XXI əsrin
lideri
Pol Anri Holbax yazırdı:
"Hakimiyyət… o, həmişə böyük nemət
deyildir. Hakimiyyət o zaman böyük nemət
olar ki, ona çatmış insana həm təbiət, həm
də aldığı tərbiyə, alicənablıq,
qüdrətli ruh, geniş ürək, dövləti
ağıl və böyük təcrübə verir”.
İnsanlarla tarixin münasibəti
çox mürəkkəbdir. Xüsusilə
böyük insanlarla. Bəzən
onların təsiri əsrlərlə qalır, bəzən isə
əksinə, onlardan sonra millətin həyatında əsrlərlə
böyük rol oynamağa başlayır. Böyük
Heydər Əliyev belə şəxsiyyət idi. O, XXI əsrdə
cəmi üç il yaşadı. Lakin bütün ömrünü xalqının yeni
əsrdəki firavan həyatına həsr etdi. Və XXI
əsrimizi əmin-aman, sabit dünyamızı qürurlu, həyatımızı
təmin edən, qurub-yaradan, dünyanın yönünü
Azərbaycana çevirən mötəbər, möhtəşəm
bir Lider qoyub getdi!
Sirr deyil ki, tarixi-siyasi şəraitdən,
zamandan asılı olmayaraq, lider amili dövlətin
formalaşmasında və inkişafında müstəsna rol
oynayır. Bu da bir həqiqətdir ki, bu gün Azərbaycanın
müstəqil dövlət kimi mövcudluğu, davamlı
inkişafı da məhz bu amillə - xalqımızın
ümummilli lideri Heydər Əliyevin fenomenal şəxsiyyəti
ilə bağlıdır.
Ulu öndər
insanlarımızın, dövlətimizin çox çətin
məqamlarında öz ağlı, iradəsi, qərar qəbul
etmək səriştəsi, doğru yolu göstərmə
bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər
edərək, zülmətdən işığa
çıxarmışdı, milli hədəflərə
doğru apara bilmişdi. Bu gün isə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
ölkəmizə rəhbərliyi dövrü lider şəxsiyyətinin
mükəmməl nümunələrini əks etdirən
böyük bir tarixi salnaməyə çevrilmişdir.
Zəka, iradə,
uzaqgörənlik
Prezident İlham Əliyevin
ölkəmizə rəhbərlik etdiyi 2003-cü ildən bu
vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli
və sürətli inkişaf dövrü kimi daxil olub. Ulu öndərin
əsasını qoyduğu daxili və xarici siyasət kursunun
uğurla davam etdirilməsi sayəsində cənab İlham
Əliyev Azərbaycanı bugünkü yüksəliş və
inkişaf yoluna, tariximizin ən qüdrətli mərhələsinə
gətirib çıxara bilib.
Gənc dövlətin əsaslarının
möhkəmliyi və həyata keçirilən
strategiyanın səmərəliliyi məhz Prezident İlham
Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi
və uzaqgörənliyi sayəsində mümkün
olmuşdur. Bu mənada Prezident İlham Əliyev şəxsiyyəti
müasir cəmiyyətdə lider obrazının ən
mühüm cəhətlərini özündə birləşdirir.
Bu obraz, eyni zamanda ulularımızdan bizə
miras qalmış böyüklük, comərdlik, el-oba
üçün faydalı işlər ortaya qoyan əməlisalehlik
kimi yüksək mənəvi dəyərləri əks
etdirir.
Cənab İlham Əliyev
tarixdə ona qədər ad qazanmış bütün
böyük liderlər kimi insanların mənəvi birliyini təmin
edən, cəmiyyətdə müəyyən pozitiv əhvali-ruhiyyənin,
ideya və dəyərlər sisteminin formalaşmasına təsir
göstərən mühüm qüvvədir. Xalqın
lideri ilk növbədə insanları ümumi ideya, prinsip, məqsəd
ətrafında birləşdirməyi bacarmalıdır.
Ulu öndər Heydər Əliyevin yetkin bir məfkurə
kimi xalqımıza təqdim etdiyi azərbaycançılıq
ideologiyasının əsasını təşkil edən
dövlətçilik, vətənpərvərlik, ənənələrə
bağlılıq prinsipləri bu gün milli birliyin əsas təminatçısı
kimi çıxış edir. Bu prinsiplərə
sadiqliyini qoruyub saxlayan Prezident İlham Əliyev isə öz
fəaliyyəti ilə Heydər Əliyev ideyalarının
layiqli davamçısı olduğunu göstərməklə
yanaşı, innovasiyalara tez uyğunlaşmaq
bacarığı, dəyişən qlobal və regional
reallıqlar şəraitində ölkənin sabit milli
maraqlarını qoruya bilmək qabiliyyəti ilə
özünün əsl siyasi lider olduğunu isbat edir.
