Bakıda keçirilən forumda təhsilingələcəyi ilə bağlı müzakirələr aparılıb

 

Bakıda keçirilən "Azərbaycanda İnsan Kapitalı üzrə Forumişini dekabrın 20-də davam etdirib.

AZƏRTAC xəbər verir ki, Dünya Bankı ilə Azərbaycan hökumətinin müvafiq qurumlarının birgə təşkil etdiyi tədbirdə təhsilin gələcəyi ilə bağlı təqdimatlar dinlənilib, müzakirələr aparılıb.

Forumda çıxış edən Dünya Bankının Azərbaycandakı ölkə ofisinin rəhbəri Navid Həsən Naqvi müasir dünyada təhsilin mühüm rolundan danışıb, bu sahənin inkişafı ilə bağlı fikirlərini bildirib.

Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin təhsilə daim xüsusi önəm verdiyini vurğulayıb. Son illərdə təhsil sahəsində mühüm islahatların və layihələrin həyata keçirildiyini qeyd edən nazir qazanılan uğurlar barədə məlumat verib.

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən bəhs edən C.Bayramov bu proqramın təhsilin inkişafında müstəsna rol oynayacağını diqqətə çatdırıb.

Təhsil naziri Azərbaycanın xarici ölkələrin ali məktəbləri ilə birgə ikili diplom proqramları həyata keçirəcəyini söyləyib. Nazir bildirib ki, peşə təhsili inkişaf etmiş iqtisadiyyatın formalaşmasında mühüm rol oynayır. Son bir neçə ildə ölkəmizdə peşə təhsili alanların sayı xeyli artıb.

C.Bayramov ömür boyu təhsilin vacibliyini də vurğulayıb.

Sonra Dünya Bankının nümayəndəsi Harri Patrinosun təhsillə bağlı təqdimatı dinlənilib.

Forumda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. İnsan kapitalının yüksəldilməsi ilə bağlı fikirlərini bölüşən M.Abbaszadə təhsilin daha çox karyerayönümlü olmasının əhəmiyyətini diqqətə çatdırıb.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri ölkəmizdə təhsil sahəsində səmərəli tədbirlərin həyata keçirildiyini söyləyib.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov dünyada, o cümlədən respublikamızda ali təhsilin cəmiyyətin inkişafına uyğunlaşdırılması üçün ciddi addımlar atıldığını bildirib.

Sonra mövzu ilə bağlı geniş müzakirələr aparılıb.

 

Azərbaycan.- 2018.- 21 dekabr.- S.3.