Qafqaza Lələtəpədən yeni baxış

 

Rusiya erməni xəyanətlərinə layiq olduğu qiyməti verməyə başlayıb

 

Son illər Rusiyanın Qafqaz siyasətində müəyyən dəyişikliklər baş verdi. Həmişə Rusiya-Qafqaz, Rusiya-Türkiyə münasibətlərində diktəedici gücə malik erməni əsilli və yönümlü siyasətçilər tədricən zəifləyərək mövqelərini itirməyə başladılar. Qafqaz üçbucağında dedikləri daşdan keçən ermənipərəst politoloq və mətbuat təmsilçilərini ifşa edən, onları sıxışdıran və son söz demək şansından məhrum edən alimlərin, siyasilərin, politoloqların yeni nəsli formalaşdı. Bu, Rusiyanın Ermənistana qarşı sərgilədiyi yeni, fərqli mövqe deyildi.

Problemin kökündə o dururdu ki, Ermənistanın rəsmi dairələri bir tərəfdən Rusiyaya əbədi sevgi və sədaqət andı içməkdə davam edir, digər tərəfdən də səhnə arxasında Qərb diplomatiyası ilə “siyasi eşqin” “Əsli və Kərəm” zirvəsini yaşayırdılar. Erməni siyasi elitası elə sanırdı ki, Rusiyadakı dayaqları heç vaxt zəifləməyəcək və “şimallı adaxlıya” xəyanəti sözün şəkəri ilə pərdələyə biləcək. Amma alınmadı. Rusiya Ermənistandan birdəfəlik üz döndərməsə də, artıq əvvəlki inamın xeyli zəiflədiyi müşahidə olunur.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Bakı və  Moskva arasında geopolitik ox: Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə müttəfiqidir” mövzusunda konfransın keçirilməsi, məşhur rusiyalı politoloqların və siyasətçilərin cəbhə xəttində strateji Lələtəpə yüksəkliyini ziyarət etməsi dolayısı da olsa, o deməkdir ki, erməni xəyanətləri layiq olduğu qiyməti aldı. Lələtəpəyə ziyarətə gələnlərin siyahısına nəzər salaq: Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini Dmitriy Savelyev, Dövlət Dumasının deputatı Aleksey Yezubov,  Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin, məşhur jurnalist, ictimai xadim Maksim Şevçenko, “Ekspertlər Klubunun üzvü Valeriy Korovin, “Milli müdafiə” jurnalının redaktoru, hərbi ekspert İqor Korotçenko, Beynəlxalq Avrasiya Hərəkatının Yaxın Şərq departamentinin direktoru Andrey Xarçenko, “İrsİnstitutunun direktoru Yevgeniy Baxrevskiy, ekspert Dmitriy Kruqlıy, Moskva Beynəlxalq Universitetinin kafedra müdiri Sergey Komarov, ekspert Darya Durqin, Beynəlxalq Avrasiya Hərəkatının sədr müavini Sergey Loqinov. Bu xadimlərin əksəriyyəti Rusiyada ciddi söznüfuz sahibidirlər. Onların Lələtəpədə Azərbaycan əsgərləri ilə görüşməsi “məxməri erməni demokratlarına” Azərbaycan bayrağının kölgəsindən göndərilən sərt xəbərdarlıq kimi qəbul edilə bilər.

Qafqaz siyasətində Ermənistandan birmənalı şəkildə üz döndərməsə də, Rusiya Azərbaycanı daha etibarlı tərəfdaş kimi dəyərləndirir. Konfrans da onu sübut edir ki, Azərbaycan  Rusiya mürəkkəb məsələlərin həllində maneəsiz və çətinlik çəkmədən səylərini birləşdirmək gücündədirlər.

“Azərbaycan Rusiyanın Qafqazda yeganə müttəfiqidir” adlı konfransda rusiyalı hərbi ekspert İqor Korotçenko birmənalı şəkildə bildirib: “Rusiya və Azərbaycan mürəkkəb məsələlərin həlli üçün birgə səylər göstərirlər. Bu, beynəlxalq terrorizmlə mübarizə və digər təhlükələrdir. Bizim birlik kiməsə qarşı yönəlməyib”. Hərbi ekspertə görə iki ölkə Cənubi Qafqazda stabilliyi və təhlükəsizliyi necə təmin etməyi başa düşməlidir: “Rusiya və Azərbaycan üçün Xəzərdə ABŞ gəmilərinin olmasına yol verməmək çox vacibdir. Azərbaycan suverengüclü dövlətdir və heç kim ona təsir göstərə bilməz”. Ekspert, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin hərbi həllinin olmamasını bildirməklə yanaşı, qeyd edib ki, “İşğal olunan rayonlardan 5-nin qaytarılması danışıqlar prosesinə nəzərəçarpacaq dərəcədə kömək edərdi”.

