Erməni məkrinin Sumqayıt avantürası

 

Sumqayıt hadisələrindən 30 il ötür

 

30 il əvvəl - 1988-ci ilin fevral ayının sonlarında Sumqayıt şəhərində baş verən hadisələr ermənilərin və erməni havadarlarının Azərbaycan xalqı ilə bağlı beynəlxalq ictimaiyyətdə mənfi imic yaratmaq məqsədi güdən qanlı cinayətlərindən biri idi. Bu hadisələr nəticəsində Sumqayıtda müxtəlif millətlərdən olan 32 nəfər, o cümlədən 26 erməni həlak olub, 400-dən çox insan bədən xəsarəti alıb, 200-dən çox mənzil talan edilib, 50-dən artıq mədəni-məişət obyekti dağıdılıb.

 

Niyə Sumqayıt?

 

Yaşlı və orta nəslin nümayəndələri 30 il əvvəl - 1988-ci il fevralın 27-28-də Sumqayıtda erməni millətçilərinin xaricdə yaşayan havadarlarının və “Daşnaksütyun” partiyasının dəstəyi ilə necə qanlı aksiya törətdiyini yaxşı xatırlayırlar. Hadisəni törətməkdə başlıca məqsəd erməni şovinistlərinin azərbaycanlıları başkəsən, quldur və qaniçən millət kimi dünya ictimaiyyətinə təqdim etməsi idi.

Separatçı, millətçi və terrorçu erməni və ermənipərəst qüvvələr tərəfindən Sumqayıtda törədilən iğtişaşları araşdırmaq üçün SSRİ Baş Prokurorluğu tərəfindən 1855461-88 nömrəli xüsusi cinayət işi açılıb, 444 adam məhkəmə qarşısında cavab verib, onlardan 400 nəfəri 10-15 sutka təcridxanalarda saxlanılıb, bir neçəsi uzunmüddətli həbs cəzasına, bir nəfər - Əhməd Əhmədov ölüm cəzasına məhkum olunubbu hökm tələsik yerinə yetirilib.

Sumqayıtda törədilmiş hadisələr barədə Sovet İttifaqının və xarici ölkələrin mətbuatında dərc olunmuş, dünyanın kütləvi informasiya vasitələrində, radiolarda, televiziya kanallarında səslənmiş materialların əksəriyyəti erməni mövqeli, birtərəfli, qərəzli xarakter daşımışdır. İnformasiya müharibəsində erməni tərəf ölçüyəgəlməz dərəcədə fəallıq göstərib, azərbaycanlılar haqqında böhtan xarakterli yalanlar yaymağa müvəffəq olub.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra bir sıra məsələlərlə yanaşı, Sumqayıt hadisələrinə də aydınlıq gətirildi və onun başvermə səbəbləri araşdırıldı. Məhz bundan sonra ermənilərin əsl siması üzə çıxdı. Məlum oldu ki, Sumqayıt hadisələri əvvəlcədən planlaşdırılmış ssenari əsasında həyata keçirilib. Ermənilər, əslində, bununla gələcəkdə həyata keçirəcəkləri digər faciələri ört-basdır etmək niyyəti güdürdülər.

Sumqayıt hadisələrinin başvermə səbəbləri araşdırılarkən ortaya belə bir sual çıxır: ermənilər öz təxribatlarını həyata keçirmək üçün niyə məhz bu yolu seçdilər? Cavab məlumdur: ölkəmiz əleyhinə güclü ideoloji mübarizə aparmaq, habelə soydaşlarımızın indiki Ermənistandan zorla qovulmalarının səbəblərini ört-basdır etmək. Onlar belə bir ssenarini beynəlxalq aləmdə Azərbaycan haqqında mənfi rəy formalaşdırmaq məqsədilə reallaşdırdılar. Xəyanətkar qonşularımız dünyaya əvvəlcədən guya azərbaycanlıların Sumqayıtda yaşayan ermənilərə qarşı zorakılıq etdiklərini, təzyiqlər göstərdiklərini planlaşdırılmış formada təqdim etməyə can atırdılar. Halbuki, əslində, insanları qətlə yetirənlər elə ermənilərin özləri idi.

