Mədəniyyət və turizm naziri Pakistan nümayəndə heyəti ilə görüşüb

Fevralın 1-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Pakistanın Kommersiya və Sənaye Palatasının prezidenti Zahid Latif Xandanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Ə.Qarayev Azərbaycanın turizm potensialı, son illər ölkəmizdə turizmin inkişafı istiqamətində görülən işlər, qəbul edilmiş normativ hüquqi sənədlər və gələcəkdə bu sahədə həyata keçiriləcək layihələr haqqında geniş məlumat verib. Ölkənin beynəlxalq hava limanlarında vizaların “ASAN Vizasistemi vasitəsilə tətbiqi haqqında Azərbaycan Prezidentinin imzaladığı Fərman barədə məlumat verən nazir bu Fərmanın turizmin inkişafı istiqamətində atılan növbəti mühüm addımlardan biri olduğunu bildirib. Ötən il ərzində ölkəyə 2 milyon turistin gəlməsinin 20 faiz artımdan xəbər verdiyini qeyd edib.

Nazir Pakistandan ölkəmizə səfər edən turistlərin sayının artırılması istiqamətində ikitərəfli əməkdaşlıq üçün Azərbaycanda hər cür imkanların olduğunu söyləyib.

Görüşdə iştirak edən Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Səid Xan Mohmand fəaliyyəti dövründə Azərbaycanın turizm imkanları ilə tanış olmaq fürsəti yarandığını və bu barədə Pakistanın adamları və iri biznes qurumlarının rəhbərlərini məlumatlandırdığını vurğulayıb. Bununla da Azərbaycanın turizm sahəsinə geniş töhfə vermək istədiyini bildirib. Bu əlaqələr çərçivəsində Pakistanın “Shaheen Airlines” şirkətinin cari ilin iyun ayından Bakıya uçuşlar təşkil etmək niyyətində olduğunu qeyd edib. Bu layihənin Azərbaycanın Pakistan vətəndaşları üçün turizm nöqteyi-nəzərindən vacib istiqamət olduğunu vurğulayaraq, qısa müddət ərzində ölkəmizə çoxsaylı turistlərin gələcəyinə inamını ifadə edib. Diplomat, həmçinin 2018-ci il iyulun 4-5-də Bakıda keçiriləcək 31-ci Beynəlxalq Nailiyyət Mükafatı və Biznes İmkanları Konfransına qatılacaq pakistanlı adamları barədə məlumat verib.

Rəhbərlik etdiyi Palatanın Pakistanın ən böyük özəl qurumlarından biri olduğunu bildirən Zahid Latif Xandan qeyd edib ki, 25 ildir fəaliyyət göstərən təşkilatın təxminən 7000 üzvü var. O, iki ölkənin adamlarının ikitərəfli görüşlərinin təşkili istiqamətində bu Palatanın böyük işlər gördüyünü vurğulayıb.

Nazir Əbülfəs Qarayev Azərbaycan Konqreslər Bürosu ilə Pakistanın Kommersiya və Sənaye Palatasının əməkdaşlığını təklif edib və birgə fəaliyyətin hər iki qurum üçün önəmli olacağını bildirib.

Ə.Qarayev mədəniyyət və turizm sahəsindəki münasibətlərə nazirlik tərəfindən hər zaman dəstək veriləcəyini söyləyib.

Azərbaycan.-2018.-2 fevral.- S.7.