Zamanı qabaqlayan mütərəqqi islahatlar

 

Həyatın hər anı özünəməxsus cəhətləri ilə xarakterikdir. Bu cəhətlər dövrün ab-havasına, zamanın çağırışlarına, tələb və gerçəkliklərinə uyğun olaraq müəyyənləşir. Əslində, tarixin öz ahəngi ilə davam edən dövrü heç zaman olmayıb. Əgər hansısa mərhələ belə görünürsə, həmin rəvanlığı, ahəngi təmin edən yenə də insanın gərgin zəhmətidir.

Son 15 ildə Azərbaycanın strateji inkişaf kursunun davamlılığının təmin olunması, bu yolda qazanılmış nailiyyətlərin qorunması, yürüdülən müstəqil xəttin, cəmiyyətdə ictimai-siyasi sabitliyin dayanıqlığı, vətəndaş cəmiyyəti quruculuğu, ölkənin insan kapitalı ilə gələcəyə hazırlanması kimi mütərəqqi çağırışlardan uzaq düşməməsi və mütləq çoxluğun mənafeyini dolğun şəkildə əks etdirən amillərin qlobal səciyyə daşıması, nəcib mahiyyəti ilə ictimai şüurda həm möhkəmlənir, həm də milli ideya səviyyəsinə yüksəlir. Bu ideyalar isə özünü ilk növbədə ictimaiyyətin müəyyən gözləntilərini təcəssüm etdirir, zamanla inkişaf edir, yeniləşir, fərqli hədəf və məqsədləri özündə birləşdirir.

 

Real , inkişaf və yüksəliş

 

Azərbaycan 15 ildə keçid iqtisadiyyatını başa çatdırdı. Reallaşdırılan mükəmməl sosial-iqtisadi inkişaf strategiyası əsasında Azərbaycan modeli formalaşdırıldı. Bu model aparılan siyasətin ayrılmaz tərkib hissəsi olmaqla dövlətin iqtisadi tərəqqisinə, dünya birliyində köklü mövqeyinin möhkəmlənməsinə, güclü ölkələr sırasında yer almasına xidmət etdi.

Bu dövrdə Azərbaycan xarici siyasət sahəsində yeni uğurlara imza atdı. Bu siyasət kursu müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və nüfuzlu ölkələrlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində quruldu. Azərbaycanın Avropa birliyininYeni Qonşuluq Siyasəti” proqramına qoşulması, BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi, ona sədrlik etməsi və bu kimi yeniliklər ölkənin xarici siyasət sahəsində tarixi uğurları oldu. Azərbaycanın diplomatikada qazandığı nailiyyətlər beynəlxalq aləmin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə münasibətində üstünlüyü xeyrimizə dəyişdi.

Dövlətimiz münaqişənin danışıqlar yolu ilə həlli üçün yüksək fəallıq nümayiş etdirdi, birmənalı və prinsipial mövqe tutdu. Dəfələrlə bəyan olundu ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına heç zaman yol verilməyəcək. Sülh danışıqlarına paralel olaraq bu illərdə ordu quruculuğu istiqamətində tarixi nailiyyətlər əldə edildi. Bu gün Azərbaycan Cənubi Qafqaz regionunun ən güclü ordusuna malikdir. Müzəffər ordumuzun 2016-cı ilin aprel döyüşlərində qazandığı uğurlara hər kəs bir daha şahid oldu. Azad edilmiş Cocuq Mərcanlı kəndində qısa müddətdə görülən işlər sübut etdi ki, Azərbaycan işğal olunmuş bütün torpaqlarımızdan düşməni hərbi yolla çıxararaq bu yerlərə yenidən həyat, abadlıq, inkişaf gətirməkdən ötrü hər cür imkanlara malikdir.