Respublikamız həmin dövrdə güclü informasiya blokadasına alınmışdı. Dünyaya birbaşa çıxışımız olmadığından əsl həqiqətləri beynəlxalq aləmə çatdıra bilmirdik, xarici aləmdən təcrid olunmuşduq. Azərbaycanın digər bölgələrində baş verən iğtişaşlar daKrunk” təşkilatının gizli dəstəyi ilə hazırlanmış məxfi əməliyyatların tərkib hissəsi idi. Sov.İKP MK-nın birinci katibi M.Qorbaçovun, akademik Aqanbekyanın, digər yüksək vəzifəli ermənilərin, habelə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşlarının da bu işdə xüsusi rolu vardı.

O vaxtlar şəhərin icra qurumlarının, hüquq mühafizə orqanlarının fəaliyyəti SSRİ rəhbərliyi tərəfindən ciddi şəkildə nəzarətə götürülmüşdü. SSRİ Prokurorluğunun xüsusi istintaq qrupu, DTK nümayəndələri şəhərə ezam olunmuşdular. Hadisələr baş verərkən soydaşlarımızın qeyri-qanuni həbs edilmələri, ölüm cəzasına məhkum olunmaları məhz bu amillərlə bağlı idi. Şəhərə əvvəlcədən çəkiliş və terrorçu qrupların göndərilməsi, xarici müşahidəçilərin dəvət edilməsi bu hadisələrin məqsədyönlü şəkildə düşünülmüş planın tərkib hissəsi olduğunu göstərirdi.

Ermənilər Sumqayıtı əbəs yerə hədəf seçməmişdilər. Həmin ərəfədə minlərlə soydaşımız Ermənistandan - öz ata-baba yurdlarından qaçqın düşmüşdü. Soydaşlarımız Sumqayıta pənah gətirərkən burada gizli erməni təxribatçıları fəaliyyət göstərirdilər. Planlı şəkildə aparılan qətllər, talanlar və digər cinayət halları göstərir ki, proseslər şəhərdəki qüvvələr tərəfindən idarə edilirmiş. Hadisələrin Moskvadan göndərilmiş yüksək səlahiyyətli şəxslərin gözləri qarşısında törədilməsi onların hər şeydən məlumatlı olduğunu söyləməyə əsas verirdi.

Ümumiyyətlə, 1988-ci il fevral ayının 27-də Sumqayıtda iğtişaşlara əvvəlcədən planlaşdırılmış şəkildə start verilmişdi. İtaətsizlik baş alıb gedirdi. Hüquq mühafizə orqanları iflic vəziyyətinə düşmüşdü. Bütün silahlar onlardan alınmışdı. Nəticədə bir çox ticarət, ictimai-iaşə və məişət obyektləri dağıdıldı, maşınlar yandırıldı. Mitinq iştirakçılarını sakitləşdirmək qeyri-mümkün idi. Həmin anlar sovet qoşunları Sumqayıtın ayrı-ayrı məhəllə və mikrorayonlarına dislokasiya olunmuşdu. Lakin hadisələrin qarşısını almaq üçün müdaxilə edilmirdi. Fevral ayının 28-də və 29-da şəhərdə qanlı aksiya baş verdi. Mart ayının 1-də isə şəhərdə komendant saatı elan olundu. İndi o günləri xatırlayanda hələ də aktuallığını itirməmiş suallarla üzləşirsən. Məsələn, sovet qoşunları niyə gözləmə mövqeyi tutmuşdu? M.Qorbaçov 1988-ci il iyul ayının 18-də SSRİ Ali Sovetinin iclasında “Qoşunlar Sumqayıta bir saat gecikmişdifikrini söyləmişdi. SSRİ müdafiə naziri Yazov isə “Sumqayıtın əks-sədası” sənədli filminin çəkiliş qrupuna verdiyi müsahibəsində bu faktı təkzib etmişdi.

