Milli Məclisin yaz sessiyası işə başladı

Dünən Milli Məclisin yaz sessiyasının ilk plenar iclası keçirildi. Parlamentin Sədri Oqtay Əsədov yaz sessiyasını açıq elan etdikdən sonra dövlət himni səsləndi.

Gündəlik təsdiq olunduqdan sonra Oqtay Əsədov diqqətə çatdırdı ki, Milli Məclis yaz sessiyasında dövlət başçısının həyata keçirdiyi müstəqil siyasətin hüquqi bazasının daha da möhkəmlənməsini təmin edəcək. Sədr Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı imzaladığı sərəncamı xatırladaraq bildirdi ki, Milli Məclis iyun ayının 8-də bu münasibətlə geniş tədbir keçirməyi nəzərdə tutub.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlanıldı. İclasın gündəliyinə müzakirə üçün 15 məsələ daxil edilmişdi. Gündəlikdəki ilk iki məsələ Milli Məclisin hesablayıcı və intizam komissiyalarının yenidən təşkil edilməsi haqqında qərar layihələri idi. Deputatlar hər iki sənədə müsbət münasibət bildirdilər.

Pralamentin yaz sessiyasının qanunvericilik işləri planının müzakirəsi zamanı deputatlar müxtəlif təkliflərlə çıxış etdilər.

Deputat Fazil Mustafa diqqətə çatdırdı ki, Xocalı faciəsinin 26-cı ildönümünə az vaxt qaldığı bir zamanda işğalçı Ermənistan 30 il əvvəl baş vermiş Sumqayıt hadisələrini xatırlatmaqla bundan Azərbaycana qarşı istifadə etməyə çalışır. Ona görə də indidən bütün təbliğat vasitələrini işə salmaq lazımdır: “Ermənilər bu hadisədən bizə qarşı istifadə etmək istəyir. Fikrimcə, biz bunu nəzərə almalı və beynəlxalq mediaya çıxış imkanlarından geniş istifadə etməyliyik”.

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov xatırlatdı ki, indiyə qədər Azərbaycanda 63 əfv fərmanı və sərəncamı imzalanıb, 11 amnistisaya qərarı verilib. Komitə sədri növbəti amnistiya aktının qəbul edilməsinı xahiş etdi. Bildirdi ki, bu il həm ümumilli lider Heydər Əliyevin 95 illiyi, həm də Azərbaycan Xalq Cümhurriyyətinin 100 illik yubileyidir. Bu amnistiya aktı Qarabağ müharibəsi iştirakçılarına, himayəsində azyaşlı uşaq olan qadınlara, yaşı 70-dən çox olan şəxslərə şamil edilə bilər: “Ölkəmizdə siyasi məhbus yoxdur. Azərbaycandakı siyasi partiyalar, hüquq müdafiə təşkilatları sübut edib ki, siyasi məhbus siyahıları saxtadır, sözə, siyasi baxışa görə həbs edilən yoxdur. Bəzi beynəlxalq təşkilatlar bundan istifadə etməyə cəhd göstərirlər. Bəzən adı 3 adamın yanında hallanmayan şəxsi prezidentliyə namizəd kimi təqdim edirlər. Bütün bunlara son qoyulmalıdır”.

Milli Məclisin Hüququ siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev isə qeyd etdi ki, işğalçı Ermənistan “qondarma Dağlıq Qarabağ Respublikasının” yaradılmasının 30 illiyini qeyd etməyə hazırlaşırlar. Həmin tədbirə ATƏT-in Minsk qrupuna üzv dövlətin nümayəndələrini dəvət ediblər. Deputat təklif etdi ki, Milli Məclis adından ATƏT-in Minsk Qrupunun üzv dövlətlərinə müraciət olunsun: “Bildiyiniz kimi ATƏT-in Minsk Qrupunda 11 ölkə təmsil olunur. Müraciətdə bu kimi təxribatçı əməllərdən əl çəkilməsini tələb edək. Bir daha vurğulayaq ki, separatçı hadisələr səbəbindən Xocalı soyqrımını yaşamışıq”.

Rövşən Rzayev həmçinin təklif etdi ki, Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına “İşğal siyasəti haqqında” qanun layihəsinin hazırlanması da daxil edilsin.

Deputat Elmira Axundova Milli Məclisin yaz sessiyasının qanunvericilik işlər planının yüksək səviyyədə hazırlandığını söylədi. Deputat Tahir Kərimli isə Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə medalın təsis edilməsini təklif etdi. Tahir Kərimlinin sözlərinə görə bu addım cümhuriyyət qurucularına sayğı kimi də qiymətləndirilə bilər. Deputat Qüdrət Həsənquliyev Vəkillər Kollegiyasında keçid balının aşağı salınması və rayonlarda ən azı 3 hakimin və 4-5 vəkilin fəaliyyət göstərməsini təklif etdi.

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deputat həmkarının təklifinə cavab verərək qeyd etdi ki, ötən il Milli Məclis “Məhkəmə Hüquq Şurası haqqında” qanuna dəyişiklik edib. Dəyişikliyə əsasən, tək hakim olan rayonlarda hakim məzuniyyətə gedirsə, Məhkəmə Hüquq Şurası həmin rayona hakimləri ezam edə bilir.

