Şəbi-Yelda

 

Dekabrın 21-dən 22-nə keçən gecə Böyük Çillə girir

 

Payızın son, qışın ilk gecəsi, ilin ən uzun və ən qaranlıq gecəsi Yelda… Şairlərimiz bu günü vəsf edib, gözəlin uzunqara saçlarına, zil qara gözlərinə bənzədiblər, şəbi-Yelda deyiblər… Xalqımız isə bu günü bayram edib, gələcək işıqlı günlərin məhz bu ən uzun qaranlıq gecədən doğulduğuna inanıblar...

 

Yerin Ayla eyni başlanğıc nöqtəsinə gəlməsi üçün...

 

Folklorun tərkib hissəsi olan xalq bayramları tarix boyu inkişaf yolu keçərək, təkmilləşmiş müxtəlif adət, ənənə, mərasim və ayinlərlə zənginləşmişdir. Bayramlarımız təbiətlə, təqvimlə, ilin müəyyən günləri, saatlarıyla bağlı olub. Azərbaycan xalqı da yüzilliklər boyunca erkən təsəvvürləri ilə bağlı bir-birindən rəngarəng milli bayramlarını yaratmışdır. Bu bayramlar ilkin dövrlərdə əkinçilik, maldarlıq, ovçuluq, xalçaçılıq, səma cisimləri ilə bağlı ayinləri, mərasimləri ənənəvi olaraq davam etdirmişdir. Bu xalq bayramlarını meydan tamaşaları, yallılar, insanların məişəti ilə bağlı oyunlar bəzəmişdir.

İslamaqədərki bayramlarımızdan biri də dekabrın 21-dən 22-nə keçən gecə qeyd olunan Yeldadır. Yelda gecəsi - Yer kürəsinin Şərq yarımkürəsində ilin 365 gününün ən uzun qaranlıq gecəsidir. Yer kürəsinin Günəş ətrafına bir dəfə tam dövrü bir il ərzində (365 günə) gerçəkləşir. Bu müddətdə Ay həm öz, həm də Yer kürəsi ətrafında 12 dəfə dövr etmiş olur. Bu, Ay təqviminə görə, tam bir ilə bərabərdir. Lakin Yer kürəsi bu dövrü tamamlayıb başlanğıc nöqtəsinə gəldikdə Ay hələ həmin nöqtəyə gəlib çatmır. Yer kürəsinin Ayla eyni başlanğıc nöqtəsində görünməsı üçün 19 il keçməlidir. On doqquz illik bir müddət astronomiyada meton ili adlanır. Yəni Ay təqvimi 19 ildən bir düzəldilməlidir.

 

Minilliklərdən süzülüb gələn adət-ənənə…

 

Filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyeva bildirir ki, araşdırmalara əsasən demək olur ki, xalqımızın bir sıra bayramlarının başlanğıcı miladdan əvvəlki minilliklərin adət-ənənəsinə söykənir.

Xalqımızın milli yaddaşında cilalanaraq bugünümüzə gəlib çatan bayramlardan biriYelda gecəsidir: "Təəssüf ki, uzun illər ərzində dini, mənəvi-əxlaqi dəyərlərimiz, adət-ənənələrimiz bolşevik ideologiyasının müqavimətinə tuş gəlmişdir. XX yüzilliyin 20-50-ci illərində bütöv xalqın min ildən artıq bir müddətdə yaşatdığı dini, mənəvi dəyərləri yasaq edilmişdir. Xalqın Şərqlə bağlılığını qırmaq üçün əski əlifba dəyişdirildi, milli adət-ənənələrdən uzaqlaşdırılmaq meyilləri gücləndirildi. Lakin bədxahlarımız dədə-baba adət-ənənələrimizi unutdurmağa çalışsalar da, buna nail ola bilmədilər. İnsanların mənəvi cəhətdən təmizlənməsinə xidmət edən belə bayramlar, müvəqqəti olaraq küçə və meydanlardan ürəklərə, evlərə köçdü... Xalqımız öz azadlığına qovuşduğu gündən bayramlarımız da yenidən dəyərləndi və öz əvvəlki təravətinə, ab-havasına qaytarılaraq daha da şux keçirilməyə başlandı”.

 

Həm də arzu, niyyət gecəsi…

 

Böyük Çillənin gəlişi ilə keçirilən bayramın magik xarakter daşıdığını söyləyən filoloq qeyd edir ki, folklorşünas alimimiz Azad Nəbiyev həmin bayram barədə yazırdı ki, Novruza hələ doxsan gün qalmış, yəni qışın, - Böyük Çillənin girməsi ilə bağlı xalq arasında çillə şənlikləri keçirilərdi və müxtəlif nəğmələr oxunardı. Bu gecə şəms ilinin, dey ayının başlanğıc gecəsidir, azər ayının - qışın ilk başlanğıc gecəsi və Novruz bayramına üç ay qalmışa təsadüf edən bir gecədir. Qırx gün davam edən Böyük Çillənin ilk günüdür. Miladi tarixi ilə dekabrın 21-dən 22-nə keçən ən uzun qaranlıq gecə Böyük Çillənin girməsi ilə bağlıdır. Bu çillənin ömrü qırx gün davam edir deyə xalq əvvəlcədən qışa tədbir görərdi: "Əvvəlki illərdə qış ayları çox sərt, soyuq keçirmiş. Ona görə də insanlar qışın gəlişini ruh yüksəkliyi, bol süfrə ilə qarşılayırlar ki, qış ağır keçməsin. Dağlıq ərazidə yaşayanlar bu bayramı daha önəmli keçirirlər. Əvvəlcədən bolluq üçün ərzaq tədarük edilirdi. Qışın başlamasından daha çox çobanlar narahat olduqları üçün süfrədə təmtəraq yaradırdılar ki, üzümüzə gələn il, inşallah, bolluq ili olsun, mal-qara aclıqdan, soyuqdan əziyyət çəkməsin. Bu bayram gecəsi Tanrıya nəzir-niyaz deyilib ki, qış yaxşı keçsin, qarşıdan gələn yazda taxıl, meyvə, tərəvəz bol olsun. Qarşıdakı illərin, ayların xoş gəlməsi üçün aylı gecədə, isti sobanın kənarında oturub səhərə kimi nağıllar, dastanlar, qaravəllilər söyləyərmişlər. Gecədən sübhə kimi insanlar dua edərmişlər ki, qışdan yaza sağ-salamat çıxsınlar. Bu gecə insanlar üçün həm də arzu, niyyət gecəsi olub. Yelda gecəsi insanlar çalışırlar ki, yatmasınlar”.