Erməni ekstremistləri məhz Sumqayıt şəhərini ona görə seçmişdilər ki, orada 10 minə yaxın yeniyetmə texniki peşə məktəblərində təhsil alırdı. Azərbaycanın müxtəlif regionlarından gələn həmin gənclərin əksəriyyəti valideyn nəzarətindən uzaq idi. Şəhərdə kriminogen vəziyyət pisləşmişdi. Həmin günlər 100-dən yuxarı saqqallı və qara gödəkçə geyinmiş erməni ekstremisti Sumqayıtda idi. Əksəriyyəti “Dalğa” və “Sumqayıt” mehmanxanalarında qalırdı. Onlar əhali arasında müxtəlif şayiələr yayır, aranı qızışdırır, insanları ermənilərin evlərinə soxulmağa təşviq edirdilər. Gənclər də asanlıqla təxribata uyurdular.

Ermənistan rəhbərliyi, ideoloqları Sumqayıt hadisələrindən kart kimi istifadə edərək azərbaycanlıları vəhşi, quldur, qaniçən bir millət kimi dünya ictimaiyyətinə təqdim etmək üçün təbliğat mexanizmini işə saldılar. “Azərbaycanda ermənilər qırılır, qətlə yetirilir, başları kəsilir, yandırılır” və s. kimi cəfəng uydurmalar yayılırdı. Sumqayıta xaricdən ezam olunmuş Artaşes Qabrielyan videokamera ilə hadisələrin bəzi məqamlarını lentə alırdı, sonralar onlar montaj olunub xarici telekanallarda göstərildi.

Sumqayıtda baş verən hadisələrdə əsas təşkilatçılardan və icraçılardan biri Eduard Qriqoryan idi. O, iki dəfə məhkum olunmuşduheç yerdə işləmirdi. “Krunkun fəal üzvü idi. İstintaq qrupunun materiallarından aydın olur ki, 1988-ci il fevral ayının ortalarında onun yaşadığı mənzilə Yerevandan bir qrup emissar gəlibmiş. Qriqoryan təlimatlandırılmış, ona pul, narkotik vasitələr verilmişdi. Paşa” ləqəbli Edik ertəsi gün ətrafına bir neçə azyaşlı yeniyetmə və gəncləri toplayıb, yaxın günlərdə bəzi əməliyyatlarda iştirak etsələr, çoxlu pul verəcəyini bildirərək onları şirnikləndirmiş və 1988-ci il fevral ayının 27-29-da Sumqayıtda iğtişaşlara rəhbərlik etmişdi. Onun barəsində ən dəqiq proqnozu SSRİ Baş Prokurorluğunun mühüm işlər üzrə müstəntiqi, o vaxtlar istintaq qrupunun rəhbəri Qalkin verib: “Eduard Qriqoryan tüfeyli həyat sürən bir canidir. Dəfələrlə həbs olunsa da, nəticə çıxarmayıb. O, Sumqayıtın azyaşlı uşaqlarını başına toplayıb beyinlərini dumanlandırmış, iğtişaşlara rəhbərlik etmişdir. Sumqayıtda baş verən hadisələrdə onun cinayət əməlləri nəticəsində 5 erməni qətlə yetirilmiş, 8 qadın zorlanmışdır...”

 

Həqiqəti boğmağa hesablanan yalanlar, uydurmalar, şayiələr

 

1988-ci il fevralın 28-dən 29-na keçən gecə erməni terrorçuları xaricdə yaşayan havadarlarının köməyi ilə Sumqayıtda qan tökdülər. Elə bununla bağlı mətbuat səhifələrində yayılan böhtanlar, erməni millətçilərinin çirkin niyyətli kampaniyaları həqiqəti üstələməyə başladı. Yerevanda nəşr olunan “Sumqayıt, genosid, aşkarlıq” kitabı başdan-başa böhtaniftira toplusuna çevrilmişdi. Hətta təkzibolunmaz faktlar bilərəkdən və qəsdən təhrif olunmuş, rəqəmləri şişirtməklə dünya ictimaiyyətini çaşbaş salmaq istəmişdilər. 1988-ci il 30 mart tarixli nömrəsində “İzvestiya” qəzeti belə bir sərlövhə ilə yazı dərc etmişdir: “Sumqayıt: istintaqa şayiələr mane olur”. Həqiqətən, ermənilər mərkəzi - SSRİ Baş Prokurorluğunun istintaq qrupunu da çaşdırmaq üçün hər cür yalan və hiylələrə əl atırdılar. Sumqayıt hadisələrində həlak olanların sayını bəzən ağlagəlməz dərəcədə şişirdirdilər. “Pravda” qəzeti 4 aprel 1988-ci il tarixli sayında yazırdı ki, Ermənistanın Moskvadakı nümayəndəliyinin yaydığı məlumata görə, Sumqayıtda guya 1000 nəfərə qədər adam öldürülüb. Ermənilərin saxta mənafeyi qorunmayanda köhnə vərdişlərindən əl çəkmir, şərə və böhtana üstünlük verirdilər. Toplantılarında Moskvaya, Mərkəzi Komitəyə, rus xalqına inamsızlıq ifadə edən bəyanatlar yayırdılar... O vaxtlar Qarabağ komitəsinə rəhbərlik edən Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan idi. Deməli, hələ sovet vaxtından xaricdə yaşayan erməni lobbisinin vəsaiti və köməyi ilə Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək üçün çirkin və məkrli oyunlar gedirdi. Sumqayıtda törədilmiş qanlı cinayətlər də əvvəlcədən hazırlanmış həmin ssenarilərin davamı idi.