Vəkillər Kollegiyasına qəbulda keçid balının aşağı salınması ilə bağlı səslənən təklifə isə Ziyafət Əsgərov etiraz etdi: “Azərbaycanda hüquqşünasların Vəkillər Kollegiyasına qəbulda nəzərdə tutulan balı 60-dan 50-yə endirsək, əminəm ki, deyəcəklər bunu daha da endirin, 40 bal olsun. Lakin Konstitusiyada yazılıb ki, əhaliyə keyfiyyətli hüquqi yardım göstərilsin. Keyfiyyətli hüquqi yardım göstərmək istəyən hüquqşünas 60 balı toplaya bilmirsə, bağışlayın, bu, qeyri-ciddi məsələdir. Axı o balı toplamaq çətin deyil. Bu sahədə işlər gedir, dövlətin nəzarətindədir. Yaxın vaxtlarda bu sahədə ciddi irəliləyişlər olacaq”.

Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov isə Mətbuat Şurasının hüquqi statusuna yenidən baxılmasının zəruriliyini vurğuladı. Bunun səbəbini isə belə izah etdi ki, bu gün ölkədə reketçiliklə məşğul olan media vasitələri az deyil. Onlar bu yolla qazanc vasitələrini sadələşdirir, həmçinin kimlərdənsə dəstək alırlar. Reket jurnalistlərin məqsədi məmurlara, adamlarına böhtan atmaq, bunun müqabilində də pul qazanmaqdır. Əgər Mətbuat Şurasının statusu ilə bağlı məsələyə baxılsa, medianın adından sui-istifadə halları azalar: “Medianın özübunda maraqlıdır. Bunun həlli Mətbuat Şurasının fəaliyyətində təkmilləşdirmə işindən keçir. Mətbuat Şurası ilə bağlı qanun layihəsi qəbul oluna bilər” - deyə deputat bildirdi.

Müzakirələr zamanı deputatlardan Zahid Oruc, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Qənirə Paşayeva, Rövşən Rzayev Milli Məclisin 2018-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında qərarla bağlı fikirlərini bildirdilər, təkliflər irəli sürdülər.

İclasda həmçinin “Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” sazişin təsdiq edilməsi barədə qanun layihəsi də təsdiqləndi.

Sosial sığorta haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsini müzakirəyə təqdim edən Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, nəzərdə tutulan dəyişiklik “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişikliklər edilməsi haqqında qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Belə ki, sosial sığorta ödəmələrinin verilməsi bu qanunun 6-cı maddəsində nəzərdə tutulan sosial sığorta ödəmələri sığortaolunanlara yalnız nağdsız qaydada bilavasitə sığortaçı tərəfindən, əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektlərinə isə “Nağdsız hesablaşmalar haqqında” qanuna uyğun olaraq həyata keçirilir. Qısa müzakirədən sonra qanun layihəsi səsə qoyularaq qəbul edildi.

İclasda “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrinə də texniki dəyişikliklər təsdiqləndi.

İclasda daha sonra İnzibati Xətalar, şəhərsalma və tikinti məcəllələrinə dəyişikliklər edilməsi haqqında qanun layihələrinə baxıldı. Hər iki məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Dəyişikliyə görə, İnzibati Xətalar Məcəlləsinin 395.1-1 maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan ölçülərindən asılı olmayaraq açıq məkanda reklam qurğularının tikintisinə, quraşdırılmasına və onlara konstruktiv dəyişikliklərin edilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 10000 manatdan 15000 manatadək məbləğdə cərimə ediləcək.

Sənədlər səsverməyə çıxarılaraq qəbul olundu.

İclasda “Dərman vasitələri haqqında” qanuna dəyişikliklə bağlı layihə də müzakirəyə çıxarıldı. Qeyd edildi ki, ölkədə dərman vasitələri yalnız apteklər tərəfindən əhaliyə satılır. Aptek təşkilatlarında “Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısı”na daxil edilmiş dərman vasitələrinin olması məcburidir. Dərman vasitələrinin reseptsiz buraxılması qadağandır. Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Maddəyə yeni - 13.3-1 bənd əlavə edilir. Bəndə əsasən, 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir. Dəyişiklik səsə qoyularaq qəbul edildi.

Daha sonra “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanundaİnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri də müzakirəyə çıxarılaraq qəbul edildi.

Gündəliyin sonuncu məsələsi isə “Peşə təhsili haqqında” qanun layihəsi idi. Milli Məclisdə birinci oxunuşda müzakirəyə çıxarılan sənədi parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli təqdim etdi.

Komitə sədri buldirdi ki, qanun layihəsi 5 fəsil, 26 maddədən ibarətdir. Bu qanun Azərbaycanın peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Qanunu pozan hüquqifiziki şəxslər Mülki, İnzibati və Cinayət Məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Müzakirələr zamanı çıxış edən parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qeyd etdi ki, peşə-ixtisas təhsilinə diqqət yetirmək lazımdır. Çünki bu gün yeni ixtisaslı kadrların hazırlanmasına böyük ehtiyac var.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Gənclər və idman komitəsinin sədri Fuad Muradov, deputatlardan Vahid Əhmədov, Fazil Mustafa, Elmira Axundova, Tahir Mirkişili, Aqil Abbas və Qənirə Paşayeva çıxış edərək bildirdilər ki, müzakirəyə çıxarılan qanun layihəsi olduqca vacib əhəmiyyət daşıyır. Çünki bu gün təhsilin hər bir sahəsində islahatlar gedir. Ona görə də bu qanun layihəsinin geniş ictimai müzakirəsinə çox böyük ehtiyac var.

Deputatların fikir və təklifləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edildi. Bununla da Milli Məclisin yaz sessiyasının ilk plenar iclası başa çatdı.

 

Səbinə MƏMMƏDOVA,

Azərbaycan.-2018.-2 fevral.- S.1;3.