Media ilə təhsil əlaqələri möhkəmləndirilir

 

Dekabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) "Media və təhsil dialoqumövzusunda növbəti təlim-konfrans keçirildi.

Konfransda ADPU-nun humanitarsosial məsələlər üzrə prorektoru Fikrət Rzayev, tədris işləri üzrə prorektoru Eldar Aslanov, Təhsil Nazirliyinin əməkdaşları, media qurumlarının, ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin rəhbərləri, təhsil ekspertləri iştirak edirdilər.

Təlim-konfransdan əvvəl akademik Yusif Məmmədəliyev və akademik Zahid Xəlilov adına auditoriyalarda pedaqoji ixtisaslara yüksək balla qəbul olunmuş tələbələrlə görüş keçirildi və dərs prosesi izlənildi.

Konfransı açan prorektor Fikrət Rzayev universitet haqqında qısa məlumat verərək bildirdi ki, hazırda ADPU-nun 17 min 500-ə yaxın tələbə, 2 min 500-ə yaxın isə işçi heyəti var. Son illər 500-dən yuxarı bal toplayaraq müəllimlik ixtisasını seçənlərin sayının artdığını vurğulayan Fikrət Rzayev bildirdi ki, elə bu il 566 nəfər 500 baldan yuxarı nəticə göstərərək ADPU-nu seçib. Fikrət Rzayev çıxışının sonunda belə təlimlərin media-ali məktəb əlaqələrinin inkişafına töhfə verəcəyinə əminliyini də vurğuladı.

Universitetin tədris işləri üzrə prorektoru Eldar Aslanov isə ADPU-da həyata keçirilən yeniliklər barədə məlumat verərək burada qəbul planının bu il 98,7 faizə çatdırıldığını əlavə etdi.

Təhsil Nazirliyinin media ilə əlaqələrə xüsusi önəm verdiyini deyən nazirliyin sektor müdiri Cəsarət Valehov isə "Media və təhsil dialoqumövzusunda təlim-konfransın artıq altıncı dəfə keçirildiyini diqqətə çatdırdı. O bildirdi ki, tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin media və təhsil əlaqələrinin möhkəmləndirilməsi, ictimaiyyətlə əlaqələr üzrə peşəkar vərdişlərin artırılması, universitetlərin veb saytlarının müasir standartlara uyğunlaşdırılması və əlçatanlığın təmin olunmasıdır.

Daha sonra Qlazqo Universitetinin məzunu və Qərbi Kaspi Universitetinin Sosial elmlər kafedrasının müəllimi Samirə Həsənzadənin "Universitet veb saytının istifadəçilər üçün əlçatanlığının təmin olunması”, Təhsil Nazirliyinin sosial media üzrə marketinq meneceri İsfəndiyar Əmrahovun "Ali təhsil müəssisələrinin rəqəmsal alətlərdən istifadəsi və onların nəticələri”, Təhsil Nazirliyinin vebmasteri Mehman Şəfaqətovun "Veb saytlarda yeni funksiyalardan səmərəli istifadə və təhlükəsizlik” mövzularında təqdimatları oldu.

Tədbir təqdimatlar ətrafında müzakirələrlə davam etdirildi. Yeni məzmun, forma və tərtibatda çap olunan "Azərbaycan məktəbi” jurnalı da konfrans iştirakçılarına təqdim edildi. Bildirildi ki, 1924-cü ildən nəşr olunan jurnal beynəlxalq standartlara cavab verən elmi məqalələrin dərcinə nail olmağı qarşısına məqsəd qoyub.

 

Fərizə ƏHMƏDOVA

 

Azərbaycan.- 2018.-15 dekabr.- S.4.