Düşüncələrdəki istiqlal

 

Azərbaycan Xalq Cümhuriyyəti- 100  

 

Azərbaycan tarixi barədə kitablar ərazilərimizdə yaradılmış xeyli sayda dövlət adları ilə başlanır. İnsanlar əllərinə düşən hər fürsətdə dövlət qurublar…

Onu qorumaq üçün qalalar, istehkamlar tikiblər, ordu yaradıblar, dövlətin atributlarını formalaşdırıblar. Amma bu dövlətlər xarici müdaxilə, ya da daxili çəkişmələr nəticəsində tez də süquta uğrayıb.

Eyni xalqa mənsub insanların güclərini birləşdirərək yadellilər qarşısına sarsılmaz qüvvə ilə çıxması, milli dövlətin tarixinin əsrlərdən-əsrlərə adlaması mümkün olmayıb. Ona görə də yüzilliklər boyu bir çox dövlətlər qursaq da, əfsus ki, onlarla bağlı qürrələnəsi faktlarımız çox azdır.

Və əsrləri əhatə edən milli dövlətçilik ənənələrimiz haqqında hələ də danışa bilmirik...

Bu ənənələr yarıda qırılır. Bir əsrdən digərinə gəlib çatmır. Hər dəfə bu ənənələr yenidən başlanmalı olur. Əvvəlkiləri tamamlayaraq yeni nailiyyətlər yarada bilmir.

Hətta tariximizin ən parlaq faktlarından olan Səfəvilər dövlətinin də zaman keçdikcə öz məzmununu dəyişdiyini, tarixi məramından uzaq düşdüyünü, toplumda arzuolunan dövlətçilik şüurunun yüksəldilməsinə, xalqı öz milli hədəflərinə qovuşduran birgə fəaliyyət qaydalarının yaradılmasına lazımi töhfələri verə bilmədiyini görürük.

***

Tədqiqatçılardan ötrü zamanın qədim qatlarına səyahət bələdçisi olan tarix ədəbiyyat adamları üçün də zəngin təəssüratlar, şəxsiyyətlər və xarakterlər dünyasıdır...

Tarix qələmə almağa, ədəbiyyat aynasında əks etdirməyə bitib-tükənməz material verir. Vaxtın həqiqətlərini sərf-nəzər edərək bəlli bir nəticə çıxarmaqda aydın yol göstərir.

Son illər bədii yaradıcılığımda tarixi mövzular diqqətimi çox çəkir. Azərbaycan tarixində xüsusi yer tutan şəxsiyyətlər, xüsusilə dövlət adamları, hökmdarlar, sərkərdələr haqqında düşündükcə bacardığım qədər onların obrazını yaratmağa çalışıram.

Bu, qarşıya qoyduğum konkret ədəbi məqsəd deyil. Daxili aləmimdən qaynaqlanan hissdir. Tarixin ayrı-ayrı dövrlərini düşündükcə təsəvvürlərimdə yaranan səhnələri sözlə canlandırmaq ehtiyacıdır.

XVIII əsrdə dünyanın ən görkəmli sərkərdələrindən biri kimi tanınan, Orta Şərqin və Asiyanın sonuncu fatehi sayılan, əsl Azərbaycan cahangiri Nadir şah Əfşara həsr olunmuş “Sonuncu fateh” romanım da, milli dövlətçilik tariximizin çox önəmli mərhələləri olan Qazi Bürhanəddin, Uzun Həsən və Şah İsmayıl Xətai dövrlərinə həsr etdiyim “İki şah, iki sultan” trilogiyam da bu qarşısıalınmaz daxili duyğuların bəhəridir.

Bədii ədəbiyyatda tarixi mövzulara müraciətin bir cəhəti də var ki, istər-istəməz həm də tarixçiyə çevrilirsən. Ayrı-ayrı epizodları daha səhih canlandırmaqdan ötrü mənbələrə üz tutarkən qarşına çıxan maraqlı məqamlar düşüncələrini ardınca çəkib aparır. Bir fakt davamında başqa faktı gətirir. Və yaxın-uzaq keçmiş, onun uğur və yanlışları haqqında ümumi bir fikrin formalaşır...

