Azərbaycan Hökuməti ilə Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb
İyulun 3-də Azərbaycan Hökuməti ilə
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumu Azərbaycanın
Baş nazirinin müavini Əli Əhmədov və Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyasının baş katibi Elhadj As Sy imzalayıblar.
Memorandumun imzalanmasında məqsəd Azərbaycan ilə
Federasiya arasında qarşılıqlı maraq doğuran sahələrdə
əməli əməkdaşlığın genişləndirilməsi
üçün münbit şəraitin
yaradılmasıdır.
Əli Əhmədov bildirib ki, Azərbaycanla Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyası arasında dərin köklər mövcuddur.
Baş nazirin müavini Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat
verib. Bildirib ki, münaqişə nəticəsində Azərbaycan
torpaqlarının 20 faizi işğal olunub və 1 milyondan
çox soydaşımız yurd-yuvalarından qaçqın
və məcburi köçkün düşüb. Ermənistanın
ölkəmizə hərbi təcavüzü və
torpaqlarımızın işğalı nəticəsində
meydana çıxan ağır humanitar böhranın həllində
və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
inkişafında Federasiyanın xidmətləri var. O, qurumun
Azərbaycana fəal surətdə göstərdiyi dəstəyin
hökumətimiz tərəfindən yüksək qiymətləndirildiyini
vurğulayıb.
“Məcburi köçkünlərin sosial-iqtisadi və
yaşayış durumunun
yaxşılaşdırılması ölkəmizin humanitar
ölçüdə müəyyənləşdirdiyi əsas
prioritet sahələrdəndir”, - deyən Baş nazirin
müavini bu gün əhalinin həssas təbəqəsi
sayılan qaçqın və məcburi köçkünlərə
yardım göstərilməsi və onların müdafiəsinin
təmin edilməsində dövlətimiz tərəfindən
genişmiqyaslı işlərin görüldüyünü
diqqətə çatdırıb.
Baş nazirin müavini iyulun 11–də məcburi
köçkün soydaşlarımız Dilqəm Əsgərov
və Şahbaz Quliyevin işğal edilmiş Kəlbəcər
rayonu ərazisində öz doğmalarının məzarlarını
ziyarət edərkən ermənilər tərəfindən
qanunsuz olaraq həbs edilmələrindən 4 il keçdiyini
deyib. Qeyd edib ki, bu məsələdə Beynəlxalq
Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri
Federasiyası öz imkanlarından və nüfuzundan istifadə
etməlidir. O, günahsız insanların həbsdən azad
edilməsi istiqamətində fəal işlər
aparılmasının vacibliyini vurğulayıb.
Beynəlxalq Qızıl Xaç və Qızıl
Aypara Cəmiyyətləri Federasiyasının baş katibi
Elhadj As Sy ölkəmizdə olmasından və ona göstərilən
yüksək qonaqpərvərlikdən məmnunluğunu
bildirib. Qonaq təmsil etdiyi təşkilatla Azərbaycan
Hökuməti arasında əməkdaşlığın
gücləndirilməsinin yaxşı imkanlar
açacağına əminlik ifadə edib. Azərbaycan
dövlətinin öz yurd-yuvalarından didərgin düşən
soydaşları üçün yaratdığı şəraiti
yüksək dəyərləndirdiklərini vurğulayan
baş katib əsas hədəflərinin təkcə Azərbaycanda
deyil, bütün regionda ehtiyacı olan insanların həyat
şəraitini öyrənməklə onlara yardım etmək
olduğunu bildirib.
Görüşdə maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.- 2018.-4 iyun.- S.2.