Nəriman Nərimanov irsinin tədqiqatçısı

 

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor və tanınmış jurnalist Teymur Əhmədovun Özbəkistan Respublikası “Turan” Elmlər Akademiyasının akademiki seçilməsi, ona akademiyanın diplomudöş nişanının təqdim edilməsi respublikamızın ədəbi ictimaiyyətində, elm adamları və jurnalistlərdə xoş ovqat yaratmışdır. Sevincimizə sevinc qatan həm də odur ki, uzun illərin tədqiqatçısı professor Teymur Əhmədovun axtarışları, araşdırmaları, elmi fəaliyyəti və mətbuat sahəsində xidmətləri Azərbaycanın hüdudlarından kənarda da yüksək qiymətləndirilir. Onun Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Nəriman Nərimanov, Mirzə İbrahimov, Mir Cəlal, Məmmədhüseyn Şəhriyar, Səməd Vurğun və başqalarının yaradıcılığı ilə bağlı apardığı tədqiqatlar layiq olduğu akademik kimi şərəfli adın işığında daha möhtəşəm, daha dəyərli görünür.

Xatırladım ki, Teymur Əhmədov gənclik illərində bədii yaradıcılıqla məşğul olub. “Ülkər” adlı hekayələr kitabı 1961-ci ildə İrəvanda işıq üzü görüb. Sonralar qələmə aldığı “Dostluq nəğməkarı”, “Nəriman Nərimanovun dramaturgiyası”, “Nəriman Nərimanov”, “Vedibasarın qanlı-qadalı günləri”, “Erməni xəyanəti və ya Andranik Ozanyanın qanlı əməlləri (1918-1920-ci illər)”, “Mirzə İbrahimov” və s. monoqrafiyaları çoxsaylı oxucu marağına səbəb olub. “Azərbaycan sovet yazıçıları (ədəbi sorğu kitabı)” (1987), “Azərbaycan yazıçıları (Ensiklopedik məlumat kitabı)” (1995) da Teymur müəllimin gərgin əməyi hesabına ərsəyə gəlib. Ümumiyyətlə, məhsuldar tədqiqatçı-alim indiyəcən 47 adda nəşr edilmiş monoqrafiya və kitabın, 300-dən çox elmi kütləvipublisistik məqalənin müəllifi, 28 adda elmi, ictimai-siyasi və ədəbi kitabın tərtibçisi, 44 monoqrafiyanın redaktorudur. Bu zənginliyin içərisində alimin Azərbaycan xalqının görkəmli oğlu, ictimai-siyasi xadim, yazıçı-publisist, doktor Nəriman Nərimanovun həyat və yaradıcılığından bəhs edən “Nəriman Nərimanovun dramaturgiyası”, “Nəriman Nərimanov həyatı, mühiti və yaradıcılıq yolu” kitabları “Nəriman Nərimanov” kitabçaları Azərbaycan, rus, alman, ingilis, fransız dillərində kütləvi tirajla çap olunmuşdur. Bu əsərlər Nəriman Nərimanov irsini ədəbiyyatşünaslara və oxuculara daha yaxından tanıtmış, habelə respublikamızdan kənarda müəllifə şöhrət qazandırmışdır. Akademik Firudin Köçərli demişdir: “Nəriman Nərimanov haqqında xeyli tədqiqatlar aparılmış, əsərlər yazılmışdır. Lakin indiyə qədər onun həyatı və bədii yaradıcılığı bütövlükdə xüsusi tədqiqat obyekti olmamışdır. Teymur Əhmədov bu sahədəki boşluğu doldurub. Onun əsərlərinin aktuallığı və elmi dəyəri də məhz bundadır. O, uzun illər müxtəlif arxivlərdə səmərəli axtarışlar aparmış, xalqın böyük oğlunun həyat və fəaliyyətinə dair yeni materiallar aşkara çıxarıb elmi dövriyyəyə daxil etmişdir”. Alimin yenidən işlənmiş və təkmilləşdirilmiş variantda latın qrafikası ilə bu günlərdə nəşr edilən “Nəriman Nərimanov” (2017) kitabı məhz bu qəbildəndir.

Teymur müəllim adı böyük hərflərlə yazılmağa layiq olan alimdir, jurnalistdir. Haqqında tədqiqatçı-alim kimi düşünəndə gözlərimiz önündə Firudin bəy Köçərli canlanır. Jurnalist kimi düşünəndə istər-istəməz Həsən bəy Zərdabi xatırlanır. Respublikamızın elm adamları, mətbuat nümayəndələri yaxşı bilirlər ki, professor Teymur Əhmədovun elmiictimai fəaliyyətinin əsasında onun işgüzarlığı, gecəli-gündüzlü tədqiqatları və zəhmətsevərliyi dayanır. Bu yazıda İrəvanın Uluxanlı kənd orta məktəbini qızıl medalla bitirən Teymur Əhmədovun xatirələrlə dolu uşaqlıq illərindən və valideynləri ilə birlikdə deportasiyaya məruz qaldığı əzablı gəncliyindən, Bakıda ali təhsil aldığı tələbəlik illərindən, habelə sonrakı həyat və yaradıcılığından yox, diqqətinizə çatdırdığımız xeyir xəbərindən bir neçə gün sonraNurlar” nəşriyyatı tərəfindən buraxılmış “Nəriman Nərimanov” kitabı haqqında açıqlama vermək istəyirəm. Teymur Əhmədov qırx beş ildən çoxdur ki, görkəmli ictimai-siyasi xadim, yazıçı, həkim Nəriman Nərimanovun həyatı, mühiti və ədəbi-bədii yaradıcılığını tədqiq edir.

