Avropa Parlamentindən Azərbaycana böyük dəstək

 

Beynəlxalq təşkilatın qəbul etdiyi son qətnamə Prezident İlham Əliyevin xarici diplomatiyasının növbəti uğuru və məqsədyönlü, qətiyyətli siyasətin təntənəsidir

 

Milli Məclisin dünənki plenar iclası Avropa Parlamentinin 2018-ci ilin son iclasında qəbul etdiyi qətnamənin müzakirəsi ilə öz işinə başladı. Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev dekabrın 11-12-də Avropa Parlamentində keçirilən ilin son iclaslarından və qəbul edilən qətnamənin məzmunundan söz açdı.

 

Erməni lobbisinə ağır zərbə

 

Bildirildi ki, Avropa İttifaqının 140-dan çox nümayəndəsinin iştirak etdiyi mərasimdə öncə Azərbaycan Xalq Cümhuriyyəti haqqında qonaqlara dəyərli məlumatlar verilib. Sonra Avropa Parlamentinin (AP) plenar sessiyası keçirilibAvropa İttifaqının Xarici Fəaliyyət və Təhlükəsizlik siyasətinə dair illik hesabatı müzakirə edilib. Yekunda isə AP-nin qətnaməsi qəbul edilib.

Sənəddə bütün "Şərq tərəfdaşlığı ölkələri”nin, o cümlədən, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin tanındığı öz əksini tapıb. Qətnamədə Avropa İttifaqının və quruma üzv olan dövlətlərin regional münaqişələrə ikili yanaşmasını qadağan edən maddələr də yer alıb.

Erməni lobbisinin maraqlarına xidmət edən bəzi parlamentarilərin cəhdlərinə baxmayaraq, qətnamə böyük səs çoxluğu ilə təsdiqlənib.

Qətnamədə Azəbaycanın maraqlarına tam uyğun gələn bəndlər yer alıb. Belə ki, sözügedən sənəd Avropa İttifaqı "Şərq tərəfdaşlığı ölkələri”ndəki dondurulmuş münaqişələrə vahid mövqedən yanaşma tələb edir.

Deputat qeyd etdi ki, qətnamənin qəbulunda bu dəfə xalqların öz müqəddəratını təyin etmə prinsipindən söz açılmayıb. Erməni lobbisinin səylərinə baxmayaraq, xalqların öz müqəddəratını təyin etmə məsələsi məruzəyə salınmayıb.

 

2019-cu il Dağlıq Qarabağın azad edilməsi ili olmalıdır

 

Müzakirələr zamanı deputatlardan Zahid Oruc, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovİctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov çıxış edərək bildirdilər ki, builki hesabatda "Şərq tərəfdaşlığı ölkələri”ndə dondurulmuş münaqişələrin həlli üçün beynəlxalq hüquq normaları əsas götürülüb.

Qətnamənin qəbul edilməsi onu göstərir ki, Avropada artıq Azərbaycanın haqq səsini eşidirlər. Bu, Azərbaycan xarici siyasət idarəsinin və Prezident İlham Əliyevin uzaqgörən, qətiyyətli siyasətinin nəticəsidir.

Komitə sədri Səməd Seyidov dedi ki, Avropa Parlamentində Azərbaycanla bağlı atılan addımlar, sözün əsl mənasında, vacib və gözlənilən nəticə idi. Çünki Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsi bu gün Avropanın ən böyük, nüfuzlu, təsir etmə imkanına malik olan, Avropa üçün istiqaməti müəyyən edən Avropa Parlamentinin sənədində birmənalı şəkildə öz əksini tapıb: "İki il bundan öncə Avropa Parlamenti Azərbaycana qarşı ağlasığmaz dərəcədə mənfi qətnamə qəbul etmişdi. Lakin Azərbaycan iqtidarının, parlamentinin mütəşəkkil, ardıcıl, məntiqli işləri nəticəsində belə gözəl nəticə əldə edildi. Birgə görülən mütləq şəkildə öz bəhrəsini verməli idi”.