Bu əsərləri qələmə almaqla böyük ədəbiyyatdan ciddi bir umacağım yoxdur. Amma tarixi şəxsiyyətlərimizin portretlərini yaratmaqdan ötrü ömrün illərini yazı masası arxasında keçirmək səbəbsiz də deyil.

Tarixi təcrübənin ümumiləşdirilməsində və yeni nəsillərə düzgün çatdırılmasında ədəbiyyatın böyük təsir gücü var. Keçmişin bədii obrazlarla əksi tarixən qazanılmış uğurların daha da möhkəmləndirilməsində, yol verilmiş yanlışlarınsa bir daha təkrarlanmamasında böyük rol oynayır.

Niyyətim - əsrlərin əzab-əziyyətlərindən, elin üzləşdiyi min bir məşəqqətlərdən sonra, nəhayət ki, bu gün düzgün, aydın, ardıcıl inkişaf yolunda tarixinin ən qüdrətli çağlarını yaşayan Azərbaycan dövləti üçün bu ədəbi missiyanı bacardığım qədər yerinə yetirməkdir.

Uzun müddətdən bəri tariximizin ayrı-ayrı çağları ilə bağlı oxuduğum bol-bol materialların, apardığım araşdırmaların öyrətdiyi bir həqiqət var: tarixdə yol verdiyimiz səhvlər, üzləşdiyimiz ağır sınaqlar, əsasən milli dövlətçilik şüurumuzun kövrəkliyindən qaynaqlanıb.

***

Tez-tez təkrarlandığından bir qədər şablonlaşmış sayılsa da, məşhur ifadə var: hərdən deyirlər ki, biz fərdi idman növlərində kifayət qədər yüksək nəticələr qazansaq da, komanda oyunlarında eyni nəticəni göstərməyi bacarmırıq (hərçənd ki, “Qarabağ” futbol klubunun yaşıl meydandakı son nailiyyətləri bu stereotipi yavaş-yavaş dağıtmaqdadır).

Zənnimcə, bu da insanlarımızda milli dövlətçilik düşüncəsinin lazımi səviyyəyə çatması üçün qədim dövrlərdə itirilmiş böyük şansların, fürsətlərin nəticəsidir. Uzun illər vahid hədəflərə, ümumi qələbələrə doğru birgə hərəkət vərdişlərinin olmamasının fəsadlarıdır.

Stepen Kovey müasir dünyanın ən mükəmməl fərdi inkişaf kitablarından sayılan “Yüksək effektivli insanların 7 vərdişi” əsərində sinerjini, yəni sadə dildə desək, komanda ruhu ilə birgə fəaliyyəti insanın da, cəmiyyətin də ən mühüm uğur vasitəsi sayır. Bu gün dünyanın irəlidə olan bütün cəmiyyətləri öz nailiyyətlərinə yalnız birgə fəaliyyət nəticəsində çatıblar. Fərdiyyətçiliyin, xırda qrup maraqlarının son nəticədə kimsəyə xeyir vermədiyi bu cəmiyyətlərdə hələ əsrlər əvvəldən dərk olunub. Hər kəs ümumi məqsədə çatmaqdan ötrü nəsə fayda verməyə can atıb.

Bizdə də bu həqiqəti dərk edən və onu cəmiyyətə çatdırmağa çalışan açıq bəsirətli kişilər olub. Məsələn, belə fikir babalarımızdan Mirzə Fətəli Axundzadə hələ teatrın nə olduğunu bilməyən bir xalq üçün dram əsərləri yazırdı. Əlifba islahatlarının aparılmasından ötrü ömrünün az qala yarısını sərf edirdi. Amma uğrunda həyatını şam kimi əritdiyi toplumun böyük bir hissəsi onu düşmən gözündə görürdü. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi xalqın maariflənməsi üçün cibinin pulu ilə qəzet buraxırdı. Dünyanın qabaqcıl ölkələrinin əldə etdiyi elmi tərəqqini Azərbaycana da gətirmək istəyirdi ki, insanlar bundan faydalansınlar. Di gəl, ayda cəmi bir neçə qəpik xərcləyib qəzetə abunə yazılan tapılmırdı.