Azərbaycan tarix boyu heç zaman indiki kimi qüdrətli, güvənli olmayıb. Ölkəmizdə dünya dövlətlərinin heç birinə bənzəməyən, özünəməxsus iqtisadisiyasi inkişaf modelinin formalaşması faktı tam təsdiqini tapıb. O da nəzərə alınmalıdır ki, dövlətimiz bütün bu uğurları bir milyondan çox vətəndaşı qaçqın və məcburi köçkün kimi yaşadığı, torpaqlarının 20 faizinin işğalda olduğu vəziyyətdə qazanıb.

Bu gün ən böyük uğurlarımızdan biri də Azərbaycan kəndinə şəhər simasının gətirilməsidir. Cənubdan şimala, şərqdən qərbə çoxsaylı yaşayış məntəqələrində yeni sosial mədəni obyektlər - ən müasir tələblərə cavab verən məktəblər, səhiyyə ocaqları, körpülər, yollar tikilmişdir.

2004-cü ildən başlayaraq Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrası göz önündədir. Bu layihələr çərçivəsində ölkədə 443 körpü tikilmiş, 3100-dən çox məktəb inşa edilmiş, 642 tibb müəssisəsi, 43 olimpiya idman kompleksi salınmış, 265 min məcburi köçkün yeni mənzillərlə təmin edilmişdir. Hər şeydən əvvəl yoxsulluq həddi 50 faizdən 5 faizə endirilmiş, 1 milyon 900 min yeni yeri açılmışdır.

 

Milli-mənəvi dəyərlərə sadiqlik

 

Bu illər ərzində xalqın mədəniyyətinin və mənəviyyatının qorunub saxlanılmasına, inkişaf etdirilməsinə xidmət edən strateji siyasi kursa xüsusilə üstünlük verilmişdir. İlk fərman və sərəncamlar da məhz milli-mənəvi intibaha, mədəni yüksəlişə xidmət etmişdir. Azərbaycan xalqının fikir xəzinəsinə açar olan bir çox kitabların latın qrafikasında təkrar nəşri barədə “Azərbaycan dilində latın qrafikalı kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam mənəvi irsə sadiqliyin daha bir nümunəsi olmuşdur. Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin zaman-zaman kütləvi tirajla nəşr olunub ölkənin kitabxana şəbəkəsinə hədiyyə edilməsi xoş bir ənənəyə çevrilmişdir.

Dövlət başçısının ana dilimizin qorunması və inkişafı ilə bağlı gördüyü işlər isə ulu öndərin bu sahəyə həssas münasibətinin davamı idi. Hər şeydən öncə aparılan tədbirlər dilimizin inkişafında yeni bir mərhələ açdı. Qloballaşma dövrünün müəyyən reallıqları ilə bağlı Azərbaycan dilinin istifadəsi sahəsində yaranmış bəzi problemlər ciddiliklə nəzərə alınaraq “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın hazırlanması ilə əlaqədar sərəncam imzalanmışdır. Belə bir Dövlət Proqramının qəbul edilərək icraya yönəldilməsi mənəviyyatımızın güzgüsü olan doğma dilimizin saflığının və zənginliyinin qorunması yolunda mühüm bir tarixi hadisəyə çevrilmişdi.

Bundan başqa, bir sıra sərəncam və fərmanlar Azərbaycan ərazisində tarixi mədəniyyət abidələrinin qorunmasını, onların əsaslı bərpasını və yenidən qurulmasını nəzərdə tuturdu. Təbii ki, cəmiyyət həyatının müxtəlif sahələrinin sürətlə inkişaf etdiyi, elmi-texniki yüksəlişin gücləndiyi bir mərhələdə sovetlər birliyi dövrünün geridə qalmış texnologiyainfrastrukturu əsasında fəaliyyət göstərən, yenidənqurmaya ciddi ehtiyac duyan milli teatr və muzeylər, mədəniyyət ocaqları zəruri tamaşaçı auditoriyası cəlb edə bilməzlər. Reallığı düzgün dəyərləndirən ölkə rəhbərliyi tərəfindən Azərbaycanda, demək olar ki, bütün aparıcı mədəniyyət müəssisələrinin, teatrların, o cümlədən kinoteatrların, muzeylərin əsaslı təmiri və yenidən qurulmasına yönələn sərəncamlar imzalanmışdır. “Mədəniyyət haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Turizm haqqında”, “Nəşriyyat işi haqqında”, “Muzeylər haqqında”, “Arxiv fondu haqqında”, “Memarlıq fəaliyyəti haqqında” qanunlar qəbul olunmuşdur. Azərbaycan dövləti mədəniyyət sahəsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, o cümlədən “Silahlı münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında”, “Arxeoloji irsin qorunması haqqında” və s. qoşulmuşdur. Azərbaycan UNESCO-nun nəzdindəki Ümumdünya İrs Mərkəzi ilə də uğurlu əməkdaşlığa başlamış və bu çərçivədə milli mədəniyyətimizin mühafizəsi, inkişafı və təbliği sahəsində böyük nailiyyətlər əldə etmişdir.

