Akademik Ramiz Mehdiyevin kitabının təqdimatı olub

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tarixcoğrafiya fakültəsinin təşkilatçılığı ilə universitetdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yeni işıq üzü görmüşQriqorian kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq aləti kimi. XVII əsr – XVIII əsrin ilk dörddəbiri” adlı kitabının təqdimatı keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, təqdimatda universitetin rəhbərliyi, professor-müəllim heyəti, AMEA-nın Abbasqulu ağa Bakıxanov adına Tarix İnstitutunun əməkdaşları iştirak ediblər.

Tədbiri açan ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, təqdimatı keçirilən kitab bu gün tarix elmimiz üçün çox aktual olan bir mövzuya həsr edilib. Akademik Ramiz Mehdiyev Səfəvilər dövləti ilə bağlı bir neçə kitabın müəllifidir. Böyük alimin geniş və hərtərəfli elmi tədqiqatları nəticəsində ərsəyə gətirdiyi həmin kitablar elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib. Yeni əsərin əsas özəlliyi Ramiz Mehdiyevin həm tədqiqatçı-alim, həm də dövlət xadimi olaraq Səfəvilər dövlətinə yeni prizmadan yanaşmasıdır. Bu əsər Azərbaycan tarixşünaslığında və siyasi elmində Qriqorian kilsəsinin Səfəvilər dövlətinə qarşı kəşfiyyat və siyasi-ideoloji fəaliyyətinin geniş işıqlandırılmasına göstərilən ilk cəhddir. Çoxsaylı mötəbər elmi mənbələr əsasında yazılmış bu fundamental əsərdə problemlərin qoyuluşu və həlli tamamilə yenidir. Əsərdə Vatikan tərəfindən göndərilmiş katolik missiyasının qeyd etdiyimiz dövrdə Səfəvilərə qarşı həyata keçirdiyi ideolojicasusluq fəaliyyətinin strategiya və taktikası, həmçinin Qriqorian kilsəsinin katolik missiyası ilə əlaqələri ardıcıl və dəqiq aydınlaşdırılır. Əsərdə erməni siyasi elitasının satqınlığı, Qriqorian kilsəsinin fitnəkar, pozucu, casusluq fəaliyyəti ifşa edilir. Konkret elmi-tarixi faktlara söykənən bu əsər sistemli fəaliyyətin uğurlu davamıdır. Əsərin rus dilində yazılması onun istifadə imkanlarının və oxucu auditoriyasının genişlənməsinə imkan verir. Bu əsər bütövlükdə tarix elmimizə böyük töhfədir.

Tədbirdə çıxış edən AMEA Tarix İnstitutunun professoru Şahin Fazil, ADPU-nun Azərbaycan tarixi kafedrasının müdiri, dosent Naibə Əhmədova, tarix üzrə fəlsəfə doktoru, dosent Dilavər Əzimli, universitetin Azərbaycan tarixi kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Elman Mirzəyev akademik Ramiz Mehdiyevin mötəbər elmi-tarixi mənbələr əsasında yazdığı yeni əsərin çox maraqlı və aktual mövzuya həsr olunduğunu bildiriblər. Çıxışlarda qeyd edilib ki, bu əsərdə Qriqorian kilsəsinin Səfəvilər dövlətinə qarşı apardığı pozucu kəşfiyyat və siyasi-ideoloji fəaliyyət geniş işıqlandırılır. Əsər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin obyektiv araşdırılması üçün böyük əhəmiyyət kəsb edir.

Sonra kitabla bağlı müzakirələr aparılıb. AMEA-nın müxbir üzvü, professor Vəli Əliyev, professor Himalay Qasımov, dosent Sevinc Seyidova, dosent Elmira Süleymanova çıxış edərək bu dəyərli əsərin bütün türk xalqları üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

 

Azərbaycan.- 2018.- 20 dekabr.- S.5.