Xalqın maarifçi övladları gənc nəslin təhsil alması üçün yolların tozunu uda-uda kəndbəkənd, şəhərbəşəhər gəzib dolaşırdılar. Maarif nurunun gur yanmasından ötrü imkanı çatan adamlara ağız açırdılar. Fəqət, iş kömək məqamına gələndə, böyük messenat Hacı Zeynalabdin Tağıyev kimi çox az istisnaları nəzərə almasaq, hərə bir tərəfə dağılışırdı.

Əgər o zamanlar insanların milli dövlətçilik düşüncəsi yüksək olsaydı, bunun tamam əksini görərdik. İmkanlı adamlar təhsilə, mədəniyyətə, mətbuata pul xərcləməyə əsla qızırqalanmazdılar. Bilərdilər ki, bu pul bir yerə toplanıb onların dövlətini gücləndirir və vahid amal üçün xərclədiklərinin min qatı illər sonra yenidən onların özlərinə qayıdacaq.

Əsrlər əvvəl toplum lazımi milli dövlətçilik şüuruna malik olsaydı, cəmiyyət özünün ziyalı övladlarını, maarifpərvər insanlarını başının tacı edərdi. Sabir sabun bişirib piştaxta qarşısında oturmazdı, Zərdabi barxanasını yığıb kəndə köçməzdi, Hadi səfil-sərgərdan dolaşıb bir qarın çörək üçün şeir nüsxələrini satmazdı, Mirzə Cəlil mənzilini qızdırmaq üçün sobada əlyazmalarını yandırmazdı...

Cəmiyyət belə mütəfəkkirlərinə dəstək verərdi, onların sıralarının genişlənməsinə, əsl ziyalılığın cəmiyyətdə ən böyük dəyərə çevrilməsinə can atardı...

Anlayardı ki, gələcəyə doğru ən düzgün yol, onların saldığı işıqdır...

***

Tarix şərtlərlə danışmağı sevmir. Onu geriyə çevirib yenidən yaşamaq mümkün deyil. Tarixdən ancaq bu gün və gələcək üçün düzgün nəticələr çıxarmaq olar. Ona görə də əsrlər ərzində əldən verdiyimiz imkanlara, boşuna sərf etdiyimiz zamana görə günahkar axtarmaq fikrindən uzağam. Yaşadıqlarımızın suçu bir çox hallarda heç özümüzdə də olmayıb.

Bu tarixi mənzərələrin ortaya çıxmasında, xalqın ayrı-ayrı çağlarda qurduğu dövlətlərin uzun müddət ömür edə bilməməsində, cəmiyyətin geri qalmasında Azərbaycanın yerləşdiyi geostrateji mövqe də müəyyən rol oynayıb.

Müstəqil Azərbaycan Respublikasının indiki çağlarına qədər bu xalq nə vaxt özü öz taleyinin sahibi ola bilib ki?!

Altı da, üstü də sərvətlə dolu bu əsrarəngiz yurdun əlverişli iqlimi, bərəkətli torpaqları, dünyanın bu başından o başına aparan yolların “Şərqin qapısı”ndan keçməsi bu imkanların hamısını birdən qamarlamaq istəyən yağıların iştah dişini itiləyib.

Azərbaycan həmişə qurdlar süfrəsində olub...

Yurd əldən-ələ keçib, yağılar arasında bölünüb, iti caynaqlar onun ayrı-ayrı hissələrini qoparıb, xalq ağır faciələrlə üzləşib. Ona görə də insanlarımız əsrlər boyu özünüqoruma instinkti ilə yaşayıblar. Öz ailələrini, yaxınlarını gələn bəlalardan hifz etmək, onların ehtiyaclarını qarşılamaq qayğısı çəkiblər. Hər kəs fərdi qaydada yeni vəziyyətlərə mümkün qədər uyğunlaşmağa çalışıb, vəziyyətin özünü dəyişməkdən ötrü bəlanın qarşısına elin sel gücü ilə çıxmasına çox az hallarda imkan tapıb.

Amma indi mənəvi ruhun sağlamlığına bax ki, hətta ən ağır şərtlər altında belə bu xalq mənən aşınmayıb. Böyük xilafətlərin, azman imperiyaların əsarəti altında da öz dilini, mədəniyyətini, adət-ənənələrini itirməyib. Onu qoruyaraq nəsillərdən-nəsillərə daha da inkişaf etmiş şəkildə çatdırıb.

