Sərgi Gənclər Gününə həsr edilib

2 fevral 2018-ci il tarixində saat 11:00-da M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “2 fevral - Gənclər Günüdür” adlı kitab sərgisinin açılışı olmuşdur. Tədbiri Milli Kitabxananın direktoru professor  Kərim Tahirov açmışdır. O, ümummilli lider Heydər Əliyevin 1997-ci il 2 fevral tarixində imzaladığı fərmana əsasən, bu tarixin Gənclər Günü elan edilməsindən,  Azərbaycanda dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolundan, hər bir sahədə gənclərə dövlət tərəfindən göstərilən yüksək qayğıdan, onların cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirakından söz açmışdır. Professor Kərim Tahirov ölkə rəhbəri İlham Əliyevin  ulu öndərin gənclər siyasətini  uğurla davam etdirdiyini vurğulamış, gələcəyin qurucuları olan bu nəslin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik ruhunda tərbiyə olunması üçün görülən işləri diqqətə çatdırmışdır.

Sonra çıxış edən gənclər bu gün müstəqil Azərbaycan dövlətində onlara göstərilən qayğıdan,  hər  bir sahədə dövlətin dəstəyini hiss etdiklərini söyləmişlər.

 Sonda tədbir iştirakçıları “2 fevral - Gənclər Günüdür” adlı geniş kitab sərgisi ilə tanış olmuşlar.  Sərgi tədbir iştirakçıları tərəfindən  maraqla qarşılanmışdır.

“2 fevral - Gənclər günüdür” adlı kitab sərgisi davam edir.

Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada “Gəncliyimiz sabahımızdır” adlı tədbir keçirilmişdir. Tədbirdə 8 saylı məktəbin 8a sinif şagirdləri iştirak etmişlər. Milli Kitabxananın direktor müavini Ədibə  İsmayılova Gənclər Gününün yaranma tarixindən, dövlət başçısı İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışmış, onlara ölkəmizin sayılan gəncləri sırasında olmalarını arzulamışdır.  Tədbirdə həmçinin kitab və dövri mətbuat sərgisi təşkil edilmişdir. Gənclər şərgilənən ədəbiyyatla tanış olmuş, sonda xatirə şəkli çəkdirmişlər.

Azərbaycan.-2018.-3 fevral.- S.8.