Milli Onkologiya Mərkəzində Dünya
Səhiyyə Təşkilatının baş
direktoru ilə görüş
keçirilib
İyulun 5-də Milli Onkologiya
Mərkəzinin (MOM) baş
direktoru, akademik Cəmil Əliyev ölkəmizdə səfərdə
olan Dünya Səhiyyə Təşkilatının
(DST) baş direktoru, doktor Tedros Adhanom
Qebreyesus ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdən
əvvəl DST-nin baş
direktoru və onu
müşayiət edən şəxslər MOM-un
Uşaq Onkoloji
Klinikasında şüa terapiyası, reanimasiya və intensiv terapiya şöbələrinə baş çəkiblər. Onlar
xəstələrin müalicəsində tətbiq edilən müasir avadanlıqla tanış olub, müalicə proseslərini izləyiblər.
Görüşdə akademik Cəmil Əliyev qonaqlara
MOM-un elmi-klinik fəaliyyəti
haqqında ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan Prezidentinin diqqət və qayğısı
sayəsində Mərkəz yeni tibb texnikası, o cümlədən
mobil diaqnostika kompleksi ilə təchiz edilib.
Həmçinin onkoloji xəstələrin
şiş əleyhinə preparatlarla
təmin olunmasında problemlər aradan
qaldırılıb. Mərkəzin əməkdaşları
yüksək keyfiyyətli onkoloji xidmətlər
göstərir, xəstələrdə bədxassəli
şişlərin erkən diaqnostikasını, operativ cərrahi, şüa
və dərman preparatları ilə müalicəsini həyata
keçirir, habelə mövcud
müalicə üsullarının təkmilləşdirilməsi
məqsədilə genişmiqyaslı elmi
tədqiqatlar aparırlar. MOM-un müasir standartlara cavab verən və yaraşıqlı korpusu ən müasir tibbi avadanlıqla təchiz olunub.
Hazırda Milli Onkologiya
Mərkəzi respublikanın əhalisinə yüksəkixtisaslı
onkoloji yardımın həyata
keçirilməsində elmi-metodik və profilaktik işlərin koordinasiyası ilə
məşğul olan əsas qurumdur.
Baş direktor deyib ki, burada aparılan
müalicənin əsas məqsədi xəstələrin ömrünün uzadılması, imkan daxilində onların tam
şəfa tapmasıdır. Məlumat verilib
ki, 1200 yerlik Mərkəz
müasir standartlara cavab verən tibbi
avadanlıq və ləvazimatlarla təchiz olunub,
xəstələrin 35 faizi onkoloji, qalan 65 faizi isə diaqnostik
göstəricilər üzrə müalicə alır.
Akademik Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın MOM-un
Uşaq Onkoloji
Klinikasının yaradılmasında müstəsna xidmətlərini
də vurğulayıb.
Diqqətə
çatdırılıb ki, son illər MOM onkoloji xəstələrin
müalicəsi üçün zəruri
olan yeni texnologiyalar istehsal edən
dünyanın aparıcı şirkətləri ilə
sıx əməkdaşlıq edir. Belə
ki, 2014-cü il
oktyabrın 8-də MOM və bədxassəli şişlərin
radioterapiyası üçün müasir texnologiyaları hazırlayan və istehsal edən ABŞ-ın “Varian
Medikal Sistem” şirkəti
arasında əməkdaşlıq sazişi
imzalanıb. Bununla da Milli Onkologiya Mərkəzi rəsmi referens-mərkəz
statusuna malik olub. İmzalanmış sənəd tərəfdaşlar
arasında əməkdaşlığın
genişləndirilməsinə, daha qısa müddətə Azərbaycana
müasir texnologiyaların
gətirilməsinə, xarici
mütəxəssislərlə ətraflı fikir mübadiləsi aparılmasına
imkan verir. Həmçinin saziş Milli
Onkologiya Mərkəzində
onkoloji xəstələrə
göstərilən yüksək
səviyyəli xidmətin
dünyanın digər
aparıcı klinikaları
tərəfindən tanınmasını
təsdiq edir. Bundan başqa, 2015-ci ilin noyabrında Azərbaycan MOM və M.D.Anderson adına Onkoloji Mərkəz (USA,
MD Anderson Cancer Center), 2017-ci ilin oktyabrında isə şüa terapiyası zamanı xəstələrin
cəlb olunması və yerləşdirilməsini
təmin edən sistem və avadanlığın dünyada
ən iri təchizatçısı olan
Belçikanın “Orfit
Industries” şirkəti arasında
uzunmüddətli əməkdaşlığa
dair müqavilələr
imzalanıb.
DST ilə Azərbaycan arasında bir sıra mühüm
sahələrdə əməkdaşlığın
yüksək səviyyəsindən
məmnunluğunu ifadə
edən Tedros Adhanom Qebreyesus əlaqələrin gələcəkdə
də genişləndirilməsinin
zəruriliyini diqqətə
çatdırıb. DST-nin baş direktoru qeyd edib ki,
Milli Onkologiya Mərkəzində onkoloji
xəstələrin yüksək
səviyyədə müalicəsi
üçün yaradılmış
müasir şərait
dünya standartlarına
tam cavab verir. O, burada onkoloji xəstəliyin profilaktikası
və müalicəsi
üzrə aparılan
işləri yüksək
qiymətləndirib. “Zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik Milli Onkologiya Mərkəzini dünyanın
aparıcı onkoloji mərkəzləri ilə
bir cərgəyə qoymaq olar. Bu gün mən Uşaq Onkoloji Klinikasına baş çəkdim və burada qorxulu xəstəlikdən əziyyət
çəkən yeddi-səkkiz
yaşlı oğlanla
tanış oldum. Bu uşaqla qısa ünsiyyət zamanı mən onun barəsində çox şey öyrəndim: o, ruhdan düşmür və tam
müalicə olunacağına
inanır, hətta gələcəkdə polis əməkdaşı
olmaq istəyir. Bildiyimiz kimi, bir çox
valideyn öz uşağının xəstəliyi
xəbərinə dözə
bilmir. Onlar bu xəbəri
aldıqda gələcəkdə
nə edəcəklərini
və necə yaşayacaqlarını bilmirlər.
Lakin sizin həkimlərlə söhbət əsnasında
öyrəndim ki, onlar uşaq onkologiyası şöbəsinə
gəldikləri zaman müalicə aparıldığını
və səhhəti yaxşılaşanları görürlər.
Mən onlara ümid və mübarizə aparmağa güc verdiyiniz üçün Sizə və MOM kollektivinə minnətdaram”,
- deyə DST-nin baş direktoru əlavə edib.
Görüşdən sonra doktor
Tedros Adhanom Qebreyesus Milli Onkologiya Mərkəzinin muzeyi ilə tanış olub, MOM-un fəxri qonaqlar kitabına ürək sözlərini
yazıb.
Görüşdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında
daimi nümayəndəsi
Vaqif Sadıqov iştirak edib.
Azərbaycan.- 2018.-6 iyul.- S.5.