Və xalqın istiqlal ruhunu oyadıb yox yerdən bir dövlət quran Vətən övladları hər fürsətdə ortaya çıxıblar...

***

2018-ci il belə Azərbaycan övladlarının ilidir...

Azərbaycan xalqının ilidir...

Dünyanın harasında yaşamasından asılı olmayaraq özünü Azərbaycana bağlı sanan hər bir soydaşımızın ilidir...

Bu ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamamlanır. Müsəlman Şərqində doğan günəşin zərrələri artıq 100 ildir ki, zamana işıq saçır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu münasibətlə 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edib. Elə bu yazı da müstəqil Azərbaycan Respublikasının sələfi olan Azərbaycan Xalq Cümhuriyyətini qurub yaratmış Vətən sevdalılarına - bani atalara həsr olunub...

***

Cümhuriyyətin tarixi dəyəri ölçüyəgəlməzdir. Xalqımız müsəlman Şərqinin ilk demokratik respublikasını qurdu. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil olundu. Ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı.

Ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, qısa müddətdə yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı. Milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları quruldu, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi, Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü.

Amma cümhuriyyətin tarixi dəyəri təkcə bunlardan ibarət deyil...

Bu dəyər mövcudluğunun ilk günlərindən Azərbaycan Xalq Cümhuriyyətinin xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanması, bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırması, onu qurub yaradanların diplomatik səriştəsi hesabına beynəlxalq hüququn subyektinə çevrilərək 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını alması ilə də məhdudlaşmır...

Azərbaycan Xalq Cümhuriyyətinin tarixi dəyəri həm də xalqımızın qazandığı bütün siyasi, mədəni, mənəvi nailiyyətlərin bütünü olmasıdır. Onların hamısının bütövü rolunda çıxış etməsidir.

Azərbaycan Xalq Cümhuriyyəti bu xalqın zamanın ən qədim qatlarından ona qədər gəldiyi yolun məntiqi nəticəsidir...

Ən ağır sınaqlar qarşında da hifz edilmiş xalq ruhunun, milli enerjinin yandırdığı işıqdır...

Cümhuriyyət elə bir dəyərdir ki, ən uzaq keçmişimizdən tutmuş, müasir Azərbaycan Respublikasının qüdrətinə qədər onda tapa bilərsən...

Cümhuriyyət aydın bir yoldur. XIX əsrin birinci yarısından etibarən maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklərin üzə çıxardığı milli özünüdərk düşüncəsidir...

Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundzadə kimi maarifpərvərlərimizin fəaliyyəti ilə başlanan, Həsən bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Əli bəy Hüseynzadənin və başqa mütəfəkkirlərimizin mənəvi irsində inkişaf edən milli məfkurədir...

XIX əsrin sonu, XX əsrin əvvəllərində güclü sahibkarlar təbəqəsinin formalaşdığı və milli ruhlu ziyalılar nəslinin yetişdiyi neft şəhəri Bakıda bir ictimai-siyasi fikir mərkəzi kimi aparılan qızğın diskussiyaların, xalqın istiqbalı üçün düşüncələrdə gedən axtarışların, gələcəyə yönəlmiş müdrik baxışların ərsəyə gəldiyi tarixi reallıqdır...

Ən mühümü isə müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir...

Cümhuriyyət ənənələrinin, ideyalarının davamçısıdır...

***

Azərbaycan Xalq Cümhuriyyəti elə bir mövzudur ki, bu mövzuda istənilən qədər müzakirələr aparmağın, polemikalar qurmağın böyük faydası var. Bununla belə, bu xüsusda yazan, danışan müasirlərimizin bir cəhətini heç cür qəbul edə bilmirəm. Bəzi insanlarımızın, hətta öndə gedən ziyalılarımızın belə, öz müzakirələrini, təəssüf ki, ideyalardan daha çox şəxslər üzərində qurduqlarını görürəm.

Azərbaycan Xalq Cümhuriyyətinin ərsəyə gəlməsində kimin daha böyük xidmətinin, kimin kimdən öndə olduğunu hər vəchlə isbata yetirməyə çalışırlar. Beləliklə, bu qədər böyük bir dəyəri ideyaların ucalığından şəxslər səviyyəsinə endirirlər. Yaxud kimlərsə xırda firqə maraqları ilə cümhuriyyət qurucularını sanki özəlləşdirmək istəyirlər. Toplumla onlar arasında sədd yaratmağa meyilli görünürlər.

