Azərbaycan dəniz nəqliyyatı sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti baş qərargahı London şəhərində yerləşən, BMT-nin nüfuzlu orqanı olan Beynəlxalq Dəniz Təşkilatının (BDT) Dəniz Təhlükəsizliyi Komitəsinin 100-cü sessiyasında iştirak edib.

 

Yubiley sessiyası

 

Böyük BritaniyaŞimali İrlandiya Birləşmiş Krallığının şahzadəsi Anna Elizabet Alisa Luizanın dəvət olunduğu mötəbər tədbir "Beynəlxalq Dəniz Təşkilatının 70 illiyi”nə və "Dəniz Təhlükəsizliyi Komitəsinin 100-cü sessiyası”na həsr olunmuşdu. Sessiya iştirakçılarına uğurlar arzu edən şahzadə dəniz nəqliyyatı sahəsində Beynəlxalq Dəniz Təşkilatının həyata keçirdiyi səmərəli fəaliyyəti yüksək qiymətləndirdi. Onun sözlərinə görə, Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsi bu mötəbər təşkilatın əsas komitələrindən biri hesab olunur.

Sessiyada dənizdə təhlükəsizliyin artırılmasına dair tədbirlər, nəzarət tələb olunmadan idarə edilən gəmilərin istifadə edilməsi üzrə tənzimləyici qaydalar, yeni inşa edilən gəmi standartları, qütb sularında istismar edilən və "Dənizdə insan həyatının mühafizəsinə dair” Beynəlxalq Konvensiyanın tələbləri tətbiq olunmayan gəmilər üçün təhlükəsizlik tədbirləri, dəniz mühitinin çirklənməsinin qarşısının alınması ilə bağlı fəaliyyət, gəmi sistem və avadanlığı, insan faktoru, təlim və növbəçəkmə, yüklərin və konteynerlərin daşınması, BDT-nin sənədlərinin tətbiq olunması, dəniz nəqliyyatı sahəsində yeni tədbirlərin həyata keçirilməsi üçün potensial imkanların artırılması, gəmilərə qarşı yönəlmiş quldurluq və silahlı basqın, dənizlə təhlükəli miqrant keçidi müzakirə olundu.

 

Səmərəli görüşlər

 

Sessiyada yeni gəmilərin inşa edilməsinə dair standartların tətbiqi ilə bağlı Beynəlxalq Dəniz Təşkilatının Türk Loydunda apardığı yoxlamanın nəticələri müzakirə edildi. Yoxlama ilə əlaqədar Türkiyə tərəfinin təqdim etdiyi sənədə Azərbaycan nümayəndə heyətinin rəhbəri tərəfindən yüksək dəstək nümayiş olundu. Müzakirələrdən sonra Türk Loydunun standartlara uyğun fəaliyyəti sessiya iştirakçılarının səs çoxluğu ilə qəbul edildi.

Sessiya zamanı dəniz üzgüçülüyü təhlükəsizliyinin təmin edilməsi sahəsində üzv dövlətlərin və təşkilatların təklifləri, təqdim olunan sənədlər nəzərdən keçirildi.

Azərbaycan nümayəndə heyətinin Beynəlxalq Dəniz Təşkilatının rəsmiləri, sessiyaya qatılmış bir sıra üzv dövlətlərin nümayəndə heyətləri ilə keçirdiyi ikitərəfli görüşlərdə son illərdə Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri İlham Əliyevin düşünülmüş, çevik və qətiyyətli iqtisadi siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə yeni-yeni uğurlara imza atdığı, iqtisadiyyatımızın bütün sahələri kimi, dəniz nəqliyyatı sahəsinin də inkişafının təmin edildiyi vurğulanıb.

