Ana dili xalqın mənəvi sərvətidir

 

Müasir İnnovasiyalar Liseyində Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

 

Dünən Müasir İnnovasiyalar Liseyində 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə tədbir keçirildi. Liseyin direktoru Sevinc Əliyeva bildirdi ki, Azərbaycan dilini sevmək,  onu təbliğ etmək hər bir vətəndaşın borcudur. Dilimizin, vətənimizin balacalara sevdirilməsində, yüksək səviyyədə təbliğində təhsil ocaqları əvəzsiz rol oynayır. Hər şagird ana dilinin müqəddəsliyini, onu qorumağın vacibliyini kiçik yaşlarından bilməlidir. Ona görə də təhsil ocaqlarında hər il ana dili ilə bağlı silsilə tədbirlər keçirilir.

S.Əliyeva qeyd etdi ki, dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. Dil ünsiyyət vasitəsi olmaqla  yanaşı,  həm də hər millərin simasını səciyyələndirən əsas amillərdən biridir. Hər bir xalqın mənliyini, mənəviyyatını və mədəniyyətini təcəssüm etdirən dil cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yaranır, tərəqqi edir. İnsanın təkamülündə ana dilinin rolu böyükdür.  S.Əliyevanın fikrincə, bu missiyanın uğurla icra olunmasında valideynlərlə yanaşı müəllimlərin də üzərinə böyük düşür.

Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev isə ana dilini müqəddəs varlıq adlandırdı. Çünki onu sevəndə, qoruyanda, zənginləşdirəndə mənsub olduğu xalqı tanıtdırır, ucaldır və şöhrətləndirir: “Ümummilli lider Heydər Əliyev deyirdi ki, “hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”. Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir. Ana dili xalqın mənəviyyatının güzgüsüdür”.

Əhməd Vəliyevin sözlərinə görə, dilinə laqeyd, ögey olanların xalqa, vətənə doğma olması inandırıcı deyil. Azərbaycanı sevmək, şöhrətləndirmək üçün dilimizi sevməli, qorumalıyıq. Dövlətin dilimizin saflığını təmin etmək sahəsində həyata keçirdiyi tədbirlər məqsədyönlüdür və düzgündür. Qəbul edilən qanun layihələri, dövlət proqramları və görülən digər zəruri tədbirlər göstərir ki, hər bir vətəndaş öz dilinin sahibi olmaqla bərabər onu qorumağa, zənginləşdirməyə borcludur.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva  bildirdi ki, dil millətin varlığının əsas şərtlərindən, göstəricilərindən biridir. Azərbaycan xalqının varlığını yaşadan Azərbaycan dili neçə yüz illərdir ki, onun milli-mənəvi varlığınının mövcudluğunu qoruyub saxlayır. Ona görə hər bir xalqın qürur mənbəyi onun ana dilidir.

Sonra valideynlər öz çıxışlarında ilk növbədə liseydə yaradılan yülksək təhsil səviyyəsindən razılıqlarını bildirdilər. Ana dilinin övladlarına sevdirilməsinin hər zaman vacib olduğunu qeyd etdilər.

Tədbir şagirdlərin ifasında səslənən yaradıcılıq nümunələri və müxtəlif səhnəciklərlə davam etdirildi. Sonda fərqlənən  şagirdlərə diplomlar təqdim edildi.

 

Elnur HADIYEV

 

Azərbaycan. - 2018.-21 fevral.- S.5.