Bunun özü cəmiyyətimizdə dövlətçilik təfəkkürü ilə bağlı hələ də müəyyən yanlışların qaldığını göstərir...

Hərdən düşünürəm ki, əgər cümhuriyyət qurucularımız sağ qalsaydılar və bu polemikalara qoşulmaq imkanları olsaydı, bu “kim kimdən öndə” yanaşmasına birinci onlar özləri etiraz edərdilər. Çünki o nurlu kişilər bu əzab-əziyyətli yola tarixdə kimdənsə öndə qərarlaşmaq üçün çıxmamışdılar. Vətənin istiqlalına nail olmaq, xalqı irəliyə aparmaqdan ötrü qədəm qoymuşdular...

Onlar üçün mühüm olan şəxslərin deyil, ideyaların önə çıxması idi...

Və 1918-ci ilin 28 may günü Vətənin istiqlalının bütün dünyaya bəyan edilməsi, Xalq Cümhuriyyətinin yaranması ilə bir şəxs deyil, bu niyyət uğrunda çalışan bütün insanların xidmət etdikləri milli ideya zəfər çalmışdı.

Ona görə də indi bu şəxsiyyətləri üz-üzə qoymaq, birinin xidmətlərini həddindən artıq böyütmək, digərinin etdiklərinin dəyərini aşağı salmaq insafdan deyil və obyektivlikdən çox uzaqdır.

Onlarla millət xadiminin, ayrı-ayrı düşüncə sahiblərimizin əlbir əməyinin, vahid amala təmənnasız xidmətinin bəhrəsi olan bu ideyanı, tarixi nailiyyəti ümumi simvol kimi konkret şəxslərdə obrazlaşdırdığımız zamanlarda isə bəli, üç nəfərin adı xüsusi çəkilə bilər. Çünki Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən bu dövlətin başında həmin üç kişi dayanıb...

Onlardan biri Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası Rəyasət Heyətinin sədri olmuş, görkəmli publisist və ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadədir. Digəri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin ilk sədri və cümhuriyyətin beynəlxalq hüququn sübyekti kimi dünyada tanınmasında böyük rol oynamış Əlimərdan bəy Topçubaşovdur. Bir başqası isə Azərbaycanın ilk milli hökumətini formalaşdırmış, ona rəhbərlik etmiş Fətəli xan Xoyskidir...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də cümhuriyyət barədə çıxışlarında bu üç şəxsin adını xüsusi vurğulayırdı: “Azərbaycanın istiqlaliyyətini elan edənlər, Xalq Cümhuriyyətini qurub-yaradanlar və ona sona qədər sadiq olan insanlar Azərbaycanın ən mötəbər, ən görkəmli insanlarıdır. Xalq Cümhuriyyətinin rəhbərləri Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, onların silahdaşları və o illərdə müstəqillik uğrunda mübarizə aparan və hakimiyyət orqanlarında fəaliyyət göstərən insanlar Azərbaycan xalqı tərəfindən heç vaxt unudulmayacaqlar. Onlar Azərbaycan xalqının tarixinə böyük və dəyərli şəxsiyyətlər kimi daxil olmuşlar”.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında xidmətləri olmuş bütün şəxsiyyətlərimizin fəaliyyətinə, cümhuriyyət qurucularımızın Vətən qarşısındakı xidmətlərinə ən düzgün və yüksək tarixi qiyməti məhz Heydər Əliyev vermişdi və bu gün də bu qiyməti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev verir...

***

Azərbaycan Xalq Cümhuriyyətinin ərsəyə gəlməsində şəxslər qədər tarixi proseslərin də böyük rolu vardı. Əgər tarixi reallıqlar şərait yaratmasaydı, Birinci Dünya müharibəsinin nəticələri, çar imperiyasının süqutu və bolşeviklərin hakimiyyəti ələ keçirməsindən sonra keçmiş imperiya ərazisində yaranmış mürəkkəb geosiyasi vəziyyət imkan verməsəydi, Azərbaycanın öz istiqlalını elan etməsi mümkünsüz olardı.