 

Mədəniyyətlərarası dialoq məkanı

 

Son 15 ildə Azərbaycan tarixdə yaşayacaq bir sıra möhtəşəm ilklərə imza atıb. Reallaşdırılan siyasət nəticəsində bu gün ölkəmiz müxtəlif beynəlxalq tədbirlərlə qlobal problemlərin müzakirəyə çıxarıldığı dialoq məkanına çevrilib. Bütün dünya indi Azərbaycanı mədəniyyətlərin təmas yeri, tolerantlıq, multikulturalizm ünvanı kimi tanıyır. Yüksək təşəbbüskarlıqla təşkil edilən çoxsaylı mötəbər beynəlxalq tədbirlər respublikamızı regionun diplomatik mərkəzinə, sülh, ədalət və sivil birgəyaşayış platformasına çevirmişdir.

Xatırlatmaq yerinə düşər ki, Avropaqonşu regionların mədəniyyət nazirlərinin hələ 2008-ci ilin dekabrında Bakıda keçirilmiş konfransında ölkəmiz müxtəlif mədəniyyətlər arasında dialoq və əməkdaşlığın inkişafını nəzərdə tutan “Bakı prosesi” təşəbbüsünü irəli sürmüş və beynəlxalq əməkdaşlıqda keyfiyyətcə yeni səhifə açmışdır. Son 15 ildə respublikamızın paytaxtında qlobal beynəlxalq tədbirlərin təşkili intensiv xarakter almış, bu həm də demoktratikləşmə proseslərinin, sosial-iqtisadi inkişafın, ən əsası, müxtəlif mədəniyyətlərin qorunması və təbliğinin xarici siyasətə təsiri olmuşdur. Bu il “Bakı prosesinin başlanmasının 10 illik yubileyi təntənəli şəkildə qeyd olunacaqdır.

Ümumilikdə respublikada baş tutan tədbirlər miqyasca geniş və əhatəlidir: hələ 2008-ci ildə “Mədəniyyətlərarası dialoqda qadınların rolumövzusunda konfrans keçirilmiş, 2009-cu ildə Bakı “İslam mədəniyyətinin paytaxtı” elan olunmuşdur. Həmin il Bakıda İslam Konfransı Təşkilatına üzv olan ölkələrin və Avropa dövlətlərinin mədəniyyət nazirlərinin toplantısı, 2011-ci və 2013-cü illərdə UNESCO, ISESCO, BMT-nin Sivilizasiyalar Alyansı və Avropa Şurasının dəstəyi ilə I və II Bakı Ümumdünya Mədəniyyətlərarası dialoq forumları keçirilmişdir. 2016-cı ildə təşkil olunmuş Mədəniyyətlərarası Dialoq Forumu da respublikamızın bu istiqamətdə körpüyaratma missiyasını bütün dünyaya göstərmişdir.