Şəxsiyyət
fenomeni
Məhz belə fenomen şəxsiyyətlərin
müəyyənləşdirdiyi yol hər bir millətin strateji
inkişaf konsepsiyasına çevrilməklə onun dünya
arenasında özünə layiqli yer tutmasını təmin
edir. "Mən ona özüm qədər inanıram və
gələcəyinə böyük ümidlər bəsləyirəm”
deyən Heydər Əliyevin xalqımıza özünün
layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin
prezidentlik fəaliyyətinin təhlili belə bu fikrin təxmin
deyil, qəti qənaət olduğunu sübut edir.
Ümummilli liderin müəyyən etdiyi strategiyanı ötən
müddətdə uğurla həyata keçirən və
yeni dövrün ruhuna uyğun zənginləşdirən
Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini
diqqətlə nəzərdən keçirdikdə onun
dövrün çağırışlarına çevik
reaksiya verən, yüksək erudisiyaya və idarəetmə
bacarığına malik, xalqına və dövlətinə
qəlbən bağlı lider olduğu bir daha təsdiqini
tapır. Prezident İlham Əliyevin rəhbərlik
etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində
özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və
ehtiramla yanaşırlar.
Azərbaycan xalqının
Prezident İlham Əliyevə dərin məhəbbətinin,
sarsılmaz inamının əsasında dövlətimizin başçısının
liderlik keyfiyyətləri dayanır. Onu xalqa sevdirən ən
mühüm xüsusiyyəti əsl dövlət rəhbərinə
xas qətiyyət, atdığı hər bir addımda milli
maraqları öndə yaşatmasıdır. Prezident İlham Əliyevin verdiyi hər bir qərar
Azərbaycan dövlətinin milli maraqlarına istinad edir.
Xalqa xidmət etmək, hər bir azərbaycanlının
Prezidenti olmaq onun həyat fəlsəfəsidir.
Prezident İlham Əliyevin
sosial siyasətinin əsasında Azərbaycan vətəndaşı
dayanır. Artıq neçə illərdir ki, ölkədə
sosial sahələrin dirçəldilməsi, bu sektorlara
güclü investisiya axınının müşahidə
olunması Prezident İlham Əliyevin fəaliyyətinin
mühüm istiqamətlərindən biridir. Prezident
İlham Əliyevin həyata keçirdiyi inkişaf
konsepsiyasını hər bir azərbaycanlı öz həyatında
hiss edir. Çünki dövlət
başçısının müəyyənləşdirdiyi
siyasətin mərkəzində Azərbaycan vətəndaşı
dayanır. Prezidentin diqqət və
qayğısı sayəsində Azərbaycanın müasir təhsil
modeli yaranır, ölkədə yeni təhsil konsepsiyası
formalaşır. Milli dəyərlər
üzərində qurulan təhsil modeli gənclərin
nümunəvi vətəndaş kimi formalaşmasını təmin
edir. 2003-cü ildən indiyə qədər
ölkədə yüzlərlə məktəb tikilib,
respublikada heç bir zaman olmayan geniş bazaya malik təhsil
infrastrukturu yaradılıb. Statusundan
asılı olmayaraq bütün məktəblərimizdə
informasiya və kommunikasiya texnologiyaları ilə təminat
proqramı çərçivəsində böyük
işlər aparılıb.
Azərbaycanda elmi
potensialın gücləndirilməsi sahəsində də
mühüm addımlar atılıb. Ötən illər ərzində
təhsil və elm müəssisələrinin maddi-texniki
bazasının möhkəmləndirilməsi Prezident İlham
Əliyevin diqqət və qayğısı ilə əhatə
olunub. Dövlət rəhbərimizin təşəbbüsü
ilə həyata keçirilən müvafiq dövlət
proqramları ölkə üçün zəruri olan
kadrların hazırlanması işinə böyük töhfə
verir. Minlərlə Azərbaycan gənci dünyanın nüfuzlu
ali məktəblərində ölkəmizin
bu gününə və gələcəyinə töhfə
vermək üçün peşəkar mütəxəssis
kimi yetişir. Həmçinin eyni təhsil
standartlarının respublikamızda yaradılması məqsədilə
davamlı işlər görülür, ardıcıl
addımlar atılır. Bu gün
yaşadığımız modern cəmiyyətin əsas
güc mənbəyi zamanı qabaqlayan insan ağlıdır.
