Prezidentin sərt reaksiyası və operativ müdaxiləsi böhranı qısa müddətdə aradan qaldırdı

 

İyulun 4-də Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib. İclasda qəzanın səbəbləri, nəticələrinin aradan qaldırılması ilə bağlı tədbirlər müzakirə olunubmüvafiq vəzifələr müəyyən edilib. Bununla bağlı deputatların rəylərini təqdim edirik.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, Prezident İlham Əliyev bütün ekstremal hadisələrə operativ reaksiya verir. “Əgər xatırlayırsınızsa, Prezident hələ 2004-cü ildə Lənkəran şəhərində yaşayış binasında baş vermiş qəza ilə əlaqədar ora səfər etmişdi. Dövlət başçısının Lənkəranda keçirdiyi operativ müşavirədə verdiyi tapşırığa uyğun olaraq, şəhərin yaşayış və ictimai binalarına texniki baxış keçirilmişdi. Biz görürük ki, Prezident istənilən məsələ ilə bağlı dərhal ciddi reaksiya verir. Prezident İlham Əliyevin keçirdiyi son müşavirə ölkənin enerji sistemindəki vəziyyətlə bağlı idi. Bildiyiniz kimi, Mingəçevir İES-də baş verən qəzanın aradan qaldırılması istiqamətində dərhal Dövlət Komissiyası yaradıldı. Hazırda komissiya öz işini aparır. Komissiya işini yekunlaşdırmayana qədər bu məsələ barəsində fikir söyləmək düzgün olmaz” - deyə Siyavuş Novruzov qeyd edib.

S.Novruzov əlavə edib ki, son dövrlər Azərbaycanda energetika sektorunda çox böyük işlər görülübxeyli sayda elektrik stansiyaları tikilib: “Doğrudan da, Azərbaycanda istehsal olunan enerjinin miqdarı ölkəmizin tələbatından qat-qat artıqdır. Cənab Prezident mütəmadi olaraq öz çıxışlarında, fikirlərində, ilin yekunlarının müzakirəsində bu məsələyə toxunub. Biz nəinki özümüzü elektrik enerjisi ilə təmin edirik, eləcə də digər ölkələrə elektrik enerjisi ixrac edirik. Sadəcə olaraq, bunları müasir standartlara cavab verəcək şəkildə qurmaq, bir-biri ilə əlaqələndirmək məsələsində görünür ki, hansısa problemlər yaşanıb. Azərbaycan bu sahə ilə bağlı olan avadanlıqları da istehsal edir. Xatırladım ki, hələ 2016-cı ildə Prezident İlham Əliyev Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupunun iri qabaritli transformatorlar zavodunun açılışında iştirak etdi, yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoydu. Eləcə də Sumqayıt şəhərində çox böyük energetika sahəsinə aid olan istehsal müəssisələri fəaliyyət göstərir. Postsovet məkanında yüksək keyfiyyətli istehsala malik olan belə müəssisələr yoxdur”.

Deputat Zahid Orucun sözlərinə görə, Prezident İlham Əliyev baş vermiş hadisənin miqyasına, doğurduğu nəticələrə son dərəcə ciddi reaksiya verdi: “Ölkə rəhbərinin bu hadisələrdən dolayı yetərincə kəskin və haqlı iradlarının, tənqidlərinin şahidi olduq. Əslində, bu, çox yerində və gözlənilən idi. Çünki Prezident

İlham Əliyev ötən illər ərzində güclü bir ölkə formalaşdırmaq, daxili tələbatlarını özü ödəmək səviyyəsində bir dövlət qurmaq üçün çox böyük işlər görüb. Enerji sektorundan tutmuş digər sahələrlə əlaqədar ötən illər ərzində çox mühüm qərarların, atılan addımların şahidi olmuşuq. Prezidentin çiynində ölkənin qlobal missiyası dayanır. Təhlükəsizlik, diplomatik, iqtisadi, siyasi və sairə məsələlərlə bağlı işlər birbaşa dövlət başçısının qərarları vasitəsilə müəyyən olunur. Amma hər bir strukturun da öz rəhbərləri var və başçılıq etdikləri qurumların fəaliyyətinə cavabdehlik daşıyırlar. Ölkənin enerji təminatı ilə bağlı görülmüş işlər, formalaşmış infrastruktur heç bir halda ölkənin qaranlıq zülmətə bürünməsinə əsas verə bilməz”.

Zahid Oruc əlavə etdi ki, ölkə rəhbəri Azərbaycan vətəndaşlarına xüsusi təşəkkürlərini çatdırıb: “Həqiqətən də bir-birinə əl uzadan insanlar, hər hansı panikaya uymadan dözüm və səbir göstərənlər, anlayış nümayiş etdirənlər böyük ehtirama layiq idilər. Daxili İşlər Nazirliyi, hər bir polis nəfəri yaranmış situasiyada təxliyə işləri və sairə bu kimi məsələlərdə fəallıq göstərdilər, hətta öz funksiyasından kənar işləri də reallaşdırdılar. Düşünürəm ki, bu, çox yerində və qürurdoğurucu hadisə idi”.

Deputat Elman Məmmədov bildirdi ki, Mingəçevirdəki qəzanın baş verməsində günahı olan şəxslər hüquqi qaydada cəzalandırılacaqlar. Onun sözlərinə görə, istənilən sahədə qəza baş verə bilər və heç kim bundan sığortalanmayıb: “Dünyanın aparıcı dövləti olan ABŞ-da il ərzində dəhşətli qəzaların baş verməsi ilə bağlı xəbərləri oxuyuruq. Həmçinin Avropa ölkələrində bu kimi hadisələrin baş verdiyini eşidirik. Lakin nədənsə bizim ölkədə müxalifətdən olan şəxslər ən xırda hadisələri, təbii fəlakəti və ya yol qəzasını belə, siyasi məqsədlər üçün istifadə etməyə çalışırlar”.