Deputat Qüdrət Həsənquliyev isə hesab etdi ki, Avropa Parlamenti tərəfindən belə bir qətnamənin qəbul edilməsi Azərbaycan üçün böyük uğurdur: "İlk dəfədir ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və münaqişənin ərazi bütövlüyü çərçivəsində həllini vacib sayıb. Bu, ikinci diplomatik qələbədir. Artıq Ermənistan təklənib, hətta öz müttəfiqlərini itirir. Hesab edirəm ki, Azərbaycan Ermənistana təzyiqlərini artırmalıdır. 2019-cu il Dağlıq Qarabağın azad edilməsi ili olmalıdır”.

Spiker Oqtay Əsədov isə vurğuladı ki, bunların səbəbi Prezident İlham Əliyevin ortaya qoyduğu prinsipial mövqedir. Dövlət başçısının apardığı siyasət artıq bəhrəsini verməkdədir. Bu, məqsədyönlü, sistemli, qətiyyətli siyasətin təntənəsidir.

 

Azərbaycanın uğurları artdıqca, ona hücumlar da artır

 

"Azərbaycanın uğurları artdıqca, ölkəmizi sevməyən qüvvələr, erməni lobbisi ilə maliyyələşən dairələr respublikamız haqqında mənfi fikirlər formalaşdırmağa başlayırlar. Biz addımımızı geri qoyduqca, onlar bir az da üzərimizə gəlirlər. Kanallarında, saytlarında bu gün dövlət quruculuğunda, ölkənin inkişafında, təhlükəsizliyin, ictimai-siyasi sabitliyin qorunmasında xüsusi rolu olan şəxslər haqqında təhqiramiz fikirlər söyləyirlər. Biz niyə susmalıyıq?”

Bunu isə İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov dedi. Onun sözlərinə görə, milli azadlıq hərəkatında iştirak etməyən, döyüşlərə qatılmayan, xalqın taleyüklü məsələrində fəaliyyəti olmayan şəxsin deputatları təhqir etməsi yolverilməzdir.

Deputat Fəzail İbrahimli isə son zamanlar sosial şəbəkələrdə Milli Qəhrəman Mübariz İbrahimov haqqında arzuolunmaz kampaniyaya başlayanlara irad tutdu. Bildirdi ki, bu, milli ruhumuza, milli qəhrəmanımıza, dövlətçiliyimizə hücumdur. Bu, həmin şəxsin "dayıları”nın diktəsidir.

Spiker Oqtay Əsədov da mövzuya münasibət bildirdi: "Xalq həmin insanın cavabını verib. İnsanların bu məsələyə göstərdiyi hiddətin şahidi olduq. Həmin şəxs heç psixoloq da deyil, hələ bilinmir oxuyub psixoloq olacaq, ya yox. Bu insan heç universitet də bitirməyib, onun psixoloq olmasına hələ illər lazımdır. Onun cavabını xalqımız verdi”.

 

Yeni medal təsis edildi

 

Çıxışlardan sonra gündəlikdəki məsələrin müzakirəsinə başlanıldı. İlk olaraq "Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev və Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanatının təsdiq edilməsi barədə” və "Azərbaycan Respublikasının Hökuməti ilə Rusiya Federasiyasının Hökuməti arasında elektrikötürücü xətlər və boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarəti haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihələri təsdiqləndi.

Deputatlar həmçinin "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə üçüncü oxunuşda müsbət münasibət bildirdilər. Həmçinin "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsi də səsverməyə çıxarılaraq qəbul edildi.

 

Gerbin ayaq basılan yerlərə vurulması qadağandır

 

Parlament həmçinin Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş), "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” (üçüncü oxunuş), Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş), "Avtomobil nəqliyyatı haqqında”, "Sığorta fəaliyyəti haqqında”(üçüncü oxunuş) qanunlarda dəyişiklik edilməsi barədə layihələri də təsdiqlədi.