 Rusiya Dövlət Dumasının Korrupsiya ilə mübarizə üzrə komitəsinin sədr müavini, hakimVahid Rusiya” Partiyasının üzvü Dmitriy Savelyev  Cocuq Mərcanlı kəndində keçirilən konfransdaBu gün mən Azərbaycanın işğaldan azad olunmuş ərazilərində abadlıq, inkişafquruculuqdan başqa heç nə görmürəm və bu, bizi məmnun edir” - deməklə bir daha Azərbaycanın Qafqazda sülhə və əmin-amanlığa sədaqətli olduğunu təsdiqləyib. D.Savelyev münaqişənin həlli yollarına toxunarkən hərbi ekspert İqor Korotçenkodan daha sərt mövqe nümayiş etdirərək  Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun qeyd-şərtsiz, mütləq şəkildə Azərbaycana qaytarılmasının vacib olduğunu bildirib. D.Savelyevə görə, Ermənistanda baş verən hadisələrin zəminində  Azərbaycanın Rusiya üçün dəyəri ikiqat artır: “Azərbaycan nadir ölkələrdən biridir ki, burada rus dili inkişaf edir. Azərbaycan Rusiyanı Avropa Şurasında dəstəkləyir. Azərbaycan Rusiyanın Cənubi Qafqazda etibarlı müttəfiqidir. Baxmayaraq ki, biz Azərbaycana külli miqdarda silah satmışıq, amma bu, heç vaxt Rusiyanın öz əleyhinə yönələ bilməz. Ümid edirəm ki, Ermənistan müdrik olacaqQarabağ münaqişəsi öz həllini tapacaq”.

Amma Ermənistanın müdrikliyi hələ ki sual altındadır. Hələ ki, İrəvan “məxməri inqilab”ın atəşfəşanlığını yaşayır, demokratiyanın bərqərar olması faktı ilə öyünür. Lakin fərqində deyillər ki, onların baş demokratı Paşinyan artıq erməni xalqını müharibəyə hazırlaşmağa çağırır və sülhün bərqərar olması üçün bircə addım belə atmaq iqtidarında deyil.  Ona görə deyil ki, o oyuncaq Qərb rejiminin keyfiyyətsiz  məhsulu kimi yalnız okeanın o, tayından gələn tapşırıqları yerinə yetirmək, Qafqazda sülh proseslərini iflic etməklə məşğuldur.

Bu  məqam da rusiyalı deputatın diqqətindən kənarda qalmayıb. O qeyd edib ki, SSRİ dağıldıqdan sonra Azərbaycan sürətlə inkişaf etsə də, Ermənistan geriləyib: “Bu baxımdan Ermənistan torpaqları qaytarsa, onun öz iqtisadiyyatı üçünmühüm addım olar. Rusiya Minsk qrupunda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha fəal olmalıdır. Biz Ermənistanı da itirmək istəməzdik. Amma təəssüf ki, Ermənistan bunu düşünmək əvəzinə, NATO ilə isti münasibətlərə can atır”.

O da sirr deyil ki, Rusiya həmişə Ermənistana bir qədər loyal yanaşıb, nazı ilə oynayıb. Hətta onun tədricən Qərbə sürüşməsi də rus mətbuatında ciddi müzakirə mövzusu deyildi. Lələtəpə yüksəkliyindən müxtəlif ranqlı siyasilərin və politoloqların, hərbi ekspertlərin bəyanatları isə belə qənaətə gəlməyə əsas verir ki, artıq Rusiya erməni diplomatiyasının məkrli xəyanət  rəqslərinə göz yummaqdan vaz keçib.

Məhz bu səbəbdən konfransda Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksandr Duqin  bir neçə məsələyə aydınlıq gətirib: “Hazırda Qarabağda olmağımız təsadüfi deyil. Rusiya Federasiyası Qarabağı Azərbaycanın tərkib hissəsi hesab edir, bu, dünya birliyininmövqeyidir”. Duqin onu da açıq vurğulayıb ki,  Qarabağdan azərbaycanlılar qovulduqdan sonra “DQR” heç vaxt legitim hesab oluna bilməz: “Əvvəl Azərbaycan, Ermənistan və Rusiya belə qərara gəlmişdi ki, ilkin olaraq 5 rayon qeyd-şərtsiz Azərbaycana qaytarılsın. Bu, sülhə yol açardı və bu məsələdə ən yaxşı variantdır. Ermənistanın indiki hökuməti buna real yanaşaraq razılaşmaya sadiq olmalıdır. Bu, sülhün yeganə yoludur”.