E.Məmmədov qeyd etdi ki, radikal müxalifətin bəzi şəxsləri ölkədə baş verən bütün hadisələr kimi Mingəçevirdə də olan qəzaya siyasi don geyindirməkdən, dövlət daxilində müəyyən çağırışlar etməkdən, düşünülməmiş fikirlər söyləməkdən yan keçmədilər. Baş verənlərlə bağlı əsası olmayan fikirlər irəli sürənlərin məqsədi cəmiyyətdə dövlətə qarşı inamsızlıq yaratmaq olsa da, buna heç bir zaman nail ola bilməyəcəklər. Çünki Azərbaycan dövləti və vətəndaşlarının təhlükəsizliyi kifayət qədər dayanıqlı və yüksək səviyyədə qorunur. Bu cür iyrənc məqsədlər heç zaman reallaşmayacaq.

Deputat Rasim Musabəyov söylədi ki, bu cür hadisələr yolverilməzdir. Hansısa səhlənkarlıq və ya başqa bir səbəbdən insanlara əziyyət verilib, iqtisadi cəhətdən ciddi problemlər yaranıb. Onun sözlərinə görə, bu hadisə nəticəsində neftqayırma zavodu fəaliyyətini dayandırıb: “Orada elə cihazlar var ki, onlar ümumiyyətlə, dayandırılmamalıdır. Çünki o dayandırılanda sonradan onu işlək vəziyyətə gətirmək üçün xeyli vaxt lazım gəlir. Bunlar hamısı itkilərdir. Hələ ki, yoxlamalar, araşdırmalar aparılır, söz yox ki, günahı olanlar məsuliyyətə cəlb olunacaqlar”.

R.Musabəyov qeyd edib ki, Prezident İlham Əliyev sözügedən hadisəyə dərhal ciddi reaksiya verib: “Dövlət başçısı müşavirədə kəskin mövqe sərgilədi və onun bu hadisənin baş verməsi, eyni zamanda, səlahiyyətli şəxslərin fəaliyyətsizliyi ilə bağlı çox ciddi iradlarının şahidi olduq. Hələlik dəqiqləşdirmələr aparılır, bu hadisədə cavabdeh olan hər kəs öz məsuliyyətsizliyinə görə cəzasını almalıdır”.

Deputat Tahir Mirkişili bildirib ki, Mingəçevir İES-də baş vermiş hadisə miqyasına görə çox böyükdür: “Bu qəzanın ölkə iqtisadiyyatına və əhaliyə vurduğu ziyan da çoxdur. Qəzanın səbəblərini ölkə Prezidenti tərəfindən yaradılmış komissiya araşdırır. Komissiyanın ilkin məlumatlarından görünür ki, qəzanın başvermə səbəbləri içərisində qeyri-peşəkar planlaşdırma, laqeyd yanaşmatexniki standartlara tam əməl olunmaması mövcuddur. Dövlət başçısının məsələni şəxsən nəzarətdə saxlaması bu sahədə lazımi tədbirlərin görülməsini təmin edəcək. Miqyaslı qəzalar zamanı əsas məsələlərdən biri də dövlət orqanlarının və əhalinin davranışı olur. Son günlər dövlət orqanlarının qəza zamanı əlaqəli fəaliyyəti, insanların panikaya düşməməsi dövlət orqanları ilə əhalinin qarşılıqlı əməkdaşlığının yüksək səviyyədə olduğunu göstərdi”.

Deputat qeyd edib ki, elektrik enerjisi, istilik, telekommunikasiya sahələri təbiət qanunauyğunluqları ilə bir sıraya qoyulurbuna görə də bu sahələrdə baş verən miqyaslı qəzalar təbii fəlakətlərlə eyni ölçülür: “Biz artıq texnoloji cəmiyyətdə yaşayırıq. Miqyaslı elektrik şəbəkəsi qəzaları dünyada 2000-ci ildən başlayaraq intensiv xarakter almağa başlamışdır. 2003-ci ildə ABŞ-ın şimal-şərq regionlarında baş verən hadisə miqyasına və vurduğu ziyana görə təbii fəlakət sayıldı. Elektrik şəbəkəsinin “çökməsi”nin bir sıra səbəbləri olur. Ümumi olaraq səbəblər artıq yüklənmə, resursların çatışmazlığı, texniki qəzalar və insan amilidir. Miqyaslı elektrik qəzaları dünyada artıq yalnız texniki hadisə kimi deyil, siyası və sosial risklər daşıyan fəlakət kimi qəbul olunmaqdadır. Hesablamalara görə elektrik enerjisinin kəsilməsi zamanı orta hesabla ev təsərrüfatları 1 saatda 8.67 manata, kiçikorta sahibkarlıq subyektləri 1 saatda 110 manata, iri sahibkarlıq subyektləri isə 30 266 manata qədər gəlir itirirlər. Azərbaycan son illərdə enerji potensialını əhəmiyyətli dərəcədə artırmışdır. Bizim enerji potensialımız artıq 6 400 meqavata bərabərdir. Bu isə ölkəni elektrik enerjisi ilə təmin etməkdə heç bir çətinliyin olmamasını göstərir”.

 

Səbinə MƏMMƏDOVA

 

Azərbaycan.- 2018.-7 iyul.- S.6.