Görüşlər zamanı qarşılıqlı əməkdaşlığın daha səmərəli və effektiv həyata keçirilməsi, habelə dəniz nəqliyyatı sahəsi ilə bağlı ölkəmiz üçün əhəmiyyətli olan bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sessiya zamanı "Beynəlxalq Dəniz Medalı” və "Dənizdə göstərdiyi şücaətə görə Medal”ı sahiblərinə təqdim olundu. Sessiyanın sonunda 2019-cu il üçün sədr və sədr müavinləri seçildi.

 

Mükəmməl Azərbaycan təcrübəsi

 

Qeyd edək ki, əlverişli coğrafi mövqeyə sahib olan müstəqil Azərbaycan son 15 ildə etibarlı nəqliyyat dəhlizinin yaradılması istiqamətində mühüm işlər görür. Dəniz nəqliyyatına böyük investisiyalar yatırmaqla infrastrukturunu möhkəmləndirən ölkəmiz regionda əlverişli logitik bağlantı yaradır. Xüsusən də dəniz nəqliyyatı sisteminin müasirləşdirilməsi Azərbaycanı Avrasiya məkanının ən mühüm nəqliyyat-tranzit qovşaqlarından birinə çevirib.

Ölkəmizin Avrasiyanın əhəmiyyətli nəqliyyat-logistika mərkəzlərindən biri kimi özünü təsdiq etməsinə yönəlmiş irimiqyaslı infrastruktur layihələri, ən yeni texnoloji standartlar səviyyəsində müəssisələrin istifadəyə verilməsi son illər Azərbaycanda bu istiqamətdə məqsədyönlü strateji planın uğurla reallaşdırılmasının bariz nümunələridir. Əlverişli investisiya iqliminin mövcud olduğu Azərbaycan bu gün Xəzər hövzəsində ən böyük ticarət donanmalarından birinə sahibdir. Hazırda 200-dən çox gəmi Xəzər sularında yükdaşımalar aparır.

Ümumiyyətlə, dünya ticarət məhsullarının 80 faizdən artıq hissəsinin təhlükəsiz, maddi cəhətdən sərfəli və ətraf mühitə daha az mənfi təsir göstərməklə daşınması məhz dəniz nəqliyyatı vasitəsilə həyata keçirilir. Dəniz nəqliyyatının inkişafı ilə əlaqədar bütün dünya dövlətləri tərəfindən qəbul olunan və riayət edilən, dənizçilik münasibətlərini tənzimləyən tələblərə və normalara daim ehtiyac duyulub.

İpək yolu üzərində geniş iqtisadi zolağın yaradılmasının fəal dəstəkçisi olan Azərbaycan müxtəlif istiqamətlərə tranzit daşımalarının səmərəli təşkilinə də etibarlı təminat verir.

 

Davamlı islahatların uğurları

 

Tarixi inkişaf yolu keçən dəniz nəqliyyatı bütün zamanlarda öz əhəmiyyətliyini saxlayıb. Azərbaycanın müstəqillik qazandıqdan sonra dəniz nəqliyyatı sahəsinin tənzimlənməsi istiqamətində apardığı mühüm səciyyə daşıyır.

Prezident İlham Əliyevin bu sahədə apardığı məqsədyönlü islahatlar nəticəsində dəniz nəqliyyatı yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər də xüsusi qeyd edilməlidir.

Azərbaycanın dəniz nəqliyyatı sahəsində qazandığı nailiyyətlər ölkəmizə səfər edən müstəqil beynəlxalq ekspertlər, habelə Beynəlxalq Dəniz Təşkilatı və Avropa Dəniz Təhlükəsizliyi Agentliyi tərəfindən müsbət dəyərləndirilir.

Azərbaycanda gəmiçilik sahəsində mövcud infrastrukturun təkmilləşdirilməsi, habelə regionda ən iri, müasirgüclü potensiala malik milli gəmiqayırma zavodunun tikintisi dəniz nəqliyyatı sahəsinə dövlət tərəfindən göstərilən dəstəyin bariz nümunəsidir.

 

Fərizə ƏHMƏDOVA

 

Azərbaycan.- 2018.- 11 dekabr.- S.4.