Bu, bir qrup innovasion elitadır. Bəs onlar harada yetişir? Əlbəttə,
təhsildə! Həmişə deyiblər,
istedad milli sərvətdir. Bu gün də
deyirlər ki, istedadlı gənc cəmiyyətin ən dəyərli
sərvətidir. Amma istedadı yetişdirən,
cilalayan, sosial qayğı ilə əhatə edən, onun
verdiyi bəhrələrə nail olan məhz təhsildir.
Vətəni modernləşdirmə
konsepsiyasının əsas təşəbbüskarı olan
Prezident İlham Əliyev innovasion kadr potensialı
yaradılması, orta məktəbdən başlayaraq
xüsusi proqramlar həyata keçirmək üçün
dövlət əhəmiyyətli sənədlər
imzalayıb. Təhsilimizin əsas vəzifəsi bu sənədlərdə
verilən istiqamətləri yerli şəraitə uyğun məsuliyyətlə
tətbiq etməkdir.
Təhsillə yanaşı,
ölkədə səhiyyə islahatları da uğurla davam
etdirilir. Əhalinin sağlamlığının
qorunmasında və tibbi xidmətin keyfiyyətinin
yaxşılaşdırılmasında səhiyyənin
prioritet sahələri üzrə qəbul olunan dövlət
proqramları müstəsna rol oynayır. Tibb
ocaqlarında xidmətin keyfiyyəti
yaxşılaşdırılır. Aztəminatlı
və ağır xəstəliklərdən əziyyət
çəkən insanların pulsuz dərmanlarla təmin
olunması və müalicəyə cəlb edilməsi diqqət
mərkəzində saxlanılır. Son
illərdə səhiyyə sahəsində yaşanan ən
böyük inqilabi dəyişiklik isə bu sektorun
dünyanın ən müasir tibbi texnika və
avadanlıqlarla təmin olunmasıdır. Müasir
Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana
çevirmək məqsədini qarşıya qoymuş
Prezident İlham Əliyevin diqqət və qayğısı
sayəsində ölkəmizdə yenidən qurulan səhiyyə
müəssisələri regionda ilk dəfə açıq
ürək əməliyyatı və qaraciyərin
köçürülməsi kimi mühüm nailiyyətlərə
imza atır. Bu illər ərzində
regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika
mərkəzlərinin inşası səhiyyə sisteminin
sürətli və keyfiyyətli inkişafından xəbər
verir.
Arzulardan gəlmiş
insan
İlham Əliyev millətin
arzularından gəlmiş liderdir. O, xalqın arzularını yerinə
yetirir. Ölkənin mərkəzindən
başlamış ən ucqar kəndlərinə qədər
çəkilən abad yollarla, insanların həyatını
rahatlaşdıran işıq, qaz, su, elektrik, rabitə xətləri
və böyük infrastruktur layihələri ilə elə-obaya
fayda verir. Azərbaycan Prezidenti vədlərə
deyil, əməllərə əsaslanır. İnsanların qarşısına real işlərlə
çıxır. Vətəndaşlarımız
ona olan bütün ümidlərin addım-addım
özünü doğrultduğunu görürlər. İlham Əliyev şəxsiyyətinə olan
ümumxalq məhəbbəti də bundan irəli gəlir.
Cənab İlham Əliyev xarizmatik liderdir.
Bir çox beynəlxalq ekspertlər, o cümlədən
nüfuzlu nəşrlər də Prezident İlham Əliyevi məhz
belə təqdim edirlər. Ləyaqətli
siyasət, kifayət qədər cəsarət və ölkənin
gələcəyi üçün aydın strategiya mövcud
olduğu halda müstəqil siyasət yeritmək
mümkündür. Bu, Azərbaycan
Prezidentinin ölkəmizin müstəqilliyini qorumaq, daha da
möhkəmləndirmək üçün istinad etdiyi əsas
uğur formuludur. Müstəqil siyasət əsas
etibarilə ölkəyə rəhbərlik edən liderin
şəxsi keyfiyyətlərindən və effektiv idarəetməsindən,
bütövlükdə, onun istinad etdiyi rasional davranış
modelindən asılıdır. Prezident
İlham Əliyevin şəxsi keyfiyyətləri, idarəetmə
tərzi, verdiyi müdrik qərarlar Azərbaycanın müstəqil
siyasətinin təminatıdır. Və
bu müstəqil siyasət, ilk növbədə, Azərbaycan
xalqının iradəsinə əsaslanır”.