 

Günəşin qələbəsi bayram edilərdi

 

Almara Nəbiyeva məlumat verir ki, ilin qarşıdakı yeni baharının bünövrəsini qalın qışla qoyan gecədə nağıl, dastan danışılar, qovurğa, qovut yeyilər, günəşin şüalarını xatırladan qarpız dilimi yeməklə xəstəlikdən, azar-bezardan uzaq olacaqları düşünülər, səhəri gün isə günəşin qələbəsi kimi bayram edilərdi: "Yay aylarında qarpızı, qabağı xarab olmasın deyə ot tayalarının, ya da samanın içərisində (sünbülün küləşi) Çilləçıxarma bayramı üçün saxlayırdılar. Həmin gün böyük süfrə açır, qarpızı dilimləyər, hər dilimini bir siniyə qoyar, üstünə örtük salar, xonça kimi paylayarlar”.

Alim qeyd edir ki, ümumtürk bayramı olan Yelda gecəsindən əvvəl təmizlik işləri başlanardı, səliqə-sahman yaradılardı. Bayrama hazırlaşan qonşular bir-birinə kömək edər, iməcilik keçirərdilər. Qonşuya, qohuma bu gün üçün pay tutulardı. Bu gecədə ən çox yeyilən meyvələrdən nar, tərəvəzlərdən isə qarpız və boranıdır. Bayram günü boranı bişirilər (Lənkəran ərazisində), balıqla bir yerdə yeyilərdi. Qarpız, balqabaq, nar, dairəvi olduğu üçün həm Yer kürəsini simvolizə edir, həm də birlik mənasını daşıyır.

 

Dünya da bu bayramı qeyd edir

 

Azərbaycanın Gəncə, Şəki, Lənkəran, Naxçıvan, Qarabağ başqa ərazilərində Yelda gecəsi mərasiminin hər il qeyd edildiyini söyləyən Almara Nəbiyeva məlumat verir ki, dünyanın bəzi ölkələrində bu bayram qeyd edilir. Niderlandda bu günü Müqəddəs Tomas günü, Çində Duncçitsze bayramı, slavyan mifologiyasinda Karacun, Təbrizdə isə Şəbi-Yelda (Yelda gecəsi) kimi hər il qeyd edirlər. Həmin gündən günəşli günlər uzanmağa başlayır. Bayramın rəmzi işığın qaranlıq üzərində simvolik qələbəsidir. İnanca görə, bu gecədə qarın yağması ilin sevincinə, bol bərəkətinə səbəb olur. Cənubi Azərbaycanın, demək olar ki, bütün bölgələrində əski dövrlərdən şəbi-Yelda möhtəşəm keçirilmişdir. Bu bayram həmin ərazidə indiyə qədər yaşayır: "Araşdırma zamanı məlum oldu ki, Yelda gecəsi Təbrizdə ailələr bir araya gəlir, sözlü nişanlılar bu gecə bir-birlərinə dadlı hədiyyələr göndərir, evlərinə qonaq olur nişanlı qız ziyarətə gələnlərə kəsilməmiş parça paltar hədiyyə edir”.

 

İldə bir Yelda olar, bir ay iki Yeldayə bax

 

Filoloq deyir ki, qədim dövrlərdən yazarlarımız bu bayram mərasimini şeirlərində anmışlar. Yelda gecəsi ilə bağlı türkdilli poeziyada, qəzəl ustadlarının irsində xeyli nümunə var. Azərbaycan ədəbiyyatında Seyid Əzim Şirvaninin, Qasım bəy Zakirin, Əzizə Cəfərzadənin, Məhəmmədhüseyn Şəhriyarın, Hüseyn Asiqinin, Anarın və digər yazarlarımızın yaradıcılığında bayramın adət-ənənələri təsvir edilmişdir. Bu bayram mövzusunun tərənnümü ustad aşıqlarımızın da yaradıcılığında öz əksini tapmışdır.

XIX əsrin şairəsi Heyran xanımın bu bayramla bağlı işlətdiyi istiarələr maraqlı və yaddaqalandır:

 

Qaşları ol dilbərin göydə olub qövsi-kəman,

Qaşlara bir qıl təmaşa, sonra tazə ayə bax.

Ay üzü saçlar arasında yaratmış möcüzə,

İldə bir Yelda olar, bir ay iki Yeldayə bax!

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2018.- 21 dekabr.- S.7.