Bakıda ABŞ-ın müstəqillik günü qeyd edilib

 

İyulun 4-də ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 242-ci ildönümü ilə əlaqədar rəsmi qəbul təşkil edib.

AZƏRTAC xəbər verir ki, ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Uilyam R.Qill çıxış edərək ölkəsinin müstəqillik tarixindən danışıb. O, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə də toxunub. Qeyd edib ki, həm ABŞ, həm də Azərbaycan xalqı tarixi və əsas dəyərləri ehtiramla yad etməyin bizə cəmiyyət olaraq davam etməyə, istədiyimiz yolu müəyyənləşdirməyə imkan verdiyini bilir. “ABŞ müstəqil, sabit çiçəklənən Azərbaycanı dəstəkləməyə davam edir və əminəm ki, birgə işləyərək hər kəsə yaxşı gələcək qura bilərik və quracağıq”, - deyə U.R.Qill əlavə edib.

Tədbirdə çıxış edən maliyyə naziri Samir Şərifov Azərbaycan hökuməti adından ABŞ xalqını müstəqillik günü münasibətilə təbrik edib. Qeyd edib ki, ölkələrimiz arasında əlaqələr hər iki dövlətin maraqları çərçivəsində inkişaf edir.

Bu gün Azərbaycanın ABŞ-ın beynəlxalq antiterror fəaliyyətinə dəstək verdiyini xatırladan nazir deyib: “ABŞ da öz növbəsində, Azərbaycanın iştirakı ilə həyata keçirilən enerji layihələrinə həmişə güclü dəstək verib. Azərbaycan tərəfi Prezident Donald Trampın ölkəmizə münasibətini və ABŞ-ın Azərbaycandakı böyük enerji layihələrinin reallaşdırılmasına dəstəyini yüksək qiymətləndirir. Biz ABŞ-la əməkdaşlığın gələcəkdə daha da güclənəcəyinə əminik”.

S.Şərifov dövlətimizin başçısının fikirlərindən sitat gətirərək deyib: “Prezident İlham Əliyevin də dediyi kimi, biz Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün ATƏT-in həmsədri kimi ABŞ-ın səylərinə böyük ümidlər bəsləyirik”.

 

Azərbaycan.- 2018.-5 iyul.- S.4.