2016-cı ilin aprelində Bakıda təşkil olunmuş BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yekunları isə göstərmişdir ki, Azərbaycanın çevik və səmərəli xarici siyasətinin əsas hədəflərindən biri də fərqli mədəniyyətlər arasında dialoqunvahid inkişaf platformasının formalaşdırılmasıdır. 2016-cı ilin oktyabrında V Bakı Beynəlxalq Humanitar Forumu Azərbaycanın təkcə insan hüquqları və demokratikləşmə deyil, həm də milli-etnik, dini tolerantlıq və multikulturalizm sahəsində əldə etdiyi nailiyyətlərlə şərtlənmişdir. Bakı beynəlxalq humanitar forumlarının məqsədi bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavablar axtarmaq, növbəti onilliklər üçün strategiyanı müəyyən etməkdir. Əsas vəzifələrdən biriinsan fəaliyyətinin bütün sahələrində çalışan mütəxəssisləri biraraya gətirərək bəşəriyyəti narahat edən aktual məsələlərin həlli yollarını tapmaqdır.

“2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ilielan edilməsi haqqında” sərəncam bu sahədə həyata keçirilən tədbirlərə yeni təkan vermişdir. Bu həm də rəsmi Bakının dünyaya verdiyi açıq mesaj kimi dəyərləndirilməlidir. Dövlət başçısının dəfələrlə vurğuladığı kimi, belə bir qərar bəşəri miqyasda toqquşma və müharibələr, siyasi, dini, milli ziddiyyətlər şəraitində Azərbaycanda mövcud olan sabitliyin, multikultural dəyərlərin dünyaya təqdimatı baxımından yeni imkanlar açmışdır. Müasir aləmdə getdikcə dərinləşən sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi və dini dəyərlərinin qorunması zərurətini dövrün aktual məsələlərindən birinə çevirmişdir. İlk baxışdan təbii və mütərəqqi görünən bu meyillər bəzi hallarda sivil bəşər cəmiyyətinin minilliklər boyu əxz etdiyi dinc yanaşı yaşamaq kimi ali dəyərinə də kölgə salır, onun etnik, irqi, dinisiyasi dözümsüzlük kimi səciyyələnən ksenofobiya ilə əvəzlənməsinə rəvac verir.

Dinamik iqtisadi inkişaf tempinə görə Cənubi Qafqazın lider ölkəsinə çevrilən Azərbaycan hazırda həm də dünyanın aparıcı idman ölkələrindən biri kimi tanınır. Bu müsbət imicin əsasında gənclərin dövlət tərəfindən qayğı ilə əhatə olunması, həmçinin onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsi üçün atılan addımlar dayanır. 2015-ci ildə ilk Avropa Oyunları, 2016 və 2017-ci illərdə keçirilmiş “Formula-1” yarışları zamanı respublikamız nümayiş etdirdiyi yüksək təşkilatçılıq və qonaqpərvərliklə Avropanın təkcə iqtisadi deyil, mənəvi-intellektual baxımdan zəngin, multikultural ölkəsi olduğunu sübuta yetirmişdir.

İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbulu zamanı Azərbaycanda tarixən müxtəlif etnosların dinc yanaşı yaşadıqları, xalqımızın dinimilli tolerantlıq səviyyəsi və s. sadalamadığımız bir çox həssas məqamlar da ciddiliklə nəzərə alınmışdır. Tarixən müxtəlif din, məzhəb, dil və mədəniyyətə malik insanların ümumi Vətəninə çevrilən Azərbaycanda tolerantlıq düşüncəsinin yüksək inkişaf etdiyi beynəlxalq səviyyədə də etiraf olunur. 2017-ci ilin Azərbaycanda “İslam həmrəyliyi ilielan edilməsi də bu mənada obyektiv reallıqlarla şərtlənmişdir.

Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapması, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulması ilə yanaşı, sağlam islami dəyərlərin dünyada təbliğinə də böyük töhfələr vermişdir. Ölkəmizin İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin “İslam mədəniyyətinin paytaxtı” elan olunmasında öz ifadəsini tapmışdır. Bu gün İslam həmrəyliyini zəruri edən amillərdən biri də Qərbdə islamofobiya meyillərinin getdikcə genişlənməsi, onun nüfuzuna qərəzli olaraq xələl gətirilməsi cəhdləri ilə şərtlənir. Halbuki İslam dini hər cür zorakılığı və cinayətkar əməlləri yolverilməz sayır.