Ölkəmizin bu illər ərzindəki
ən böyük uğuru da müstəqillik yolundan dönməməsi,
bu yola sadiqliyidir: "Müstəqillik sadəcə olaraq,
dövlət atributları deyildir. Müstəqillik
o deməkdir ki, ölkə müstəqil siyasət apara bilir,
yoxsa yox. Xüsusilə, böyük olmayan
ölkələr üçün bu, daha aktualdır. Xüsusilə, böyük güc mərkəzlərinin
maraqlarının kəsişdiyi bir coğrafi məkanda yerləşən
ölkələr üçün bu, aktualdır. Bu məkanda, bu qonşuluqda təbii sərvətlərlə
zəngin olan Azərbaycan müstəqil siyasət aparır və
aparacaqdır. Bizim təcrübəmiz onu
göstərir ki, bu, mümkündür”.
Azərbaycanın daxili və
xarici siyasəti müstəqillik və suverenlik prinsiplərinə
əsaslanır. Xarici siyasi əlaqələrini
respublikamız siyasi, iqtisadi, hərbi, humanitar və digər
sahələrdə müttəfiqlərini, əməkdaşlıq
etdiyi ölkə və beynəlxalq təşkilatları
özü seçir. Azərbaycan öz təbii
sərvətlərinin sahibi kimi enerji sahəsində əməkdaşlıq
əlaqələrini dövlət maraqları və qarşılıqlı
faydalılıq prinsipləri əsasında
reallaşdırır. Eyni zamanda, ölkəmizin
iqtisadi qüdrəti elə bir səviyyəyə
çatıb ki, dünya bazarlarında baş verən kəskin
dəyişikliklərin, böhranların təsir gücü
ən aşağı həddədir. Cənubi
Qafqaz iqtisadiyyatının 80 faizini təşkil edən Azərbaycan
iqtisadiyyatı gücünə görə regionda liderdir.
Ölkədə, həmçinin əhalinin gəlirlərinin
artımı, sosial-siyasi sabitlik təmin olunub. Bu səbəbdən də müəyyən xarici
qüvvələrin Azərbaycana təzyiq göstərmək,
daxili sabitliyi pozmaq cəhdləri hər dəfə
uğursuzluğa düçar olur.
Bəşəriyyətə
verilən faydalar
Müstəqil dövlətimizin
iqtisadi potensialının əsaslı şəkildə
yüksəlməsi, maliyyə imkanlarının maksimuma
çatdırılması, Azərbaycanın bölgədə
əsas söz sahibinə çevrilməsi müasir tariximizin
mühüm reallıqlarıdır. Bu gün ölkəmiz
regionun siyasi mənzərəsini dəyişən möhtəşəm
layihələrin təşəbbüskarıdır. Prezident İlham Əliyevin möhkəm siyasi iradəsi
və prinsipiallığı ilə möhtəşəm
transmilli enerji və nəqliyyat layihələrinin
reallaşmasını təmin etməsi ilə Azərbaycanın
çağdaş tarixinin ən şanlı səhifələri
yazıldı. Ölkəmiz indi
Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarındandır.
Azərbaycan Beynəlxalq "Şərq-Qərb”,
"Şimal-Cənub nəqliyyat qovşağı” kimi əhəmiyyətli
infrastruktur uğurla gerçəkləşdirilib. Zamanın uzaq çağlarında karvanların əhatə
addımları ilə tarixə nizam verən qədim İpək
yolu yenə Azərbaycandan keçir. Dünyanın
müxtəlif səmtlərində ayrılan, kəsişən,
çarpazlaşan yollar, ziddiyyətli geopolitik maraqlar Azərbaycanda
birləşib öz axarında gələcəyə
doğru davam edir. Azərbaycanın
iştirakı ilə yeni bir tarix yazılır. Bütün bunlar cənab İlham Əliyevin mətin
və qətiyyətli addımlarının nəticəsidir.
