Milli Məclisin nümayəndə heyəti İranın Qərbi Azərbaycan vilayətinə səfər edib

 

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə İranda səfərdə olan parlament nümayəndə heyəti dekabrın 26-da bu ölkənin Qərbi Azərbaycan vilayətinin inzibati mərkəzi - Urmiya şəhərinə səfər edib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri İranın Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Mehdi Şəhriyari ilə görüşüb. Görüşdə qarşılıqlı əlaqələrin inkişafı, Azərbaycanın İran ilə sərhədyanı rayonları arasında ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib.

Oqtay Əsədov diqqətə çatdırıb ki, bu gün Azərbaycan ilə İran arasındakı münasibətlər özünün inkişaf mərhələsini yaşamaqdadır. Dövlət başçılarının siyasi iradəsi nəticəsində bütün sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurulub. Bu əlaqələrin intensiv inkişafı hər iki ölkənin sərhədyanı regionlarını da əhatə etməlidir. Azərbaycan İranın Qərbi Azərbaycan vilayəti ilə iqtisadi münasibətlərin inkişafında maraqlıdır və bu münasibətləri daha yüksək səviyyəyə çatdırmaq istiqamətində addımlar atmağa hazırdır.

Milli Məclisin sədri bildirib ki, sərhədyanı rayonların sənaye və ticarət sahələrində əməkdaşlıq etmələri iki ölkənin qarşılıqlı əlaqələrinin inkişafına böyük təkan vermiş olar.

İranın Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Mehdi Şəhriyari bildirib ki, rəhbərlik etdiyi region Azərbaycanın sərhədyanı rayonları ilə ticarət əlaqələrinə malikdir. Lakin hər iki ölkənin iqtisadi potensialı bu əlaqələrin daha da intensiv olmasına imkan yaradır.

Rəhbərlik etdiyi regionun İranın iqtisadi cəhətdən inkişaf etmiş vilayəti olduğunu qeyd edən vali kənd təsərrüfatı, əczaçılıq, maşınqayırma və sənayenin digər sahələri üzrə Azərbaycan Respublikası ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Milli Məclisin deputatları İsa Həbibbəyli, Hadi Rəcəbli, Şəmsəddin Hacıyev, Hüseynbala Mirələmov, Eldar İbrahimov, Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov və İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə görüşdə iştirak ediblər.

Səfər çərçivəsində nümayəndə heyətimiz İranın Qərbi Azərbaycan vilayətinin istehsal və sənaye müəssisələri ilə də tanış olublar.

 

Azərbaycan.- 2018.- 27 dekabr.- S.3.