Bakı Dövlət Universitetində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

 

Bakı Dövlət Universitetində (BDU) 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin universitetin foyesində qoyulmuş büstü önünə gül dəstələri düzüblər.

AZƏRTAC xəbər verir ki, BDU-nun rektoru vəzifəsini icra edən Firudin Qurbanov tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəylik GünüYeni il münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. F.Qurbanov bu əlamətdar tarixin qeyd olunmasında ümummilli lider Heydər Əliyevin xidmətlərindən danışaraq bildirib ki, Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu bəyan edib, xaricdə yaşayan azərbaycanlılarla məqsədyönlü aparılmağa başlanılıb. “Tariximizin müasir mərhələsində azərbaycanlıların həmrəyliyini müstəqil dövlətin quruculuğu ilə əlaqələndirmək tələb olunurdu. SSRİ dağıldıqdan sonra müstəqillik qazanan ölkələr müxtəlif yollarla sosial birliyi, həmrəyliyi təmin etdilər. Təcrübə göstərdi ki, Azərbaycan ən uğurlu yolu seçib. Ulu öndər Heydər Əliyevin səyləri nəticəsində azərbaycanlıların həmrəyliyi təmin olundu”,- deyə F.Qurbanov bildirib.

F.Qurbanov BDU-nun 100 illik yubileyi ilə bağlı bir sıra tədbirlərin keçiriləcəyini də qeyd edib. O birlik və həmrəylik sayəsində xalqımızın daha böyük qələbələrə nail olacağına əminliyini bildirib.

Daha sonra Milli Məclis sədrinin birinci müavini, professor Ziyafət Əsgərov Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi əhəmiyyətindən, xarici ölkələrdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşmələrindən və bununla bağlı uğurlu dövlət siyasətindən danışıb. Ölkəmizdə son 15 ildə böyük inkişaf və tərəqqinin baş verdiyini, Azərbaycanın dünyada nüfuzunun getdikcə yüksəldiyini bildirən Z.Əsgərov bütün bu nailiyyətlərin Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsi nəticəsində əldə olunduğunu bildirib.

Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev isə bu əlamətdar bayramın dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində xüsusi roluna diqqət çəkib.

Sonda Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar hazırlanmış filmin nümayişi olub və tədbir BDU-nun özfəaliyyət kollektivinin təqdimatında bədii hissə ilə yekunlaşıb.

 

Azərbaycan.- 2018.- 28 dekabr.- S. 5.