Azərbaycanın regional siyasətdə və
dünya iqtisadiyyatında rolu və əhəmiyyəti getdikcə
genişlənir. Beynəlxalq tərəfdaşlar
Azərbaycanın gələcəyinə inanır, ölkəmizə,
onun rəhbərliyinə etibar edir. Zəngin
sərhədlərə malik bu ölkədə daha
böyük perspektivlərə inanırlar. Azərbaycanla bağlanmış tərəfdaşlıq
müqavilələrinin müddətinin zamanla uzadılması
bu inamın, güvənin ifadəsidir. Yüksək
intellekti, praqmatik düşüncəsi, müasir dünya
siyasəti və iqtisadiyyatı haqqında dərin bilikləri,
mütərəqqi ideyaları ilə müasir çağda
təkcə bir xalqa, dövlətə deyil, ümumən bəşəriyyətə
böyük faydalar gətirən Prezident İlham Əliyev
dühası ilə beynəlxalq miqyasda sözünün
böyük çəkisi olan Liderdir. Azərbaycanın
milli maraqları ilə bağlı dünyada cərəyan edən
proseslərə dair Onun öz baxışları var. Heç
bir amil Azərbaycan Respublikasının Prezidentini öz qətiyyətli
mövqeyindən çəkindirmək gücündə
deyil. Bütün dünyada Onun rəyi ilə
hesablaşırlar. Çünki cənab
İlham Əliyev yürütdüyü siyasətlə,
mürəkkəb qlobal proseslərdə tutduğu
düzgün mövqe ilə, ən əsası isə, Azərbaycana
qazandırdığı sarsılmaz nüfuz ilə bu
münasibətə tam layiq lider kimi tanınıb. Azərbaycanın dünyada ləyaqətli
mövqeyinin qəbul edilməsi, zərgər dəqiqliyi ilə
hesablanmış balanslı siyasi kursun və diplomatiyanın
son nəticədə ölkəmizə böyük siyasi
dividendlər qazandırması məhz bu amildən
qaynaqlanır.
Comərdlik
Bu gün sanki, bir lider
böhranı yaşayan və bu böhran ucbatından
saysız-hesabsız problemlərlə üzləşən
dünyada cənab İlham Əliyev əsl liderlik xüsusiyyətlərini
qoruyaraq, bu xüsusiyyətləri xalqımıza xas yüksək
mənəvi-əxlaqi normalarla, məharətlə
uzlaşdıraraq dünyada nümunəvi bir rəhbər
obrazı yaratmışdır.
Bir neçə gün əvvəl
Belarus Prezidenti Aleksandr Lukaşenkonun mediada yayılmış
maraqlı açıqlamalarını oxuduq. Bu
açıqlamalarda illər ərzində mətbuatın xəbərdar
olmadığı maraqlı məqamlardan söhbət gedirdi.
Belarus Azərbaycana dost ölkədir. Ölkələrimiz,
xalqlarımız hər zaman bir-birinə dəstək
olmağa çalışıb. Bir neçə il əvvəl Belarus borcun ödənişi ilə
bağlı çıxılmaz vəziyyətdə qalır.
Qısa müddət üçün hansısa
ölkənin əl tutmasına ehtiyacı yaranır. Belə məqamda Aleksandr Lukaşenko cənab
İlham Əliyevə üz tutur. Dövlət
rəhbərimiz yardım əlini əsirgəmir. Dost ölkənin müşkülü bir an
içində həll olunur və qısa müddət sonra
yenidən vəziyyətini qaydasına salıb Azərbaycanın
borcunu qaytarır. Bu, sıradan bir diplomatik
davranış, dövlətlər arasında ikitərəfli
münasibətlərə aid məqam, iqtisadi qərar deyil, Azərbaycan
əxlaqının, Azərbaycan mentalitetinin yüksək mənəvi
dəyərlərinin bir nümunəsidir. Ulularımız, el-obanın mötəbər, comərd
kişiləri də məhz belə edərdilər. Dara düşmüş dosta imkan olduqca
yardımlarını əsirgəməzdilər. Ehtiyacı olana əl tutub ayağa
qaldırmağı şərəf sanardılar. Bu qudsal dəyər Azərbaycanda bir dövlətçilik
əxlaqıdır. Bu misilsiz dəyərlərin
dövlətçiliyimizin fövqünə
qaldırılmasıdır. Bu, dövlət
başçımızın bütün qaydalarını,
diplomatik manevrlərini əxlaq normaları çərçivəsində
quran, hətta düşmənlə də mərdi-mərdanə
davranan ən xarakterik məqamlarda
böyüklüyünü, uzaqgörənliyini təsdiq edən
güclü şəxsiyyətdir. O, öz diplomatik
davranışları ilə sübut edir ki, siyasət, əslində,
qəliz bir peşə deyil. Siyasəti qəlizləşdirmək
insanlara, dünyaya xidmət üçün deyil, öz mənfur
niyyətlərini reallaşdırmaq üçün
çalışanların bədnam əməlləridir.
