Dünya şöhrətli bəstəkar

 

Yeni nəşrlər

 

Bu günlərdə "Firəngiz Əlizadə - dünya şöhrətli bəstəkarımız” adlı yeni kitab oxuculara təqdim olundu. Kitabda Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, "Şöhrət” və "Şərəf” ordenli, UNESCO-nun "Sülh artistikimi dünya miqyaslı mötəbər mükafatın sahibi Firəngiz Əlizadənin yaradıcılığının son 10 ili əhatə olunub. Həmçinin nəşrdə dünyanın ən məşhur musiqi xadimlərinin Firəngiz Əlizadə haqqında xoş sözləri, onun iştirak etdiyi tədbirlər, beynəlxalq konfranslar, müsabiqələr barədə ətraflı məlumatlar, fotoşəkillər yer alıb. "Vətənoğlu” çap evində işıq üzü görən yeni kitabın müəllifi tanınmış musiqişünas, sənətşünaslıq doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Həcər Babayevadır.

Kitabda görkəmli bəstəkar müasir Azərbaycan musiqi mədəniyyətinin dünya miqyasında ən tanınmış simalarından biri kimi təqdim olunur. F.Əlizadənin əsərlərinin xarici ölkələrdə ən böyük konsertteatr səhnələrində, beynəlxalq festivallarda adlı-sanlı ifaçılar tərəfindən səsləndirildiyi, onun musiqisinin hər zaman böyük rəğbətlə qarşılandığı, geniş beynəlxalq arenada şöhrət qazandığı qeyd edilir. Müəllif onu da bildirir ki, F.Əlizadə bir bəstəkar, pianoçu, dirijor, ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuza malikdir. Pianoçu kimi XX əsr xarici ölkə bəstəkarlarının müasir əsərlərinin ölkəmizdə tanıdılmasında mühüm rol oynamaqla yanaşı, o, bir çox Azərbaycan bəstəkarlarının əsərlərinin ilk ifaçısıdır. Müəllif F.Əlizadənin öz əsərlərinin təqdimatında da həm pianoçu, həm də dirijor kimi çıxış etdiyini diqqətə çatdırır, onun öz yaradıcılığı ilə milli mədəniyyətimizi Azərbaycanın hüdudlarından kənarda da parlaq şəkildə təmsil etdiyini vurğulayır. Oxuculara məlumat verilir ki, əsərləri bir çox xarici ölkələrdə ifa olunmaqla həmin ölkələrin "composer in residence” (ölkənin rəsmi bəstəkarı) fəxri tituluna layiq görülən F.Əlizadə müxtəlif janrlarda bir sıra musiqi əsərlərinin - "İntizar”, "Sənin adın Dənizdir”, "Ağ atlı oğlan” operalarının, "Boş beşik” və "Stadt-Graniza” baletlərinin, "Habilsayağı”, "Muğamsayağı”, "Oazis”, "Dərviş”, "Abşeronkimi əsərlərin müəllifidir. Həmçinin F.Əlizadə müxtəlif ifaçılıq tərkibi üçün instrumental əsərlərin, "Silk roadkonserti, "Mərsiyə” violonçelsimfonik orkestr üçün konsert, böyük simfonik orkestr üçün "İthaf” və digər əsərlərin yaradıcısıdır.

Bu günlərdə "Firəngiz Əlizadə - dünya şöhrətli bəstəkarımız”ın Bakı Kitab Mərkəzində keçirilən təqdimat mərasimində çıxış edən müəllif kitabın faktlar əsasında tərtib edildiyini, Firəngiz Əlizadənin 2007-2017-ci illəri əhatə edən yaradıcılığı, fəaliyyəti və gördüyü digər işlərin işıqlandırıldığını vurğuladı. H.Babayeva qeyd etdi ki, kitabda Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, akademik Teymur Kərimli, eləcə də Azərbaycanın tanınmış musiqişünasları - Bakı Musiqi Akademiyasının professorları, əməkdar incəsənət xadimləri Zemfira Qafarova, İmruz Əfəndiyeva, həmçinin Kamilə Dadaşzadə, Cəmilə Həsənova və başqalarının Firəngiz xanımın yaradıcılığından bəhs edən məqalələri, o cümlədən KİV-də yer alan müsahibələri verilib.

H.Babayeva diqqətə çatdırdı ki, F.Əlizadə respublikanın musiqi-ictimai həyatında önəmli rolu olan görkəmli musiqi xadimidir. Onun Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən I, II və III "Muğam aləmi” Beynəlxalq Musiqi festivallarının, Azərbaycan Bəstəkarlar İttifaqının layihəsi əsasında Şəkidə və Bakıda keçirilən I, II, III, IV, V, VI və VII "İpək yolu” Beynəlxalq Musiqi festivallarının bədii rəhbəri, "Üzeyir dünyası” layihəsinin baş redaktoru kimi səmərəli fəaliyyəti var.

Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar belə bir nəşrin ərsəyə gəlməsini yüksək dəyərləndirdi. O, F.Əlizadənin Azərbaycan musiqi mədəniyyətinin formalaşmasında böyük xidmətləri olduğunu diqqətə çatdırdı: "Firəngiz Əlizadə iki dövrün - sovet və müstəqillik dövrünün bəstəkarıdır. Onun yaradıcılığı hər zaman ölkəmizin musiqi mədəniyyətinin formalaşmasına, inkişafına böyük təsir edib, bundan sonra da təsir edəcək”.

Tədbirdə əməkdar incəsənət xadimləri Zemfira Səfərova, Cəmilə Həsənova və başqaları çıxış edərək kitabın əhəmiyyətindən, görkəmli bəstəkarın sənət fəaliyyətindən söz açdılar.

Sonda beynəlxalq müsabiqələr laureatı Ceyla Seyidova Səidə Tağızadənin (piano) müşayiəti ilə F.Əlizadənin "İmpuls” əsərini ifa etdi.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2018.- 5 dekabr.- S.6.