Eyni zamanda dünyanın aparıcı dövlətlərinin Bakı neftinə marağının siyasi çarpışmaları daha da gərginləşdirdiyi həlledici məqamda Azərbaycanın tərəqqipərvər siyasi elitası müstəqil milli dövlətçiliyin yaradılması naminə birləşməsəydi, cümhuriyyətin qurulması yenə də alınmazdı.

Bu sətirləri yaza-yaza Qafqazın Müsəlman müəllimlərinin Bakıda keçirilmiş birinci qurultayı barədə oxuduqlarımı xatırlayıram. 1906-cı ilin 15 avqustunda səhər saat 10-da şəhər məktəbinin salonunda Həsən bəy Zərdabinin sədrliyi, Nəriman Nərimanovun sədr müavinliyi və Fərhad Ağayevin katibliyi ilə qurultay öz işinə başlayır. Onda Bakı məktəbləri üzrə Livitski adlı bir inspektor vardı. Qatı irticaçı idi. Hərəkət və rəftarında ayrı-seçkiliyə yol verirdi. O, məktəblərdə bir kəlmə olsun belə azərbaycanca danışmağı qadağan etmişdi. Bu da tədris prosesində müəllimlərə ciddi çətinlik yaradırdı. Çünki rus dilindəki bəzi sözlərin mənasını uşaqlara ana dilində izah etmək lazım gəlirdi. Ona görə də qurultay nümayəndələri qərara aldılar ki, belə yaramazlığa qarşı Livitskidən Qafqaz canişininə şikayət etsinlər və ana dilini sərbəst dərs kimi keçmək barədə sərəncam verilsin.

Həsən bəy Zərdabinin bu barədə tərtib etdiyi teleqramın son cümləsi belə tamamlanırdı: “Qurultay ədalətli sərəncam vermənizi xahiş edir”.

Nəriman Nərimanov bu cümləyə etiraz edir: “Qurultay tələb edir! Xahiş yox”. Zərdabi həlim bir tərzdə izah edir ki, “tələb” sözü canişinlikdə oturmuş çinovniklərin qəzəbinə səbəb olar, teleqramı cırıb atarlar, sərdara heç verməzlər, deyərlər siz nəsiz, kimsiz ki, tələbiniz də nə ola. Burada evimizin içində bir Livitski ilə bacarmırıq, bizi saya salmır. Teleqramı sərdara versələr, hiddətlənər, təhsil işlərimizə əngəl törədər, Livitskiyə əhsən deyər, hələ üstəlik, səlahiyyətini bir az da artırar. Xahiş daha müvafiqdir, nəzakətlidir...”

Beləliklə, mübahisə başlanır. Hər kəs dediyinin üstündə durur. Nümayəndələr iki dəstəyə bölünür; təkliflər səsə qoyulur. Nərimanovun “qurultay tələb edir” təklifi keçir və Həsən bəy Zərdabi bu münasibətdən inciyərək toplantını yarımçıq tərk edir.

Bu epizodu yazmaqda məqsədim imperiyanın yerlərdəki gücünü təsvir etmək, o dövrün ictimai ab-havasını az da olsa, canlandırmaqdır. O əhvalatın üstündən 12 il keçsə də, ümumən cəmiyyətdə siyasi mübarizlik ruhu, mütəşəkkillik hələ o səviyyəyə gəlib çatmamışdı ki, Azərbaycan müstəqillik iddiası qaldırsın.

Xalqın mədəni tərəqqisinə çalışan maarifpərvərlərimiz imperiyanın gücünü, irticanın amansızlığını nəzərə alaraq 1918-ci ilə qədər olsa-olsa mədəni hüquqların əldə olunmasına çalışırdılar. 1905-ci il inqilabının yaratdığı mülayimləşmə dövründən sonra ən böyük istək Azərbaycanın, heç olmasa mədəni muxtariyyət əldə etməsi idi.

Amma gün gəldi, tarixi məqam yetişdi, ölkənin istiqlalı elan olundu. Əksəriyyəti zadəgan ailələrin övladları olan siyasi elita təmsilçilərimiz Azərbaycanın siyasi müstəqilliyini elan etdilər...