İclasda birinci oxunuşda müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” və "Azərbaycan Respublikasının Dövlət Himni haqqında” qanun layihələri ilə bağlı geniş müzakirələr aparıldı.

İlk sənəd 9 maddədən ibarətdir. Azərbaycanın Dövlət Gerbinin istifadəsi qaydalarını müəyyən edir. Qanun layihəsi ilə Azərbaycanın Dövlət Gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşib. Layihəyə əsasən, Dövlət Gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir.

Dövlət Gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır. Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, Dövlət Gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

 

Himn çalınanda necə dayanmalıyıq?

 

İkinci layihə də 9 maddədən ibarətdir və Azərbaycan Dövlət Himninin ifa edilməsi, oxunması və dinlənilməsi qaydalarını müəyyən edir.

Vətəndaşlar üçün Dövlət Himninin ifa edilməsinə, oxunmasına və dinlənilməsinə dair tələblər mövcuddur. Himn nəzərdə tutulan qaydada ifa edilməli, dinlənilməli və oxunmalıdır.

Müzakirələr zamanı Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov təkliflə çıxış etdi: "Məlum məsələdir ki, himn ifa olunanda hamı ayağa durmalıdır. Ancaq himn çalınanda hərə bir cür dayanır. Bilirik ki, farağat vəziyyətində dayanmaq lazımdır. Amma bəziləri farağat, bəziləri isə əli ürəyinin üstündə dayanır. Bunlara aydınlıq gətirilməlidir”.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi.

 

Bəzi komitələrin səlahiyyətləri artırıldı

 

İclasda həmçinin "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də (birinci oxunuş) təsdiqləndi. Yeni dəyişikliyə əsasən, bundan sonra Milli Məclisin İnsan hüquqları komitəsi Ailə, qadın və uşaq məsələləri komitəsi ilə birlikdə gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) fəaliyyəti haqqında illik məlumata baxacaq və rəy verəcək.

Digər dəyişikliklə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi Hesablama Palatasının fəaliyyəti barədə illik hesabata baxacaq və rəy verəcək. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq təsdiqləndi.

 

Ümumi təhsil qaydalarında yeniliklər ediləcək

 

Gündəliyin sonuncu məsələsi - "Ümumi təhsil haqqında” qanun layihəsinin birinci oxunuşu ətrafında geniş müzakirələr aparıldı. Sənədi təqdim edən parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirdi ki, 5 fəsil, 33 maddədən ibarət qanun layihəsi Azərbaycanda ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

Qanun layihəsinin 12-ci (ümumi təhsil müəssisəsi) maddəsində bildirilir ki, ümumi təhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş geyim formaları tətbiq ediləcək.

Qanunun 13-cü (ümumi təhsilin təşkili) maddəsinə əsasən, ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) təşkil edilir. Təmayül sinifləri şagirdlərinin sayı ən azı 15 nəfər olmaqla komplektləşdiriləcək. Hazırda bu rəqəm 20-dir.

Müzakirələr zamanı parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputat Qüdrət Həsənquliyev çıxış edərək bildirdilər ki, "Ümumi təhsil haqqında” qanun layihəsi ciddivacib sənəddir. Təhsil elə sahədir ki, bütün Azərbaycan vətəndaşları bu sistemlə bağlıdır. Ancaq orta təhsil sistemi nisbətən sadələşdirilməlidir. Siyavuş Novruzov hesab edir ki, orta məktəb şagirdlərinin dərs yükü çoxdur. Eyni zamanda ehtiyac olan ərazilərdə yeni məktəblər tikilməlidir. Qüdrət Həsənquliyevə görə, artıq Avropada iki növbəli tədris ləğv olunub. Əgər məktəb çatışmazlığı varsa, o zaman yeni məktəblər tikilməlidir. Bu məsələləri həll etmədən ciddi dəyişikliklərə nail olmaq qeyri-mümkündür.

Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edildi. Bununla da parlamentin plenar iclası başa çatdı.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2018.- 19 dekabr.- S.1; 4.