Bu il isə ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ilielan olunub. Cümhuriyyətin yaranmasının 100 illik yubileyi ilə əlaqədar ikinci bir sərəncam da imzalanıb. Bu tədbirlər yüksək səviyyədə, təntənə ilə qeyd olunacaq.

 

İnsan kapitalının inkişafına dövlət qayğısı

 

2003-cü ildən Azərbaycanda yaşanan yeni mərhələnin mənzərəsi milli təhsilimizin inkişafında da öz əksini tapır. Təsadüfi deyil ki, Azərbaycan hökuməti ilk gündən elm və təhsilə qayğını, bu sahədə özünü göstərən problemlərin həllini mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Son 15 ildə milli ənənələri qorumaqla dünya təhsil sisteminə inteqrasiya prosesinin sürətləndirilməsi, inkişaf etmiş dövlətlərin qabaqcıl təcrübəsinin mənimsənilərək yayılması, ümumtəhsil məktəblərində, ali təhsil müəssisələrində kompüterinformasiya texnologiyalarının geniş tətbiqi məqsədinə xidmət edən kompleks tədbirlər həyata keçirilmişdir.

İmzalanmış fərman və sərəncamlarda ölkədə güclü insan kapitalının formalaşdırılması məqsədi birinci planda dayanır. Regional inkişaf prosesi çərçivəsində yeni məktəblərin tikintisi və onların kompüterləşdirilməsi, ali təhsil sisteminə qayğının gücləndirilməsi, müəllimlərin sosial müdafiəsi tədbirlərinin genişləndirilməsi, elm sahəsində həllini gözləyən problemlərin aradan qaldırılması, Avropa təhsil məkanına inteqrasiyanın təmini, “Təhsil haqqında” yeni mükəmməl qanunun qəbulu bu tədbirlərin əsas tərkib hissəsi olmuşdur. Ən başlıcası, azərbaycanlı gənclərin dövlət hesabına dünyanın nüfuzlu universitetlərində təhsilinə şəraitin yaradılması xüsusi vurğulanmalıdır. Dövlət başçısının 31 yanvar 2008-ci il tarixli “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında”, habelə 16 aprel 2007-ci il tarixli “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncamları məhz bu məqsədə xidmət etmişdir. Proqram əsasında 5 min tələbənin dövlət büdcəsi hesabına xaricdə təhsil almağa göndərilməsi ölkəmizin gələcəyi baxımından son dərəcə əhəmiyyətli addım olmuşdur. Dəfələrlə vurğulanmışdır ki, iqtisadi resursların insan kapitalının inkişafına yönəldilməsi yolu ilə formalaşan yeni təfəkkürlü intellektual elita gələcəkdə ölkənin əsas aparıcı qüvvəsi kimi çıxış edəcəkdir. 2013-cü il tarixli fərman - “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” bunu bir daha təsdiqləmişdir. Belə bir strategiya həm də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulmuş hədəflərin gerçəkləşdirilməsi baxımından vacib əhəmiyyətə malikdir.

* * *

Zaman keçəcək, vaxt öz yaddaşında Azərbaycanın milli dövlətçilik tarixinin yeni-yeni nailiyyətlərini simvollaşdıracaq. Bu gün ölkədə elə bir siyasət həyata keçirilir ki, milli ideya özündə həm siyasi məkanın demokratikləşməsini, mütərəqqi və hərtərəfli iqtisadi inkişafı, dünya birliyinə inteqrasiyanı, həm də milli ruhu və özünəməxsusluğu qoruyub saxlamağı ehtiva edir.

 

İradə ƏLİYEVA

 

Azərbaycan.- 2018.- 18 fevral.- S.1; 6.