Gənclərin ən böyük hamisi

 

Son 15 ildə Azərbaycanın keçdiyi şərəfli yol, görülən əzəmətli işlər, qısa müddətdə Qafqazın lider dövlətinə çevrilməsi, dünya dövlətləri sırasında özünə layiqli yer tutması müzakirə mövzusu olduqda hər kəs qazanılan bütün bu uğurlarda İlham Əliyev fenomenini xüsusi vurğulayır.

Cənab İlham Əliyevin fəaliyyəti dövründə qazandığı böyük uğurlara qısaca ekskurs edərkən seçicilərin 76,84 faiz səsini qazandığı 15 oktyabr 2003-cü il seçkisindən sonra dediyi sözlər yada düşür: "Mən hər bir azərbaycanlının Prezidenti olacağam”.

Azərbaycan Prezidentinin gördüyü fantastik işlər ona təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə də böyük şöhrət qazandırıb. Səmimiliyi, milli təəssübkeşliyi, böyük vətəndaşlığı, Azərbaycan sevgisi, vətəninə, xalqına sədaqəti, qətiyyəti, prinsipiallığı, bəşəri duyğuları, insanlara canıyananlığı, ona ümumxalq sevgisi gətirib.

Ötən bu illər ərzində İlham Əliyev həqiqətən hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu əməli işləri ilə sübut edib. İmzaladığı fərman və sərəncamlarla, praqmatik qərarlarla, həyata keçirdiyi islahatlarla ölkəmizin dinamik inkişafını, çiçəklənməsini, tərəqqisini təmin edən İlham Əliyev yaradıcı, qurucu dövlət xadimi olduğunu bir daha nümayiş etdirdi.

Ölkədə sabitliyi, dinamik inkişafı təmin etmək üçün ilk növbədə vətəndaş həmrəyliyi, qarşılıqlı münasibətləri normallaşdıran, cəmiyyətdə sağlam iqlim yaradan ölkə Prezidenti insanlar arasında dövlətə, dövlətçiliyə inam, etibar hissini artırdı. İnsanlarda öz ölkəsini sevmək, onun uğrunda döyüşmək, onunla qürur duymaq, vətənin sərhədlərini göz bəbəyi kimi qorumaq hissi, duyğusu yaratdı. Bu, cənab İlham Əliyevin ən parlaq qələbəsi idi. Çünki qazanılan bütün qələbələrin başında sabaha, gələcəyə inam hissi dayanırdı.

Hadisələrin sonrakı inkişafı göstərdi ki, "İlhamla gələcəyə”, "İlhamla qələbələrə” devizləri heç də təsadüfi seçilməyib. Bu, görülən əzəmətli işlərin, qazanılan möhtəşəm qələbələrin əks-sədası, müjdəsi idi. Elə aprelin 11-də keçirilən prezident seçkilərində xalqın yenidən İlham Əliyevə ümummilli etimad mandatı verərək özünə lider seçməsi bunu bir daha təsdiqlədi.

Qətiyyətli və prinsipial siyasət yürüdən Prezident xarici siyasətdə vətənpərvərlik, təşəbbüskarlıq, müasir Avropadünya siyasətinin incəliklərinə bələd olduğunu nümayiş etdirərək həm də bacarıqlı, istedadlı, əsl diplomat olduğunu bir daha sübut etdi.

İlham Əliyevin Ali Baş Komandan kimi qətiyyətli hərəkəti Azərbaycana uğurlar qazandırdı. AprelGünnüt döyüşləri zamanı Azərbaycan Ordusunun qələbəsi və işğal altında olan torpaqlarımızın tezliklə azad olunmasına inam yaratması xalqımızda dövlət başçısına rəğbət hissi yaratdı.