1988-ci il mart ayının əvvəllərində hadisələr bir qədər səngisə də, şayiələrin, uydurmaların miqyası genişlənirdi. Qəribə burasıdır ki, cəmi 2-3 gündə dünyanın ucqar yerlərindən ermənilərin tərəfdarları və təbliğatçıları peyda olmuşdular. Hadisələrin sabahısı İsveçrədən gələn Artaşes Qabrielyan adlı erməni videokamerası ilə Sumqayıtın küçələrini gəzirdi. O, lentə aldığı materiala belə ad qoymuşdu: “Bizi başkəsənlərdən xilas edin”. Bu hadisələrdən sonra Azərbaycana qarşı böyük təbliğat kampaniyası başladı. “Azadlıq” radiosunun erməni redaksiyasının baş redaktoru Eduard Ohanesyan hadisələri öz xeyirlərinə şərh etmək üçün hər cür böhtana, şərə əl atırdı. Ermənilər ölənlərin sayını artırır, yalan və qərəzli məlumatları mətbuat səhifələrində yayırdılar. Sumqayıt hadisələrindən sonra erməni tarixçiləri fəallaşdılar, iftira və təhrifə üstünlük verməklə çoxlu sayda kitablar nəşr etdirdilər.

Sumqayıt hadisələrini araşdıran siyasi analitiklər, bu mövzuda yazan jurnalistlər, eləcə də hadisələrin mahiyyəti ilə maraqlanan insanların çoxu hələ o vaxtlar yaxşı dərk etmişdilər ki, iğtişaşların ssenarisi Moskvada, Siyasi Büroda hazırlanmışdı.

1988-ci ilin fevralında Sumqayıtda iğtişaşların törədilməsinin bir neçə səbəbi vardı. Ermənilər Azərbaycandakı soydaşlarının zorakılığa məruz qalması görüntüsü ilə nəinki bu şəhərin sakinlərinin, bütövlükdə azərbaycanlıların şəxsində düşmən obrazı yaratmaq, bununla da mənfur niyyətlərini ört-basdır etmək fikrində idilər. Həmin illər Sumqayıtda gənclər çoxluq təşkil edirdi. Onlar müxtəlif bölgələrdən gəlir, işə düzəlir, yataqxanalarda yaşayırdılar. Müxtəlif millətlərin nümayəndələrinin yaşadığı şəhərdə hər cür adam tapmaq mümkün idi. Müşahidəçilər sonralar yazacaq və deyəcəkdilər ki, ermənilər sumqayıtlı gənclərə pulsuz olaraq tərkibinə müxtəlif uyuşdurucu maddələr qatılmış çoxlu miqdarda alkoqollu içkilər paylamışdılar. Ermənistandan qaçqın düşərək respublikamıza pənah gətirənlərin böyük hissəsi də Sumqayıtda məskunlaşmışdı. Doğma yurd-yuvalarından zorla qovulan bu adamların təbii narazılıqlarından imkan daxilində istifadə etmək, eləcə də hadisələrin guya onlar tərəfindən törədildiyini bəyan etmək daha inandırıcı görünürdü.

 

(Ardı var)

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2018.- 27 fevral.- S.6.