictimaiyyətə çatdırmağa xüsusi önəm verən Heydər Əliyev Fondu 2007-ci ildən başlayaraq hər il dünyanın bir sıra böyük şəhərlərində - Moskvada, Berlində, Strasburqda, Buxarestdə, Cenevrədə, Ankarada, İstanbulda, Parisdə, Vaşinqtonda, Nyu Yorkda, Varşavada, Londonda, Dubayda, Haaqada, Kiyev və Tbilisidə Xocalı soyqırımının ildönümünə həsr olunmuş aksiyalar keçirir. Xarici ölkələrdə təşkil olunan bu tədbirlərə müxtəlif qurumların, diplomatik missiyaların nümayəndələri, şəhər sakinləri, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunur. Anım mərasimlərində fondun hazırladığı “Xocalı soyqırımı” filmi ilə yanaşı, insanlığa qarşı törədilən cinayəti əks etdirən müxtəlif ekspozisiyalar nümayiş olunur.

Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən “Xocalı uşaqların gözü ilə” rəsm müsabiqəsinin, əl işlərinin, fotoşəkillərin dünyanın qabaqcıl ölkələrində keçirilən sərgisi beynəlxalq ictimaiyyətdə XX əsrin ən böyük faciəsi barədə dolğun təsəvvür formalaşdırır. Bu mərasimlərdə fondun nəşr etdirdiyi “Qarabağ həqiqətləri” toplusu və “Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması” kitabları paylanır.

Ölkə reallıqlarının internet şəbəkəsi vasitəsilə dünyaya yayılması və xalqın min illər boyu yaratdığı maddi-mənəvi dəyərlərin dünyaya tanıdılması məqsədilə 2005-ci ildə fond tərəfindən materialların həcminə, zənginliyinə və əhatəliliyinə, habelə istifadə olunmuş texnologiyalara görə ölkədə analoqu olmayan “Azərbaycan” internet portalı yaradılmışdır. İstifadəçilərinin sayı milyonlarla olan portalda Azərbaycanın bu günü, tarixi keçmişi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti ilə bağlı məlumatlar yerləşdirilmişdir.

Azərbaycan xalqı bütün zamanlarda özünün zəkalı, nəcib və xeyirxah qadınları ilə fərəh duymuşdur. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali keyfiyyətləri biz bu gün Azərbaycanın Birinci-vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın timsalında qabarıq müşahidə edirik. “İstər UNESCO-nun xoşməramlı səfiri, istərsə də Heydər Əliyev Fondunun prezidenti kimi mənə ehtiyac olduğunu hiss edirəm. Mənim adıma hər gün 200-dən çox məktub gəlir. Onların heç biri diqqətsiz qalmır. Mən konkret iş görmək, konkret insanlara kömək etmək istəyirəm. Konkret problemləri həll etmək, yardım edə bildikdə sevinc hissi keçirmək və səndən asılı olmayan səbəblər üzündən nəsə edə bilmədikdə təəssüflənmək, qəzavü-qədər, sağalmaz xəstəlik qarşısında bütün gücsüzlüyünü dərk edərkən əziyyət çəkmək, xilas edilmiş bir uşağın təbəssümünü gördükdə isə bir daha sevinmək istəyirəm. Bu, mənim seçimimdir” - deyən Mehriban xanım Əliyeva ululardan bizə ərməğan etdiyi xeyirxahlıq, yaxşılıq və mərhəmət kimi ali mənəvi dəyərləri öz fəaliyyətində yaşatmaqla şüurlu həyatını millət yolunda şam kimi əridən maarifpərvər ziyalılarımız, nurlu insanlarımız tək uğurlu bir seçimdə və yoldadır.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva dəyərli vaxtını, enerjisini insanların rifahına, firavanlığına, ali bəşəri dəyərlərin təbliğinə sərf edir. Təqdirəlayiq cəhət bundadır ki, onun həyata keçirdiyi bu layihələr təmənnasızlıq və xalqa layiqli xidmət prinsiplərinə söykənir. Onun dövlət idarəçiliyi fəlsəfəsində insanlara yaxşılıq kimi mütərəqqi bir ideya, nəcib amal yenə də ön plandadır. Şübhə yoxdur ki, Mehriban xanım Əliyeva bu xeyirxah, nəcib missiyanı bundan sonra da davam etdirəcək, ulu öndər Heydər Əliyevin ölməz ideyalarına tapınmaqla milli intibah prosesinə layiqli töhfələrini verəcəkdir.

 

Qüdrət KƏRİMOV,

“Xəzər” ASC-nin sədri, iqtisad elmləri doktoru

 

Azərbaycan.- 2018.- 25 avqust.- S.