Dünyanın dörd bir yanında
münaqişə ocağı qalayanlardır. Xalqları, mədəniyyətləri üz-üzə
qoyanlardır. Süni iqtisadi təlatümlər
yaradıb sadə adamların son ruzisini əlindən almaq istəyənlərdir.
Bizim Prezident öz parlaq şəxsiyyəti ilə
bu mənfur əməllərə qarşı
çıxır. Bütün Yer
üzündə sülhün, dostluğun, sevgi və hörmət
mühitinin bərqərar olmasına çalışır.
Azərbaycan iki dost ölkə arasında hansısa qüvvələr
münaqişə toxumu səpib məqsədlərinə nail
olmağa başlayanda öz siyasi iradəsinin gücü ilə
tərəfləri döyüş meydanından söhbət
masasına gətirib anlaşılmazlığın aradan
qaldırılmasına can atır. Bunun
üçün şəxsi nüfuzundan, dərin
dühasından hər iki tərəf üçün
mötəbər sözünün qüdrətindən
istifadə edir.
Bir neçə il
əvvəl qardaş Türkiyə ilə uzunmüddətli
tarixi bağlara, dostluq əlaqələrinə malik Rusiya
arasında hərbi təyyarənin vurulması
anlaşılmazlığı ilə bağlı
yaranmış qarşıdurma hamının yadındadır.
Qısa müddətdə çox gərgin həddə
çatan bu qarşıdurma tədricən səngiməyə
başladı. Tərəflər bir-birini
anlayıb, pozulmuş münasibətləri qaydasına
qoymaqdan ötrü müəyyən addımlar atdılar.
Ona qədərsə maraqlı qüvvələr
bu münaqişənin daha da qızışıb regionu qan
gölünə döndərəcəyini gözləyirdilər.
Türkiyə-Rusiya münaqişəsinin onlara
gətirəcəyi böyük faydalar üzərində
planlar qururdular. Amma mənfur niyyət
çin olmadı. Tərəflər
arasında barışıq alındı. Aylar sonra mətbuata sızan məlumatlardan məlum
oldu ki, bu barışıqda, münaqişə
işartısının alova çevrilmədən iki ölkənin
dostluq qalasının viran olmasının
qarşısının alınmasında Azərbaycan Prezidenti
də böyük rol oynayıb.
Bu da Azərbaycan
xalqının minillik əxlaqından, "Kitabi-Dədə
Qorqud” kimi mənəviyyat abidələrimizdən
süzülüb gələn bir dəyərdir. Min illər əvvəl
də bu xalqın eldə-obada sözü keçən
ağsaqqalları, ağbirçəkləri insanlar
arasında sülh yaradardılar, bircə kəlmələri
ilə qanlı davaların qarşısını
alardılar. Bunu özlərinə şərəf
bilərdilər. Cənab İlham
Əliyev bu əxlaqı XXI əsrə daşıyıb gətirən,
onu yaşadan, qoruyan, milli dəyərlərimizi bütün
dünyaya çatdıran əsl milli liderimizdir.
Azərbaycanı
qoruyan lider
Cənab İlham Əliyev
öz liderlik keyfiyyətləri ilə XXI əsrin siyasi
liderinin mükəmməl portretini yaradır. Yeni minilliyin
başlanğıcında bu statusun dəyər və meyarlarını
formalaşdırır. Bir tərəfdən
klassik liderlik konsepsiyası, digər tərəfdən də
müasir liderlərə münasibətdə irəli
sürülən və ya təbii olaraq meydana çıxan tələblər
prizmasından yanaşmaqla O, əsl liderin bütün keyfiyyətlərini
özünün mənəvi və siyasi simasında təcəssüm
etdirə bilir.