Xatırladaq ki, bu böyük şəxsiyyətin - Nəriman Nərimanovun çoxcəhətli elmi-ədəbi fəaliyyəti və mübarizəsi barədə akademik Firudin Köçərli, akademik, xalq yazıçısı Mirzə İbrahimov, akademik Cəmil Quliyev, yazıçı Qılman İlkin, akademik Nizami Cəfərov və digər tanınmış qələm sahibləri, elm adamları məqalələr, monoqrafiyalar, kitablar yazıblar, bədii əsərlərini toplayıb kütləvi tirajla nəşr etdiriblər. Görkəmli elm xadimləri sırasında professor Teymur Əhmədovun adının çəkilməsinə ciddi ehtiyac varbuna onun mənəvi haqqı da çatır.

Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyətini və xalqı qarşısında xidmətlərini yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev ədibin anadan olmasının 100 illiyi münasibətilə paytaxt Bakıda heykəlini qoydurmaq istəyirdi. Bu xəbərdən “kommunist” maskalı erməni daşnakları və onların havadarları “millətçi” Nərimanova heykəl qoyulmasına qarşı etiraz məktubları ilə Moskvanı təngə gətirdilər... Yubiley ili heykəl qoyulmadı, yubiley şənliyi gecikdi. Bu məsələdə milli təəssübkeşlik göstərən, əsl həqiqəti ortaya qoyan Heydər Əliyev Nəriman Nərimanovun əzəmətli heykəlini ucaltdı, onun təntənəli yubileyini keçirtdi, vətən oğlunu doğma xalqına əbədi qovuşdurdu.

Nəriman Nərimanov şəxsiyyətinə və siyasi fəaliyyətinə hücumlar olanda Teymur Əhmədov öz tədqiqatları, araşdırmaları, arxiv materialları ilə rəhbərə dəstək olmuş, xalqın nəzərindən gizlədilməyə cəhd edilən Nəriman Nərimanovun halal haqqının müdafiəsində dayanmışdı. Bu zaman filologiya elmləri namizədi Teymur Əhmədov ölkə başçısı Heydər Əliyevin təşəbbüs və təkliflərinin dəstəkləyicisi olaraq “Nəriman Nərimanov - həyat və fəaliyyəti” (1970), “Nəriman Nərimanovun dramaturgiyası” (1971), “Nəriman Nərimanov” albom-kitabı (1870-1925), “Nəriman Nərimanov (2017)” əsərlərini nəşr etdirmişdir.

“Nəriman Nərimanov” kitabının əvvəlində akademik Cəmil Quliyevin “Zəhmət və istedadın vəhdəti” məqaləsində deyildiyi kimi, “70-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında mən fəaliyyətə başladığım vaxt Teymuru Azərbaycanda Nəriman Nərimanov haqqında ilk sanballı tədqiqat kitabının müəllifı kimi kəşf etdim, indiyə kimisadiq “əsl nərimanovçu” kimi N.Nərimanova həsr olunmuş monoqrafiyalar, külliyyatlar, müxtəlif janrlarda məqalə və müxtəlif sənədlər çap etdirən Teymur Əhmədovdur!”

Təsadüfı deyil ki, alimin “Nəriman Nərimanovun dramaturgiyası”, “Nəriman Nərimanov”, “Nəriman Nərimanovun yaradıcılıq yolu” adlı monoqrafiyalarını akademik Nizami Cəfərov “əsl ziyalılıq əxlaqının, cəsarətin, vətəndaşlıq təəssübkeşliyinin ən yaxşı örnəyi” kimi dəyərləndirir.

“Mündəricat” və “Nəticə” ilə 550 səhifədən və altı fəsildən ibarət “Nəriman Nərimanov”da böyük ictimai-siyasi xadimin “bədii yaradıcılığının tarixi”, “həyatı, mühiti, ictimai-siyasi fəaliyyəti (1870-1918)”, “dramaturgiyası”, “nəsr əsərləri”, “teatr mədəniyyəti”, “ədəbi-nəzəri görüşləri”, “publisistikası”, ən nəhayət, “Maarifçilikdən inqilabi demokratizmə doğru” fəaliyyəti dolğunluğu ilə oxuculara çatdırılır. Professor T.Əhmədovun gərgin elmi axtarışlarının bəhrəsi olan “Nəriman Nərimanov” kitabı, eləcə də XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı klassiklərinin həyat və yaradıcılığının tədqiqinə dair əsərləri ədəbiyyatşünaslıq elmimizin zənginləşməsi və ədəbi-ictimai fikrin inkişafı üçün faydalı mənbədir.

Həmkarımıza bu yolda, həmişəki kimi, gənclik həvəsi ilə tədqiqatlarını davam etdirməyi, oxuculara isə xalqımızın böyük oğlu Nəriman Nərimanovun ədəbi irsini hərtərəfli və dərindən öyrənməyi arzu edirik.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2018.-17 fevral.- S.5.