Müharibənin ekran üzü

 

Azərbaycan kinosu - 120

 

XIX əsrin sonlarında Fransada ixtira olunan sinematoqraf "qara qızıl ilə daha da şöhrətlənən, iqtisadiyyatı ilə yanaşı, mədəni səviyyəsi gündən-günə yüksələn Bakıya gəldi. 1898-ci ilin 8 yanvarından burada xarici filmlər göstərilməyə başlandı. 1898-ci ilin 2 avqustunda "Bibiheybətdə neft fontanı yanğını, "Balaxanıda neft fontanı, "Qafqaz rəqsi xronikal-sənədli və "İlişdin bədii kinosüjetlərinin daxil edildiyi ayrıca proqram göstərildi.

Beləcə, Azərbaycan kino sənəti meydana çıxdı. 120 ildir yol gələn bu sənət böyük sınaqlardan keçdi. Problemləri az olmadı. Maddi sıxıntılar ucbatından yeni filmlərin çəkilmədiyi ağır günlər də keçirdi. Amma təqdirəlayiq ekran əsərləri daha çoxdur. Onlar Azərbaycan kino sənətinin uğurudur.

Elə filmlər var ki, ekranlara çıxdığı gündən tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Dönə-dönə nümayiş olunmasına baxmayaraq, onlara həvəs itmir, sevgi tükənmir. Belə Azərbaycan filmlərindən üçü haqqında danışacağıq.

 

"Bizim Cəbiş müəllim

 

"Azərbaycanfilm kinostudiyasının istehsalı olan bu tammetrajlı bədii film rejissor Həsən Seyidbəyli tərəfindən 1969-cu ildə, Maqsud İbrahimbəyovun "Müharibənin 1001-ci gecəsi ssenarisi əsasında çəkildi. Əsas rolları Süleyman Ələsgərov (Cəbiş müəllim), Şəfiqə Məmmədova (Cəbişin arvadı), Nəsibə Zeynalova (Suğra xala), Əliağa Ağayev (Əbülfəz), Muxtar Maniyev (Nəcəfov), Səfurə İbrahimova (Nəcəfovun arvadı), Svetlana Morşinina (Tanya), Aqil Ağacanov (Makedon), Ziya Seyidbəyli (Namiq) ifa etdi.

Hərbi kinopovestdəki hadisələr İkinci Dünya müharibəsi illərində Bakıda cərəyan edir. Müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözən, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə adamların mənəvi ucalığından söhbət açılır.

Cəbiş müəllim rolunun ifaçısı Süleyman Ələsgərova 1970-ci ildə Minskdə IV Ümumittifaq kinofestivalında yüksək aktyor sənətkarlığına və parlaq realist obraz yaratmasına görə SSRİ Nazirlər Soveti yanında Kinematoqrafiya Komitəsinin və SSRİ Kinematoqrafçılar İttifaqının diplomu verildi.

 

"Şərikli çörək

 

Bu filmdə də müharibənin gətirdiyi çətinliklərdən bəhs edilir. Kinopovestdə İkinci Dünya müharibəsinin son günlərində və müharibədən sonrakı ilk aylarda arxa cəbhədə uşaqların ağır, kədərli həyatı canlandırılır. Filmdə baş verənlər, atası müharibədə həlak olmuş, anası isə ezamiyyətə göndərilmiş on yaşlı uşağın - Vaqifin dərs oxumaq əvəzinə, çörəkpulu qazanmağa çalışması, sonda özü aclıq çəkdiyi halda çörəyini yoldaşları ilə bölüşməsi olduqca təsirli və ibrətamizdir.

"Şərikli çörək filmi də 1969-cu ildə ekranlaşdırıldı. Filmin ssenari müəllifi Alla Axundova, quruluşçu rejissor Şamil Mahmudbəyov, bəstəkarı Vasif Adıgözəlovdur. Ekran əsərinə müğənni Oqtay Ağayevin ifa etdiyi mahnı xüsusi ovqat gətirir. Rollarda Kamran Rəcəbli (Vaqif), Tuna Namazova (Leyla), Firuz Əliyev (Tofiq), Xosrov Mamayev (Əşrəf), Cəmilə Məmmədova (Cəmilə), Sədayə Mustafayeva (Şamama), Əminə Yusifqızı (Südabə), Sofa Bəsirzadə (Roza), Fazil Salayev (Məhəmməd), Əbdül Mahmudov (bazardakı alıcı), Ağahüseyn Cavadov (İsmayıl baba), Əliağa Ağayev (fokus göstərən), Əhməd Əhmədov (alverçi) və başqaları çəkildi.

1970-ci ildə rejissor Şamil Mahmudbəyov və ssenari müəllifi Alla Axundovaya "Şərikli çörək filminə görə Azərbaycan Respublikasının Dövlət Mükafatı verildi.

 

"Tütək səsi

 

1975-ci ildə çəkildi. Filmin ssenarisini yazıçı İsa Hüseynov "Tütək səsi və "Saz povestləri əsasında yazdı. Ekran işinin quruluşçu rejissoru Rasim Ocaqov, bəstəkarı Aqşin Əlizadə idi. Əsas rolları Akif Məhərrəmov (Tapdıq), Ötkəm İsgəndərov (Nuru), Mixail Volontir (Cəbrayıl), Yusif Vəliyev (Qılınc Qurban), Məmmədrza Şeyxzamanov (İsfəndiyar kişi), Sadıq Hüseynov, Səfurə İbrahimova (İsmət) və başqaları oynadı. Filmdə kənd camaatının tarladan qayıtması səhnəsində 500 nəfər iştirak etdi.

Kinopovestdəki hadisələr İkinci Dünya müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin əmək, ümumxalq birliyi, həmçinin mürəkkəb insan münasibətləri mühitində baş verir. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işlərini görürlər.

1976-cı ildə Frunzedə (indiki Bişkək) IX Ümumittifaq kinofestivalında ssenari müəllifi İsa Hüseynova Qırğızıstan Yazıçılar İttifaqının diplomprizi verildi.

"Bizim Cəbiş müəllim və "Şərikli çörək filmlərində o vaxtkı Bakının, "Tütək səsi isə Azərbaycan kəndinin ab-havası əksini tapdı. Bu filmlərin hər birində müharibənin nəfəsi duyulur. Həm dramaturji əsər, həm də böyük aktyor heyəti müharibənin ekran üzünün belə çox soyuq, dəhşətli olduğunu göstərə bildilər. Həmin ekran əsərlərini ərsəyə gətirənlər müharibə zamanı ön cəbhə qədər arxa cəbhənin də əhəmiyyətli olduğunu diqqətə çatdırırdılar. Çünki döyüşçü evində, ailəsində hər şeyin yaxşı olduğunu bilməlidir ki, düşmənlə ölüm-dirim savaşına girməkdən çəkinməsin.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2018.- 26 dekabr.- S.11.