Ədalətə çağırış

 

Leyla Əliyeva sülhün yeganə yolunu göstərdi

 

Məlum olduğu kimi, oktyabr ayında bir qrup rusiyalı qadınla birlikdə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən, qoşunların təmas xəttinə qədər gələn, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın arvadı Anna Akopyan buradan sülhə "çağırış” etmişdi. Maraqlıdır ki, işğal olunmuş torpaqlarda, işğalçı hərbçilərin əhatəsində baş nazirin xanımı kimi sülhə çağırırdı?!

 

Həm məzmunlu, həm təsirli

 

Təbii ki, münaqişənin səbəblərinin və indiyə qədər aparılmış danışıqların ruhuna uyğun olmayan bu çağırışı işğal etdikləri ərazilərdə xidmət aparan erməni hərbçilərdən başqa heç kim eşitmədi. A.Akopyanın özü isə, yəqin ki, qarşısında çıxış etdiyi həmin hərbçilərə baxarkən "erməni əsgərinin Dağlıq Qarabağda, Ağdamda, Füzulidə, Cəbrayılda, Kəlbəcərdə nə işi var” sualının ətrafında baş sındırmamış olmadı. Axı buralar Azərbaycanın əraziləridir. Axı bu torpaqlardan 700 mindən çox azərbaycanlı didərgin salınıb. Ermənistanın özündə isə Dağlıq Qarabağı tərk etmiş erməni qaçqınlar yoxdur.

Bu yaxınlarda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ünvanına Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər etmiş rusiyalı bir qrup qadının adından məktub daxil olub. Məktubda bildirilir ki, həmin səfər Ermənistanın baş nazirinin xanımı Anna Akopyanın dəvəti ilə təşkil edilib, həmçinin xahiş olunur ki, bu təşəbbüs dəstəklənsin və Azərbaycana səfərin təşkilinə kömək göstərilsin.

Qadınlar Leyla Əliyevadan "Qadınlar sülhə tərəfdardır” təşəbbüsünü dəstəkləməyini və sülhyaratma ideyasını məntiqi sona çatdırmaq üçün onların Azərbaycana səfərinə kömək etmələrini xahiş edirlər. "Biz sülh istəyirik! Biz düşmənçilik edən tərəflərdən xahiş edirik, XXI əsrdə bizim qardaşlarımızın, oğullarımızın, nəvələrimizin müharibədə daha həlak olmamaları üçün nə mümkündürsə etsinlər. Qoy, qan tökülməsi iyirminci yüzillikdə qalsın, gələcək sülh içində olsun” deyə məktubda bildirilir.

Bu məktubu imzalamış rusiyalı qadınlar qrupuna Olimpiya çempionu Svetlana Jurova, ictimai xadim, "Vera” hospislərə kömək xeyriyyə fondunun təsisçisi Nyuta Federmesser, yazıçı, ictimai xadim Lyudmila Ulitskayajurnalist Kira Altman daxildirlər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən qadınlara cavabı özünü çox gözlətməyib. Bu günlərdə mətbuatda dərc olunmuş məktubun mətni kifayət qədər əhatəli, məzmunlu və həm də təsirlidir. Çünki bu cavab məktubunda yer alan hər bir sətirdəki fikir əslində vətənini, xalqını və dövlətini dərindən sevən, onun təəssübünü çəkən bir insanın qəlbindən süzülüb gələn milli hiss və duyğuları, dünyanın gözü qarşısında millətinə edilən haqsızlığa qarşı hayqırtısıdır. Öz ictimai fəaliyyəti ilə uzun illərdir dünyada Azərbaycan həqiqətlərini dayanmadan təbliğ edən, Xocalı faciəsini tanıdan bir insanın, ən əsası dövlətinin və xalqının mənafeyi üçün yorulmadan çalışan və öz əməlləri ilə vətənpərvərlik nümunələri yaradan Azərbaycan Prezidentinin övladının cavabı başqa cürola bilməzdi.