***

Bu fikrim bəlkə də, çoxlarına mübahisəli görünəcək, amma tarixə olduğu kimi yanaşmaq daha faydalıdır. Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması yuxarılardan, qeyd etdiyim kimi, zadəgan təbəqədən gələn bir addım idi. Geniş xalq kütləsinin bu dövlətin formalaşmasında müstəsna rolu olmamışdı. Açıq danışaq, hətta əyalətlərdə belə bir dövlətin formalaşmasından xəbərsiz insanlar da vardı. Xalq nə baş verdiyini anlamırdı. Milli Respublikanın nə mahiyyət kəsb etdiyini doğru-dürüst qavraya bilmirdi.

Cümhuriyyətin elan olunmasını qanunsuzluq, özbaşınalıq, hərki-hərkilik kimi anlayanlar da vardı. Yeni hökumət saysız-hesabsız problemlərin həlli ilə məşğul idi. Bütün respublika ərazisinə inzibati nəzarət, hüquqi dövlət quruculuğu, qanunların aliliyi, vətəndaşların hüquqi müdafiəsi hələ tam mümkün olmamışdı. Belə bir vəziyyət isə bəzən yerlərdəki kriminal ünsürlərin, qanun-qaydalara boyun əymək istəməyən zümrələrin işinə yarayırdı. Xüsusilə əyalətlərimizdə çapqınçılıq, quldurluq, Bakıda qoçuların özbaşınalıqları baş alıb gedirdi. Cəmiyyətdə siyasi mədəniyyət, milli dövlətçilik şüuru yüksək deyildi, təşkilatlanma çox zəif idi...

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə bütün çətinliklərə baxmayaraq xalqımızın gələcəyi üçün çox iş gördü. Hətta bacardığından da artığını etdi. “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 may 2017-ci il tarixli sərəncamında da vurğulandığı kimi, yeni qurulan cümhuriyyət öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Bununla belə, cəmi 23 aylıq zaman qarşıya qoymuş böyük məqsədləri sona qədər həyata keçirməyə imkan vermədi. Ən mühümü, təhsilin, maarifin, mədəniyyətin, incəsənətin gücü ilə cəmiyyətdə milli dövlətçilik şüurunun formalaşdırılması işi yarım qaldı.

1920-ci ildə cümhuriyyətin süqutundan sonra Azərbaycanı ələ keçirən bolşeviklər isə xalqımızı milli inkişaf xəttindən uzaq saldılar. Beynəlmiləlçilik tərbiyəsi cəmiyyəti öz yolundan sapındırdı. Üstəlik, 30-cu illərin repressiyaları dövründə milli ruhun daşıyıcısı olan əksər ziyalılarımız məqsədli şəkildə məhv edildi. Xalq öz soy-kökündən, tarixindən, dilindən, inancından uzaq salındı...

***

Yalnız ötən əsrin 70-ci illərində milli ruhun oyanışı üçün yeni imkan yetişdi. Dövlətçilik ideallarımızın davamçısı olan ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə, onun tutduğu yolla, təlqin etdiyi mənəvi dəyərlərlə şüurlarda bir azadlıq mehi əsdi...

Heydər Əliyev bir sovet ölkəsinin rəhbəri kimi malik olduğu bütün səlahiyyətlərdən, milli inkişaf üçün fürsət bildiyi bütün imkanlardan istifadə edərək cümhuriyyət qurucularının bir çox amallarını hələ o dövrlərdə həyata keçirdi.

O, cəmiyyətdə haqqı-ədaləti təmin etdi, milli düşüncəli ziyalıları qorudu, onların fəaliyyətinə dəstək verdi, Azərbaycanın tarixi dəyərlərinə sahib çıxdı, ana dilimizin, mədəniyyətimizin hamisi oldu. Səsimizi, sözümüzü, mənəvi sərvətlərimizi dünyaya yetirdi. Azərbaycanın iqtisadi müstəqilliyinin əsaslarını formalaşdırdı. Qısa müddətdə ölkəmizi keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirdi. Maarifi, təhsili, elmi, ziyalılığı, ziyalıya rəğbət hissini cəmiyyətdə yüksək bir dəyər kimi formalaşdırdı.

İlk işlərindən biri 100 Azərbaycan gəncini xaricə oxumağa göndərməkdən ibarət olan cümhuriyyət qurucularının yarımçıq qalmış bu arzusunu yerinə yetirərək minlərlə Azərbaycan gəncinin keçmiş ittifaqın şöhrətli ali məktəblərində təhsil almasına nail oldu...