Əslində, Lələtəpədə baş verənlərə anındaca İrəvan reaksiya verməli idi. Buradan verilən bəyanatlara Ermənistanın laqeyd qalması qeyri-mümkündür.  Faktiki olaraq Ermənistan Rusiya tərəfindən hələ ki, yumşaq tərzdə sülhə sövq edilir. Lələtəpədən verilən bəyanatlara laqeyd yanaşmaq Qafqazda sülhə laqeyd qalmaq, münaqişəni əbədi dondurmaq cəhdləri kimi görünür. Digər tərəfdən, “Tədbirin Qarabağda keçirilməsi Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu təsdiqləyir”. Bu, Rusiyanın gəldiyi qəti qənaətdir. Erməni tərəfi isə artıq əvvəlki kimi sədaqət andı içmək imkanlarını sonsuz xəyanətlərlə heçə endirib. Ermənistanın siyasi hakimiyyəti demək istədiyi son sözün mətnini Qərbdən gözləyir. Çox güman ki, mətn Qərbin siyasi dəhlizlərində hazırlanmaq ərəfəsindədir.

“Məxməri inqilab”ın ilk övladı Paşinyan söz demək iqtidarında olmasa da, artıq erməni xalqını müharibəyə hazır olmağa səsləyib. Ermənistanda hakimiyyətə gələn qüvvələr həqiqətən də  demokratlar olsaydı, sözsüz ki, onlar sülh planlarını bəyan edərdilər. Görünür faşist ideologiyası ilə zəhərlənən rejimdən sülh təkliflərini gözləmək mənasızdır”.

Ermənistan vəsvəsə içində Qərbdən təcili resept gözlədiyi zaman, Azərbaycan və Rusiya arasında yaxınlaşmalar güclənir, iki ölkənin prezidentləri arasında münasibətlər strateji tərəfdaşlıq kursu əsasında inkişaf edir. Rusiya seçim etmədən Moskvadan Cocuq Mərcanlı kəndinə geopolitik ox kimi düz xətt çəkərək Azərbaycanın Cənubi Qafqazda yeganə müttəfiqi olduğunu etiraf edir. Erməniləri çaşdırıb vahiməyə salan da budur.

Məsələ ondadır ki, “Bakı və  Moskva arasında geopolitik ox  mövzusunda ilk tədbir bir il əvvəl MoskvadaPrezident” hotelində keçirilib. O zaman ikinci belə tədbirin Azərbaycanda keçirilməsinə qərar verilmişdi. “Ekspertlər Klubunun rəhbəri A.Proxanov bu tədbirin Azərbaycanın Qarabağ ərazisində keçirilməsini təklif etmişdi.  Tədbirin həm Rusiya, həm də Azərbaycan üçün simvolik ərazidə - Qarabağda keçirilməsi bir daha Azərbaycanın Rusiyanın strateji tərəfdaşı olduğunu təsdiqləyir. Qarabağ hüquqi baxımdan Azərbaycan ərazisidir. Rusiya Qarabağı Azərbaycanın ərazisi hesab edir. Beynəlxalq hüquqa görə, Qarabağ Azərbaycan ərazisidir. Bu, rusiyalı ziyalıların da Qarabağ probleminə yanaşması ilə bağlı bir işarədir.

Eyni zamanda, ekspertlər belə hesab edirlər ki, Rusiyanın Azərbaycanla dostluğu Ermənistana qarşı yönəlməyib. Rusiyanın Ermənistanla dostluğu da Azərbaycana qarşı yönəlməyib. Bu ruhda verilən bəyanatlar Ermənistanın nigarançılıqlarına son qoymur. Amma tədbirin baş tutduğu gün İrəvanda baş nazir Paşinyan jurnalistlərlə söhbətində bildirdi ki, Ermənistan silahlı qüvvələri hadisələrin istənilən məcrada inkişafına tam hazır olmalıdır. O, sərhəddəki vəziyyətə toxunaraq deyib: “Biz artıq demişdik ki, sərhəddə qüvvələrin cəmlənməsi müşahidə olunur, Azərbaycan tərəfinin bəyanatlarına görə irimiqyaslı hərbi təlimlər keçiriləcək. Ona görə də belə bir hazırlıq əmri vermişəm. Bizim hərbçilərimiz istənilən ssenariləri dəf etməyə hazır olmalıdırlar”. Qondarma Qarabağ rejiminin mətbuat xidməti də hər gün Azərbaycan tərəfinin  insan resursları və hərbi texnikasının sərhəddə cəmlənməsi barədə məlumatlar yerləşdirir.  Bakıda hərbi paradın keçirilməsi, bunun arxasınca 20 min nəfərlik hərbi heyətin təlimə cəlb edilməsi erməni generallarını vahimədə saxlayır.  Cocuq Mərcanlıda keçirilən konfrans isə ermənilər nə qədər sussa da, onlara dəyən gözlənilməz sillə təsiri bağışlayır.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2018.-3 iyul.- S.1; 4.