 

Tariximizin müfəssəl izahı

 

Bu məktubu həm də müraciətdə "biz çox şeyi bilmirik” deyə yazan rusiyalı qadınlara Azərbaycan tarixinin lakonik, lakin olduqca əhatəli və müfəssəl izahı da hesab etmək olar. "Sizin sülhyaratma missiyanızın gedişində səfər etdiyiniz, işğal olunmuş Dağlıq Qarabağ "Ermənistan ilə Azərbaycan arasındakı ərazi” deyil. Dağlıq Qarabağ Azərbaycanın bu gün Ermənistanın işğalı altında olan ayrılmaz hissəsidir. Bu, təkcə bizim ölkəmizin mövqeyi deyil - çoxsaylı beynəlxalq sənədlərdə bu cür təsbit olunub. Rusiya da daxil olmaqla dünya birliyi Azərbaycanı mövcud sərhədləri daxilində tanıyır və Dağlıq Qarabağ bu sərhədlərə daxildir. Hazırda heç bir beynəlxalq hüquqi sənəd yoxdur ki, orada Dağlıq Qarabağın Azərbaycana mənsub olması şübhə altına alınsın, Dağlıq Qarabağ başqa bir dövlətin hissəsi, "mübahisəli ərazi” və ya "Azərbaycan ilə Ermənistan arasındakı torpaqelan edilsin. Üstəlik, dünya birliyinin bu mövqeyi tarixi reallıqları tam əks etdirir” deyə yazan Leyla Əliyeva daha sonra xronoloji ardıcıllıqla Qarabağın tarixinə nəzər salır, bu qədim torpağın tarixən Azərbaycan ərazisi olduğunu, ermənilərin 1813-cü il Gülüstan müqaviləsi və 1828-ci il Türkmənçay müqaviləsinin imzalanmasından sonra İrandan və Osmanlı İmperiyasından Cənubi Qafqaza, müasir Ermənistanın yerləşdiyi İrəvan xanlığı ərazisinə və Qarabağa, əsasən onun dağlıq hissəsinə kütləvi şəkildə köçürüldüklərini, indiki Ermənistan ərazilərinin tarixi Azərbaycan torpaqları olduğunu, Qarabağdakı xristian kilsələri və monastırlarının Azərbaycan ərazisində mövcud olmuş Qafqaz Albaniyası dövründə yarandığını, ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərini, Cənubi Qafqaz Sovet Rusiyasına birləşdiriləndən az sonra onların Dağlıq Qarabağa iddialarının rədd olunduğunu izah edir.

Rusiyalı xanımların diqqətinə çatdırılır ki, artıq iyirmi beş ildən çoxdur ki, erməni millətçilərinin Dağlıq Qarabağa iddiaları açıq təcavüz, işğal, qəddar "etnik təmizləmələr” formasında həyata keçirilir. Ermənistan Azərbaycan ərazisinin 20 faizini işğal edib. Buraya təkcə Dağlıq Qarabağ deyil, Azərbaycanın Dağlıq Qarabağın ətrafında olan və 1923-cü ildə orada yaradılmış erməni muxtariyyətinə heç vaxt daxil olmamış 7 inzibati rayonun ərazisi də aiddir.

Qarabağın təbiətinin gözəlliyinə heyran olan xanımların diqqətinə Leyla Əliyeva acı statistikanı da çatdırır. İşğal olunmuş ərazilərdə 927 kitabxana, 85 musiqi məktəbi, o cümlədən "Şərqin konservatoriyası” adlanan Şuşada 4 rəsm qalereyası, 6 teatr, 22 muzey məhv edilib. Son dərəcə qiymətli 40 min artefaktın taleyi məlum deyil. Kitabxanalarda 4,6 milyon kitab və qiymətli əlyazma nəşrləri məhv edilib. Nəhayət, Dağlıq Qarabağ münaqişəsinin tarixində ən qanlı və faciəli səhifələrdən biri Azərbaycanın Xocalı şəhərinin məhv edilməsi olub. "Bu şəhərin faciəsini Xatın, Liditse, Oradur faciələri ilə müqayisə etmək olar... Xocalıda 613 nəfər dinc sakin, o cümlədən 63 uşaq, 106 qadın, 70 ahıl insan qətlə yetirilib. Səkkiz ailə bütünlüklə məhv edilib, 27 ailənin hərəsindən yalnız 1 nəfər sağ qalıb. Xocalının məhv edilməsinin dəhşətli tarixini oxuyanda göz yaşlarını saxlamaq mümkün deyil”, - deyə Leyla Əliyeva yazır.