Cənab İlham Əliyev
bütün dünyada arzu olunan, lakin çox az təsadüf
edilən nadir liderlərdəndir ki, cəmiyyət can
atdığı, özünə rəhbər seçdiyi
şəxsiyyətdə görmək istədiyi bir çox cəhətləri
həm mənəvi-siyasi lider, həm güclü sərkərdə,
həm mahir diplomat, həm bacarıqlı idarəçi, həm
qurucu rəhbər obrazlarını Onun siyasi portretində tapa
bilir. Hakimiyyəti xalqa güvənən, onun dəstəyini,
məhəbbətini daim hiss edən ləyaqətli və
peşəkar siyasətçi idarə edəndə dövlət
daha qüdrətli olur və inanılmaz yüksək nəticələrə
öz möhürünü vurur.
İlham Əliyev Azərbaycan
siyasi sisteminə rasional siyasi davranış modeli təqdim
edir, məntiqi mühakimələrə və analitik təhlilə
əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə
xidmət edən siyasi realizmə söykənən fəaliyyət
örnəyi formalaşdırır. Bununla da, radikalizm,
ekstremizm kimi mənfi təzahürlərin milli siyasi sistemimizə
qayıtmasına imkan vermir.
Azərbaycan Prezidenti siyasi
sistemimizə qüsursuz siyasi mədəniyyət, milli mənəviyyatımıza
uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi
bəxş edir. Demokratiyanın istismarçı siyasi
vasitə deyil, milli mədəniyyətimiz və mentalitetimizlə,
eyni zamanda, müsəlman sosial-psixoloji kimliyimizlə
uzlaşan bir dəyər və yaşam tərzi olduğunu
sübut edir. İntellektual əsaslarda yeni
demokratik cəmiyyət modeli formalaşdırır.
İlham Əliyev Azərbaycanın
maraqlarını sarsıtmaq istəyən antiazərbaycançı
qüvvələrin ölkəmizə qarşı çirkin
planlarını məharətlə pozur, xalqımızı
etnik, siyasi, ideoloji qarşıdurmalardan qoruyur. Bu qüvvələrin
başqa müsəlman ölkələrindən bir qismində
həyata keçirib insanlara zillət yaşatdıqları
"lidersizləşdirmə, ideologiyasızlaşdırma və
dövlətsizləşdirmə” siyasətinin ölkəmizdə
həyata keçirilməsinə imkan vermir. Bu hücumlara qarşı dəqiq və olduqca incə
düşünülmüş milli vətənpərvərlik,
milli mənəviyyat və milli ailə sipərini çəkir.
Azərbaycan Prezidenti "neft
kapitalını intellektual kapitala çevirək”
şüarı ilə kreativ gənclik yetişdirmək məsələsini
strateji vəzifə kimi müəyyənləşdirməklə
Azərbaycanın gələcək inkişafını təmin
edir. XXI əsrdə nəhəng transmilli layihələri
həyata keçirməklə rəqiblərinin dizini yerə
gətirir, bu layihələri müstəqilliyimizin təminatçısına
çevirir. Bütün maneələrə
baxmayaraq, qlobal enerji-kommunikasiya layihələri ilə regionu
qlobal inkişaf mərkəzinə çevirir. Azərbaycanın təlqin etdiyi dəyərlərlə
dünyada mədəniyyətlərarası dialoqun,
tolerantlığın, multikultural dəyərlərin
yayılmasına nail olur.
Bu gün Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi özünü dünyada təsdiq etmişdir. Dövlət rəhbərimizin yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantik coğrafi arealında sülh, tərəqqi, əməkdaşlıq paytaxtına, beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq görünür.
Respublikamızın aktiv inkişaf fazasına daxil olduğu indiki mərhələdə vətənimizin bütövlüyü uğrunda dünyada yaşayan hər bir azərbaycanlının, hər bir vətəndaşımızın ən ülvi arzusu rəhbərimizin böyük dühası, həssas və qılıncdan iti siyasəti ilə çin olacaq. XXI əsrin liderinin, bütün dünyaya sülh, barış, həmrəylik toxumları səpən dönməz siyasəti uğurlu qələbəsini təmin edəcək. Azərbaycan öz intibahına XXI əsrin lideri ilə, bütöv Azərbaycan ilə, azərbaycançılıq ideologiyası ilə nail olacaq.
Nurlana
ƏLİYEVA,
Bakı Slavyan
Universitetinin rektoru, professor,
YAP Qadınlar Şurasının sədri
Azərbaycan.- 2018.- 25 dekabr.- S.1; 9.