“Fənlərin dostluğu” olimpiadasının qalibləri mükafatlandırıldı

 

 

"Hədəf” STEM liseyində "Fənlərin dostluğu” olimpiadasının qaliblərinin mükafatlandırma mərasimi keçirildi. Olimpiada Təşkilat Komitəsinin nümayəndəsi Elvin Əliyev bildirdi ki, artıq 9-cu dəfədir keçirilən olimpiadada Bakı, Sumqayıt, Xırdalan şəhərləri də daxil olmaqla 10 müxtəlif bölgənin IX-X sinif şagirdləri iştirak edib. Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr edilmiş bu yarışma hər il olduğu kimi, bu ilinteraktiv şəkildə təsis edilib və məqsəd fənlərarası əlaqəni yoxlamaqdır.

Olimpiadanın ideya müəllifi, "Hədəf” STEM Liseyinin direktoru Şəmil Sadiq qeyd etdi ki, 10 il əvvəl təsis edilən bu olimpiadanın gələcəkdə türk dünyasının məktəbliləri arasında bir yarışmaya çevrilməsi üçün yeni layihə işlənilib. Bu olimpiadanın keçirilməsi fənlərarası əlaqəni inkişaf etdirmək, istedadlı şagirdləri üzə çıxarmaq, şagirdlərdə məntiqi təfəkkürün artırılması, onlara fənləri sevdirmək məqsədini güdür.

Tədbirdə iştirak edən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, Elm və təhsil komitəsinin üzvü Musa Quliyev Azərbaycanda təhsil sahəsində həyata keçirilən yeni islahatlara toxunaraq Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahəyə göstərdikləri xüsusi diqqətin artıq öz töhfəsini verdiyini söylədi.

"Bu gün azərbaycanlı uşaqların səsi dünyanın hər yerindən gəlir. Bu da çox qürurvericidir” deyən Musa Quliyev qeyd etdi ki, Azərbaycanda təhsilin inkişafı üçün hər bir şərait yaradılıb: "Bizi savadlı millət kimi tanıyırlar. Təhsil sisteminin məqsədlərindən biri təhsilli, yüksək keyfiyyətli insan yetişdirməkdir. Düşünürəm ki, "Hədəf” liseyi Azərbaycan təhsilinə yenilik gətirib. Uşaqlar bizim gələcəyimizdir və o gələcəyin bünövrəsini indidən yaxşı təhsillə qoymalıyıq”.

Mərasimdə "Fənlərin dostluğuna dair səhnəcik nümayiş etdirildikdən sonra olimpiadanın qalibləri olan 14 şagird mükafatlandırıldı. Onlara planşet, digər dəyərli hədiyyələr və sertifikatlar təqdim olundu.

 

 

Fərizə ƏHMƏDOVA

Azərbaycan.-2018.- 29 dekabr.- S.8.