Tarixi İpək yolunu bərpa etmək üçün bütün müqavimətlərə baxmayaraq, Azərbaycan Prezidenti əsl qətiyyət, müstəqil dövlətin başçısı olmaq gücünü göstərdi, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin çəkilməsinə nail oldu. Bu strateji qərar ilə türk dünyasını bir-birinə dəmir bağlarla bağlayan İlham Əliyev həm də dəmir xarakterini ortaya qoydu. Bu uğurlu layihə həm də Azərbaycanı dəmir tellərlə Asiyaya, Avropaya bağladı. Cənab İlham Əliyev XXI əsrin iqtisadi möcüzələrindən sayıla biləcək "Cənub qaz dəhlizi” layihəsinin uğurla reallaşması üçün bütün imkanlardan istifadə etdi.

İşğalçı Ermənistanın yalan, iftira, şər-şəbədə dolu hay-küyünü məqsədyönlü siyasəti, gördüyü əməli işlərlə puça çıxaran Prezident İlham Əliyev dünyanın ən yüksək, mötəbər tribunalarından öz xalqının haqq səsini bəyan etdi.

Dövlət başçısı inkişaf tempi ilə hamını heyrətdə qoyan, Avropanın ən gözəl şəhərlərindən birinə çevrilən Bakıda yaranan işgüzar atmosferi regionlara köçürdü. Rayonlarımıza ardıcıl səfərləri, respublikanın hər bir bölgəsini diqqət mərkəzində saxlaması, verdiyi sərəncamlar ölkəmizi gözəllik diyarına çevirdi. Yeni yolların çəkilməsi, sosial obyektlərin istifadəyə verilməsi, parkların, xiyabanların salınması, məktəblərin, bağçaların öz qapılarını balalarımızın üzünə açması, yeni idman meydançalarının, olimpiya komplekslərinin gənclərimizin istifadəsinə verilməsi bu ağıllı, vətənpərvər dövlət xadiminin xalqa nə qədər yaxın, doğma, əziz olduğunun bariz nümunəsi idi.

Dünyada elə bir dövlət başçısı yoxdur ki, ölkə daxilində bu qədər səfərlərdə olsun, insanlarla belə yaxın təmasda, görüşlərdə olsun, qocalara, uşaqlara, kimsəsizlərə yardım etsin. Saysız-hesabsız görüşləri, insanları səbirlə dinləməsi, hər birinin məsləhətlərini, arzu və təkliflərini nəzərə alması İlham Əliyevin həqiqətən hər bir azərbaycanlının sevimli Prezidenti olmasından xəbər verir.

Bu gün Azərbaycan dünyanın millidini tolerantlıq mərkəzidir. Bütün xalqlara, dinlərə ölkəmizdə hörmət, ehtiramla yanaşılır. Dövlət qeydiyyatına alınmış 529 dini icmadan 29-nun qeyri-müsəlman olmasının özü bizim xalqımızın necə böyük, nəcib qəlb sahibliyinin göstəricisidir.

Prezident İlham Əliyevin ölkəmizdə səhiyyənin, təhsilin, mədəniyyətin inkişafına diqqət və qayğısı bu sahələrdə sözün əsl mənasında böyük dəyişikliklərə səbəb olub, gəncliyin qarşısında geniş üfüqlər açıb. İlham Əliyevin 15 ildə gördüyü əzəmətli, möhtəşəm işlər, doğrudan da, hər bir azərbaycanlıda qürur, fəxarət hissi doğurur.

Azərbaycan Prezidenti həm də gənclərin yaxın dostu, məsləhətçisidir. Onu həmişə gənclərin əhatəsində görmək olar.

Ölkə Prezidentinin daim şəhid ailələrinə, pensiyaçılara, qaçqın və məcburi köçkünlərə dəstəyi, onları tezliklə doğma yurdlarına qayıtmağa ruhlandırması, işğaldan azad olunmuş Cocuq Mərcanlıya qayıdan insanlara yaratdığı ideal şərait hər bir vətən övladında sabahkı qələbələrə böyük ümid hissi oyadır.

Azərbaycan xalqının xoşbəxt gələcəyinin ən layiqli təminatçısı olan Prezidentə xalqımızın inamı, etibarı böyükdür. Çünki İlham Əliyev gördüyü möhtəşəm işlərlə xalqın qəlbində özünə taxt-tac qurmuşdur.

 

Günel MƏLİKLİ,

siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2018.- 23 dekabr.- S.9.