Bəzi seçki dairələrinin seçki məntəqələri üzrə seçicilərin sayının təmsilçilik normalarına uyğunlaşdırılması barədə

 

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 4/24

 

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırda cari il üzrə daimi seçici siyahılarının tərtib və təsdiq olunması işini davam etdirir. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinin təşkili ilə əlaqədar bəzi seçki dairələrinə (33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 36 saylı Xətai dördüncü, 46 saylı Şirvan, 87 saylı Ağsu-İsmayıllı, 115 saylı Şəki kənd ikinci, 120 saylı Cəbrayıl-Qubadlı və 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd - cəmi 8 seçki dairəsi) aid olan seçki məntəqələrində seçicilərin sayının təmsilçilik normalarına uyğunlaşdırılmasına ehtiyac yaranmışdır.

Ona görə də seçki dairələrinin dislokasiyaları daxilində mövcud seçki məntəqələrinin qanunvericiliyin tələblərinə (seçicilərin sayının mövcud normalara uyğun olması, seçki hüquqlarının həyata keçirilməsi üçün daha rahat şəraitin yaradılması s.) uyğunlaşdırılması məqsədilə əlavə seçki məntəqələrinin yaradılması müvafiq dairə seçki komissiyalarına həvalə edilməlidir.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin 35.2-ci və 35.3-cü maddələrinin tələblərinə əsasən, seçki məntəqələri aidiyyəti dairə seçki komissiyaları tərəfindən müvafiq icra hakimiyyəti orqanı və bələdiyyə qurumları ilə razılaşdırılmaqla, seçicilər üçün maksimum əlverişli şərait yaradılmasının zəruriliyi, yerli və digər şərait nəzərə alınmaqla yaradılır.

Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Seçki Məcəlləsinin 17.6.19-cu, 19.4-cü, 28.4-cü və 35-ci maddələrinə uyğun olaraq qərara alır:

1. Seçicilərin sayının təmsilçilik normasına uyğunlaşdırılması məqsədilə 33 saylı Xətai birinci, 34 saylı Xətai ikinci, 36  saylı Xətai dördüncü, 46 saylı Şirvan, 87 saylı Ağsu-İsmayıllı, 115 saylı Şəki kənd ikinci, 120 saylı Cəbrayıl-Qubadlı və 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairələrinin dislokasiyaları daxilində qanunvericiliyin tələbləri nəzərə alınmaqla əlavə seçki məntəqələrinin yaradılması müvafiq dairə seçki komissiyalarına həvalə edilsin.

2. Yeni yaradılmalı olan seçki məntəqələrinin seçki komissiyalarının qısa müddət ərzində formalaşdırılması üçün müvafiq tədbirlər görülsün.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib              Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

17.02.2018

 

Azərbaycan.- 2018.- 18 fevral.- S.5.