Azərbaycanın və Gürcüstanın Daxili İşlər nazirlikləri arasında əlaqələr uğurla inkişaf edir

 

 

 

 

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov avqustun 30-da Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində ölkəmizə səfərə gəlmiş Baş nazirin müavini, daxili işlər naziri Giorgi Qaxaria ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səmimilik və işgüzarlıq şəraitində keçən görüş zamanı nazirlər xalqlarımız arasındakı dostluğun qədim tarixə malik olduğunu, ikitərəfli münasibətlərin, o cümlədən Daxili İşlər nazirlikləri arasında əlaqələrin hər iki ölkə rəhbərliyinin siyasi iradəsinə, müəyyənləşdirdikləri strategiyaya uyğun olaraq uğurla inkişaf etdiyini, belə görüşlərin əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə təkan verdiyini bildiriblər.

Təmsil etdikləri ölkələrdə kriminogen durum barədə qarşılıqlı fikir mübadiləsi aparan nazirlər onu da məmnunluqla vurğulayıblar ki, dövlətlərimizin müvafiq qurumları arasında əməkdaşlıq, ilk növbədə, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, xüsusən narkotiklərin qanunsuz dövriyyəsi, insan alveriqanunsuz miqrasiya ilə mübarizə sahəsində işbirliyi, təcrübə və informasiya mübadiləsi, yaradılmış normativ-hüquqi baza yaxın doststrateji tərəfdaş olan ölkələrimizin mənafeyinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət edir.

Səmimi görüşə və ətraflı məlumata görə Ramil Usubova minnətdarlığını bildirən Giorgi Qaxaria ölkəmizlə ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət verdiklərini, bunun üçün səylərini əsirgəməyəcəklərini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

 

Azərbaycan.- 2018.- 31 avqust.- S.2.