Heydər Əliyev respublikanın əsas sənaye mərkəzlərində qurduğu iri zavodlarla, fabriklərlə, bu müəssisələrdə çalışan gənclər üçün inşa etdirdiyi geniş yaşayış massivləri ilə, milli şüurun daşıyıcısı olan gənc ailələrin ölkənin əsas inkişaf mərkəzlərində cəmləşməsinə verdiyi dəstəklə Azərbaycanın gələcək istiqlalı üçün böyük bir potensial formalaşdırdı. Onlarda milli dövlətçilik şüurunu yüksəltdi.

Və bunu heç bir tərəddüdsüz yazıram: ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasını məhz Heydər Əliyevin formalaşdırdığı nəsil gerçəkləşdirdi...

Ulu öndər tarixin həlledici məqamlarında öz qətiyyətli addımları ilə onun dövrünün yetirməsi olan bu insanları ürəkləndirdi. Onlara nümunə göstərdi.

Azərbaycanın əsrin sonunda dünyaya növbəti dəfə bəyan etdiyi istiqlal bəyannaməsinə onlarla birgə imzasını qoydu...

Müstəqilliyin ilk illərində cümhuriyyətin taleyini yaşamaq təhlükəsi ilə üz-üzə qalmış respublikanı zamanın yeni təlatümlərindən hifz edərək aydın inkişaf yoluna çıxardı. Hətta ömrünün son aylarında da xalqın, milli dövlətin gələcəyinə görə özünü borclu bilərək doğma övladının - İlham Əliyevin üzərinə son dərəcə ağır bir məsuliyyət qoydu.

1 oktyabr 2003-cü ildə xalqa ünvanladığı vəsiyyəti ilə İlham Əliyevi Azərbaycan xalqı, Azərbaycan dövləti yolunda odun-alovun, bir-birindən çətin sınaqların üzərinə göndərdi...

Ulu öndərin inamından, xalqın dəstəyindən güc alan İlham Əliyev isə Azərbaycanı tarixinin ən qüdrətli dönəminə yetirdi...

Və cümhuriyyət qurucularının da, ulu öndər Heydər Əliyevin də bu yurdun üzərində dolaşan müqəddəs ruhları İlham Əliyevin timsalında Vətənin möhtəşəm nailiyyətləri ilə rahatlıq tapdı...

***

Gündəlik işlərim elədir ki, gənclərlə mütəmadi ünsiyyətdəyəm. Milli Məclisin deputatı, Neft və Sənaye Universitetinin kafedra müdiri, professoru, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri kimi gənc nəslin təmsilçiləri ilə müntəzəm müzakirələrim, polemikalarım olur. Müstəqillik dövründə doğulmuş gənclərimizə baxıram, görürəm ki, bu tamam başqa bir nəsildir...

Onlar fərqlidirlər... Tərbiyələri, əxlaqları, mədəni davranışları yerli-yerindədir. Amma bu gənclərin gözündə qorxu, çəkingənlik yoxdur. Düşüncələrində demokratiya var, müstəqillik var. Onlar mütəşəkkildirlər. Komanda ruhunun gücünü, faydasını dərk edir və öz fəaliyyətlərini buna uyğunlaşdırırlar.

Dövlətçilik bu gənclərin təfəkküründədir artıq...

İstiqlal onların ruhuna o qədər hopub ki, bu gənclər müstəqillik yolundan heç zaman geri dönməzlər...

Prezident İlham Əliyev Azərbaycan həyatına çox nailiyyətlər bəxş edib. Dövlətimizi gücləndirən, yüksəldən, cəmiyyətin tərəqqisinə təkan verən çox ciddi uğurlarımız var. Onların hər biri ilə vətəndaş olaraq qürur duyuram.

Amma bunlardan da daha əfzəli liderin öz vətəndaşlarının təfəkkürlərinə hopdurduğu dövlətçilik ruhudur…

Xalq Cümhuriyyətinin bir əsrlik irsinin ən böyük təntənəsi də məhz budur...

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı-publisist

 

Azərbaycan.- 2018.-6 fevral.- S.4.