 

Leyla Əliyeva: "Erməni əsgərləri bu gün Azərbaycan torpağında nə edirlər?”

 

Başqa bir məsələ isə Dağlıq Qarabağa - cəbhənin erməni əsgərləri olan hissəsinə rusiyalı qadınların səfər marşrutu barədədir. Axı Dağlıq Qarabağın Ermənistanla birbaşa sərhədi yoxdur. Azərbaycanla Ermənistan arasında sərhəd var, amma həmin coğrafiyadakı Laçın, Qubadlı, Kəlbəcər rayonları işğal olunub. Deməli, rusiyalı xanımlar işğal olunmuş Azərbaycan torpaqlarına səfər ediblər. Cavab məktubunda diqqəti buna çəkən Leyla Əliyeva yazır: "Siz öz məktubunuzda yazmısınız ki, cəbhə xəttinin və ya təmas xəttinin ermənilər tərəfində olmusunuz. Lakin siz bu gün həmin cəbhə xəttinin haradan keçməsi barədə fikirləşmisinizmi? Bu, Azərbaycan ilə Ermənistanın dövlət sərhədi və hətta keçmiş DQMV-nin inzibati sərhədi də deyil. Cəbhə xətti Azərbaycan ərazisini, erməni əhalinin heç vaxt olmadığı torpaqları kəsib keçir. İcazə verin, soruşum: sizin dediyiniz "kamuflyajlı və silahlı oğlanlar” - erməni əsgərləri bu gün Azərbaycan torpağında nə edirlər? Nə üçün onlar əllərinə silah alıb Ağdamda, Füzulidə, Kəlbəcərdə, Zəngilanda, Qubadlıda dayanıblar? Onlar öz doğma Ermənistanından onlarca kilometr aralıda, Azərbaycan torpağında nə edirlər? Bunlar xoşagəlməz və kimlər üçünsə naqolay suallardır. Lakin bu suallara cavab verilmədən nə möhkəm sülh ola bilər, nə də səmərəli sülhyaratma təşəbbüsləri”.

Rusiyalı xanımlar sülh təşəbbüslərinin reallığa çevrilməsini istəyirlərsə, ilk növbədə bu işə nədən və hardan başladıqlarının fərqində olmalıdırlar. İndiki halda isə onlar hədəf və yollarını düz seçməyiblər. Ona görə Leyla Əliyeva rusiyalı xanımlara cavabında onlara sülh çağırışı üçün nədən başlamaları olduğunu izah edir. Həmin xanımlar ilk növbədə Azərbaycan torpaqlarının azad edilməsinə çağırış etməlidirlər. Leyla Əliyevaya məktubda qeyd etdikləri gənc insanların ölümünün qarşısını almaq üçün sülh təşəbbüsləri Ermənistandan başlamalı, Azərbaycan torpaqlarının işğalına son qoyulmasına çağırış edilməlidir. Bu çağırış erməni qadınlarını və analarını övladlarını Azərbaycanın işğal olunmuş torpaqlarına göndərməkdən çəkindirməlidir.

A.Akopyan həmin xanımlara heç bir sülh yolu göstərə bilməmişdi. Amma Leyla Əliyeva onlara bu yolu təfsilatı ilə göstərdi, onları hədəflərini düzgün seçməyə səslədi. Bu mənada Leyla Əliyevanın məktubu həm də ədalətə çağırışdır. Ədalətli olmaq üçün isə rusiyalı sülh təşəbbüsçüləri işğalçını öz adı ilə çağırmalıdırlar. Əgər bu olmazsa, indiki məzmunlu sülh təşəbbüsləri faydasızdır. Çünki ikili standartlarla sülhə nail olmaq mümkün deyil.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.-18 dekabr.- S.1; 3.