Bakıda UEFA Avropa Liqasına həsr edilən muzeyin açılışı olub

 

Bakıda futbol üzrə UEFA Avropa Liqasına həsr olunmuş muzeyin dekabrın 22-də açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, AFFA-nın İcraiyyə və Məşqçilər komitələrinin üzvləri iştirak ediblər.

Tədbir iştirakçıları muzeydə nümayiş etdirilən eksponatlarla tanış olublar. UEFA tərəfindən təqdim olunmuş eksponatlar böyük maraqla qarşılanıb.

Muzeylə tanışlıqdan sonra Rövnəq Abdullayev, Azad Rəhimov, Çingiz Hüseynzadə, AFFA-nın İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov və "Avropa Liqası Finalı Bakı-2019” layihəsinin səfiri Vəli Qasımov Topaz Premyer Liqasında iştirak edən klubların AFFA-nın U-12 Liqasında mübarizə aparan komandalarının üzvləri ilə görüşüb, onlarla xatirə şəkli çəkdiriblər. Komandaların üzvləri açılış mərasimindən sonra muzeydəki eksponatlarla tanışlıq imkanı qazanan ilk ziyarətçilər olublar.

UEFA Avropa Liqasının gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq kampaniyası çərçivəsində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında təşkil olunmuş muzey yanvarın 7-dək fəaliyyət göstərəcək.

Muzey üç hissədən ibarətdir. Sərgidə iştirak etmək istəyən qonaqlar girişdə yerləşdirilən məlumat zonasında qeydiyyatdan keçərək ətraflı informasiya əldə edə bilərlər.

Muzey zonasında Avropa Liqası tarixini əks etdirən eksponatlar – 2008-2018-ci illərdə keçirilmiş final oyunlarında iştirak etmiş komandaların futbolçularının imzalı formaları, Avropa Liqasının rəsmi topu, eləcə də bu turnirin final oyunlarında istifadə edilmiş imzalı oyun topları sərgilənir. Bundan əlavə, muzeyin daxilində quraşdırılmış monitorlarda Avropa Liqasının unudulmaz anları, final qarşılaşmalarında vurulmuş qollar və müxtəlif maraqlı məqamlar nümayiş etdirilir.

Oyun və istirahət zonasında isə ziyarətçilərə rəngarəng və əyləncəli proqramlar, həmçinin futbolla bağlı bilik və bacarıqlarını nümayiş etdirə biləcəkləri maraqlı yarışlarda iştirak imkanı təqdim olunur. Bundan əlavə, muzeydə yerli və əcnəbi futbol ulduzları ilə imza günləri də təşkil olunacaq. İmza günlərində ziyarətçilər futbolçularla yaxından tanış ola, onlardan imza ala, eləcə də xatirə şəkilləri çəkdirə biləcəklər.

Muzeyə giriş ödənişsizdir.

 

Azərbaycan.- 2018.- 23 dekabr.- S.10.